İmperiyalar və onların süquta
sürüklənməsi
(Əvvəli
ötən şənbə sayımızda)
1819-cu ildə Kent hersoqunun Aleksandrina-Viktoriya adı verilən
qızı doğuldu.
Kent hersoqu Eduard (1767-1820-ci illər) kral III Corcun
dördüncü oğlu idi və Aleksandriya-Viktoriyanın
taxt-taca çıxmasının praktiki olaraq heç bir
şansı yox idi. Lakin Uels printsinin qızı, 1817-ci ildə
ölən Şarlottadan başqa xəstə, həm də
ağıldan kəm III Corcun altı oğlundan heç
birinin övladı yox idi. Onun
qızlarından dördü də qarımış qız
kimi evdə qalmışdılar, iki ərdə olan
qızı isə həmçinin övladsız idi. 1820-ci ildəki ölümündən sonra onun
oğlu IV Corc 1820-1830-cu illərdə taxt-tacda oldu və 68
yaşında vəfat etdi. IV Corc
öldükdən sonra III Corcun üçüncü oğlu
IV Uilyam adı altında taxt-taca çıxdı. Yeddi ildən sonra, 1837-ci ildə o da 72 yaşında
öldü.
Nəticədə, 1837-ci ildə Aleksandrina-Viktoriya
kraliça Viktoriyaya çevrildi. II Corcun bir sıra
övladlarının və əksər nəvələrinin
aqibəti onlara monarx aliliyinə yüksəlməyə imkan
vermədi. Ona görə də taca onun
dördüncü oğlunun gənc qızı yiyələnməli
oldu. Bu qadın 64 il ərzində
hökmranlıq etdi və 1901-ci ildə öldü. Onun taxt-tacda olduğu dövrdə üç rus
imperatoru - I Nikolay, II Aleksandr və III Aleksandr həyatdan
getmişdilər. Bu dövrdə həm də
Avropada və dünyada böyük hadisələr baş
vermişdi. Britaniya Türkiyəyə kömək məqsədilə
Fransa ilə birlikdə Krıma müdaxilə etməklə
Rusiyaya qarşı vuruşmuş, 1878-ci ildəki Berlin
Konfransında Rusiyanın Türkiyə ilə
apardığı müharibədə
qazandıqlarının onun əlindən
çıxmasına nail olmaqla yanaşı, üstəlik,
Kipr adasına sahib olmaq hüququ qazanmışdı.
Viktoriya 1840-cı ildə Sakson-Kaburq Qotskli Albertlə
nikaha girdi. O
özü də tam alman olmaqla, almana ərə getmişdi. Nikahdan Viktoriyanın 9 uşağı olmuşdu.
1861-ci ildə Albertin ölümü ailənin
çoxalmasına hədd qoymuşdu.
Viktoriyanın böyük qızı Adelaida Viktoriya
1858-ci ildə prussiyalı, ölümünə qədərki
üç ay müddətində Prussiya kralı və alman
imperatoru olmuş III Fridrixə ərə verilmişdi. Onun əri nikahdan
üç il sonra Prussiyanın tac prinsi
olmuşdu. Bu qadın II Vilhelmin anası idi.
O isə atasının ölümündən sonra imperator
olmuşdu. II Vilhelm I Dünya müharibəsinin əsas start
verəninə çevrildi və öz imperiyasını da fəlakətə
sürüklədi.
II Vilhelm bu hərəkəti ilə öz
anasının vətəni, mərhum məşhur
kraliçanın dövləti ilə müharibə aparmaqdan
çəkinməmişdi. Əgər II Vilhelmin
kayzer olduğu Almaniya məğlubiyyətə
uğramasaydı, görən imperator İngiltərə və
onun müttəfiqləri ilə necə davranacaqdı?
O, Almaniyanın Avropada dominant rol oynaması məqsədini
güdürdü. İspan kralı II Filipp Məğlubedilməz
Armadanı İngiltərəni işğal etməyə
göndərəndə gəmilərlə 7 min qadın
göndərmişdi ki, onlar anaları
öldürülmüş körpə ingilis
uşaqlarını döşləri ilə əmizdirib,
onların salamat qalmasına cəhd etsinlər. Bəlkə
II Vilhelm də Bismarkın təcrübəsindən istifadə
edib.
Britaniya kralını Fransa kralı kimi əsir
götürməklə, özünün nəyə qadir
olduğunu göstərmək istəyirdi.
1910-1936-cı illərdə Britaniya kralı olmuş V
Corc həm alman kayzerinə, həm də rus çarına
yaxın qohum idi.
Corc da kraliça Viktoriyanın
oğul nəvəsi olmaqla, onun oğlu olan kral VII Eduardın
ikinci oğlu idi. Onun atası alman kayzeri II
Vilhelmin anası Adelaida-Viktoriyanın doğma qardaşı
idi. Deməli, bibioğlu dayıoğluna
qarşı vuruşmağa başlamışdı. Əslində onların hər ikisi həm də
alman idi.
Müharibə vaxtı V Corc alman titullarından imtina
edib, sülalənin adını alman adından dəyişdirmişdi. İngilis
kralı həm də rus imperatoru II Nikolayla xalaoğlu idilər.
V Corcun anası Aleksandra Danimarkalı idi, bu qadın İngiltərə
kralı VII Eduardın arvadı olmaqla, həm də rus
çarı II Aleksandrın arvadı, gələcək
çar II Nikolayın anası Mariya Fyodorovnanın
(Daqmarın) doğma bacısı idi. Kiçik
Danimarka kral ailəsindən olan iki bacı Avropanın iki
böyük imperiyasının başçılarının
-Britaniya kralının və Rusiya çarının
arvadları olmaqla, həm də gələcək
imperatorların anası olmaq hüququna yiyələnmişdilər.
Bu iki
xalaoğlunun yaş fərqləri də böyük deyildi, V
Corc II Nikolaydan üç yaş böyük idi, lakin ondan 18 il çox yaşaya bildi. I
Dünya müharibəsində onların
başçılıq etdikləri imperiyalar Almaniya və onun
müttəfiqlərinə qarşı birgə ittifaqda
vuruşurdular. II Nikolayın arvadı
Aleksandra da həm V Corc, həm də II Vilhelmin nənələri
olan kraliça Viktoriyanın nəvəsi idi.
Bu imperatorların ailə qurmalarında da yaxın cəhətlər
var idi. Gələcək Britaniya kralı V Corcun
böyük qardaşı Albert Viktor qrip epidemiyasından
1892-ci ildə vaxtından əvvəl vəfat etdi. Bu, Corcu taxt-taca varis olmaqda atasından sonra ikinci etdi.
1893-cü ildə o, mərhum
qardaşının nişanlısı olan Baden-Vyurtemberq
printsessası Viktoriya-Mariya Tekliyə evləndi. II Nikolayın özü yox, onun atası, gələcək
III Aleksandr da (1848-1894-cü illər) özünün ölən
qardaşı Nikolayın nişanlısı olan Danimarka
printsessası olan Daqmara - Mariya Fyodorovnaya evlənmişdi.
II Nikolay isə Britaniya kraliçasının nəvəsi
Alisa Hessenliyə - Aleksandra Fyodorovnaya evlənmişdi. Onun anası
Alisa (1843-1878-ci illər) kraliça Viktoriyanın qızı
olmaqla, Hessen printsi Lyudoviqə ərə verilmişdi. Bu qadın da anası kimi genetik xəstəlik olan və
qanın laxtalanmasını pozan hemofiliya
daşıyıcısı idi. Həmin
vaxtlar bu xəstəlik “ölüm hökmü” hesab
edilirdi.Viktoriyanın öz oğlu Leopold hemofiliyadan əziyyət
çəkdiyinə görə anası onu Fransanın cənubuna,
Lacivərd sahilə - Rivyeraya gətirirdi. Alisanın
oğlu Fridrix də hemofilik idi və uşaq vaxtı pəncərədən
yıxıldıqdan sonra daxili qanaxmadan ölmüşdü.
Alisanın qızı, gələcək Rusiya
imperatriçəsi Aleksandra Fyodorovna (onun da əsl adı
Alisa idi) həmçinin hemofiliya daşıyıcısı
olmaqla, xəstəliyi öz oğlu tsareviç Alekseyə
vermişdi. Bu yazıq uşaq da həmin xəstəlikdən
əziyyət çəkmiş, 1918-ci ildə valideynləri
və bacıları ilə güllələnməklə
uşaq yaşlarında ölmüşdü.
Həmin xəstəlik sonralar Viktoriyanın qız nəslindən
olanlarla Avropanın başqa monarx ailələrinə də
yol tapmışdı.
Rusiya və Britaniya monarxları ailəsinin
qohumlaşmaları başqa xətlərlə də davam
edirdi. Çar II Aleksandrın qızı Mariya kraliça
Viktoriyanın oğlu, Edinburq hersoqu Alfredə vurulmuşdu.
Viktoriyanın qızı, Böyük Hessen
hersoqunun arvadı Alisa bu nikahın bağlanmasının
qızğın tərəfdarı idi. Viktoriyanın
və rus imperatorunun müqavimətinə baxmayaraq, 1874-cü
ildə toy Peterburqda baş tutdu. Bu vaxt hələ
Krım müharibəsinin yaraları
sağalmamışdı. Mariya
üçün daha ağır dövr 1877-1878-ci illər
Rusiya-Türkiyə müharibəsi vaxtı gəldi, bu vaxt
Rusiya bir nömrəli düşmənə
çevrilmişdi.
Digər
hökmran ailələrini ikinci bağlayan bir xətt
Viktoriyanın nəvəsi həmin Alisa Hessenin qızı
Elizabetin hesabına baş verdi. O,
1864-cü ildə anadan olmuşdu. 20
yaşında qız gələcək çar II Nikolayın əmisi,
böyük knyaz Sergey Aleksandroviçə ərə getdi.
Sonra o, Moskva general-qubernatoru təyin edildi və
1905-ci ildə Kremldən çıxanda terroristin
atdığı bomba nəticəsində öldü.
Rus çarı I Nikolayın nəvəsi Olqa
Yunanıstan kralı I Georqun arvadı idi. 1921-ci ildə
onların nəticəsi anadan oldu, bu uşaq birbaşa rus
çarının kötücəsi idi. 1947-ci ildə
o, gələcək (1957-ci ildə) prints Filipp kimi Uels
printsessası Elizabetə - indiki kraliça II Elizabetə evləndi.
Başqa sözlə, Britaniya kraliçasının müasir
varisləri - prints Çarlz, onun oğlu Uilyam və
Uilyamın oğlu rus imperatoru I Nikolayın nəslindəndir.
Epiloq
Biz imperiyaların rəqabət meydanında bir-birinə
qənim kəsilməsini, ambitsiyalar hesabına digərini məhv
etmək cəhdlərini müşahidə etdik. İmperiya
başçıları daim qan tökməyə
susadıqları kimi, elə bu bəladan da ən azı
taxt-taclarını tərk etməli olurlar. Deyəsən, onlar axıtdıqları qanda da
boğulurlar. Herodota görə Massaget
qadın hökmdarı Tomirida Böyük Kirin ölü
başını qanla dolu tuluğa salmışdı ki, əgər
o, qana belə susayırsa, qoy ondan doysun. Müharibəyə
can atan imperatorlar da belə təhqiramiz cəzaya məhkum
olunsaydılar, pis olmazdı.
İmperatorların
bir-birinə qarşı iddialarından doğan aqressivliyi, digərini
məhv etmək istəyi və cəhdi banka
içərisinə salınan hörumçəklərin
vuruşması və bir-birini öldürməsi səhnəsini
xatırladır. Hörümçək öz
növündən olanın bədəni ilə qidalanmaqdan həzz
alır. Erkəklə dişi hörümçək
cütləşdikdən sonra bədəncə kiçik olan bədbəxt
erkək nəsli artırmaq instinkti hesabına çox vaxt
öz ömür sonluğunu dişinin mədəsində
tapır. Dişi hörümçək başqa qida növləri
ilə kifayətlənməyib, öz məşuqunu diri-diri
yeməyi özünün borcu hesab etdiyi kimi, imperatorlar da
çox sayda xalqların ona tabe olması ilə kifayətlənməyib,
başqa imperiyaların ərazilərini qəsb etməyə,
xalqlarını yenidən əsarətə almağa göz
dikir və bu, ən azı böyük, sonralar isə
dünya müharibələrinin mövcudluğunu meydana
çıxarır. Müharibə nəticədə
qalibsiz və məğlubsuz ötüşmədiyindən,
dünya müharibələri imperiyaların dağılması,
parçalanması ilə nəticələnir.
Hörümçəklər hətta dinc yanaşı
yaşasalar da, bankaya salındıqda bir-birini məhv etməyə
çalışır, bu vaxt artıq yaşayış məkanı
üstündə ölüm-dirim mübarizəsi gedir. İmperiyalar
da belədir, onlar da süni sürətdə öz ətraflarında
qapalı mühit yaratmaq və ona sahib olmaq iddiasına
düşməklə, özlərini qaçılmaz məhvə
aparırlar. Onlar ən böyük cinayətlərdən
belə çəkinmədikləri halda, özlərini az qala Göy sakinləri, mələklər
güman edirlər, xalqların gözündə isə onlar
sönməz nifrət simvollarından başqa bir şey deyillər.
Hər bir sərkərdə, hər bir hökmdar
imperator öz çiyinlərində ağır günahlar
yükünü daşıyır. Ona görə də
onların Yer üzərindəki şöhrəti keçib
getsə də, əməllərinin acı xatirəsi
yaşamağa davam edir.
Onlar ən azı bir qitə üzərində insan
hakimiyyətindən də güclü olan lənət
daşıyıcılarına çevrilirlər. Bu lənətin
silinməsi, yox olması isə onların bütünlüklə
məhv olmasını, sıradan çıxmasını tələb
edir. Onlar əgər xalqları yerüstü cəhənnəmin
“ləzzətini” göstərməyə nail olmuşdularsa,
özləri də cəhənnəm odu ilə
yaşamağın əzablarından qaça bilmirlər.
Tarix bir
daha sübut edir ki, Albert Eynşteynin kəşf etdiyi tək
məkan və zaman kimi ən qüdrətli hakimiyyət də
nisbidir, heç vaxt əbədi ola bilməz.
Yadelli ağalıq isə özünün
yaratdığı fəsada - xalqlara etdiyi zülmə
qarşı qalxan mübarizələrdən və həm də
bir-birini məhv etmək istəyinin reallaşmasından
sıradan çıxmalı olurlar. Özü
barədə düşünməyi öyrənməyə
başlayan xalq, boynundakı ağır yükü atmağa
qadir olduğunu göstərir.
İmperiyalar özünü dağıtmaq təhlükəsindən
də qaça bilmirlər. Titan Kronos öz
uşaqlarını yeyən kimi, imperiyalar da
başqalarını yeməyə çalışır və
onları da məhv edən bir Zevs tapılır. Bunu tarixi faktlar təsdiq edir. İmperializm
militarizmə meyl etdiyindən onun da qurbanı oldu, lakin təəssüf
ki, öz talelərini, fatumunu görməyi, sezməyi
bacarmır. Xalqlar uzun müddət tale
qarşısında bərabər olmasalar da, əzilənlərin
də küçəsinə çoxdan arzu olunan bayram gəlib
çıxır. İmperiyaların dəvəquşuya
bənzər siyasəti yalnız onların sonluğunu
yaxınlaşdırır.
Elə fikir yaranmasın ki, imperiyalar bütünlüklə
sıradan çıxmış, mümiyalanmışa
çevrilmiş və ya yalnız Yaponiyada olduğu kimi,
Mikadonun şəxsində nominal nişanələrini
saxlamışdır. Əsla belə deyildir. Ayrı-ayrı dəhşətlərdə bu şər
virusu yaşamaqda davam edir və Kok çöpləri kimi
onlar təhlükə mənbəyinə çevrilmək
üçün əlverişli şəraiti gözləyirlər.
Ona görə də imperiyalara relikt kimi
baxılmamalıdır, onların diriləcəyi, yenidən
baş qaldıracağı imkanı nəzərdən
qaçırılmamalıdır. Axı
tarix təkrar olunduqda onun faciəyə çevrilməsi
mülahizəsi daim öz düzgünlüyünü
nümayiş etdirmişdir. Şekspirin
metaforasından istifadə edərək, demək lazım gəlir
ki, dünyada imperiyaların və onların apardıqları
müharibələrin əhvalatları kimi dəhşətli
əhvalatlar yoxdur.
SON
Telman ORUCOV
525-ci qəzet.- 2016.- 3 sentyabr.- S.20.