Hər insanın bir yazılıq dünyası...

 

İllərlə adı hörmətlə anılan ancaq tanımadığın dəyərli insanlar haqqında ya maraqlı yazıya, ya da bütöv bir kitaba rast gələndə xəzinə tapmış kimi olursan.

 

Ömrünün 50 ildən çoxunu jurnalist peşəsinin işığında yaşayan xeyirxah insan İdris Hacızadənin bu il çap olunmuş "Dünyamızın bəzəyidir insanlar" adlı kitabını vərəqləyərkən eyni hissi keçirdim.

 

"Ecoprint" nəşriyyatında çap olunmuş 350 səhifəlik kitabın giriş sözündə müəllif bildirir ki, on illər boyunca tanıdığı, araşdırdığı dəyərli insanlar onlar haqqında qələmə aldığı yazıları bir araya gətirərək  kitab halında çap etdirmək qərarına gəlib. Kitaba Böyük Vətən Müharibəsi iştirakçısı, şair Fətəli Sahib, bütün türk dünyasının ölməz şairi Bəxtiyar Vahabzadə, kristalloqraf alim, böyük ziyalı Xudu Məmmədov, polkovnik leytenantı Şahlar Quliyev, Əməkdar incəsənət xadimi Yasif Nəsirli, canlı korifey Flora Kərimova, millət vəkili Qənirə Paşayeva başqaları haqqında maraqlı yazılar toplanıb.

 

Bizim üçün kitab o vaxt dəyərli olur ki, ondan nəsə öyrənirik, nəsə götürürük. İdris Hacızadənin kitabı isə nəinki bu günün, gələcəyin oxucusuna da maraqlı olacaq. Parlaq əməllər sahibi olan bu dəyərli insanlar haqqında nəsə öyrənmək istəyən oxucu bu ensiklopedik kitaba müraciət edəcək.

 

İdris Hacızadə 5 sentyabr 1937-ci ildə Masallı rayonunda doğulub. 1963-67-ci illərdə S.M.Kirov adına ADU-nun (indiki BDU) jurnalistika şöbəsində təhsil alıb. Elə o vaxtdan mətbuatda çalışır. Uzun illər "Kino yenilikləri", "İmpuls", "Məşəl", "Yeni era" qəzetlərində baş redaktor, "And", "Gələcək gün", "Naxçıvan", "Faktlar" və digər qəzetlərdə, eləcə də "Zəriflik" jurnalında redaktor kimi çalışıb. Hazırda Təhsil Nazirliyinin orqanı olan "Təhsil" jurnalında şöbə redaktorudur. Onun "İşıqlı ömür" ( neftçi-alim Nuru Nuriyevə həsr olunub), "Qayıt, əzizim" və indi haqqında məlumat verdiyimiz "Dünyamızın bəzəyidir insanlar" adlı kitabları nəşr edilib. Tərcümə kitabları isə nəşrə hazırlanır.  

 

Sonda İdris müəllimə dərin təşəkkürümü də bildirməliyəm. Nədən ki, heç gözləmədiyim halda mənim 13 il bundan əvvəl çap edilmiş ilk kitabımla bağlı yazdığı yazını da bu topluya daxil edib. Gözünüzün nuru, qəlbinizin odu əskik olmasın, İdris müəllim!

 

Mina RƏŞİD

 

525-ci qəzet.- 2016.- 26 oktyabr.- S.4.