Böyükkişi Mirzəzadə: böyük vətəndaş və şair

 

QƏRBİ AZƏRBAYCANDA YARANMIŞ POEZİYADA MİLLİ BÜTÖVLÜK VƏ İSTİQLAL MÜBARİZƏSİNİN İNİKASI

(Əvvəli ötən sayımızda)

 

Böyükkişi Mirzəzadə əksər şeirlərində məhz böyük yurddaş və vətəndaş kimi çıxış etməyə üstünlük verir.

 

Nərmənazik, hədsiz incə və zərif lirika nümunələri yaratmaqdansa, xalqa açıq həqiqətləri söyləyən, onu düşdüyü vəziyyətdən xilas etməyə yönəlmiş əsərlər yazmağı məqsədə uyğun sayır. Təmkinin "Seçilmiş əsərləri"ndə lirika tələblərinə və qanunlarına uyğun olan şeirlər də az deyil. Məsələn, "Axşamlar" şeiri öz mahiyyətinə və ovqatına görə, saf lirik şeirdir. Bu şeirdə həzin və qəmgin bir ruhi vəziyyətlər bədiiləşib. Və saf lirika müstəvisində qələm çalanda da müəllif öz kədərini və qəlbinin yaralarını unuda bilmir.

 

İnsan Vətənindən iraq düşəndə,

O, ata yurdunu anar axşamlar.

Qürbət başdan-başa dost-tanış olsa,

Özünü tək-tənha sanar axşamlar.

 

Vətən yaddaşı lirik qəhrəmanı bir anlıq da rahat buraxmır. Lirik "mən"induyğu və yaşantılarına öz möhrünü vurur. Şad, şən çağlarında da, könlünün qəmgin və şikəstə çağlarında da Vətən nisgili, Vətən ağrısı və sonsuz həsrətlə gözlədiyi Vətən vüsalı şairin qəlbini tərk etmir.

 

Xalqımın oğluyam, olsam da harda,

Vətənə bağlıyam qış da, bahar da.

Gündüz səmalarda uçan quşlar da,

Sakit yuvasına qonar axşamlar.

 

Bir böyük kitaba bənzər yaddaşım,

Oxudum, qəmləndim, axdı göz yaşım,

Yenə yada düşdü könül sirdaşım,

Köhnə yaralarım qanar axşamlar.

 

"Bir böyük kitaba bənzər yaddaşım" sətri şair Təmkinin poetik tərcümeyi-halının aydın və sərrast ifadəsidir. Onun yaradıcılığı Vətənimizin müqəddəs və ayrılmaz bir parçasının - Qərbi Azərbaycanın yaddaşını, Azərbaycan türklərinin öz doğma ana yurdundan, ata-baba ocağından zorla və vəhşicəsinə ayrılması müsibətlərini özündə əks etdirir. Müəllif öz ağrılarına və dərdlərinə heç vaxt məğlub olmaq istəmir. Öz dözülməz kədərini "bir daş kimi ayağının altına qoyub" (Əli Kərim) zamanın və yaşadığı həyatın fövqünə yüksəlmək istəyir. O, "ermənilərin rus və xaçpərəstlərlə birləşib" əlimizdən alınan, itən ata-baba yurdlarını geri qaytarmaq üçün millətin igid oğullarını birliyə, səfərbərliyə səsləyir:

 

Birləşdi xaçpərəst, erməni, rus,

Törətdi təxribat xəlvətdə dəyyus,

Çıxdı əlimizdən mahallar əfsus,

Səfalı yaylaqlar bizə qalmadı.

 

Təmkinəm, dilərəm haqq-ədaləti,

İnsafı, mürvəti, pak məhəbbəti,

Xalqa məxsus olan külli sərvəti,

Taladı əyrilər, düzə qalmadı.

 

Cəsarətlə söyləmək mümkündür ki, yaralanmış və parçalanmış Azərbaycan Təmkin poeziyasının baş qəhrəmanıdır. Göyçəsi və Zəngəzuru, İrəvanı və Təbrizi, Bakısı və Gəncəsi ilə birlikdə bütöv Azərbaycan amalı vətənpərvər şair yaradıcılığının mayasını təşkil edir. Vətənimizin bugünkü ağır və çətin durumu mübariz şairi qətiyyən qorxutmur. O, xalqımızı mübarizə və döyüşlərdən bezməməyə, ruhdan düşməməyə və həqiqətin, ədalətin, millətimizin haqqının qələbəsinə qədər bir an da olsun dayanmamağa, müqavimət və çarpışmalarımızı dayandırmamağa çağırır. Təmkinin millətə müraciəti və xitabı həmişə Vətəni yadellilərdən xilas etməyə yönəlib:

 

Üzmə, ümidini Pərvərdigardan,

Demə, "o yerlərdə nəyim var mənim?"

Gərəkdir Vətəni qurtaraq dardan,

Demə, "o yerlərdə nəyim var mənim?"

 

O torpağın üzərində gəzmisən,

Tər bənövşə, yasəmənin üzmüsən,

Həsrət çəkib intizara dözmüsən,

Demə, "o yerlərdə nəyim var mənim?"

 

O yerlərdə qalıb varım, dövlətim,

Daşlaşmış tarixim, milli sərvətim,

Türk oğluyam, tükənməyib qeyrətim,

Demə, "o yerlərdə nəyim var mənim?"

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 yanvar 2016-cı ildə Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə indiki Ermənistanın tarixi Azərbaycan torpaqları olduğunu vurğulayaraq demişdir: "Əgər keçən əsrin əvvəlində dərc edilmiş xəritələrə baxsaq görərik ki, orada şəhərlərin adlarının böyük əksəriyyəti Azərbaycan mənşəlidir. Ermənistan-Azərbaycan müharibəsinin yaranması əlbəttə ki, bizim dövlətçiliyimizə, dövlətimizə, xalqımıza qarşı törədilən böyük cinayətdir". Ölkə Prezidenti Azərbaycan torpaqlarının bütövlüyü uğrunda mübarizəmizin uzanmasının əsas səbəblərindən biri - Ermənistanın böyük havadarlarının varlığı ilə bağlılığını izah edərək aşağıdakıları söyləmişdir: "Siz bunu yaxşı bilirsiniz və məsələnin həll olunmamasının səbəbi məhz bundadır. Çünki Ermənistan təkbaşına deyil, onun böyük havadarları, dəstək verənləri var. Dünya gücləri, - təkcə dünya erməniliyindən söhbət getmir, - böyük dövlətlər müxtəlif səbəblərə görə Ermənistanın işğalçılıq siyasətini faktiki olaraq şərtləndirirlər. Ancaq mən bir daha demək istəyirəm və siz də gənclər kimi bunu bilməlisiniz ki, bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır, tarixi torpaqlarımıza qayıtmağımızdır, o cümlədən, indiki Ermənistan ərazisinə Azərbaycan əhalisi qayıtmalıdır və qayıdacaq. Əlbəttə ki, bu, zaman aparacaq. Ancaq bu, bizim amalımızdır, müqəddəs amalımızdır. Biz hamımız bu amalla yaşamalıyıq. Bu gün Azərbaycanın uğurlu inkişafı, eyni zamanda, əhalimizin artması əminəm ki, buna gətirib çıxaracaq. Yəni, biz öz işimizlə hər gün bu günü yaxınlaşdırmalıyıq".

 

Şair Təmkinin atəşin misraları Prezidentimizin və bütün xalqımızın ürək sözlərini, bütöv Azərbaycan idealını, tarixi Qərbi Azərbaycan torpaqlarının Şimali Azərbaycana qaytarılmasına olan bizim yenilməz inamımızı və ümidlərimizi əks etdirir:

 

Çağır gəlsin, ər igidlər yığılsın,

Qarı düşmən məhv edilsin, dağılsın,

Zəmilər biçilsin, sürü sağılsın,

Demə, "o yerlərdə nəyim var mənim?".

 

Gündüz xəyalımda, gecə yuxumda,

Doğma yurda bir doyunca baxım da,

Mən görürəm qələbəni yaxında,

Demə, "o yerlərdə nəyim var mənim?".

 

Qoca Təmkin, haralısan, haralı?

Füsunkar Göyçədən düşdüm aralı,

Könül pərişandı, ürək yaralı,

Demə, "o yerlərdə nəyim var mənim?".

 

Ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan dövlətinin başçısı İlham Əliyevin yuxarıda istinad etdiyimiz fikir və mülahizələri Qərbi Azərbaycanın tarixi taleyinin ölkəmizin dövlət siyasətində əsas yerlərdən birini tutduğunu nümayiş etdirməkdədir. Məhz elə bu səbəbdən müasir Azərbaycan ədəbiyyatında Qərbi Azərbaycanın da taleyi və gələcəyi məsələləri aparıcı, prioritet mövzulardan olması tam təbii və zəruridir. Təmkin-Böyükkişi Mirzəzadə poeziyası hazırkı dövrdə xalqımızın milli istiqlalının möhkəmləndirilməsini, bütöv Azərbaycan idealının reallaşdırılmasını və itirilən, əlimizdən alınan torpaqlarımıza xalqımızın qovuşmasını sürətləndirən milli-mənəvi amillərdən biri kimi diqqətəlayiqdir.

 

Sabiq Sovet rejiminin və ideologiyasının qadağalarına, yasaqlarına baxmayaraq, ötən əsrdəki Azərbaycan ədəbiyyatında, xüsusən poeziyasında milli-poetik ənənə və düşüncəmizin qorunub saxlanmasında, uğurlu bədii ifadəsində zəhmətkeş şairin xidmətləri diqqətəlayiqdir.

 

Ayrıca qeyd etmək yerinə düşər ki, Azərbaycanın yazılı və şifahi ədəbiyyatının əsas janrlarına Böyükkişi Mirzəzadənin poeziyasında müraciət edilmişdir. Vətənpərvər şairin çap etdirdiyi kitablarında onlarla qəzəllər, rübailər, ustadnamə və nəsihətnamələr, qoşma və gəraylılar, gözəlləmə və təcnislər yer alıb. Şairin "Seçilmiş əsərlər"nin I cildinə müəllifin özünün poema adlandırdığı 10-a yaxın irihəcmli əsəri də daxil edilib. Təcrübəli şair ali ədəbiyyat təhsili almasa da, ömrü boyu bir mühəndis kimi istehsalatda fəaliyyət göstərsə də, bu, onun yaradıcılığına qətiyyən mane olmayıb. Əksinə, həmişə həyatın içində fəal əmək fəaliyyəti ilə məşğul olmaq Böyükkişi Mirzəzadənin sənətkar fərdiyyətini cilalamış və kamilləşdirmişdir. Görkəmli sənətkarımız Nəriman Həsənzadə şairin əsərlərini nəzərdən keçirərkən məsələnin bu cəhətinə diqqət etmişdir: "Gözəl mütaliəsi və həyat təcrübəsi olan şairin yazdığı əsərlərin, demək olar ki, hamısı onun canlı müşahidələrinin, keçirdiyi iztirabların və sıxıntıların məhsuludur. Təmkin təbii yazır, şairin ilham pərisi ona maraqlı əyləncələr, ötəri hisslər və duyğular yox, həyatın ən sərt üzünü göstərir, beləliklə də onun qələmindən yazdığı mühitə, zəmanəyə, haqsızlığa qarşı etiraz səsləri eşidilir". Bu mülahizələrdə Təmkin poeziyasının baş estetik pafosu və məzmunu uğurla ümumiləşdirilib. Həqiqi poeziyada sənətkar tərcümeyi-halı və həyat yolunun onun yaradıcılığında nə qədər mühüm və həlledici təsirə malik olduğu ustad şair tərəfindən elmi cəhətdən dəqiq və dərin təhlil edilib.

 

Ədəbi düşüncə və təhlillərimizi ümumiləşdirərək, fikirlərimizi akademik Bəkir Nəbiyevin Xəlil Rza Ulutürk haqqındakı "İstiqlal şairi" kitabında söylədiyi mülahizələrlə yekunlaşdırmağı məqsədə müvafiq hesab edirik: "Poeziya nədir? Bu sorğuya mütləq bircə cümlə ilə cavab vermək şərti qoyulsa, demək olar ki, poeziya sənətkar varlığındakı gözəllik və ülviyyətin, humanizm və məhəbbətin, vətənsevərlik və qəhrəmanlığın şair ürəyindən başqa ürəklərə köçürülməsi üçün özünəməxsus, təkrarsız bir vasitədir... Həyatı, gerçəkliyi xüsusi idrak vasitəsinə çevrilən poeziyada şairi yaradan xalqın xarakteri, onun konkret inkişaf mərhələsi ifadə olunur, bu mərhələnin kəskin daxili təzadları, ciddi münaqişələri, tarixi inkişafın fəryad qoparan ziddiyyətləri dilə gəlir".

 

Azərbaycanın Xalq şairlərindən biri - Xəlil Rza Ulutürk haqqında deyilmiş bu fikirlər Böyükkişi Mirzəzadə-Təmkinin də bir vətəndaş və sənətkar kimi mübarizəsini, həyat və yaradıcılıq yolunu özündə ehtiva edir.

 

Ümumiyyətlə, Böyükkişi Mirzəzadənin poeziyası Vətən və vətəndaşlıq ruhu üstündə köklənmiş mübariz poeziyadır. Bu böyük həyat və sənət amalına ürəkdən sədaqət onun əsərlərinin həmişə aktual və müasir səslənməsinə xidmət edir. Bu mənada, Böyükkişi Mirzəzadənin əsərləri yeni tarixi epoxada Azərbaycanın, azərbaycançılıq məfkurəsinin daha da möhkəmləndirilməsi yollarında özünün mübariz sözünü deyir.

 

(Ardı var)

Böyükkişi Mirzəzadə

525-ci qəzet.- 2016.-2 sentyabr.-S.4.