Milli və bəşəri qayğıların poetik təzahürləri Bəxtiyar Vahabzadə lirikasında

 

 

Xalq şairi Bəxtiyar Vahabzadənin zəngin və çoxşaxəli bədii yaradıcılığında siyasi mövzuda qələmə aldığı əsərləri xüsusi yer tutur.

 

Sovet imperiyasının bütün dünya boyu at oynatdığı, milli varlığın və düşüncənin buxovda saxlanıldığı ağır illərdə ədəbiyyata gələn şairin yaradıcılıq yolu heç də asan olmamışdır. Hər cür milli düşüncəyə qarşı olan hakim rus şovinist ideologiyası Sovet yazıçısına yalnız "Sovet qardaşlığı, vahid ölkə" kimi kosmopolit "gerçəkliyi" təbliğ etməyə və sosialist realizmi çərçivəsində bədii əsərlər yaratmağa haqq tanıyırdı. Qəlbi Vətənlə birgə döyünən gənc şairin erkən yaradıcılığının qaynar dövrünə təsadüf etdiyi illər İkinci Cahan Savaşının ağır sınaqlarından çıxmış nəhəng ölkədə gedən böyük quruculuq işləri müstəvisində ədəbiyyata da "geniş meydan verildiyi" şüarçılığı yalnız sosializm quruculuğunun "qarşısıalınmaz" təntənəsindən yazmaq düşüncəsindən çox da irəli getmirdi.

 

Öz xalqının tarixi keçmişini yalnız yaşlı nəslin xatirələrindən və "qadağan olunmuş" kitablardan öyrənən milli düşüncə daşıyıcısı olan gənclik bütövlükdə Sovet təbliğatının bərbəzəkli yalanlarına uymur, daha ayıq düşüncə sahibi olanlar millətin yaşadığı böyük faciəni dərindən dərk edir, bu ağrılı hisslərini ədəbiyyatın, sənətin müxtəlif janr və formalarında yaratdıqları əsərlərdə büruzə verirdi. Bəxtiyar Vahabzadə hələ erkən yaradıcılığından doğma vətənin üzləşdiyi basqıların əsas kökünün onun yerləşdiyi strateji tarixi-coğrafi ərazisi, tükənməz sərvətləri və imperiya xəstəliyinə tutulmuş dövlətlərin yeritdiyi işğalçılıq siyasəti ilə bağlı olduğunu yaxşı anlayır, xalqın bütün zamanlarda apardığı mübarizə əzminə baxmayaraq qüvvələr arasındakı nisbətin qeyri-bərabər olmasının ona böyük faciələr yaşatdığını açıq mətnlə dilə gətirirdi. Şair yaradıcılığı boyu sistemin ideologiyasına zidd sayılan milli kimlik, milli təəssübkeşlik, ana dilinin qorunması, bölünmüş vətən niskili kimi həssas mövzuları daim diqqət mərkəzində saxlayır, poeziyanın müxtəlif forma və şəkillərində qələmə aldığı şeirlərdə xalqın tarixi yaddaşını bərpa etməyə çalışırdı:

 

Sən üzdün başını sisianovların

Yolun yoxuş oldu, dərdin min oldu.

Sənin öz sərvətin, sənin öz varın

Əsrlər boyunca düşmənin oldu.

 

O illərdə Sovet ideologiya maşını milli müstəmləkələrin yaşadığı ağır faciələri, iqtisadi-siyasi, mədəni geriliyi tarixin və çarizmin üzərinə atır, sözdə özünün də bu qaydalara qarşı olduğunu sosialist şüarçılığı ilə beyinlərə yeridirdi. Reallığa gələndə isə Sovet rejimi milli müstəmləkələrdə hər cür milli düşüncəyə, azad fikrə qarşı çarizmdən də qısqanc və sərt davranır, azacıq nəzərə çarpan milli meylləri isə amansızcasına öz beşiyindəcə boğurdu. Sovet sistemində türk-müsəlman xalqlarına qarşı münasibət rus imperiyasının bu xalqlara qarşı yüzillərlə davam etdirdiyi assimilyasiya siyasəti üzərində qurulmuşdu. Bunlar azmış kimi müstəmləkə altındakı xalqların, xüsusən də türk-müsəlman xalqlarının tarixi bütünlüklə təhrif olunur, onlar öz köklərindən, doğma dillərindən, dini inanclarından qopardılaraq milli kimlikləri unutdurulmağa çalışılırdı.

 

Müstəmləkə xalqlarına süni tarix və mədəniyyət "yaradanlar" tarixi faktlara, ortada olan danılmaz dəlillərə və məxəzlərə deyil, Moskvanın sifarişinə söykənən absurd ideyalarla düşüncələrdə dolaşıqlıq yaratmağa çalışırdılar. Xalqların min illik folkloru, klassik ədəbiyyat nümunələri də milli düşüncədən, tarixi reallıqdan "uzaqlaşdırılaraq" imperiya maraqlarının təbliği müstəvisində araşdırılıb tədqiq olunurdu. Gənc şairin emosiyalarını coşdurub heysiyyatına toxunan, onda üsyan ruhu alovlandıran da xalqına qarşı həyata keçirilən bu iyrənc imperiya siyasəti ilə addımbaşı qarşılaşması idi. Bu məkrli və antimilli siyasətdən qəzəblənən Bəxtiyar Vahabzadə müxtəlif illərdə qələmə aldığı ədəbi nümunələrdə hansısa üstüörtülü deyimlərdən, bədii priyomlardan, təşbeh və eyhamlardan da istifadə etmir, sözü bütün çılpaqlığı ilə birbaşa hədəfinə ünvanlayaraq müstəmləkəçi şovinistlərin maskalarını yırtmağa çalışırdı.

 

Ey tarixçi,

Yazırsan ki, filan kral,

Filan ildə yağmaladı

                  ölkəmizi...

Bu tarixmi?

Gəl, aldatma soyuq-soyuq

rəqəmlərlə

Nə özünü,

Nə də bizi...

Sən yaz görüm, axı niyə

O cəbhəni biz yarmadıq?

Qolumuzu zəncirləyən,

Varımızı xəlbirləyən

O düşmənlə bacarmadıq,

                    Bacarmadıq?

 

Lirikanın digər ədəbi janrlardan başlıca fərqi yığcamlığı, həyatı bu və ya başqa şəraitin təsiri ilə yazıçı mənəviyyatında doğan hiss, fikir və həyəcanları göstərmək yolu ilə əks etdirməsindədir. Siyasi lirikada isə bu hisslərə cəmiyyətdə və dünyada baş verən ictimai-siyasi hadisələrlə bağlı yazıçının siyasi baxışları da əlavə olunur və bu məqamlar əsəri daha ciddi təhlil müstəvisinə çıxarır. Bəxtiyar Vahabzadə siyasi mövzuda qələmə aldığı əsərlərində demək olar ki, mürəkkəb süjet və kompozisiyalardan istifadə etmir. Ümumiyyətlə, sözün sadə deyilişi, fikrin anlaşıqla və aydın ifadəsi şairin bədii yaradıcılığına xas olan əsas cəhətlərdəndir. Bədii sözün gücünü yaxşı bilən, onun ictimai şüurda yaratdığı inqilabi dəyişikliyi dərindən dərk edən ədib əsərlərində müxtəlif bədii detallardan, mürəkkəb ümumiləşdirmə və sətiraltı deyimlərdən qaçaraq, bir növ publisistik dilə üstünlük verərək poeziyanın gücü ilə maarifçilik işi aparır. O, bu yolla xalqın milli azadlıq hissinin oyanacağına, onun özünüdərk istiqamətindəki axtarışlarının isə sonda milli müstəqilliyə gətirib çıxaracağına şair fəhmi ilə inanırdı:

O gizli nöqtədə:

bir yadelli şah

Böyük tarixini danmış bu xalqın.

Demiş: "Yer üzündə bir mənəm

Allah!"

Arzusu qəlbində yanmış bu xalqın.

O xalqı talamış, doymamış yenə;

Sinəsi üstündə bostan da əkmiş;

Xalqın adətinə, ənənəsinə,

Dilinə, ruhuna qılınc da çəkmiş.

Bir tarixi həqiqəti danmaq olmaz ki, Stalinin ölümü, Xruşşovun hakimiyyət başına gəlişi ilə Sovet sistemində baş verən nəzərə çarpacaq mülayimləşmə, kütləvi repressiyaların və qətllərin ortadan qaldırılması ədəbiyyat və mətbuat üzərindəki basqıların da bir qədər yumşalmasına zəmin yaratdı. Yeni ab-hava milli ucqarlara da böyük təsir göstərdi, yerli ziyalılarda, daha çox ədəbiyyat adamlarında - yazıçı və şairlərdə milli hisslərin, dövlətçilik duyğularının, azadlıq arzularının sürətlə oyanışında böyük təkan oldu. Artıq müstəmləkə xalqlarının ziyalılarında milli kimlik, tarixi varlıq kimi "incə" məsələlərin, "yabançı" düşüncələrin axtarışı istiqamətində ciddi oyanış baş verdi. Bu meyl isə o dövrdə sistem üçün hələ də çox "təhlükəli" sayılan əsərlərin yaranmasına gətirib çıxardı. Təbii ki, Bəxtiyar Vahabzadə də yeni ideya axtaranların sırasında idi və az sonra bu meyllər onun yaradıcılığında daha qabarıq şəkildə ortaya çıxdı.

XX əsr Azərbaycan ədəbiyyatının ən çox müraciət etdiyi mövzulardan olan,  Bəxtiyar Vahabzadə yaradıcılığının da əsas qollarından birini təşkil edən ikiyə bölünmüş Azərbaycan dərdinin ədəbiyyat müstəvisindəki təqdimatı şairin yaradıcılığında yeni bir çalarda özünü göstərdi. Hələ gənc və perspektivli bir "ədəbiyyat adamı" statusunda olarkən Bəxtiyar Vahabzadənin özünü gözləyəcək bütün təhlükələri gözə alaraq, o illərdə səs-küylü ədəbi-siyasi hadisəyə çevrilmiş "Gülüstan" poemasını yazması sistemə qarşı açıq cəbhə açmasından xəbər verirdi:

Öz sivri ucuyla bu lələk qələm,

Dəldi sinəsini Azərbaycanın.

Başını qaldırdı,

Ancaq dəmbədəm

Kəsdilər səsini Azərbaycanın.

On illər boyu Azərbaycanın könüllü şəkildə Rusiyaya birləşməsi ideologiyasının beyinlərə yeridildiyi zaman kəsiyində Bəxtiyar Vahabzadənin bu faktı qanlı bir işğal kimi birbaşa açıq mətnlə bəyan etməsi təbii ki, hakim rejimin və ideologiyanın xoşuna gələ bilməzdi. Məhz bu poemanın dərcindən sonra şair rejimin ağır basqılarına və təqiblərinə məruz qalaraq uzun müddət fəal ədəbi yaradıcılıqdan uzaq salınmışdı.

Sistem ideoloqlarını qəzəbləndirən ən həssas məqamlardan biri də şairin poemada illər boyu "böyük qardaş və xilaskar" statusunda zehinlərə yeridilən rus xalqını yad və işğalçı obrazında təqdim etməsi idi.

..Qoyulan şərtlərlə razıyıq deyə,

Tərəflər qol çəkdi müahidəyə...

Tərəflər kim idi?

Hər ikisi yad!

Yadlarmı edəcək bu xalqa imdad?!

O illərdə imperiya ağalarını daha çox özündən çıxaran nəhəng ölkənin bütün mətbuat və təbliğat vasitələrində "bölünməz vətən, xoşbəxt Sovet insanı" şüarının təbliğ olunduğu zaman müstəvisində Bəxtiyar Vahabzadənin qəflətən "Gülüstan" poeması ilə sükutu pozması, sistemi sarsıdan qorxunc fikirləri açıq şəkildə dilə gətirməsi idi. Şairin millətinin işğala və işğalçılara qarşı bu qədər dözüm göstərməsini xalqın öz günahı sayması, azadlığın qan bahasına qazanıldığını onun yadına salıb xalqı zülmə boyun əyməməyə, milli mücadiləyə çağırması təbii ki, şairə bağışlanıla bilməzdi:

Min ləkə vurdular şərəfimizə

Verdik, sahibimiz yenə "ver" - dedi.

Lap yaxşı eyləyib doğrudan, bizə

Biri "baran" dedi, biri "xər" - dedi.

Bizi həm yedilər, həm də mindilər,

Amma arxamızca gileyləndilər.

Ədəbiyyatdan partiyalılıq, sosialist realizmi prinsiplərinin tələb olunduğu müstəvidə Bəxtiyar Vahabzadənin "Gülüstan"ı o zaman sistemə qarşı açıq üsyan idi. Çünki o poemada xalqın tarixinin üzərinə çəkilmiş qara pərdəni  qaldırmaqla millətin zülmətə düçar edilmiş beyninə işıq salaraq imperiyanın on illər boyu apardığı yalan təbliğatını darmadağın edirdi. Qədim bir xalqın paramparça edilməsinin bir günahını da haqlı olaraq xalqın özündə görürdü:

Hanı?...

Sormadılar - bəs yarı canın?

Niyə ucaltmırsan üsyan səsini?

Hələ görməmişik Azərbaycanın

Bir yerdə, biz bütöv xəritəsini...

Vətəni iki yerə bölənlərin, qardaşın qardaşa salam verməsini belə bu xalqa çox görənlərin ünvanını dəqiq göstərən şair bu gün yadellilərin bizə təhqiramiz ayamalar qoşmalarının günahkarının da özümüzün bu təhqirlərə göstərdiyimiz sonsuz dözümdə görürdü:

Arazın

bu tayı Vətənim,

o tayı Vətənim.

Vətəni görməyə amanım

yox mənim.

Bu necə vətəndir?

Görmədim üzünü

Çatsam da bu yaşa

Ömründə bir dəfə.

Bəs salam verməzmi

Qardaş da qardaşa?

Bəxtiyar Vahabzadəni həyəcanlandıran, onun qəlbində üsyan atəşi qalayan Azərbaycanın zəngin var-dövlətinin yadellilər tərəfindən yağmalandığını, bu sərvətin özgələrə xoşbəxtlik gətirməsi müqabilində özünə göz dağı, vətən övladının öz evində qul olduğunun şahidi olmasıydı ki, şair bu acı həqiqəti bir vətəndaş yanğısı ilə dilə gətirirdi:

Yadlar geyindikcə, lüt qaldın özün,

Sərvətin, dövlətin göz dağın oldu.

Gəlmələr evində şişdi günbəgün,

Evinin sahibi qonağın oldu.

Bəxtiyar Vahabzadənin siyasi lirikası təkcə Azərbaycan, Vətən, ana dili müstəvisində məhdudlaşıb qalmır. Şair dünyanın bütün məzlum xalqlarının acı talelərinə ağlayır, onları zülmə məhkum edənlər, xalqların azadlıq haqqını əllərindən alıb bəşəriyyətə məhrumiyyətlər gətirənlər, insanlığın varlığını təhdid edənlər şairin kəskin ittihamlarına məruz qalırlar. Sözdə quşların da nəslini məhv olmaqdan qorumağa çalışan, reallıqda isə neçə-neçə xalqı əridərək tarix səhnəsindən silməklə humanizm donuna girmiş siyasi şarlatanlar, insanlığa qənim kəsilmiş tiranlar, şahlar, dünyanı qan çanağına döndərən gizli servislər şairin öldürücü ittihamlarından yaxa qurtara bilmirlər:

Gettolar içində sən bir milləti,

Qoyun sürüsü tək hasara saldın.

Cəllad, söylə sənin damarlarından

Axan buzlu sumu, yoxsa qanmıdır?

Quşların nəslini qoruyur insan,

Xalqları əritmək insafdanmıdır?

Bəxtiyar Vahabzadə yaradıcılığında ana dili təəssübü, doğma dilə böyük övlad sevgisi, bu dilə xor baxanlara barışmaz münasibət onun milli düşüncəsindən doğan vətəndaş mövqeyidir:

Sən az danışdın,

Dinib alışdın.

Dedin: - Neyləyim?

Bütövlüyümə

Qıyırlar mənim.

Özümü parça,

Dilimi ləhcə

Sayırlar mənim...

 

Şairin siyasi lirikasında dünyanın məzlum xalqlarının, o cümlədən, Şərq aləminin, xüsusilə günümüz üçün daha aktual olan ərəb dünyasının bu gün yaşadığı acı reallıq həmişə diqqət mərkəzində olmuşdur.

 

İmperialist güclərin tarix boyu müsəlman aləminin, onun əsas parçası olan ərəb dünyasının başına gətirdiyi qanlı olaylar nifrətlə lənətləmişdir:

 

Ehramların önündə

gündüzlər axşamadək

"Fünf piastr" deyərək,

Öz doğmaca elində

Dilənir ərəb oğlu əcnəbinin

dilində.

 

Vaxtilə zülmət bataqlığında çabalayan əski dünyanı öz ilahi nuru ilə işıqlandıran, onun çürüməkdə olan siyasi və mənəvi xəritəsini inqilabi bir dəyişikliklə yeniləyən, böyük İslam mədəniyyətinin varisi olaraq şanlı bir tarix yaşamış ərəb dünyasının bugünkü acı durumu, çirkin siyasət müstəvisində öz milli qürurunu miskin bir vəzifə kreslosuna sataraq beynəlxalq güclərin nökərinə çevrilən ərəb liderləri Bəxtiyar Vahabzadənin öldürücü poeziyasında tarixin mühakiməsinə verilir.

 

Bəxtiyar Vahabzadənin siyasi lirikası bəşəri dəyərlərin daşıyıcısı olaraq, bütün zamanlar və məkanlar üçün aktual və orijinaldır.

 

Ədəbiyyatın əbədi obyekti və mövzularından olan İnsan və onun fəlsəfi-poetik dərki Bəxtiyar Vahabzadənin bütün yaradıcılığı boyu məşğul olduğu əsas problemlərdən biri olmuşdur. Bu məsələyə fərqli prizmalardan, çox zaman da bir-birinə zidd qütblərdən yanaşan şairin siyasi lirikasında insan obrazı mərkəzi fiqurlardan biri kimi çıxış edir:

 

- Prometeydən pay aldığın o od ilə,

axı, bir gün

Cordanonun yandıran da sən özündün.

Qorxum budur, o od ilə

Özünü də yandırasan

Aman, insan, dayan, insan!

 

İlham MƏMMƏDLİ

filologiya üzrə fəlsəfə doktoru

 

 

525-ci qəzet.- 2016.- 7 oktyabr.- S..4.