Ədəbiyyatımızda üç cərəyanın yaradıcısı

 

YAXUD ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEVİN ATDIĞI BOMBA

 

Əbdürrəhim bəy Haqverdiyev özünü simvolizmin banisi hesab edirdi.

 

Pəri cadu haqqında qeydlərində oxuyuruq: Doxsanıncı illərin ortasında simvolizm deyilən bir ədəbiyyat üsulu teatro səhnəsinə atıldı. Alman ədibi Hauptmanın Qərq olmuş çan sərlövhəli faciəsi mədəniyyət aləminə bir şəşəə saldı. Bu üsulun Şərq ruhuna xeyli uyğun olması məni artıq həvəsə gətirdi. mən Şərq həyatından götürülmüş simvolik bir əsər teatromuz üçün yazmaq fikrinə düşdüm. Nəhayət 1901-ci sənədə Pəri cadu nam əsərimi yazdım. Bu neçə ilin müddətində Pəri cadunun səhnədə müvəffəqiyyət qazanmasına səbəb, haman mən dediyim simvolizmin bizim ruhumuza uyğun olmasıdır (Əbdürrəhim bəy Haqverdiyev. Seçilmiş əsərləri. İki cilddə. II cild. Bakı, Lider nəşriyyat, 2005, 408 səhifə, səh: 332.)

 

Böyük ədib haqlı idi.

 

Kamal Abdulla Haqverdiyevi həm magik realizmin banisi hesab edir. O da haqlıdır.

 

Bəndəniz onu primitivizmin banisi hesab edir. Haqlı olmağıma əminəm. Lakin fikrimi sübut etmək üçün müəyyən dəlillər gətirməliyəm.

 

XIX yüzilliyin sonu, XX yüzilliyin əvvəllərində dünya incəsənətinin bütün sahələrində yeni yaranan təmayüllərin fonunda keyfiyyət dəyişimləri baş verdi. Primitivizm bir cərəyan kimi incəsənətin müxtəlif sahələrində parladı. Lakin daha çox rəssamlıqda sayrışdı. Çünki kətanla həyat arasında məsafə çox azdır. Hətta bəzən kətan həyatın davamı kimi görünür. Rəssam hər gün rastlaşdığımız gözümüzün alışdığı rəngləri kətana köçürərkən elə manevrlər edir ki, sən reallıqla irreallığın arasında olduğunu unudursan. Hansı da xoşdu, onu da yadından çıxarırsan. Amma paralellər aparmaq üçün artıq sənin əlində resursların olur. Yalnız incəsənət vasitəsilə biz öz mükəmməlliyimizin fərqinə vara bilərik (O.Uayld).

 

Dahi fransız Qogen (1848-1903) impessionizmin primitivizmin ən böyük nəhənglərindən sayılır. Adətən, onun haqqında belə deyirlər: Rənglərin qadınların kralı Sivilizasiyanı qəbul etməyən dahi Taitidə Markiz adalarında yaşayır. ömrünün sonuna qədər sadəliyin, təbiiliyin, bir sözlə, primitivizmin cazibəsindən çıxmır.

 

Məşhur gürcü rəssamı Niko Pirosmani (Pirosmanişvili 1862-1918) gələcək şöhrətindən xəbərsiz səfil, sərgərdan, sərsəri bir həyat yaşadı. Lakin bu dünyaya heyrətini uşaq kimi hifz eləyib qorudu. O, primitivizmin ən böyük ustadıdır. Onun rəsmlərinə baxanlar deyərlərmiş: Mən bundan yaxşı çəkə bilərəm İki yüzə (İki min deyilir!) qədər rəsm əsəri çəkən rəssam sağlığında demək olar ki, tanınmayıb. Sadə kənd həyatından götürülən mövzular onun tablolarını misilsiz edir. Rəsmlərinin adları da mövzuları kimi sadə gözəldir: Beqonun kampaniyası, Kaxetiya çaxırı, Beş zadəganın şənlənməsi, Zürafə, İnək sağan, Odun daşıyan s.

 

Qədim Tiflis ədəbi və mədəni mühitinin Zaqafqaziya üçün nə demək olduğunu, zənnimizcə, bilməyən yoxdur. Maraqlı orasındadır ki, digər böyük ziyalılarımız kimi Haqverdiyevruhca bu mühitlə sıx bağlı idi. Dünya mədəniyyəti və incəsənətində baş verən dəyişimlər ilk növbədə burada özünü göstərirdi. Haqverdiyev həm də Pirosmaninin müasiri idi. Dahi rəssam ondan cəmi səkkiz yaş böyük idi. Əgər nəzərə alsaq ki, Haqverdiyevin aldığı təhsil və tərbiyə də ədəbi, mədəni və siyasi səhnədə baş verənləri dərk etməkdə ona yardımçı idi, onda bu iki sənətkar arasındakı ruhi əlaqələrdən çox danışmağa lüzum görmürük.

 

Ədəbiyyatda primitivizm ən sadə və bəsit, çox da nəzər-diqqəti cəlb etməyən hadisələrin təsviri ilə şərtlənir. Hər şey zahirən (məhz zahirən!) o qədər aydın və şəffafdır ki, hər hansı bir gizlinin olmasından söhbət belə gedə bilməz! Təhkiyəçinin nəql etdiyi hadisənin qayəsi sanki kasadakı suyun üzündə üzür. Necə deyərlər, əlini attut! Elə məsələnin qəlizliyi də məsafənin bu qədər yaxınlığından yaranır. Sən demə, bu, aldanış imiş... Əsl ideya suyun üzündə üzən deyilmiş, üzdəkilərin altında gizlənibmiş. Məhz buna görə də əlahəzrət tənqid Haqverdiyevi doğru-dürüst dəyərləndirməyib, onu darmadağın edir və etməkdədir.

 

Əgər məndən soruşsaydılar ki, inkişaf edib çiçəklənmiş Azərbaycan tənqidindən (Mətndə tənqid və tənqidçi ona görə qabıqcıqda yazılır ki, yerində araşdırma, araşdırmaçı yazılmalıdır) ən çox əziyyət çəkən klassikimiz kimdir, başqa klassiklərimizin ruhunun məndən inciyəcəyini bilsəm də, tərəddüd etmədən deyərdim ki, Əbdürrəhim bəy Haqverdiyevdir. Birinci ədəbi rüsvayçılıq Haqverdiyevi satirik yazıçı kimi təqdim etməkdir. Bu haqda bir az sonra.

 

İndi isə fikirlərimizi ümumiləşdirib deyə bilərik ki, Haqverdiyev ədəbiyyatımızda üç ədəbi cərəyanın yaradıcısı kimi qiymətləndirilməlidir: simvolizm, magik realizmprimitivizmin. Hər üçü bir yerdə Haqverdiyevin Sirli Üçbucağı da adlandırıla bilər.

 

Kiçik bir haşiyə: Ədəbi cərəyanlara münasibətdə son dərəcə ehtiyatlı olmaq lazımdır. Bəzən ehtiyatsızlıq ucbatından ara qarışır, meyarlar itir. Nədə ehtiyatlı olmalıyıq? Birincisi,bugün tanıdığımız və tanımadığımız bütün ədəbi cərəyanların izləri, əsintiləri, hansı dövrdə yaranmasından asılı olmayaraq, əvvəlki dövrlərə gedib çıxır. Homerdən Nizamiyə qədər və onlardan üzübəri yaranan ədəbi nümunələrdə haqqında bu gün geniş söhbət gedən cərəyanlardan nəsə vardır. Lakin bunlar əsinti şəklindədir. Cərəyan, axın şəklində deyildir. Ona görə də biz Nizamidə realizm, romantizm, sürrealizm, modernizm, hətta postmodernizmin və digər izm lərin izlərini çox rahat görə bilərik. İkincisi, modernizm həm ədəbi cərəyan kimi, həm də yaşam tərzi, həyat iksiri kimi qavranmalıdır. Şair və yazıçılarımızın çoxunda modern keyfiyyətlər (əsintilər) vardır. Lakin bu, əsas vermir deyək ki, haman yazar modernistya postmodernistdir. Bu cür düşünmək xəyal qırıqlığına uğramaqdır.

 

Tənqidçilərimiz modernizmin nəzəri məsələlərindən yetərincə danışırlar. Çünki bu barədə nəzəri resurslar çoxdur. Amma konkret olaraq ad çəkməyə gələndə duruxurlar. Kimin adını çəksinlər? Üz üzdən utanır axı... Və beləcə susqunluğu qızıl orta hesab edirlər. Polemika açıq qaldığından yazarlar öz aralarında ona aydınlıq gətirmək istəyirlər. Və qəribə bir gözəgörünməz savaş gedir. Necə deyərlər, hər kəs buya digər şəkildə közü öz ətəyinə doğru çəkmək istəyir. Üçüncüsü, haqqında söhbət açdığımız Haqverdiyev də Azərbaycan ədəbiyyatına simvolizm, magik realizmprimitivizmi gətirdiyinə görə klassik anlamda modernist sayıla bilər. Lakin çağdaş anlamda bunu söyləmək banallıq olardı.

 

Aldadan yazıçı, Aldanan tənqid...

 

Diş ağrısı hekayəsindən başlayaq. Hələ də əziz-xələf tənqidimizə elə gəlir ki, tacir Hacı Rüstəm guya xəsisliyi ucbatından sağlam dişlərini çıxartdırır. Heç kəs demir ki, o, tipik bir Azərbaycan Kişisidir. Ömründə fürsəti fövtə verməyən, məqsədi aydın, gedəcəyi mənzili doğru, dürüst hədəfləyən Hacı Rüstəm taks sındırandır. Bu yolda o, hər şeydən keçməyə hazırdır. Hətta xəzinədən gələn və hər kəs tərəfindən danışıqsız qəbul edilən vergi elanındakı qiyməti də sındırmaq istəyir. Bunu edə bilməyəndə isə içindəki hikkəni azacıq da olsa soyutmaq üçün oğlunu çağırıb deyir: Ay bala, çötkəni götür, hesabla gör burada səhv yoxdur ki...

 

Bu, Mental Bir Eqodur. Bu Eqonun qarşısında sağlam dişlər necə duruş gətirə bilər?! Bu Eqo daima bizimlədir! Budur, Haqverdiyevin dahiliyi! Bunun bəyənilən, ya da bəyənilməyən xasiyyət olduğunu deyə bilmərik. Heç yazıçı da bu haqda bir kəlmə də demir. Lakin həqiqət budur ki, Haqverdiyev, deyəsən, Hacı Rüstəmə bəraət qazandırır. Hekayənin sonunda qəhrəmanın vəhşi sevinci fonunda bu aydın sezilir. Həm də sezilmir. Çünki böyük yazıçı bunu məharətlə gizlədə bilir.

 

(Ardı var)

Mehman QARAXANOĞLU

525-ci qəzet.- 2016.- 3 sentyabr.- S.22.