İtir fikrin, düşüncənin düzümü,

 

Təbdən çıxıb çaşdırıram özümü,

Yoldan-rizdən ayırmıram gözümü,

Sarır bütün varlığımı çən-duman,

Gözləyirəm, gələcəksən nə zaman?

 

Göy əskiyə düyüb hər bir anımı,

Hicran, həsrət oda salıb canımı.

Havalanıb boş görməkdən yanımı,

Bil, oluram taleyimdən bədgüman,

Gözləyirəm, gələcəksən zaman?

 

Ötənləri birər-birər yadıma

Hey salsam da, xəyallarım dadıma

Yetmir əsla, düşünmürəm, adıma

deyərlər, dildən düşmür and-aman,

Gözləyirəm, gələcəksən zaman?

 

Yaşamımda günüm, gecəm zil qara,

Xəzan vurub, ümidim yox bahara.

Sənsizliyim dönür dərdə, qübara,

Sanki çökür üzərimə asiman,

Gözləyirəm, gələcəksən zaman?

 

Barı gəl, gör, haldayam - bir bilsən,

Qarğıyıram: çəkdiyimi çəkəsən.

Inanaram, bəhanəylə desən,

Dözər dərdə sevdiyindən eşq uman,

Gözləyirəm, gələcəksən zaman?

 

Arzularım

 

Arzularım yuxularda olur çin,

Sevincimdən ayılıram həmin an.

Ağrısını yaşatdıqca bir heçin,

Peşmanlığım qəlbə salır həyəcan.

 

Onda səbr diləyirəm özümə,

Başqa çarəm yoxdu axı belədə.

Tək ürəyim qulaq asmır sözümə,

Dedikləri hərdən gəlir dilə .

 

Sustalıram, əlim-qolum yanıma,

Sınıb düşür, hey taqətsiz qalıram.

Qüssə hopur damarıma, qanıma,

Göz yol çəkir, xəyallara dalıram.

 

Xəyal - gerçək, arasında fərqə bax,

Yada düşür ac toyuğun yuxusu.

vacibdir bu arzuyla yandır, yax,

Bu sirdir, mat qalıram doğrusu.

 

Çox arzumun məzarı var içimdə,

Eləsi var, ümidsizdir, verir can.

Bəzisi çin olur bir suiçimdə,

Mənə "Bir Kəs" vaxt ayırsa bircə an.

 

Vay, dünya!

 

"Əşrəf"in saldı səni gör hala, ay dünya,

Vermir indi, ha çağır, fəryadına hay, dünya.

 

Gör nələr bəxş elədin ki, dada o, ləzzətini,

Etdi ağu-zəhəri dörd yanına çay, dünya.

 

Artır, hər gün çoxalır hey ölən-itkin xəbəri,

Ondan olmuş kədərin gör neçə qat, lay, dünya.

 

Hər nəyin var, talanır, heç gözü doymur bəşərin,

Zülm-zillətdə bu gün yox ki, hesab, say, dünya.

 

Kim ki, hey qovğa edib, səndə salır fitnə-fəsad,

Arayır kəhkəşanı: varmı sənə tay, dünya?!

 

Göyərər bir , inan ki, qarışa torpağına,

Neçə yüz min, ya da milyon yaramaz, zay, dünya.

 

Qorxuram ki, bəşər övladı çıxa axırına,

Deyə Nəcməddin elə: vay halına, vay, dünya!

               

Səbrimin həddi var...

 

Mənim təmkinimin həddi, sonu var,

Səbrimlə oynama, ehtiyatlı ol.

Gözlə abır-həya, versəm sərt qərar,

Sola sağ deyərsən çaşıb, sağa sol.

 

Yalançı təbəssüm göstərdin, yetər,

Qəlbində olanı çıxar, üzə qoy.

Heç nəhs tanımıram, bil, səndən betər,

Keçmişdən belədir, yəqin ki, kök-soy.

 

Dostu, yoldaşını satmısan ucuz,

Eləcə inamı, etibarı da.

Sözünə güvənən olub uğursuz,

Qoymusan çoxunu, yəqin, yarıda.

 

İnan, görüntündən ağrayır gözüm,

Ürəkdən söyürəm kölgənə, hətta.

Təkcə dərd verirsən, səy edim, çözüm,

Axtardığın məna bumu həyatda?

 

Halallıq istədin, verdim min kərə,

Tövbən, etirafın - saysız-hesabsız.

İndi keçmisən böhtana-şərə,

Qoymursan bir günüm ötsün əzabsız.

 

Mənim təmkinimin həddi, sonu var,

Səbrimlə oynama, ehtiyatlı ol.

Gözlə abır-həya, versəm sərt qərar,

Sola "sağ" deyərsən çaşıb, sağa "sol".

 

Mənim "sınağım"

 

İş-gücümdə nəzarətçim - vicdanım,

Səy edirəm təmiz qala ad-sanım,

Demirəm ki, yoxdur bircə nöqsanım.

Bu halımla tuş gəlirəm qınağa,

Çəkilirəm addımbaşı "sınağa".

 

Çoxu məni nadan bilib deyir dərs,

Dillərində tərs avanddır, avand tərs.

Güntək aydın həqiqəti sanan fərz,

Qoyur fikrə-düşüncəyə qadağa,

Çəkilirəm addımbaşı "sınağa".

 

Qandırırlar tərpənişdə həddimi,

"Şax tutmayam, əyəm gərək qəddimi",

Önümdəki görən o Çin səddimi?

Məramımda getməməkçün uzağa...

Çəkilirəm addımbaşı "sınağa".

 

Bədxah - saysız, mənsə təkcə... Çarə ?

İllər çəkər, bu dərd bitməz üç günə.

Danışmaqdan heydən düşür dil, çənə,

Əsəbimdən yaş süzülür yanağa.

Çəkilirəm addımbaşı "sınağa".

 

Nəcməddin MÜRVƏTOV

525-ci qəzet.- 2016.- 11 oktyabr.- S.8.