Araz Qurbanov:"Talış
dili lüğətləri ilə bağlı spekulyasiyaya
aydınlıq gətirilməlidir"
Ötən
ay jurnalist, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin
əməkdaşı Araz Qurbanov öz Feysbuk səhifəsində
yazdığı statusda Bakının mərkəzi kitab
mağazalarının birində qondarma
"Talış-Muğan Respublikasının"
ideoloqlarından biri olan və Ermənistan xüsusi xidmət
orqanları ilə əməkdaşlıq edən Fəxrəddin
Abbaszadənin dörd kitabının satışa
çıxarılması ilə bağlı
narahatlığını bildirmiş, qeyd etmişdi ki,
kitabın redaktoru Ermənistandan yayımlanan TMV (Tolişə
milliyə vindəsədo) - "Talış Milli
Televiziyasının" aparıcısı, əslən
Masallıdan olan və sonradan Rusiya vətəndaşlığını
qəbul edən, erməni xislətli Zabil Madojdur: "Kitablar
İrəvan Dövlət Universitetinin İranşünaslıq
kafedrasının müdiri Qarnik Asatryanın vasitəsilə
Belarusda və İranda yaradılan, fəaliyyətini Azərbaycana
qarşı yönəldən "Talış Milli
Akademiyasının" nəşrləridir.
Kitablar isə nə Belarus, nə Ermənistan, nə də
İranda deyil, Bakıda çap olunub".
A.Qurbanovun bu fikirlərini Ermənistan mətbuatı
talış dilində lüğətlərin çapına
qarşı yönəldərək, qalmaqal kimi xarakterizə
edib. Moskvadakı separatçı dairələr isə
bunu "talışların mədəni
hüquqlarının məhdudlaşdırılması"
kimi qələmə verib.
Məsələnin mahiyyətini öyrənmək
üçün Araz Qurbanovla əlaqə yaratdıq. O yazdığı status ətrafında
baş verən olayla bağlı "525"ə müsahibə
verib.
- Azərbaycanda
çap olunan talış dilindəki lüğətlər ətrafında
hadisəni Ermənistan mətbuatı "qalmaqal"
adlandırıb. Həmin lüğətlərin
nəşrinə sosial şəbəkələrdə mənfi
reaksiya verən ilk şəxs kimi bu məsələni necə
şərh edərdiniz?
- Əvvəla onu deyim ki,
"qalmaqal" ifadəsi əsasən şou-bizneslə
bağlıdır. Doğrudur, opponentlərimin iddialarında
şou elementləri və ritorika olsa da, onların bilərəkdən
və ya bilmədən törətdikləri əməl Azərbaycan
dövlətinə, Azərbaycanda yaşayan millətlərin
birliyinə qarşı təxribatdır və hazırda
sosial şəbəkələrdə əks-təbliğatlarını
da "şou-biznes" səviyyəsində aparırlar.
Mən məsuliyyətlə "biznes" kəlməsini
xüsusi vurğulayıram. Çünki
belələrinin "təmənnasız talış
sevgisinin" arxasında həm PR kampaniyası - özlərinə
süni "milli cəfakeş" statusu qazandırmaq cəhdi,
həm də "biznes-planlar" dayanır.
İkincisi, mən iddia olunduğu kimi, talış dilində
lüğətlərin nəşrinə mənfi reaksiya verməmişəm. Belə
yanlışlıq onların ictimai rəyi məqsədli
şəkildə fərqli istiqamətə yönəltmək
niyyətindən irəli gəlir, həm İradə Məlikovanın,
həm də qadını qabağa verib arxasında gizlənən
məlum şəxs və qüvvələrin arzusudur. Hamı kimi mən də talışlar da daxil olmaqla
Azərbaycanda yaşayan bütün millətlərin ana dillərində
kitab, qəzet, jurnal, lüğət nəşr
olunmasını, onların etnik mədəniyyətlərinin
qorunub inkişaf etdirilməsini alqışlayıram. Bu, Azərbaycan dövlətinin mövqeyi, Azərbaycançılıq
məfkurəsinin prioritetlərindəndir. Millətlərarası münasibətlər, etnik və
dini separatizm mövzusu mənim üçün yeni deyil və
bu barədə həm əvvəllər, həm də indi
müəyyən qədər məlumatlıyam. Odur ki, "karvan öz yolundadır" prinsipinə
sadiq qalaraq, separatçıların sosial şəbəkədə
mənə ünvanladıqları təhqir və "xristian
lənətlərinə" məhəl qoymadan
suallarınıza aydınlıq gətirməyə
çalışacağam. Talış
dili lüğətləri ilə bağlı spekulyasiyaya
mütləq aydınlıq gətirilməlidir.
- Bəzi
mətbuat orqanları lüğətlərlə bağlı
məsələni talış dilinə təzyiq kimi dəyərləndirib.
- Bu
onların yeganə və primitiv "bəraət" yoludur.
Lakin siyasi mənsubiyyətlərindən
asılı olmayaraq, Azərbaycanın yerli kütləvi
informasiya vasitələrinin böyük hissəsi dövlətçilik
mövqeyindən çıxış edərək məsələnin
talış milləti ilə bağlı
olmadığını bildiriblər. Məsələni
"talış dilinə təzyiq" kimi şərh edənlərin
mövqeyinin haradan qaynaqlandığını bilmək
üçün həmin KİV-lərin bəzilərinin
adlarının açıqlanması kifayətdir: Ermənistana
məxsus "panorama.am", "russia-armenia.info",
"newshay.com", "voskanapat.info",
"novostikavkaza.com" saytları, Rusiyadan yayılan ermənipərəst
"Reqnum" agentliyi, separatçıların Moskvadakı
"tolishpress.org" saytı,
İranın "Talış radiosu" və s.
- Sizcə, Azərbaycanda etnik
separatizm təhlükəsi varmı?
-
Bilirsiniz ki, dövlət müstəqilliyimizi bərpa etdiyimiz
gündən indiyədək qlobal güclər, bəzi region
ölkələri Azərbaycanda geosiyasi və geoiqtisadi
maraqlarının ödənilməsi, dövlətimizin siyasi
iradəsinə təsir göstərilməsi məqsədilə
planlar tərtib edib, onların icrasına
çalışıblar. Azərbaycan Respublikasının
iyirmi beş illik təcrübəsi də
göstərir ki, ölkə ərazisində istənilən
etnik və ya dini separatizm təzahürlərinin, buraya
nüfuz etdirilən qeyri-ənənəvi din və təriqətlərin,
missionerlik fəaliyyətinin, dini-siyasi hərəkatların
arxasında məhz həmin qüvvələrin məqsədləri
dayanır. Azərbaycan cəmiyyətinin
parçalanmasına, millətlər arasında çoxəsrlik
münasibətlərə qarşılıqlı
etimadsızlığın və natamamlıq kompleksinin
aşılanmasına yönəldilən belə fəaliyyətə
Ermənistanın xüsusi olaraq qoşulması da
başadüşüləndir. Əgər
xatırlayırsınızsa, Serj Sarkisyan hələ 2012-ci
ildə real hərbi gücə malik olmayan Ermənistanın
"Azərbaycana qarşı asimmetrik mübarizə
üsullarından istifadə edəcəyini" bəyan
etmişdi. Bu baxımdan, xaricdən Azərbaycana
nüfuz etdirilən separatizm meyilləri Ermənistanın
"asimmetrik", "hibrid müharibəsi"
üsullarından biridir. Lakin onların
üzləşdiyi ən böyük problem isə Azərbaycanda
etnik separatizmin sosial bazasının olmamasıdır. Bu gün Əlikram Hümbətovun da, Fəxrəddin
Abbaszadənin də, onların açıq və gizli tərəfdarlarının
da əsas məqsədi belə bazanın yaradılması,
müxtəlif aksiyalarla Azərbaycan dövlətinin zəiflədilməsidir.
Halbuki, Lənkəranda qondarma
"Talış-Muğan Respublikasına" qarşı
mübarizə aparanların, Azərbaycanın ərazi
bütövlüyünü qoruyanların böyük əksəriyyəti
məhz talışlar olub. İddialı tərəfin nəzərinə
onu da çatdırım ki, Azərbaycan
Konstitusiyasının 44-cü maddəsində açıq
şəkildə göstərilir: "Hər kəsin milli mənsubiyyətini
qoruyub saxlamaq hüququ var".
"Mədəniyyət haqqında" Azərbaycan
Respublikası Qanununda da Azərbaycan ərazisində
yaşayan bütün millətlərin etnik kimliyinin və mədəniyyətinin
qorunmasına, inkişafına təminat nəzərdə
tutulur. Vaxtilə ümummilli lider Heydər Əliyev Azərbaycanın
etnomədəni müxtəlifliyinə dövlətin əvəzsiz
sərvəti kimi yanaşaraq bildirib ki, "Azərbaycan onun ərazisində
yaşayan bütün millət və xalqların ümumi vətənidir.
Ərazimizdə yaşayan azərbaycanlı da,
ləzgi də, avar da, kürd də, talış da, udin də,
kumık da, başqası da - bütünlükdə
hamısı azərbaycanlıdır. "Azərbaycan"
sözü bizi həmişə birləşdirib".
Azərbaycan xalqının polikultural ənənələrinin
qorunması sahəsində həyata keçirilən bu siyasət
hazırda prezident İlham Əliyev tərəfindən
inkişaf etdirilməkdədir. Həmin siyasət nəticəsində
Şərqlə Qərbi, Avropa ilə Asiyanı, xristian aləmi
ilə müsəlman aləmini bir masa ətrafına
toplamağı bacaran, fərqli mədəniyyətlərin
effektiv dialoq məkanı olan Azərbaycanda bütün millət
və xalqların mədəniyyətinə, inanclarına eyni
dərəcədə yüksək qayğı göstərilir.
Dövlət başçısının
vurğuladığı kimi, "Azərbaycanda bütün
millətlər bir ailə kimi yaşayırlar. Bu, bizim
böyük üstünlüyümüzdür, böyük
dəyərimizdir. Biz bunu qiymətləndirməliyik və
ölkəmizdə yaşayan bütün millətlərin
nümayəndələri arasında bu qardaşlığı,
dostluğu daha da möhkəmləndirməliyik... Hər bir vətəndaş dinindən, dilindən,
millətindən asılı olmayaraq Azərbaycanın qiymətli,
dəyərli vətəndaşıdır". Odur ki, ölkəmizdə etnik qarşıdurmalar
üçün yerli zəmin yoxdur və olmayacaq. Azərbaycanda etnik münasibətlərin
unikallığının, dini və ya etnik zəmində
qarşıdurmaların yaranmamasının başlıca səbəbi
isə burada insanların etnik və dini identikliklərini
qorumaq üçün əlverişli hüquqi şəraitin
olması, etnoslar, ənənəvi din və məzhəblər
arasında çoxəsrlik təbii inteqrasiya prosesinin davam etməsi
və tarixi birgəyaşayış ənənələrinin
formalaşmasıdır. Buna görə də, Azərbaycanda
etnik və dini separatizm meyilləri bir qayda olaraq xaricdəki
maraqlı dairələr tərəfindən nüfuz etdirilir
və göründüyü kimi proses səngiməyib.
- Sizcə,
talış dilində lüğətlərin nəşriylə
bağlı mövqeyiniz məqsədli şəkildə təhrif
olunur?
- Bu,
mahiyyət etibarilə Azərbaycan dövlətinə meydan
oxumaq və müvafiq strukturların sayıqlıq səviyyəsini
yoxlamaq cəhdidir. Yəni, "baxın, siz Fəxrəddin
Abbaszadəni separatçı, düşmən elan edirsiniz,
biz isə Azərbaycanın paytaxtında onun kitabını nəşr
edib yayırıq". Təkrar edirəm, hədəfimiz
lüğətlərin nəşri deyil, Azərbaycan dövlətçiliyinə
qarşı düşmənçilik mövqeyində dayanan
Fəxrəddin Abbaszadənin "Talış Milli
Akademiyasının", "Talış milli dirçəliş
hərəkatının" bu yolla Bakıda təbliğidir.
Mən o kitabların dördü ilə də
tanışam. Özünü talışların
"böyük bacısı", yəni talış dilində
"dodo" elan edən və bu təxəllüslə
şeirlər yazan, Bakıda "Azərbaycançı"
kimi təqdim olunan, İran və Rusiyadakı talış
saytlarında, o cümlədən, Ərdəbildən
yayımlanan "Talış radiosunda" isə "milli fəal"
kimi təbliğ edilən İradə Məlikova mənim
vurğuladığım məsələlərin
doğruluğunu çox gözəl bilir. Bununla belə,
"Azərbaycançı-folklorşünas" sərbəst
buraxılandan sonra da müsahibələrində bildirir ki,
"Talış dili üzrə mütəxəssis kimi Fəxrəddin
Abbaszadə və Zabil Mədoju görürəm". Sonra isə
özünü sığortalamağa çalışaraq əlavə
edir: "Müəllif
talışdır və həm də linqvist
alimdir, onun politikliyi işin
ikinci tərəfidir. Niyə buna siyasi don geydirirlər,
anlamıram".
"Siyasi don geydirmədən" anlatmağa
çalışacam. Məsələn, rəsmi tədbirlərdə
həm talış icmasının, həm də xristian
icmasının nümayəndəsi kimi tez-tez
çıxış edən İradə Məlikova Azərbaycanda
milli və dini qruplara yaradılan gözəl şərait,
onlara yüksək diqqət və qayğı göstərildiyi
barədə həmişə ağızdolusu
danışır. Onun canfəşanlıqla müdafiə
etdiyi "ziyansız linqvistlər" - Fəxrəddin Abbasov və
Zabil Mədoj isə başqa fikirdədirlər. Belə ki, bu ilin mart ayında İrəvanda "Azərbaycan
Respublikasının köklü xalqları. Reallıqlar və perspektivlər" mövzusunda
keçirilmiş dəyirmi masada İradə Məlikovadan fərqli
olaraq, "Azərbaycan dövlətində
talışların təqib olunduğunu, milli mədəniyyətlərinin,
ana dillərinin məhv edildiyini" bəyan edirlər.
Lüğətlə bağlı az sonra
sadalayacağım digər faktlar da İ.Məlikova ilə
müqayisədə Fəxrəddin və Zabilin öz sözlərində
daha səmimi olduğunu göstərir.
- Əlikram Hümbətov, Fəxrəddin Abbaszadə və
Zabil Mədoj Azərbaycanda separatçı elan edilsələr
də, bəzi xarici dairələrdə onların bu fəaliyyəti
dəstəklənir.
- İradə
Məlikova-Dodo onu da yaxşı bilir ki, onun müdafiə
etdiyi və "politikliyi işin ikinci tərəfi" olan həvəskar
"linqvist" Fəxrəddin Abbaszadə öz intellektini
lüğət tərtib etməyə yönəltməkdən
savayı boş vaxtlarında həm də Moskvada fəaliyyət
göstərən "Talış milli dirçəliş hərəkatına"
rəhbərlik edir. Üstəlik, Azərbaycanın görkəmli
şair, publisist və tərcüməçisi,
tanınmış dövlət xadimi, latın
qrafikası ilə talış əlifbasının ilk tərtibçisi,
30-cu illərin bolşevik repressiyalarının günahsız
qurbanlarından olmuş Zülfüqar Əhmədzadənin də
xatirəsinə hörmətsizlik edir. Özünün
və hərəkatın əhəmiyyətini artırmaq
üçün guya Zülfüqar Əhmədzadənin
vaxtilə "Talış milli dirçəliş hərəkatının"
ilk yaradıcısı olduğunu bildirir.
Rusiya ərazisində
maneəsiz fəaliyyət göstərən "Federal
Talış Milli-Mədəni Muxtariyyatı"nın,
"Talış milli dirçəliş hərəkatı"nın
liderlərinin, o cümlədən,
Əlikram Hümbətov və Fəxrəddin Abbaszadənin
İrəvana intensiv səfərləri, birgə fəaliyyət
planlarının müəyyənləşdirilməsi
perspektivdə Azərbaycanda etnik zəmində
qarşıdurmalar yaratmaq arzusundan irəli gəlir. Əgər
əvvəllər separatçı qruplaşmalar "Azərbaycan
Respublikasında talışların pozulmuş mədəni
huquqlarının bərpasını və talışların
sıx yaşadıqları regionda onların mədəni
muxtariyyətinin təmin olunmasını" tələb
edirdilərsə, 2003-cü ildə bu iddia "Azərbaycanda
federativ dövlət quruculuğunun zəruriliyi" ilə əvəz
edilib. Belə ki, həmin il Bakıda nəşr olunan
"Tolışi-sədo" qəzetində yayılan
"Talış milli dirçəliş hərəkatının"
manifest-proqramında açıq şəkildə göstərilirdi
ki, guya vaxtilə "Azərbaycan
ərazisində tarixən yeddi federativ inzibati-ərazi
vahidi" mövcud olub və onların bərpası
"tarixi zərurətdir".
Ə.Hümbətovun
və "linqvist" F.Abbaszadənin İrəvana səfərlərindən
sonra proqrama düzəlişlər edilib,
"Talış-Muğan Respublikasının" müstəqilliyinin
tanınması və "Azərbaycan Respublikası ilə
münasibətlərin yalnız konfederativ əsaslar üzrə
qurulmasının mümkünlüyü" barədə sərsəm
ideya gündəmə gətirilib. Yeni plana əsasən,
"Azərbaycan Federativ Respublikası" inzibati-ərazi
vahidləri bölgüsünə görə "Azərbaycan",
"Talışıstan", "Ləzgistan",
"Girdman", "Naxçıvan" federal
respublikalarından hesab etdikləri üçün bu
"federasiyanın" tərkibinə daxil etməyiblər.
İradə
Məlikovanın bəraət qazandırmağa
çalışdığı Fəxrəddin Abbaszadə və
Zabil Mədoj haqqında daha bir neçə faktı da onun
yadına salım: "2012-ci ilin fevral ayında Ermənistanda
"Qardaşlıq körpüsü" hüquq müdafiə
təşkilatının yaradılmasında digər etnik
separatçı təşkilatların rəhbərləri ilə
yanaşı, Əlikramın və "linqvist" Fəxrəddinin
rolu olub. Erməni politoloqu Levon
Melik-Şaxnazaryanla birgə təsis olunan həmin təşkilatın
məqsədi Azərbaycan ordusunda hərbi xidmət keçən
etnosların nümayəndələrini fərariliyə və
Ermənistan tərəfinə keçməyə sövq etmək,
onlara siyasi sığınacaq verməkdir. Təşkilatın
toplantılarının birində Fəxrəddin göz
yaşlarını gizlətmədən bunları etiraf edib:
"Qarabağda döyüşəndə də
düşünürdük ki, ermənilər bizim
qardaşlarımızdır". 2016-cı ilin aprel
döyüşlərindən sonra "Talış milli
televiziyasının" aparıcısı, digər
"linqvist", əslən Masallının Mahmudavar kəndindən
olan Zabil Mədoj isə "Bu bizim müharibə deyil"
adlı verilişini yayımlamışdı. O bir saatlıq
veriliş ərzində talış xalqının oğul və
qızlarını "Arsak-Azərbaycan müharibəsində"
iştirak etməməyə çağırıb. Görəsən,
özünün fərəhlə dediyi kimi, 1997-2008-ci illər
ərzində Azərbaycan Respublikası Müdafiə
Nazirliyində işləmiş İradə Məlikova nə
üçün bütün bunları "ikinci dərəcəli
məsələ" hesab edir?!
- Bayaq
qeyd etdiniz ki, lüğətlə bağlı digər məsələlərə
də aydınlıq gətirəcəksiniz.
- İradə Məlikova müsahibələrində Fəxrəddini
ittihamlardan yayındırmaq üçün qeyd edir ki, guya bu
lüğətlərin tərtibçisi özüdür. Hətta saxlandıqdan sonra feysbuk profilində
belə kövrək sətirlər də yazıb: "Dodo
sizlərə qurban. Evdə vəsiyyət
etmişəm ki, birdən sizləri tərk eləsəm,
başdaşımı lüğət kitabımız kimi
düzəldərsiniz. Belə də yazılsın:
Tolışə lüğət!". Əgər bu həqiqətən belədirsə, bəs
nə üçün kitabın üstündə tərtibçi
kimi "Farmoni Faxraddin Aboszoda" yazılıb? Belə olan halda, Allah uzaq eləsin,
başdaşı-lüğətin üzərində kimin
adı qeyd olunacaq? Halbuki, F.Abbaszadənin
rusiyalı yardımçısı Yana Amelina "Nezavisimaya
qazeta" nəşrindəki məqaləsində bu lüğətlərin
həm təşəbbüsçüsünün, həm də
tərtibçisinin məhz Fəxrəddin Abbaszadə
olduğunu göstərir. Erməniləri özünə
qardaş bilən "linqvist" Fəxrəddinin Azərbaycan
Respublikasına düşmənçilik mövqeyi, Lənkəranda
saldığı qanlı olaylar, onun talış gənclərinin
Azərbaycan Silahlı Qüvvələrində xidmətdən
yayındırmaq istəyi hamıya aydındır. Bu zaman
növbəti sual yaranır: İradə Məlikovanın
"təşəbbüskar" qismində Bakıda nəşr
etdirdiyi, cildindən göründüyü kimi müəllif
və tərtibçisinin Fəxrəddin Abbaszadə
olduğu "Tolışə-tırkə luğat"
kitabının iç səhifəsində "Kitob həsr
kardə beydə bə Vətəni roədə şəhid
bıə tolışon", yəni, "Kitab Vətənin
azadlığı uğrunda şəhid olmuş
talışlara həsr edilir" ikibaşlı ifadəsi kimlərə
ünvanlanıb? Bundan başqa, digər
lüğətlərdən fərqli olaraq, yalnız
ingilis-talış lüğətində ingilisdilli oxuculara
müraciət yer tapıb. Müraciətdə
isə yazılır ki, guya talış xalqı məhv olur,
talış tarixi araşdırılmır, talış
xalqının qədim dövrlərdə yaratdığı
abidələri başqaları mənimsəyir və s.
Daha bir vacib məqam. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra, 1991-ci ilin dekabr ayının 25-də "Azərbaycanda latın qrafikalı əlifbanın bərpa edilməsi haqqında" qanun qəbul edilib. Həmin qanunun tələbinə uyğun olaraq, 1992-1993-cü tədris ilindən ümumtəhsil məktəblərinin birinci siniflərində, 1993-1994-cü dərs ilindən isə bütün siniflər üçün latın qrafikalı dərsliklərin nəşrinə başlanılmışdı. Həmin qanun çərçivəsində latın əlifbası ilə Azərbaycan Respublikasında yaşayan xalqların ana dillərində, o cümlədən, talış dilində aşağı siniflər üçün dərsliklər, məsələn, "Tolışə Zıvon" kitabı da işıq üzü görüb. Bundan başqa, Talış Mədəniyyət Mərkəzinin orqanı olan "Tolışi sədo" qəzeti də tədricən yeni əlifbaya keçib. 2001-ci ilin iyunun 18-də isə Azərbaycan Respublikası Prezidentinin latın qrafikası ilə Azərbaycan əlifbasının geniş və hərtərəfli tətbiqinə dair fərmanı qüvvəyə minib. Elə şəxsən İradə Məlikovanın talış dilində nəşr etdiyi digər kitablar da latın əlifbası ilə çap edilib. Yalnız Moskvadakı separatçı ünsürlər, eləcə də "linqvist" Fəxrəddin Abbaszadə Azərbaycan Respublikasına etiraz əlaməti olaraq, hələ də bütün materiallarını kiril əlifbası ilə yazır və çap etdirirlər. Bu zaman növbəti sual ortaya çıxır: "Azərbaycançı" İradə Məlikovanın Azərbaycanda nəşr etdirdiyi həmin dörd lüğətdə talış dilində olan bütün mətnlərin kiril əlifbası ilə verilməsinin səbəbi nədir?
- Sizcə, Fəxrəddin Abbaszadənin və digərlərinin adlarının yenidən gündəmə gətirilməsi onları təbliğ etmək məqsədi daşımırmı?
- Fəxrəddin Abbaszadənin imzası ilə lüğətlərin Azərbaycanda çapı və yayılması bu işdə maraqlı olan qüvvələrin təşəbbüsüdür. "Linqvist" kimi ictimaiyyətə sırınan və həmin lüğətlər vasitəsilə təbliğ olunan nə Fəxrəddin Abbaszadə, nə Zabil Mədoj, nə də İradə Məlikova lüğət tərtibi üzrə mütəxəssis deyillər. Fəxrəddin Abbaszadə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Onun dissertasiya mövzusunun talış xalqına və dilinə "aidiyyəti" bu qədərdir: "İnkişaf etmiş sosializm şəraitində zəhmətkeşlərin həyat fəaliyyətinin yaxşılaşdırılmasının istehsal formaları". İradə Məlikova "folklorşünas alim" kimi təqdim edilsə də, 1987-ci ildə Bakı Politexnik Texnikumunun su təchizatı, 1994-cü ildə isə İnşaat Mühəndisləri Universitetinin Tikinti mühəndisliyi fakültələrini bitirib. İxtisası üzrə Bakı Məişət Kondisionerləri zavodunda, "Cənubkəntəsərrüfatısutikinti" Layihə İnstitutunda, Müdafiə Nazirliyinin mənzil istismarı sahəsində texnik və mühəndis kimi çalışıb.
İngilis və türk dillərini bilməyən, rus dilindəki çıxış mətnləri və yazdığı bütün materiallar isə "şəxsi köməkçisi" - Rusiyanın "Rosbalt" informasiya agentliyinin "müasir Qafqazın problemləri üzrə eksperti" Yana Amelinanın əli ilə ciddi redaktə olunan Fəxrəddin Abbaszadəyə yalnız İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasının, hazırda isə Ermənistandakı Qafqaz İranistika Mərkəzinin və Qafqaz-Xəzər regionunun Aftoxton Xalqları İnstitutunun rəhbəri, Rusiya-Ermənistan strateji və ictimai təşəbbüslər mərkəzinin fəal üzvü olan professor Qarnik Asatryanla qardaşlıq əlaqələri tövsiyə edildikdən sonra ona "ilahidən əmr" gəlib və başqalarının tərtib etdiyi hazır materiallara öz imzasını qoyub. Bakıdakı dostları isə ən yaxşı halda Litvadakı "Talış" cəmiyyətinin rəhbəri "mesenat tolışə xəlği" yəni, "talış xalqının mesenatı" olan Kamal Zülfiyevin pulu ilə həmin planı icra ediblər. İradə Məlikova özünü "tərtibçi" kimi qələmə versə də, ona texniki işlər - lüğətlərin Bakıdakı dostlarının mətbəəsində nəşr etdirmək və yaymaq həvalə olunub. Bu kitabların satılması və ya pulsuz paylanması barədə isə məlumatsızam.
- Siz bu məsələ ilə bağlı feysbuk statusunuzda "Talış Milli Akademiyasının" da adını çəkmisiniz.
- Bunu həmin lüğətlərə "akademik nəşr" donu geydirmək üçün ediblər. Kitabların müəlliflik hüququ isə həm də onlara məxsusdur. Qarnik Asatryan Ermənistanın xüsusi xidmət orqanlarının təlimatı əsasında Azərbaycan Respublikası ərazisində yaşayan irandilli millətlər arasında separatizm meyllərinin "tarixi-ideoloji əsaslarının" yaradılması ilə məşğuldur. Bilavasitə onun iştirakı ilə Belarusda "Talış Milli Akademiyası" adlı qurum təsis edilib. Anti-Azərbaycan əhval-ruhiyyəli alimləri ətrafına toplayan "akademiya"dan istifadə etməkdə məqsəd "talış separatizmi" üçün tarixi-siyası bazanın formalaşdırılması və planlaşdırılan proseslərin "vahid elmi mərkəzdən" idarə edilməsi təsəvvürünün yaradılmasıdır. "Qarnik Asatryan "Real Caucasus" saytında yazır: "Məlum səbəblər üzündən vətəndən kənarda yaradılan milli akademiya talışların milli ənənələrinin intibahına və möhkəmləndirilməsinə, həqiqi talış akademik təfəkkürünün və elmi məktəblərinin formalaşdırılmasına yönəldilən intellektual potensialının göstəricisidir. Yaxın gələcəkdə Rusiyada, Ukraynada və İranda, eləcə də çətin də olsa, Lənkəranda akademiyanın filiallarının yaradılması nəzərdə tutulub".
Bundan başqa, İranda həmin akademiyanın bir qolu - "Tolişe-Fərhəng" - Talış Mədəniyyət Mərkəzi təsis olunub. Əvvəllər Tehranda fəaliyyət göstərən mərkəz hazırda talış və giləklərin sıx yaşadıqları Rəşt şəhərinə köçürülüb. Buraya İranın müxtəlif ali təhsil müəssisələrindən Fərəməz Mənsuri, Armin Fəridi, Rəsul Əlizadə, Nağı Mehrpur kimi anti-Azərbaycan əhval-ruhiyyəli alimlər cəlb olunublar. Mərkəzin "Mahnameyi-Taleş" jurnalı Azərbaycan dövlət quruluşunun dəyişdirilməsinə yönəldilən materiallara geniş yer verir. Onun da təbliğ etdiyi əsas ideyalardan biri Azərbaycanın konfederativ, ən yaxşı halda isə federativ dövlətə çevrilməsidir. Qarnik Asatryanın Azərbaycana və Azərbaycançılıq ideyasına münasibətini bilmək üçün isə onun "Talış məsələsi: Etnogenez problemlərindən talış milli hərəkatında erməni amilinədək" məqaləsini oxumaq kifayətdir.
Ceyhun ABASOV
525-ci qəzet.- 2016.- 18 oktyabr.-
S.4;8.