Yaxşılıq - (hekayə)

 

 

 

 

Ölümü axtarırdım. Kimdən soruşurdumsa, deyirdi, başın xarab olub?! Qəribədir, mənə bunu deyənlər sual vermirdilər ki, niyə Ölümü axtarırsan? Buna səbəb nədir? Belə olsaydı, mən cavab verəcəkdim ki, işim düşüb, onu görmək istəyirəm.

 

Bir gün bağı seyrə çıxmışdım. Hər tərəf alyanaq, qırmızı, yaşıl almalarla dolu ağaclar yaşıl otluq idi. Otların arasıyla yeriyib onları əzdikcə, xəfif bir səs qulağımı döyəcləyirdi. Alma ağacları budaqlarındakı barla lovğalanırdılar. Ətrafı seyr etməkdən göz doymurdu. Qəfildən səs eşitdim:

 

- Məni gəzirdin, burdayam...

 

Səsin hansı tərəfdən gəldiyini kəsdirə bilmədim. Arxaya çevrildim. Heç kimi görmədim. Yalnız otların arasındakı izim - açılan cığır uzanırdı. Hövlləndim. "Mən burdayam". Hər dəfə yerimdə gələn səsə qarşı döndükcə "mən burdayam"ı təkrar-təkrar eşidirdim. Fırlandığım yerdə əzilmiş otların üstündə dairə əmələ gəlmişdi. Əhədim kəsildiyindən elə bu otluqdakı özüm yaratdığım dairənin içində yerə çöməldim. Soyuq tər basdı məni.

 

- Sən kimsən axı, mən səni görə bilmirəm?!

 

Bu sözləri gözlərim bərəlmiş halda ətrafa boylana-boylana ucadan deyirdim.

 

- Mən Ölüməm. Sən məni gəzirdin, daha doğrusu, görmək istəyirdin.

 

Qeyri-ixtiyari dilləndim:

 

- Salaməleyküm, Ölüm! Xahiş edirəm, özünü göstər, səni görmək istəyirəm.

 

Sanki qorxu-hürkü məndən çəkilib getmişdi, çoxdan tanıdığım bir əziz-girami kəslə (üzünü görməsəm ) söhbət edirdim.

 

- Mən özümü sənə göstərsəm, əbədi susmalı olacaqsan...

 

Cürətə gəldim, sözünü ağzında qoydum çox aciz görkəmdə, yazıqcasına dilləndim.

 

- Səni bir neçə saatlığa elə görmək istəyirəm ki, bunu sözlə ifadə edə bilmirəm.

 

- Xeyir ola, yoxsa mənə rüşvət verib, əbədi yaşamaq sevdası keçir başından?!

 

- Yox, yox, əsla yox. Əbədi yaşamaq mənə əzab olardı.

 

- Əcəb! Yer üzünün əşrəfi sayılan insan əbədi yaşamaq üçün min pəstahadan çıxır. Hətta Amerikada bir neçə nəfər özünü dondurub ki, gələcəkdə əbədi yaşamağın iksiri tapılanda onları oyatsınlar. Bədbəxt insan! Onlar hələ başa düşmürlər ki, yazıya pozu yoxdur. Çoxdan ölüblər o "dondurma" insanlar.

 

Ölüm "bədbəxt insan!" ifadəsini elə işlətdi ki, onun dediyinin əksinə getməli oldum:

 

- Niyə siz insana bədbəxt deyirsiniz? Bu dünyada əbədi yaşayıb, var-dövlət sahibi olmaq, gününü eyş-işrətdə huri-mələklərin əhatəsində keçirmək bəşər övladının əzəldən ən başlıca istək diləyi olub.

 

- deyirəm ki, belədirsə, bəs özün niyə əbədi yaşamaqdan vaz keçirsən? Bir sənin mənə iradın çox-çox yersizdir. Cəfəng fikirlərlə özünü yorma. Bax, siz insanlar gecə-gündüz min oyundan çıxıb, milyonların hesabına növbənöv bombalar, silahlar yaradırsız. Adını da qoyursunuz "müasir silahlar". Kimə nəyə xidmət edir bu silahlar? Deməli, belə çıxır ki, bir-birinizi səliqə-sahmanla qırmaqdan ötrü bütün bunları edirsiniz. Bəlkə belə deyil?! Elə deyilsə, onda o silahlara xərclədiyiniz milyonları elə acından qırılan milyonlarla insanın rifahına, gün-güzəranına xərcləmək olmazmı?

 

- ... Yox. Bu barədə mən heç vaxt fikirləşməmişəm. Qaldı ki, əbədi yaşamaqdan imtina etməyimə, onun da səbəbləri var... Cəmiyyətdə elə hallar görürəm ki, gələcəkdə insanlar bu tipdə olsalar, xarakterləri dəyişməsə, mən belə cəmiyyətlə bir yerdə əbədi yaşamaq istəməzdim.

 

- Cəmiyyət kimdir?! Cəmiyyət elə sənin xalaoğlun, dayıoğlun, bibioğlun, bibiqızın başqa doğmalarındır da. Bunlar özləri köklənib, rişələnib başqaları ilə qol-boyun olublar. Kimi dərindən qurdalasan, elə hamı bir-birinə qohum-qardaşdır. Adam da öz cəmiyyətindən imtina edərmi? Qaldı ki, belə baxanda söhbət səndən gedir, yəni indi yaşadığın cəmiyyətdən yox. Əbədi yaşasan, çox cəmiyyətlər görəcəksən.

 

Özümdə təpər tapıb Ölümə son istəyimi, xahişimi dedim.

 

- Mən qərarımı dəyişmək fikrində deyiləm. Əbədi olsam, dünya, bəşər övladı məndən qazanacaq? İstəmirəm. Vəssalam. Fransız aktyoru vardı. Lui de Fünes. O, ölməmişdən qabaq demişdi ki, mən əsl rolumu öləndə oynayacağam. Bu çox təbii olacaq tamaşaçılar mənə baxıb, ürəkdən güləcəklər. Yəqin ki, bu gözəl aktyoru siz çox yaxşı tanıyırsınız. Elə vəzifəyə qulluq edirsiniz ki, bəşərin hər bir üzvü sizin siyahınızdan keçir. , mən Lui de Fünesdən fərqli olaraq bir neçə saatlığa ölüb, sonra dirilmək istəyirəm.

 

- Bu sizin nəyinizə lazımdır?

 

- Bu mənə çox lazımdır. Ömrüm boyu yaxşılıqlar etmişəm. Qulağıma çatandan bəziləri dalımca danışıb ağızdolusu tərifləyib, ömür-gün diləyiblər. Bir parası da məni axmaq yerinə qoyub deyiblər ki, bu adamın başı çatmır. Elədiklərinin əvəzində heçummur. Hətta heç bir çay qonaqlığına da getmir. İstəyirəm, mənə kömək edəsən. Arzusundayam ki, görüm əhli-əyalım, qohum-qardaşım, dost-tanışım və digərləri mən öləndə barəmdə nə danışıb, nə deyəcəklər? Bax, elə onda hər kəsin mənə olan münasibətini əyani şəkildə görüb öyrənəcəyəm...

 

Ölüm bu dəfə əsəbi halda sözümü kəsdi:

 

- Nə çərənlədiyini heç özün də bilmirsən. Sənə Allah ağıl, üstəlik də ömür verib ki, zamanın tələbi, fəlsəfəsi ilə yaşayıb, ətrafdakılarla dil tapasan. Nəyinə lazımdır başqaları nəylə məşğuldur, hansı oyunlardan çıxır? Gəl, sən ölüb-dirilmək məsələsini çox qabartma. Birki, nə işinə qalıb insanların sənə olan münasibətini öyrənirsən...

 

- Bilmək istəyirsənsə, bu mənim hüququmdur! Həqiqəti öyrənmək, ətrafdakıları saf-çürük edib, yaxınlarla oturub-durub, qalan ömrümü adam kimi yaşamaq arzusundayam.

 

- Ay Allahın bəndəsi, sənin hələ dilə gətirmədiklərinin mən hamısını, cikini-bikini çox gözəl bilirəm. Bu ana qədər olan taleyini və qarşıdan gələn illərdə səni nə gözləyirsə, hamısı mənə əyandır. Sənin arzuladığını əfsuslar olsun ki, bacarmayacağam. İnsanlara etibar yoxdur. Sonra orda-burda ağzından qaçıracaqsan ki, Ölümlə görüşmüşəm. O da mənim qulluğumda durub. Gəl, bu gündən sən məni arayıb-axtarma. Vaxtı gələndə mən özüm səni tapacağam.

 

Bu yerdə Ölümə son sualımı verdim:

 

- Səndən qaçıb gizlənmək mümkündürmü?

 

- Xeyr! Bir az əvvəl dedim ki, insanlara etibar yoxdur. Bu sözü elə-belə demədim. Xeyli vaxt bundan qabaq bir nəfərə yaxınlaşdım ki, vaxtdır, şələ-küləni yığışdır. O da o qədər yalvarıb sızladı ki, ona rəhmim gəldi ona 3-4 ay möhlət verdim. Bu da eləmə tənbəllik, şəltə-şültəsini yığışdırıb ölkədən qaçdı. Vaxt-vədə tamam oldu. Kəsdim yolunu. Traktor sürürdü. Əl edib saxladım onu. Dedim ki, sənə işim düşüb. Söz-cümləmin nöqtəsini qoymamış qayıtdı ki, əlimdən desən gəlir. Mən məsələni çox uzatmadım. "Ölməyi bacararsanmı", - soruşdum özümü nişan verdim. Rəngi-ruhu ağappaq ağardı, sonra səsi xırıldaya-xırıldaya: - Bu məmləkətə sən baxırsan? - dedi. "Harda canlı varsa, ora mən baxıram", - deyib, traktorunu dərəyə aşırtdım məndən qaçanın son aqibəti belə oldu.

 

Sonra Ölümün səsi bir ara eşidilməz oldu. Canıma vicvicə düşdü. Fikirləşdim ki, bundan desən çıxar, qəfildən məni aparar. Sanki ruhum bədənimdən uçacaqdı birdən:

 

- Yox, səni aparmağa gəlməmişəm, - nəhayət, səsi eşidildi. - Darıxma, hələ qabaqda səni gözəl günlər, aylar, illər gözləyir. Gəl sənə bir sirr açım. Günlərin birində özümü sənə göstərəcəyəm. Ancaq o vaxta hələ illər var. Çox da qəm yemə. Dünyanın gərdişi belədir. Bəni-insan dünyaya gəlir günlərin birində biri uşaq, digəri cavan, bəziləri qoca ikən, kimi varlı, kimisi yoxsul halda onları bu dünyadan aparıram. Bəziləri elə ana bətnində olanda qismətləri qara gəlir. , sənə açdığım sirr bundan ibarətdir ki, gördüyün bu dünyada bir gün qiyamət qopacaq varsa, hər şey yerlə-yeksan olacaq. Belə qiyamətlər çox olub hələ neçə dəfələrlə təkrarlanacaq. Əsas məsələ ondadır ki, gedənlər milyon illərdən sonra yenidən dünyaya gələcəklər. Bax, elə sən özün. Üçüncü dəfədir ki, dünyaya gəlirsən. Amma hər gəlişində başqa mövqedə, ayrı-ayrı qövmün nümayəndəsi olmusan, belə davam edəcək. Hələ ki, yaşamağında yaxşılıq etməyində ol. Boş-boşuna xəyallara dalma. Sağ tərəfdəki alma ağacını görürsən? Barı həddən ziyadədir.

 

Bir-iki günə budaqlar saatbasaat böyüyən meyvələrə tab gətirməyib qırılacaq. Onlara gətir dəstək vur.

 

Qoy o ağacın budaqları qırılıb cavan ikən şikəst olmasın. Bu da elə yaxşılıqdı. İşində ol. Xudahafiz!

 

Ertəsi gün Ölümün tapşırığına əməl elədim. Tək o ağaca yox, bir neçəsinə dəstək vurdum. Məzuniyyət vaxtı kənddə gördüyüm bu işdən elə ləzzət almışdım ki, Ölümün deyil, ağacların qəhqəhəsini eşidirdim.

 

 

Əkrəm QAFLANOĞLU

 

 

525-ci qəzet.- 2016.- 13 oktyabr.- S.8.