Alqış sənə, ey möhtəşəm ali təhsil ocağımız

 

 

Oktyabrın 6-da, 95 yaşlı ADPU-da müsabiqədən keçərək müəllim kimi fəaliyyətə başlamağımın 50 ili tamam olur.

 

Həyatımın bəzi mühüm mərhələləri bu qocaman tədris müəssisəsi ilə möhkəm bağlıdır.

 

Gənc ikən kütləvi cəza qurbanına çevrilmiş atam, çoxnəvəli xanımım, uzun müddətdir ki, ön cəbhədə hərbi borcunu ödəyən oğlum buranı bitirib.

 

Pedaqoji Universitet himninin sözlərini, filologiya və coğrafiya fakültələrinin marşlarını mən yazmışam...

 

Doldurubsan köksümüzü

Tükənməyən sevgi ilə;

Yaşın artıb çoxalsa da,

Gəncləşirsən ildən-ilə.

Məzunların canlı çıraq-

Şəfəq yayır eldən-elə.

Qabaqdadır ən uğurlu

Xoş günümüz, xoş çağımız;

Alqış sənə, ey möhtəşəm

Ali təhsil ocağımız!

 

Qədim Odlar diyarının

Müəllimlər müəllimi!

Sanki çaysandəbiyyat,

Kimya, tarix qolun kimi.

Riyaziyyat, coğrafiya...

Bütün fənlər həyat elmi.

Yaxın Şərqdən, Uzaq Qərbdən

Gəlir dostluq sorağımız:

Alqış sənə, ey möhtəşəm

Ali təhsil ocağımız!

 

Ustadların-ana yurdu

Sevənlərə dərs keçənlər,

Övladların - sənət-bilir

Ehramını düz-seçənlər,

Halal zəhmət, mədəniyyət

Bulağından su içənlər.

Milli adət-ənənəyə

Qaynaqlanıb növrağımız:

Alqış sənə, ey möhtəşəm

Ali təhsil ocağımız!

 

Tale, ömür yolumuza

Vətən eşqi işıq salır,

Yeni, cavan nəsillər

Öz andına sadiq qalır;

Haqq, ədalət sınağından

Çıxa-çıxa zəfər çalır.

Müstəqildir dövlətimiz,

Müqəddəsdir torpağımız;

Alqış sənə, ey möhtəşəm

Ali təhsil ocağımız!

 

Oqtay RZA

Əməkdar müəllim

 

 

525-ci qəzet.- 2016.- 6 oktyabr.- S.8.