Mənim

 

O göy gurultusu mənim ahımdı,

Hər an “şimşək çaxır” üzümdə, mənim!

Ağdam qibləgahım, səcdəgahımdı,

Məkkəm, Mədinəmdi gözümdə mənim!

 

Hər aqil bu dərdə dözə bilməzdi,

Obamda dərd məni üzə bilməzdi.

İş halal tutulsa, gəzə bilməzdi,

Qudurmuş dığalar düzümdə mənim!

 

Hələ ki, bu dərdə tapılmır çara,

Ömrün günləri yazıldı qara.

Qarabağ adlanan cənnət diyara,

Canım da qurbandı, gözüm də mənim!

 

Ağdam çox qiymətli şöhrət tacımdır,

Mərdlər diyarımdır, dərd əlacımdır.

O mənim əbədi ehtiyacımdır,

Gəzər söhbətimdə, sözümdə mənim!

 

Zakir gec sağalar, yaran çox dərin,

Fələk də acizdir önündə şərin.

Tutacaq gözünü ermənilərin,

Halal çörəyim də, duzum da mənim!

 

Qayıdım

 

Ey Ulu Yaradan qanad ver mənə,

Sərhəd dirəklərin keçim ,qayıdım!

Cənnət Qarabağın havasın udum,

Onu dərman kimi içim, qayıdım!

 

Çoxu bir Allahı göydə dansa da,

Yuvam uçurulub, viran qalsa da.

Həsrətdən ürəyim alovlansa da,

Yurduma qolumu açım, qayıdım!

 

Ağa körpüsü”ndə bir an dayanım,

Yetirsin özünü dostum,həyanım.

QoyYarım gəldi”- qaynasın qanım,

Ordan Kirs dağına qaçım, qayıdım!

 

Qoy dalım xəyalaCıdır düzü”ndə,

Yoxdu bərabəri bu yer üzündə.

Əks etsin Günəşi o Kirs özündə,

Dolsun o nur ilə içim, qayıdım!

 

Zakir Koroğlutək çəkəndə nərə,

Dolsun igidlərlə bu dağ,bu dərə.

Böyük qələbəyə,şanlı zəfərə,

Bir uğur libası biçim, qayıdım!

 

Bizim babalar

 

Kəhər atlarını minib gəzdilər,

Dağların çiçəyin, gülün üzdülər.

Əhdə vəfalıydi, sözə düzdülər,

Bir ocaq, pir olub, bizim babalar!

 

Dərdini yağıya, yada açmayıb,

Dostun arxasında durub, qaçmayıb.

Yalandan, görk üçün işıq saçmayıb,

Müəmma, sirr olub, bizim babalar!

 

Zakirin könlündən əskilmir qəmi,

Həsrət acısından kiprikdə nəmi.

Bir nida vüqarla döyür sinəmi:

Xəzinə, dürr olub, bizim babalar!

 

Köhnə kişilər

 

Sözü çevirərdi şəkərə, qəndə,

Güvənc yeri olub obaya, kəndə.

Köhnə kişilərin biriyəm, mən ,

Xəzinə, dürr olub, köhnə kişilər!

 

Başda oturdulub xeyirdə, şərdə,

Qanı yatızdıran, şəfaymış dərdə.

Arvaddan-uşaqdan gözlərmiş pərdə,

Ağsaqqal, pir olub, köhnə kişilər!

 

Əzəmət hökm edib ruhunda, canda,

Mərhəmət dövr edib hər zaman qanda.

Saf bir tolerantlıq olub cahanda,

Haqq sevən, hürr olub, köhnə kişilər!

 

Zakir AĞDAMLI

 

525-ci qəzet.- 2016.- 15 oktyabr.- S.23.