İstanbul səhnəsindəki Müqəvva

 

Tanınmış yazıçı-filosof Firuz Mustafanın Müqəvva pyesi İstanbuldakı Oda teatrında nümayiş olunub.

 

AZƏRTAC xəbər verir ki, Müqəvva Türkiyədə rejissor Elçin İmanov (El Çino) səhnələşdirib. Baş rolun ifaçısı Kamalə Kamaldır. Tamaşanın rəssamı Tariyel Əlizadə, musiqi tərtibatçısı Elçin Emindir.

 

Psixoloji monodram kimi qələmə alınmış əsərdə coşqun bir həyat yolu keçmiş Qadının keçirdiyi iztirab əzablarından söhbət açılır. Vaxtilə bir neçə dəfə ailə qursa da öz xoşbəxtliyini tapa bilməyən bu Qadın yaşadığı hissləri evindəki müqəvvaya nağıl etməli olur. Qadına elə gəlir ki, onu bu aləmdə canlı insanlardan daha çox, bu hissiz-duyğusuz müqəvva daha yaxşı anlaya bilər. Tamaşada satira, qrotesk notları da güclüdür.

 

Azərbaycan yazıçısının əsəri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Premyerada bir çox tanınmış simalar iştirak edib.

 

Türkiyə mətbuatı tamaşa barədə ətraflı informasiyalar dərc edib, radio televiziya kanalları reportajlar hazırlayıb.

 

Xatırladaq ki, Oda teatrı 1990-cı ildən fəaliyyət göstərir. Bu sənət ocağında Kaan Erkam, Levent Tayman, Niyazi GezerBeste Hoşses kimi tanınmış sənətkarlar çalışır.

 

525-ci qəzet.- 2016.- 3 sentyabr.- S.12.