İlyas Əfəndiyevin romanlarında elat-tərəkəmə həyatının təsviri

 

XALQ YAZIÇISININ "GERİYƏ BAXMA, QOCA" VƏ "ÜÇATILAN" ROMANLARI ƏSASINDA

 

(Əvvəli ötən sayımızda)

 

Kürdobanın, eləcə də elat-tərəkəmə camaatının dəyişməz qanunlarından biri də köhnə qan davası, öldürülən bir nəfərin əvəzinə qarşı tərəfdən kimisə öldürüb qan almaq idi.

 

Obada yaxın bir adamı öldürülən adam onun qanını qarşı tərəfdən almayana qədər ona heç kəs hörmət eləmir, yaxşı baxmırdı. Bəzən bu qan davaları böyük faciələrə yol açır, bir neçə nəsil davam edərək çox sayda günahsız insanın faciəli ölümünə qədər gətirib çıxarırdı.

 

Əsərdə tərəkəmə-elat həyatı, onun müxtəlif məqamları canlı, lirik-poetik bir dillə təsvir edilir. Oba adamlarının gündəlik qayğıları, qarşılıqlı münasibətləri, təsərrüfat və məişət həyatının müxtəlif sahələri ilə bağlı gördükləri işlər sadə, lakin ifadəli şəkildə canlandırılır. Yazıçı tərəkəmə-elat həyatının, məişətinin, təbiətinin sözlə canlı tablosunu yaradır, obanın yaşadığı qayğıları o qədər real boyalarla təsvir edir ki, oxucu bir anlığa özünü hadisələrin iştirakçısı hesab edir.

 

"Bütün günü Haramı bol günəş işığında parlayırdı, dizə qədər qalxmış laləli, çiçəkli otların arasında yayılmış saysız-hesabsız qoyun-quzu sürüləri otlayırdı. Daha uzaqlarda at ilxıları, çılpaq dəvələr görünürdü. Alaçıqların, komaların qabağında səhərdən-axşamacan əlvan paltarlı qız-gəlinlər hərlənirdi. Kimi pendir tuturdu, kimi nehrə çalxayırdı, kimi əl dəzgahında yundan şal toxuyurdu. Kişilərdən kimi çarıq tikirdi, kimi motal üçün dəri aşılayırdı, kimi dəvənin cihazını sazlayırdı. Eyvaz əmigilin xalis Qarabağ cinsi olan kürən dayını yaylağa köçənə qədər minməyə öyrətmək lazım idi. Taxta kimi dümdüz otlaqda Şamxal və onların obasından olan cavanlar dayı dövrəyə alıb neçə dəfə kəmənd atdılarsa da, bir şey çıxmadı. Üstünə tullanan cavanı havası göylə gedən day sıçrayıb qəzəblə çırpırdı yerə. Öz obalarında, komalarının ağzında oturub qatıq-çörək yeyən Ərşad da bu səhnəni görürdü. Çörəyini yeyib-qurtarandan sonra qalxıb ağır addımlarla cavanların yanına gəldi və kəndiri Şamxaldan alaraq fitdə nə isə çala-çala bir qədər aralıda otlayan kürən daya yaxınlaşıb, ipi qəfil atdı. Kəməndə düşən day nə qədər dartındısa xilas ola bilmədi. O biri cavanlar da yüyürüb kəmənddən yapışdılar".

 

Tərəkəmə-elat həyatının ən maraqlı, xüsusi ilə yadda qalan səhnələrindən biri də arandan yaylağa uzanan köç yollarında baş verən bir-birindən maraqlı hadisələr, əhvalatlar, həyat səhnələridir. Yeni hökumətin gəlişiylə Kürdobada həyat xeyli dəyişsə də, əvvəlki əzəmət qalmasa da, obanın tərəkəmə-elat vərdişi köhnə qayda ilə davam edir. "Üçatılanda" da yazıçı köç yollarını xüsusi bir peşəkarlıqla, rəngarəng səhnələrlə qələmə alıb.   

 

"...Mayın on beşində el Haramıdan tərpəndi yaylağa, Kürdobada əvvəlki qədər dəvə olmasa da, orta hallı adamların hər evdə bir-ikisi vardı. Kasıbların dəvəsi olmadığından, ata, eşşəyə, hətta, öküzə yüklənirdilər. Qadınlar, əsasən, dəvələrdə gedirdilər, yəni dəvəni yükləyib üzərinə əlvan rəngli vərni, ya kilim çəkirdilər. Təzə gəlinlərin də yükünün yanlarına - dəvələrin sinəbəndinə balaca güzgülər taxırdılar. Kişilər yəhərli atlarda gedirdilər. Qoyunları isə, çobanlar otara-otara aparırdılar. Ona görə də, hər otuz-otuz beş kilometrdə dincəlmək üçün köç dayanırdı. Gecə Ay doğanda yüklənib, ta səhərə gün çıxıb yağlanana qədər yol gedirdilər. Köçü açıb, qoyunu, inəkləri sağıb südünü mayalayırdılar. Çörək yeyirdilər. Atları-dəvələri otarıb doyururdular. Özləri də yatıb dincəlirdilər"..

 

Bolşeviklərin hakimiyyət başına gəlmələri Kürdobada həyatı birdən-birə yüz səksən faiz kökündən dəyişir. Tərəkəmə-elat camaatının illərlə qoruyub saxladıqları köhnə adət-ənənələr çox keçmir ki, əriyib sıradan çıxır. Dünənə qədər Hacı Tanrıverdinin qoyun-quzularını otaran çoban-çoluq, qapısında nökərçilik edən kasıb-kusub indi hər yerdə sözü keçən hökumət adamlarına, vəzifə sahiblərinə çevrilirlər. Hacı kimi varlılar isə kulaka salınıb, səsləri alınır.

 

"... Elə o zaman da Hacının yaxınlaşdığını hiss elədiyi tufan guruldadı. Rayon işçilərindən bir dəstə tökülüb obaya gəldi. Elan olundu ki, hamının qoyunu, malı, dəvəsi, atı, iş alətləri birləşdirilir, kollektiv təsərrüfat qurulur.

 

Və cəmi bir neçə günün içində Kürdobada böyük bir kolxoz yarandı. Keçmişdə yoxsul adam olan partiya üzvü Alış oldu kolxoz sədri və Hacının qapısında dördayaqlıdan bir at, bir inək qaldı, yəni, Hacı Tanrıverdi də oldu Üçtoqqa İman kimi lütün biri".

 

Əski tərəkəmə-elat adət-ənənələrinin sıradan çıxmasında başlıca səbəblərdən biri də yeni hökumətin əhalinin elliliklə savadsızlığının aradan qaldırılması istiqamətində atdığı addımlarla bağlıdır. Buna görə də hökumətin ilk işindən biri yeni məktəblər açmaq olur.

 

"O biri tərəfdən də hökumət Kürdobada məktəb binası tikməyə başlamışdı. Camaat üçün gecə savad kursları düzəltmişdilər. Hətta, cavan gəlinlər də gecə kurslarına gedirdilər. Əvvəl rayon maarif şöbəsi istədi gecə kursunda arvadlarla kişilər bir yerdə oxusunlar. Amma Kürdobanın nəinki kişiləri, heç arvadları da buna razı olmadılar. Dedilər, indi də bu qalmışdı ki, gedək kişilərlə bir stolda oturaq. Ona görə də, qadınlar üçün ayrı, kişilər üçün də ayrı kurs açıldı".

 

Yeni hökumətin gətirdiyi yeni qanunlar köhnə həyatı tam dəyişməsə də, bir şeyin dəyişdiyi tam həqiqətdir. Artıq Kürdobada həyat və insanlar arasındakı münasibətlər də əvvəlki kimi olmayacaq. Daha hacı tanrıverdilər, eyvaz kişilər obanın ən hörmətli, sözü keçən adamları sayılmayacaqlar. Daha eyvaz kişilər üçtoqqa iman kimilərə yuxarıdan aşağı baxa bilməyəcəklər. Bu yeni qanunlar bir çoxları tərəfindən qəbul olunmasa da, zəmanədən düzgün baş çıxaran ayıq adamlar yaxşı anlayırlar ki, artıq geriyə yol yoxdur. Ərşadla Veysəlin arasındakı dialoqda da yeni həyatın reallıqları çılpaq şəkildə əks olunur:

 

"Ərşad dedi:

 

-Qoy cəhənnəm olsunlar... Hamısı bir köpəkoğlu idi.

 

Veysəl dedi:

 

-Əlsiz-ayaqsızları canavar kimi yeyirdilər! İndi də bizim hökumətimizə

 

tabe olmaq istəmirlər.

 

 Ərşad dedi:

 

-Dəvədən yıxılıblar, amma höt-hötlərindən əl çəkmirlər".

 

Yeni dövrün gətirdiyi inqilabi ab-havanın ən böyük üstünlüklərindən biri də təhsilin insanların dünyagörüşündə yaratdığı köklü dəyişikliklərlə bağlıdır. Bu baxımdan Hacı Tanrıverdinin Bakıda ali təhsil alan oğlu Nurunun davranışları "dünyanı yola salmış" kürdobalıların heyrət və təəccüblərinə səbəb olur. Rəqibi Ərşad tərəfindən cıdır yarışında xəncərlə ağır yaralanandan sonra Nurunun onu bağışlaması Kürdobada əsl şok yaşadır.

 

"Bu dörd dünyagörmüş tərəkəmə ömürlərində birinci dəfəydi ki, belə hala rast gəlirdilər. İyirmi bir yaşında cavan oğlan onu atdan salıb xar eləyərək, neçə yerindən çapan adamı bağışlasın? Onun haqqında bu cür gülə-gülə danışsın? Bu, dünyasında görünməmiş bir iş idi! Özü də Hacı kimi varlı, arxalı bir adamın oğlunda".

 

Əsərdə qabardılan başlıca məqamlardan biri də tərəkəmə-elat həyatına xarakter bir cəhətin, obada az qala əsas peşələrdən birinə, bir növ həyat qanununa çevrilmiş bir adətin - cavan kişilərin oğurluq etməsinin hamı tərəfindən təbii qarşılanmasıdır. Əksinə, oğurluq etməyi bacarmayanlara fərsiz, qorxaq kimi baxılmasıdır.

 

"Ərşad da çox həməyir, oğru olduğundan Şahmarla dostluqları yaxşı tuturdu. Çətin oğurluqlara həmişə bir yerdə getmişdilər. Bir-birinin əliitiliyinə, qorxmazlığına yaxşı bələd idilər. Şahmar da yaxşı at minən, yan-yana düzülmüş nişanı atın bərk qaçağında dalbadal vuran, əliaçıq, qonaqcıl bir oğlan olduğundan oğurluğunu lap gözüylə görən olsaydı belə, hökumətə xəbər verməzdi. Kənar obaların dövlətlilərindən oğurlayıb gətirdiyi qoyunları bütün oba cahılları tökülüb yeyərdilər".

 

Tərəkəmə-elat toplumunun illərlə formalaşmış dəyişməz bir qanunu da düşmənlə ən bəd ayaqda da kişi kimi davranmaqdan keçir. Ərşad da bu milli genin daşıyıcısı olaraq nə qədər oğru-əyri işlə məşğul olsa da, sonda "basdığın kəsmir". Sarıqaçaq adıyla məşhur olan Hacı Tanrıverdinin oğlu Fərhadı gülləsi qurtardığından əsir tutanda onu tanıyandan sonra Fərhadı hökumətə təslim etməyin obada yaxşı qarşılanmayacağını düşünüb, azad buraxır. Ərşad yaxşı bilir ki, Sarıqaçağı azad buraxmağını hökumət ona bağışlamayacaq. Belə də olur. Düşməni azad buraxması onun özünün azadlığının sonu olur. Lakin o, həbsə düşməyi el qınağını, oba tənəsini götürməkdən üstün tutur.

 

İlyas Əfəndiyev "Geriyə baxma, qoca" və "Üçatılan" romanlarında fərqli xarakterlərə və dünya baxışlarına məxsus zəngin bir obrazlar qalereyası yaradıb. Bu əsərlərdəki obrazlar fərdi xarakterləri ilə paralel olaraq həm də ümumi tərəkəmə-elat toplumunun xarakter və dünya görüşlərinin daşıyıcılarıdır. Cəmiyyətdə və ailədə tutduqlara yerə və statusa baxmayaraq bu obrazlar bir çox məqamlarda tərəkəmə-elat adətlərindən kənara çıxmağı ağıllarına da gətirmirlər.

 

İlyas Əfəndiyevin adı çəkilən əsərlərindəki tərəkəmə-elat həyatının təsvirini təbii ki, bir məqaləyə sığışdırmaq imkan xaricindədir. Yəqin ki, bu mövzu yaxın zamanlarda daha geniş tədqiqatların obyekti olacaq.

 

İlham MƏMMƏDLİ

filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2016.- 21 oktyabr.- S.4.