İlyas Əfəndiyevin romanlarında
elat-tərəkəmə həyatının təsviri
Xalq yazıçısının
"Geriyə baxma",
Qoca" və "Üçatılan" romanları əsasında
Azərbaycan ədəbiyyatında özünəməxsus
yeri olan İlyas Əfəndiyev zəngin və çoxşaxəli
bir yaradıcılıq yolu keçib.
Bədii nəsrin müxtəlif janrlarında qələmə
aldığı çoxsaylı əsərləri hələ
sağlığında yazıçıya böyük
şöhrət gətirib.
İlk hekayələrindən tutmuş iri həcmli əsərlərinəcən
İlyas Əfəndiyev yaradıcılığında yeni
ictimai quruluşun tərənnümü, ölkədə
baş verən ictimai-siyasi proseslər və böyük dəyişikliklər,
insanın cəmiyyətdəki yeri və
yaşadığı mənəvi-psixoloji ovqat əsas xətt
təşkil edib. Yazıçının insan həyatının
fərqli cəhətlərinə işıq salan pyesləri uzun
illər Azərbaycan teatr səhnəsində aparıcı
mövqeyə malik olmuş, bütöv bir aktyor nəslinin
yetişməsində danılmaz rol oynayib. Yazıçının bədii
yaradıcılığında roman janrı xüsusi yer tutur
və o, ədəbiyyatımızda həm də ustad bir
romançı kimi tanınır.
İlyas Əfəndiyevin əsərlərinin belə
canlı və həyati alınmasının başlıca səbəbi
yazıçının xalqın həyatına, tarixinə,
milli adət-ənənəsinə, dilinə dərindən bələd
olması, janrından və həcmindən asılı
olmayaraq qələmə aldığı hər bir əsər
üzərində dönə-dönə işləməsi,
ürəyinin bütün odunu bədii
yaradıcılığa verməsiylə bağlıdır. Yazıçının
əsərlərindəki lirik-romantik dil, həyat hadisələrinin
real təsviri, ədəbi qəhrəmanların birbaşa həyatdan
alınması və bu cəhətlərin obrazların
bitkinliyi ilə çulğalaşması zəngin bir ədəbi
mənzərə yaradır. Onun hər bir
əsəri xalqımızın tarixin müxtəlif dönəmlərində
yaşadığı həyatın ziddiyyətli məqamlarına,
keçirdiyi mənəvi-psixoloji aləmə, gələcək
arzu-istəklərinə güzgü tutur.
Əsərlərindəki mövzu rəngarəngliyi,
aydın ideya, bitkin obrazlar və xarakterlər fərqliliyi
yazıçının sənət kredosunu təşkil
edir. Bədii yaradıcılığında Azərbaycan
xalqının tarixi keçmişinə dönə-dönə
müraciət edən İlyas Əfəndiyevin romanlarında
tərəkəmə-elat həyatının təsviri
xüsusi bir yer tutur. Bu da təbii bir anlamla
bağlıdır. Çünki vaxtilə
iqtisadiyyatının əsasını aqrar təsərrüfat
təşkil edən Azərbaycanın isti və Aran iqlimində
yaşayan əksər rayonlarının sakinlərinin
başlıca məşğuliyyəti heyvandarlıq
olduğundan, əhalinin öz mal-qarasını yazda
yaylağa çıxarıb, payızda qışlağa
dönməsi uzun illər boyu dəyişməz bir həyat tərzinə
çevrilib. Özü də belə bir
mühitdə böyüyən yazıçı sonralar
uşaqlıqda görüb şahidi olduğu,
yaddaşına həkk olunmuş, böyüklərdən
eşitdiyi hadisələri, əhvalatları qələmə
alaraq olduqca poetik bir dillə bədii sözün
yaddaşına köçürməklə qiymətli sənət
nümunələri yaradıb. Yeri gəlmişkən,
dünya ədəbiyyatının çox böyük
korifeyləri də uşaqlıq xatirələri ilə
bağlı ədəbiyyatın qızıl fonduna
düşən nəhəng sənət əsərləri
yaratmışlar və tarixən bu xətt ədəbiyyatda
bir ənənə şəklində davam edib. Bu baxımdan İlyas Əfəndiyevin bir növ
uşaqlıq dünyasının xatirələri kimi ərsəyə
gəlmiş "Geriyə baxma, qoca" və
"Üçatılan" romanlarında tərəkəmə-elat
həyatı olduqca qabarıq, ətraflı və real boyalarla
əks olunub.
"İlyas Əfəndiyevin ən "avtobioqrafik əsəri"
hansıdır? - Adətən, bu suala cavab olaraq "Geriyə baxma,
qoca!" əsərinin adını çəkirlər. Yox, onun bioqrafiyasından da çox şəxsiyyətinə,
xarakterinə, taleyinə açılan pəncərəyə
bənzəyən surətləri İlyas Əfəndiyevin
bütün əsərlərində axtarmaq lazımdır.
... Obrazın özü kimi əsərin adı -
"Geriyə baxma, qoca" sözləri də şərti səciyyə
daşıyır. Axı İlyas Əfəndiyev həmişə
irəlini görmək üçün geriyə
baxmağın tərəfdarı olub, gələcəklə
keçmiş arasında bir körpünün üzərində
dayanaraq, həyata və insanlara buradan boylanıb baxıb;
geriyə, kökə, əcdada boylanmayanda isə nə şəxsiyyət,
nə də xalq irəlini görə bilməz - onun
bütünlükdə bədii
yaradıcılığının məntiqi ilə ifadə
olunan qanunauyğunluq bir də bu həqiqətdən ibarət
olub. Bu əsərin özündə də
İlyas Əfəndiyev həmin həqiqətə sadiq
qalır və geriyə baxa-baxa irəliyə hərəkət
edir".
"Geriyə baxma, qoca" romanı "Möhnət
qocanın nağıllarıyla başlayıb, balaca
Muradın söylədikləri ilə davam edir. Əsər elə ilk
cümləsindən oxucunu tərəkəmə-elat həyatına
çəkib aparır: "Uca dağlı,
bağlı-bağatlı, aranlı-yaylaqlı Qarabağda
"Kürdoba" deyilən bir tərəkəmə
obası var idi. Adamları təmiz azərbaycanlı
olan bu tərəkəmə obasına niyə
"Kürdoba" deyirdilər, məlum deyildi.
Kürdobalılar "Qarabağ cinsi" adlanan quyruqlu
qoyunlar, hər biri iyirmi pud yük götürən nərlər
saxlayardılar, ceyran ayaqlı Qarabağ atları minərdilər.
Qışda qışlaqda olardılar, yazda hər tərəfi
qıpqırmızı lalə olan, min cür çiçək
dolu otu dizə çıxan, göz işlədikcə
uzanıb gedən Haramılara köçərdilər. Qoyunlar
südlü-sünbüllü otlardan yeyib doğardılar,
arvadlar pendir tutardılar, nehrə çalxardılar, bulama suluq
bişirərdilər. Yay
yaxınlaşanda, Haramıların otları saralanda fərməşlər
qovlanıb dəvələrə yüklənərdi, atlar yəhərlənərdi
və el yaylağa köçərdi. On
gün-on gecə köç yol gedərdi. "Gəyən" deyilən düzdə igidlər
cıdıra çıxardılar. Bütün
atları ötüb-keçən at mahalda ad
çıxarardı, sorağı ellərə
yayılardı".
Əsərdə əsasən Arazboyu tərəkəmə-elat
camaatının həyatı, məişəti,
yaşadığı gündəlik qayğılar, mənəvi-psixoloji
ovqat təsvir olunsa da, romanda bu hadisələr fonunda XX əsrin
əvvəllərində Azərbaycanda baş verən
ictimai-siyasi hadisələrə əhatəli şəkildə
yer verilib.
Burada
oxucu üç müxtəlif fərqli siyasi sistemin -
çarizm müstəmləkəsi, Xalq Cümhuriyyəti
dövrü və bolşevik hakimiyyəti illərində
Arazboyu camaatının, bunun timsalında da Azərbaycan
xalqının o dönəmlərdə
yaşadığı gündəlik həyat
qayğılarının, çəkdiyi
ağrı-acıların, məhrumiyyətlərin şahidi
olur.
Çarizm zamanından danışarkən
yazıçı feodal-patriarxal adət-ənənələrinin
uzun müddət oturuşduğu Azərbaycan cəmiyyətinin
Kürdoba timsalında mini bir modelini təqdim edir. Elə bir cəmiyyət
modeli ki, bu cəmiyyətdə dövlət-hakimiyyət
qanunlarından da güclü, ondan da təsirli, sözü
keçərli bir toplum adəti formalaşıb və bu dairədən
kənara çıxmağı kimsə ağlına gətirmir,
çünki hər kim buna cəhd edirsə
cəmiyyətdən çıxdaş edilib onun cəzasını
da elə toplum özü verir.
"Hər obada böyük ağ keçədən qurulmuş bir ağ alaçıq, onun yan-yörəsində də qara keçəli komalar olardı. Ağ alaçıqda obanın sayılan varlı adamı, qara keçəli alaçıqlarda kasıblar yaşayardı, varlı gərək kasıbdan seçiləydi, obaya gələn yad atlı gərək biləydi ki, "bax, bu ağ alaçıq Hacı filankəsindir". Hacı filankəs də bütün obanın başçısı, ağsaqqalı olardı. Obanın bir adamına ayrı bir obadan sataşan olsaydı, demək o, oba başçısına sataşmış olurdu. Beləydi tərəkəmələrin qanunu...".
Oxucu romanda tərəkəmə-elat həyatını bir çox spektrlərdən müşahidə edir. Burada başlıca olaraq dəyişməz tərəkəmə-elat qanunları hökm sürür. Oba insanı gündəlik məişət qayğılarıyla yaşayır. Onun dolanışığı da, həyat tərzi də olduqca sadədir. O, ailə və toplum qarşısında müəyyən məsuliyyət daşıyır, ayrı-ayrı oba insanı ilə gündəlik qarşılıqlı münasibətdə olur, sabahkı günün tədarükünü düşünür.
Romanda diqqət müstəvisindəki əsas surətlərdən olan Kərbəlayı İbixan əsər boyu digər hadisələrin inkişafına da təsir göstərən və daim xatırlanan aparıcı obrazlardan biridir. Kərbəlayı İbixan obada sayılan, sözü keçən, ağıllı, çörəkli, qonaq-qaralı, qapıya gələni boş yola salmayan, köməksizə dayaq duran səxalı bir kişidir. Elə mahal murovu da onun ad-sanını eşidib Kərbəlayı İbixanı Arazboyu tərəkəmələrinə vəkil təyin edir.
"Yazıçının əvvəlki qəhrəmanları əgər daha çox əxlaqi keyfiyyətlərin təmsilçisi, ehtiraslı təbliğatçısı kimi çıxış edirdilərsə, onun son əsərlərindəki obrazlar həmin xüsusiyyəti qorumaqla yanaşı, ən yaxşı milli sifətləri də özlərində ehtiva etməyə çalışırdılar".
Romanda tərəkəmə kişiləri nə qədər qorxmaz, düşmən qabağında əyilməz, vurub-tutandırlarsa, qadınları da bir o qədər ailəcanlı, ağıllı, tədbirli, iş biləndirlər. Onlar təkcə kişinin qulluğunda duran, uşaq doğub böyüdən, evin-eşiyin yükünü çəkən, mal-heyvanın mənsilini yığıb-yığışdıran başıaşağı müsəlman qadını kimi təsvir olunmurlar. Tərəkəmə qadınları da kişilər kimi at minir, silah işlədir, yeri gələndə düşməndən qisas alır, cəmiyyətdə baş verən hadisələrdən ağıllı nəticələr çıxarır, sabahın tədbirini bu gündən tökürlər.
"Səkinə gördü ki, xanların, bəylərin uşaqları böyük-böyük məktəblərdə oxuyub rusun, firəngin dilini bilirlər, paqon taxıb böyük "nəçərnik" olurlar. Öz-özünə dedi: "Kərbəlayı İbixan bəy olmasa da, bəylərdən əskik kişi deyildi ki, niyə onun nəvəsi də oxuyub nəçərnik olmasın?".
Səkinə bunu fikirləşib, oğlu Bayramı bir dəvə yükü sovqatla apardı, Şuşa qalasına. Qarabağ xanzadələrindən olan Nəcəf ağa, Kərbəlayı İbixanı yaxşı tanıyırdı. Araz qırağındakı rəiyyətlərinə baş çəkməyə çıxanda həmişə Kərbəlayı İbixanın alaçığına düşərdi. Onun üçün ceyranlar, turaclar vurulardı, erkəklər kəsilərdi.
Səkinə dedi:
“Kərbəlayı İbixanın nəvəsini sənə tapşırıram, ağa! Özün bilirsən ki, biz haqq-say itirən döyülük, iltimasımız budur ki, onu böyük rus məktəbinə qoyasan, oxusun, zamana adam olsun".
Əsər əsasən Qarabağın iki obasının insanlarının kəsişən taleləri və sonrakı zamanlarda üzləşdikləri hadisələr üzərində qurulub. "Kürdobalılar"ın tale yolları onları Qarabağın "Kirs" deyilən meşələrində "Alyanlı" adlanan oba ilə qohum olmağa aparıb çıxarır. Kərbəlayı İbixanın törəmələri onun özü kimi sayılıb-seçilən bir kişinin - Bağdad bəyin ailəsi ilə qohum olur. Sonrakı hadisələr də bu iki oba insanının gələcək taleləri üzərində cərəyan edir.
(Ardı var)
İlham
MƏMMƏDLİ
filologiya üzrə
fəlsəfə doktoru
525-ci qəzet.0- 2016.- 19 oktyabr.-
S.4.