Ürəyimdə iz salan Salatın

 

 

Dünya yaxşılarındır! Müdriklərin, fədakarların, munislərin, ülviyyətə tapınanların. Həyatda gözəl varsa, hamısı onlar üçündür, onlarındır.

 

Dünya yaxşıların, dünyasevərlərin,  qədirkeş insanların, sülhə, əmin-amanlığa səs verənlərin, onahamımızın vətənideyənlərin dünyasıdır. bir ləyaqətli, ibrətamiz həyat yaşayanların dünyasıdır bu dünya...

 

İş otağımdakı kitab rəfində filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Salatın Əhmədlinin son illər işıq üzü görmüş xeyli sayda kitabları var. Hərdən onları bir-bir götürüb vərəqləyir, mütaliə edirəm. Çoxçeşidli mövzularda yazdığı elmi-publisistik məqalələr, roman hekayələr, səfər təəssüratları, xatirələr, bayatılarla ədəbi mühitdə tanınan sevilən Salatın xanımın əsərlərini oxuduqca qəlbim işıqlanır, fikrimdə, düşüncəmdə onunla bağlı təəssüratlarım yaranır.

 

Deyirlər, insan özü bir dünyadır. Öz ömrü, öz günəşi, öz baharı, öz qışı var. Ömür var, necə gəldi, necə getdi, bilinməz. Ömür var ki, işığı ürəklərə, diləklərə, arzulara köçür, gələcək nəslin yolunun üstündə bir mayaka dönür.

 

Salatın xanımın 60 illik ömrü insanlıq istedadının mücəssəməsidir. O, bu dünyaya qurmaq, yaratmaq, xeyirxah işlər görmək qəlbini yaxşı əməllərə, xoş arzulara yelkən eləmək üçün gəlib. Onun həyat amalı - Allah verən ömrü şərəflə yaşamaq, doğmalarına, qohumlarına, dostlarına, ümumən əhatəsində olan bütün insanlara gücü yetincə, ömrü çatınca qayğı göstərmək, onlardan işığını əsirgəməməkdir. O, həmişə xeyirxahlıq yolunu tutmuş, yıxılana dayaq olmuş alicənab bir xanım ziyalı olaraq çoxlarının ürəyində özünə yer tutmuş insanlardandır. Salatın xanımın gendən gələn nəcibliyi, 100 il ömür sürmüş Güləbatın ananın öyüd-nəsihətindən, sinəsi altda yığılmış şeir-bayatı xəzinəsindən bəhrələndiyi, ləyaqətlə yaşatdığı əmanətidir. O, əsl vətəndaş, yüksək mənəviyyatlı müəllim-pedaqoq, sözün bütün çalarlarında  hərtərəfli biliyə, dünyagörüşə malik alimdir. Gəncliyə örnək olacaq sağlam ruhlu bir ailənin xanımı, qayğıkeş anasıdır.

 

Uzun illərdir onunla dostluq edirəm. Bizim bu dostluğumuzu  təsisçisi olduğumYada düşdüjurnalı daha da möhkəmləndirib. O, jurnalımızın daimi müəlliflərindəndir. 31 Mart soyqırımı, Qarabağ dərdlərindən olan hekayələri, səfər təəssüratları, uşaq aləmindən, onların dilindən topladığı məzəli əhvalatlar jurnalın hər sayında yazıçının gül balalara töhfəsidir. Çoxçeşidli, rəngarəng mövzularda janrlarda yazdığı əsərlərindən aydın olur ki, Salatın xanım məhsuldar zəhmətkeş yazıçıdır. Vaxtının böyük bir hissəsini həyatı öyrənməyə, müşahidələrə yaradıcılığa sərf edən yazıçının əsərləri bir çox dillərə tərcümə olunub.

 

Salatın xanımla ara-sıra səfərlərdə olmuşam. Məsəl var, deyirlər, qardaşını tanıyırsan? Deyir yox, yol yoldaşı olmamışam. Mən onun ürəyinin böyüklüyünü, səmimiyyətini ara-sıra yol yoldaşı olduğumuz səfərlərdə kəşf etmişəm. Bax, bu səbəbdən deyirəm ki, Salatın yaxşı insan, etibarlı dost, bütün mənalarda ürək qızdırdığım dərddaşımdır. Salatın əsl azərbaycanlı xanımına xas olan ədəb-ərkana, gözəl əxlaqa, nəcib rəftara malik bir insandır. Onun üçün həyatda əsas olan insan faktorudur. Mümkün olan qədər insanlara qayğı göstərmək, dərd-sərinə şərik olub uğuruna sevinmək, onları ruhlandırmaq bu xanımın həyat tərzinə çevrilib. Odur ki, hər bir məsələdə təmkinli, səbrli olması onunla ünsiyyətdə olan hər kəsə bir rahatlıq gətirir.

 

Salatın xanımla onun doğulub boya-başa çatdığı Ağstafa rayonunun Poylu kəndində doğmalarının, yaxınlarının dəfələrlə qonağı olmuşam.  Elinin, obasının xeyirində, şərində necə cani-dildən iştirak etdiyinin şahidi olmuşam. Doğulduğu torpağa ayaq qoyduğu gün sanki toy-bayram olur. Kənd camaatı görüşünə ziyarətə gələn kimi axışır. Hamı başına yığılır. Deyib-gülür, yaxın-uzaq keçmişin xatirələrinə dalırlar. Salatın xanım bir el qızı kimi camaatının dərd-sərinə qalır, kimsədən köməyini əsirgəmir. Hər gəlişində özü ilə gətirdiyi çeşid-çeşid kitabları, jurnalları təhsil aldığı kənd məktəbində sinif-sinif gəzib payladığını görmüşəm.

Həmin anlarda ürəyinin işığını, sevincini  gözlərindən duymuşam. Onu da hiss etmişəm ki, Salatın xanım bütün bunları özünün bir ziyalı, vətəndaş borcu sanır. Bu nəcabətli xanım el-obasına bağlı olduğu qədər onun keçmişini təbiətini sevir dəyərləndirir.

 

Dahi Sokratdan soruşurlar: “İnsanda ən çox nəyi qiymətləndirirsən? İnsaniyyəti, - deyə Sokrat cavab verir. Bəs insaniyyət deyəndə nəyi başa düşürsən? sualına isə böyük filosof, - insana layiq olan keyfiyyətləri, - deyə cavab verir”.

 

Salatın Əhmədlini çoxlarından f ərqləndirən ən mühüm keyfiyyət onun xalis insana xas olan xüsusiyyətləridir. Məhz bu keyfiyyətlərinə görə Salatın xanımı həmişə dəyərləndirirəm.

 

Əzizim Salatın, bu şad günündə sənə cansağlığı, mənalı uzun ömür arzulayıram. Yaz, yarat, qələmin hər zaman ürək dostun, yol yoldaşın olsun.

 

ƏN GÖZƏL ÇİÇƏKSƏN...

Salatın xanıma

 

Dünya yaxşıların nağıl dünyası,

Nadanın, naqisin ürəyi dardı.

Bir körpə gülüşü, ana laylası,

Min könlü isidən qönçə bahardı.

 

Biz hardan gəlmişik, hara yolumuz?

Beşikdən son günə var hesabımız.

Sağımız günçıxan, qürub solumuz,

Tanrıdan yazılıb bu kitabımız.

 

Müdriksən, ucasan bu dağlar kimi,

Gözündən duymuşam sevgini, mehri.

Cadar torpaqlara yağan qar kimi,

Doğmasan, əzizsən, deyim bu sirri.

 

Safsan göy üzütək, nəslindən gəlir,

Halal övladısan bu  yurdun, elin.

Çiçəklər bu bahar fəslində gəlir.

Ən gözəl çiçəksən, ay mənim gülüm.

 

Ağzı dualısan, əli çörəkli,

Bir kəs inciməyib dilindən sənin.

Yazdığın hər sətrin sanki ürəkdi

Döyünür, duyuram könlündən sənin.

 

Salatın! ülvi, pak, doğmasan,

Yüz illər yaşayır adında sənin.

Adınla, qəlbinlə mənə doğmasan,

Bu yurdum ucalır andında sənin.

 

Əziz bacım, sənə dəyərli uzun ömür, möhkəm cansağlığı arzulayıram. Yaz, yarat, qələmin həmişə ürək dostun, yol yoldaşın olsun!

 

NƏZAKƏT

 

525-ci qəzet.- 2016.- 15 oktyabr.- S.19