SALAMLARIM VAR

 

Şahdağdan üz tutub Murova baxdım,

Bu taydan o taya salamlarım var.

Kəpəzin o üzü gözəl diyarda,

Düşmən tapdağında qalanlarım var.

 

Odu kirpiyində götürənlərim,

Həsrətlə köksünü ötürənlərim,

Çoxdan əzizini itirənlərim,

Ah çəkib saçını yolanlarım var.

 

Elin köməyilə çörəklənmişəm,

Dirçəlib, dirçəlib zirəklənmişəm,

Orduma baxaraq ürəklənmişəm,

Bilirəm qanımı alanlarım var.

 

Eşitdim gücünü, gördüm hünərin,

Qənbərəm, sevdiyim sərkərdələrin.

Həddini bilməyən nanəciblərin

Canına vəlvələ salanlarım var.

 

26 avqust 2016

 

GƏZDİM

Dastan məclisində, el məclisində

Söz sərrafə olan dədəmi gəzdim.

Döşəyin üstündə bardaş oturub,

Şirin dinlədiyim vədəmi gördüm.

 

Elə mahir idi sözdə, seçimdə,

Səhvə yol verməzdi ölçü-biçimdə,

Astaca-astaca evin içində

Atdığı mübarək qədəmi gəzdim.

 

Həmişə nəsihət eşitdim ondan,

Kim incik qalardı belə adamdan?!

Uyğunsuz qəbahət etdiyim zaman

Mənə eylədiyi hədəmi gəzdim.

 

BİR ÖMÜR - BİR DÜNYA

 

Həyat yoldaşım Diləfruz Məcid qızına

 

Kökün naxçıvanlı, südün cənublu,

Şəmkirdə dünyaya təşrif buyurdun.

Ananı itirdin körpəliyində,

Nənənin yanında durdun, oturdun.

 

Çoxu səndən abır-həya götürdü,

Qismətini tale özü yetirdi,

Allaha şükürlər bəxtin gətirdi,

Səxavətlə ac qarınlar doyurdun.

 

Qaynanan da Güllü, nənən də Güllü,

Səni öyrətdilər çox şirin dilli,

Hər birini sevdin özün könüllü,

Əql-kamal ilə ev-eşik qurdun.

 

Mahir oldun qohum-qardaş seçimdə,

Səhv etmədin bir ölçüdə, biçimdə,

Gəlinlər içində, qızlar içində

Məhəbbətlə xeyirxahlıq yoğurdun.

 

Eşitmədim artıq giley-güzarı,

Əzizlədin mənim kimi yazarı,

Doğru seçə bildin mərdimazarı,

Yeri gəlsə, başına kül sovurdun.

 

İyul, 2016

 

QAĞA

 

Gənclik dostum Vəliyəddin İsmayılova

 

Çəkilmişəm şəhərlərin qoynuna,

Hələ yaşayıram birtəhər, qağa!

Sayıram günləri, keçir birbəbir,

Durub gəzişirəm hər səhər, qağa!

 

Beş aydı dostları görə bilmirəm,

Zəng olur, cavab da verə bilmirəm,

Gedim hansı səmtə, yerə, bilmirəm,

Düşmüşəm obadan dərbədər, qağa!

 

Eyləyib könlümü dərd dəlik-dəlik,

Dözüb tablayıram, inan, hələlik,

Belə yaşayıram birtəhər, qağa!

 

Allaha min şükür, igidlərim var,

Çətinlik çəkməyə qoymayır onlar,

Hayana üz tutsam yanımdadırlar,

Məni nə qəm boğur, nə kədər, qağa!

 

Çin olsun, Qənbərin bir arzusu var,

Deyəsən: - Ay qağa, çoxdu qonaqlar!

Bizi qarşılaya yenə bulaqlar,

Qoyaq at belinə bir yəhər, qağa!

 

28 avqust 2016

 

QALDI

 

Mənim bu diyara qonaq gəlməyim,

Məmməd Araz demiş, bəlkəyə qaldı.

Tək bircə sətirim qalsa yadigar

Deyərdim: şükürlər, ölkəyə qaldı.

 

Qayıdıb enirik arana doğru,

Çiçək-gül bitirməz şorana doğru.

Qaçırıq küləklər vurana doğru,

Ümidlər yenə də kölgəyə qaldı.

 

Hanı, görünməyir dumanlı dağlar,

Hədər danışmağın nə mənası var.

Suyu bal şərbətli sərin bulaqlar

Qənbərin sevdiyi bölgəyə qaldı.

 

24 avqust 2016

 

OLMUŞAM

 

Daha əlim yetmir, dağ düşməndədir,

İsti torpaqlarda aran olmuşam.

İçmədim bu yerin axmaq suyundan,

Mən də torpaq kimi şoran olmuşam.

 

Ta gedə bilmirəm yurduma sarı,

Zaman əldən alıb bu ixtiyarı.

Suyunu içdiyim buz bulaqları

Qatar durnalardan soran olmuşam.

 

O yerdə müqəddəs çörəyim qalıb,

Qanıma bələnmiş köynəyim qalıb,

O köynək içində ürəyim qalıb,

Artıq ürəyimdə taran olmuşam.

 

Az qala gözümdə itib görkəmi,

Qəlbimdə yaratək bitib görkəmi.

Zirvədə hayqıran qar-boran kimi

Aranda özüm də boran olmuşam.

 

Tapdanıb elimin namusu, arı,

Başını qalxıza bilmir yuxarı.

O yerdə dağılan yurd-yuvaları

Qənbər, xəyalında quran olmuşam.

 

BAXMIR ÜRƏK

 

Məndən inciyib, küsüb,

Sözümə baxmır ürək.

Nə hallara düşmüşəm,

Özümə baxmır ürək.

Yamac-yalım qalmayıb,

Xoş əhvalım qalmayıb,

Daha halım qalmayıb,

Dözümə baxmır ürək.

 

Danışmağa qorxuram,

İllər üçün darıxıram,

Dosta doğru baxıram,

Gözümə baxmır ürək.

 

SƏN NƏSƏN

 

Yurd üçün, yuva üçün,

Bir bülbüləm, sən nəsən?!

El üçün, oba üçün

Şirin diləm, sən nəsən?!

 

Diqqət ilə baxılmağa,

Yanmağa, yaxılmağa,

Saçlara taxılmağa

Qızılgüləm, sən nəsən?!

 

Səfərlərə varmağa,

Qoşunu qaytarmağa,

Düşməni aparmağa

Daşqın seləm, sən nəsən?!

 

MƏN QOCALMIŞAM

 

İyirmi il keçdi, bir də görüşdük,

Sən həmənki sənsən, mən qocalmışam.

Qəddi-qamət yerindədi büsbütün,

Yenə can alansan, mən qocalmışam.

 

Deyirlər ki, həsrət çəkir o, yenə,

Deyirsən ki, həsrət çəkir, mənə nə!

Çoxları səni bənzədirlər sənəmə,

Doğrudan sənəmsən, mən qocalmışam.

 

Nazla can almağa yüz əməlin var,

Ala gözlərin var, incə belin var.

Şirin-şirin nəğmə deyən dilin var,

Bülbültək ötənsən, mən qocalmışam.

 

SÖYLƏYİB

 

Məhəmməd Quranı vəhy eləyəndə

Diriləri qandırmağa söyləyib.

Böyük Yaradanın kəlamlarını

İnsanlara andırmağa söyləyib.

 

Quran söylənibdi ərəb dilində,

Bir anda yayılıb Şərqin elində.

İnsana köməkdi hər əməlində,

Doğru kəsə dindirməyə söyləyib.

 

Deyib ki, Qurana qulaq asın siz,

Qoy zikriniz olsun gecə və gündüz.

Allah kəlamını dərk eləyin düz,

Şeytanları dondurmağa söyləyib.

 

Gecə-gündüz məşğul olun əməklə,

Deyib sevin Ya bir Allah!- deməklə.

Məhəbbətlə, sədaqətlə, istəklə

Ürəkləri doldurmağa söyləyib.

 

ÇƏKİR

 

Arıçı sözü

 

Çox diqqət etmişəm işlək arıya,

Görmüşəm işində nə zəhmət çəkir.

Çiçəkdən-çiçəyə qonur min kərə,

Bal toplamaq üçün əziyyət çəkir.

 

Neştər işə düşür, çalışır müdam,

Bu işi bacarmaz, nə etsə adam.

Cəhd edib əvvəlcə dadından dadan

Özüm hiss edirəm xoş niyyət çəkir.

 

Elə ki, qış ötüb yetişir sona,

Arılar göz açıb gəlirlər cana.

Özləri cəhd edib düzəldir ana,

Arılar düşməntək ədavət çəkir.

 

Gəzib dolaşırlar yamacı-yalı,

İşdən qayıdanda qalmayır halı,

Artıq işlətməzlər bir qaşıq balı,

Meylini ixraca qənaət çəkir.

 

Qonur gül üstünə, qonur çiçəyə,

Qanadlar yarpağa hey dəyə-dəyə.

Bu sirri nə var ki, arı bilməyə,

Onları şirəyə məhəbbət çəkir.

 

Arılar zəhməti çəkməsə əyər,

Qışda yuvasında acından ölər.

Onlarda hünəri görən tənbəllər

Yəqin öz-özünə xəcalət çəkir.

 

Analar əmr edir, onlar işləyir,

Həm halal qazanır, həm halal yeyir.

Heç kəsə əl açıb minnət etməyir,

Nə bir söz götürür, nə minnət çəkir.

 

Bakı şəhəri,

21.05.2016

 

GƏTİR

 

Qulluqçu Əfsanə xanım süfrəyə xörək gətirəndə duzu ya unudur, ya da qəsdən özü gətirmir

 

Ay Əfsanə, xeyli zəhmət çəkirsən,

Xörəkləri çeşid-çeşid düz, gətir.

Bizi öyrətmisən dadlı yeməyə,

Səhər-səhər ləng tərpənmə, tez gətir.

 

Kuxnamızda çəngəl, bıçaq səslənir,

Elə bil qışqırıb: - Gəlirəm!- deyir.

Yaxşı süfrə üçün ümid bəslənir,

Yoluna dikilib neçə göz, gətir.

 

Təkcə mən deyiləm, çoxdu qonaqlar,

Süfrəmizin təamını dadanlar.

Plov, dolma, bozbaş eylə o ki, var,

Qoy bol olsun, əlli gətir, yüz gətir.

 

Qənbərə tapşırıb, əmr eyləyiblər,

Yeməyini sıyıq eylə deyiblər.

Nə olsun ki, yasaq edib həkimlər,

Sən Allahın, bir azca da duz gətir.

 

30.05.2016

 

SARIDAĞIN ƏTƏYİNDƏ

 

Kəndimiz məskən salmışdı

Sarıdağın ətəyində.

Bəsləyirdi qoyun-quzu,

Varı, dağın ətəyində,

Sarıdağın ətəyində.

 

Gözəl bir guşəsi vardı,

Palıdlığı ilk bahardı,

Səmalara ucalardı,

Görürdük payız ilk qarı,

Sarıdağın ətəyində.

 

Hərdən-hərdən mərc tutardıq,

Atın belinə qalxardıq,

Qoşalaşıb çapışardıq.

Heyran edərdik qızları,

Sarıdağın ətəyində.

 

Bol olardı əzgil, armud,

Seyrək-seyrək bidər xurmud.

Dost-tanışa töhfə də tut.

Barı, dağın ətəyində,

Sarıdağın ətəyində.

 

Sağ tərəflər geniş düzlər,

Novlu bulaq qonaq gözlər,

Çoxdu, çoxdu şux gözəllər.

Xəlq edibdi özü Tanrı,

Sarıdağın ətəyində.

 

İyun, 2016

 

BULUDA

 

Diqqətimi yönəltmişəm

Koma-koma buluda.

Həsrətlə tamaşa edir

Neçə-neçə dağ, buluda.

 

Asta-asta sürür atın,

Qucağında kainatın.

Gəzər göyün yeddi qatın,

Desən hansı çağ, buluda.

 

Çəmən-çiçək bütün günü

Kəsməz heç vaxt ümüdünü.

Mələklər deyər: - Südünü

Torpaq üstə sağ, buluda.

 

2016

 

SARITEL ÇAL

 

Aşıq Mehdiyə

 

Mehdi bala, dəfnimə gəl,

Qəbrim üstə Sarıtel çal.

Bir qədər də bənövşə tap,

Eylə dəstə, Sarıtel çal.

 

Həsrətini çəkdim hər gün,

Dözmək mənə oldu çətin.

Bilirsən ki, dağlar üçün

Oldum xəstə, Sarıtel çal.

 

Bir ağız da zildən oxu,

Kəlmələrdən ilmə toxu.

Şirin olsun sözün çoxu,

Asta-asta Sarıtel çal.

 

Keçər aylar, keçər günlər,

Baharda açılar güllər.

Necə oxusa bülbüllər

O həsrətdə Sarıtel çal.

 

Bədənim ağa bükülsün,

Üstümə torpaq tökülsün,

Bacılarım layla desin,

Sən ahəstə Sarıtel çal.

 

Gömrük xəstəxanası,

Dekabr, 2013

 

AY DUMAN

 

Sığınmısan dərələrin qoynuna,

Külək vursun, bir havalan, ay duman!

Bənövşə-nərgizin ləçəyi üstə

Zəhmət çəkib qoy jalədən pay, duman!

 

Təbiət yaradıb bu ənənəni,

Aşiqisən, çox sevirsən Vətəni.

Qucaqlamaq təpələri, sinəni

Peşən olar payız, duman, yay, duman!

 

Gün içində neçə yurda köçərsən,

Büllur bulaqlardan şərbət içərsən.

Dağların başını binə seçərsən,

Qənbər desin, sən də bir-bir say, duman!

 

2016

 

MƏNZƏRƏ

 

Bu dağları qucaqlayıb,

Duman yenə kəmər-kəmər.

Çöküb güllərin üstünə,

Ləzzətinən şərbət əmər.

 

Küləklər görər işini,

Silər otun göz yaşını.

Günəş qaldırıb başını

Şəfəq saçar səhər-səhər.

 

Şəfəqləri görən zaman

Yavaş-yavaş qalxar duman.

O yandan da gələr çoban,

Altında bir köhlən kəhər.

 

2016

 

PALID

 

Yaşadığım Yevlax rayonunun Kolanı kəndinin qonşuluğunda hazırda Seyid Yusif Ağanın adını daşıyan köhnə Canavarlı kəndinə bitişik sahədə Mehdiqanlı palıdlığı adlanan palıd meşəliyi var. Ora gəzməyə gələndə diqqətimi kollu-koslu, yerə yaypanmış bir cavan palıd ağacı cəlb etdi.

 

Yaşın çox deyildir, diqqət eylədim,

Bəs niyə yaypansan, ay cavan palıd?!

Gedişin astadı, yerişin yavaş,

Göylərə qalxarsan sən haçan, palıd?

Dağlarda palıdı uca görmüşəm,

Həm cavan, həm də ki, qoca görmüşəm.

Doğru söyləyirəm - necə görmüşəm,

Sənə qibtə edər asiman, palıd!

 

Başının üstünü alar buludlar,

Qaydadı: gövdəsin şimşəklər tutar.

Tabı var, dözümü, dəyanəti var,

Verib ildırıma imtahan, palıd.

 

İstərəm ki, qamətini görələr,

Danəndələr qiymətini verələr.

Görün söyləmirəm ta nələr, nələr,

Qənbərin dostusan hər zaman, palıd!

 

2016

 

KÖLGƏN ÇOX MÜBARƏK, AY AĞCAQAYIN

 

Kölgən çox mübarək, ay ağcaqayın,

Meşə ətəyində, kəndin üstündə.

Bitib, pərvazlanıb bir ağcaqayın,

Hər buradan ötüb, burdan keçəndə

Tamaşa etməyə ayaq saxlayın.

 

Yaşı yəqin olar əsrdən artıq,

Xeyli gövdəlidi, xeyli budaqlı.

Bu gün kölgəsində biz qonaq olduq,

Elə xəlq edilib enli yarpaqlı.

 

Ətrafında çoxlu meyvə əkiblər,

Almalar, armudlar, gilaslar da var.

Əkənlər tər töküb, zəhmət çəkiblər,

Amma bu ağaca ayrı baxıblar.

 

Dibi səliqəli düzəldilibdir,

Rahat kreslolar, stullar da var.

Bu gün də bir xeyli qonaq gəlibdir,

Ətrafa səs salır dəcəl uşaqlar.

 

Biz də qonaq kimi gəlmişik bu gün,

Var olsun bizləri dəvət edənlər.

Artır qayğıları, artır büsbütün,

Yaxşı xidmət edir qulluq edənlər.

 

Ömrün bir gününü xoş yola saldıq,

Unudulmaz heç vaxt bu haqqı-sayın.

Bu istirahətdən çox razı qaldıq,

Kölgən çox mübarək, ay ağcaqayın!

Quba rayonu, Qəçreş kəndi.

06.07.2016

 

OĞUL VAR

 

Ata-ana gülər oğul olanda,

O qul olar oda-ocağa qurban.

Oğul var, aləmə nurlu çıraqdı,

Mən olum o nurlu çırağa qurban.

 

Oğul cəsarətdi, oğul hünərdi,

Oğullar vətənə çox fəda verdi.

Oğul var, danəndə, həm dilavərdi,

El!- deyər, o dilə-dodağa qurban.

 

Oğul var, vurmaqdı işi, adəti,

Tərgitməz heç vədə, etmə minnəti.

Oğul var, şöhrəti, adı, hörməti,

Eyləyir bir qarın arağa qurban.

 

QALIB

 

İndi başa düşdün - çox gec də olsa,

Məni dindirməyə həvəsin qalıb.

Amma söyləyim ki, qulaqlarımda

Əmr edib dediyin: Get!- səsin qalıb.

 

Sözün düz olmalı könül evində,

Ağdam şəhərində, Şelli kəndində-

Söhbət eləyəndə tutun dibində

Üzümə toxunan nəfəsin qalıb.

 

Ömür günəş kimi dağdan aşəbdı,

Qəm-kədər səninlə qucaqlaşıbdı.

Bilirəm ki, hamı uzaqlaşıbdı,

Nə bir kimin qalıb, nə kəsin qalıb.

 

Avqust, 2016

Qənbər ŞƏMŞİROĞLU

525-ci qəzet.- 2016.- 3 sentyabr.- S.18-19.