Ədəbiyyatımızda üç cərəyanın yaradıcısı

 

YAXUD ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEVİN ATDIĞI "BOMBA"

 

 

 

(Əvvəli ötən sayımızda)

 

Çox sadə bir hadisədən danışan "Mirzə Səfər" hekayəsinin başlıca qayəsini "tənqid" bugünəcən açmayıb.

 

Şairliyi kulta çevirən xalqın səmasında amansız bir kabus dolaşır: "Şairlik" kabusu! Anadan "şair" doğulanların baxışları yuxarıdadır. Cənablar, bəs aşağıdan xəbəriniz varmı? "Darvazamızı fələk vurubdu"dan sonra gələn misra Ata ədəbiyyatımızın ən ağrılı qınağıdır: "Səntək bişüuru mənə veribdi".

 

Diqqət: Mirzə Səfər "faciəsi"nin magik qatında başındakı şairlik havası durmurmu?!" Mirzə Səfər eşitmişdi ki, şeir yazmaq üçün iki vasitə lazımdır: xəlvət otaq bir şüşə şərab. Şərab içdikdən sonra təb açılıb, şeir öz-özünə su kimi axacaqdır. Qafiyə tapmaqda çətinliyə uğradıqda iki dəfə qeyzlə təpiyini yerə çırparsan, o saat qafiyə öz-özünə tapılar.

 

Mirzə Səfər bir şüşə qırmızı şərab alıb gəldi evə. Mirzəyə demişdilər ki, şərab, əlbəttə, gərək qırmızı olsun ki, yarın dodaqlarına oxşasın. Şərabı masanın üstünə qoyub, papağı bir tərəfə, çuxanı o biri tərəfə atıb, yaxasını açıb, başının tüklərini pırtlaşdırıb, özünə bir laübali sifət verib aynaya baxdı dedi:

 

 - Afərin, Səfər, indi xalis şairsən!

 

Şərabdan bir stəkan töküb içəndən sonra gördü gözləri qızarıb, daha şairliyinə şəkk ola bilməzdi".

 

Baxın, faciə elə budur!Sözə, şeirə, şairliyə bu tövr kərkinən başqa bir xalqın nümayəndəsinə rast gəldinizmi?!

 

Mirzənin saatsaz Zeynalla dostluğunun təməlində şeir durur. Onlar demək olar ki, şeirlə danışırlar. Müəllif şeiri hekayənin sonunacan "diri" saxlayır.

 

Mirzə Səfər uçurumun lap kənarındadır. Çünki "darvazımızı fələk vurubdu"ya qafiyə axtaran bir xalqın övladıdır. Əslində şeir, başındakı şeir havası onu meyitə çevirib - Həsən ağanın qohumuna kobudluq etdiyinə görə o, artıq ölüdü. Dostu usta Zeynal xilasedici mələkdir. O olmaya da bilərdi. Bir anlıq Usta Zeynalı hekayədən kənarlaşdırsaq, hər şey alt-üst olar. Haqverdiyevin özü təmizliyin, saflığın tərəfindədir. Ona görə usta Zeynalı - Sanço Pançonu öz Don Kixotuna yardımçı yollayır... Fəqət yazıçının alt şüuru üsyan edir: Qafiyə axtarışına çıxan xalqın "darvazasını fələk vurubdu!!!"

 

Aradan illər keçdi, bizi "şair xalq" elədilər, ayaqlarımız üzüldü yerdən. Bu da Eqo-nun başqa bir şəklidir.Bugün Azərbaycan şeirindən havaya bülənd olan sızıltı, ah-nalə şivənlər eşidilərkən acı-acı gülümsəməkdən savayı əlimizdən bir şey gəlmir:

 

Darvazamızı fələk vurubdu!!!

 

"Çeşmək" Haqverdiyevin ən "primitiv" hekayələrindən biridir. Di gəl ədəbi tənqid onun aydınlığında bugünəcən batıb. "Çeşmək" fərdin toplumdan təcrid olunaraq yalqızlaşması, tənhalaşması yollarından birini qabardır - bu, çox rahat başa gələn bir prosesdir, hər hansı bir zarafatı "gülzari-cəmiyyət"ə gerçəklik kimi təqdim elə qal "kənarda". Günlərin bir günü eşidərsən ki, hədəfə aldığın fərd çərləyib öldü. Abırlı, ləyaqətli insanları öldürməyin ən gözəl yollarından biri budur. Olayın bu məqamında ideya bəşəri məna kəsb edir.

 

Yazıçı bəni-insana sərt mesaj verir: İnsanı istər zarafatla, istərsə başqa niyyətlə qarabaqara izləmək olmaz! Bu, təkadamlıq kamerada monoton bir damcı ilə məhbusun axırına çıxmağa bənzəyir. Hekayədəki dil manevrləri oyun əlvanlığı möhtəşəmdir. Zənnimizcə, bugünkü nəsrimizdə bunlar çatışmır. - "Çeşməy"in bizə yolladığı sonuncu mesaj: Əhməd bəy öldü, ehtiyatlı olun, onu ölümə aparan yollar ölməyib!!!

 

Gəlib çıxdıq "bir az sonra"ya saxladığım fikrin üstünə: Ədəbi "tənqid"in ədəbli rüsvayçılığına - Haqverdiyevin satirik yazıçı kimi təqdim edilməsinə.

 

Əbdürrəhim bəy Haqverdiyev Sovet dönəmində, qırmızı terrorun tüğyan elədiyi bir zamanda - 1927-ci ildə öz hekayələrini "Marallarım" adı ilə kitab halında çap etdirdi. Elə çıxırdı ki, "marallar" köhnə dünyada qalıb. Yeni dünyada maral?! Guya tiplər onun tənqid hədəfləridir. bu hekayələr satirik hekayələrdir.

 

Absurddur!

 

Sonrakı dönəmlərdə də "tənqidçi"lərin bunları satirik-yumorlu hekayələr kimi təqdim eləmələri təəssüf doğurur. Beləcə, realist-demokratik ədəbiyyatın görkəmli nümayəndəsi kimi qələmə verilən yazıçının zəngin ədəbi irsinə birtərəfli yanaşılmış, onun ədəbi irsi rusdünya ədəbiyyatı kontekstindən ayrı təhlil olunmuşdur. Reallıq budur ki, o, realist-demokratik ədəbiyyat qəlibinə sığmayan, dünya nəsrinin ən avanqard meyillərini nəsrimizə gətirən və bunun fonunda Qərblə Şərq ədəbiyyatının sintezini ortaya qoyan ilk görkəmli sənətkarlarımızdandır.

 

Kiçik olmayan bir haşiyə:Qəribə bir halla rastlaşırıq: "Tənqidçi"lər öz klassiklərimizə və çağdaşlarımıza doğru-dürüst qiymət vermək əvəzinə, Kafkadan, Kamyudan, Coysdans. danışırlar. Bu bilirsən nəyə bənzəyir, evin içini çöldən rəngləməyə! Neynək, qoy danışsınlar. Amma bütöv mətni ələk-vələk edib "tənqidçi"nin məhz öz fikirlərini görmək istəyirsən, arzun qalır gözündə. Lənət olsun bu cür intellektual görünməyə! Bizə belə öyrədiblər və bu cürgörmüşük: Araşdırmaçı, tutaq ki, Sartr haqda dünya çapında olan fikirləri qoyur ortayasonra özününküləri. Və seçimi buraxır oxucunun ixtiyarına. Borxes də belə edib, xüsusən, Nabokov da. Bəs bunlaredir? Nə qədər başqalarının fikirlərini öz fikirləriniz kimi mətnə dürtüşdürərsiniz? Yorulmadınız?!

 

Bomba effektli "Bomba"...

 

Görün, ədəbi "tənqid" nə ilə məşğul olub: "Kərbəlayı Zal satirik, yoxsa yumoristik obrazdır?"

 

Ürəyinizi buz kimi saxlayın, hörmətli cənablar, Kərbəlayı Zal nə ondandır, nə bundan. O, dünyanın ən faciəvi obrazlarından biridir. Məhz bu yerdə ədəbi paralelin qaçılmaz olduğunu görüb deyirəm: Hökumət qulluğunun son dadını çıxarmağa hazırlaşan Kərbəlayı Zal məşhur İtaliya yazıçısı Dino Buzzatinin "Tatar çölü" romanının qəhrəmanı Doroqo ilə müqayisə oluna bilər. Söhbət ideya müqayisəsindən gedir. Doroqo da gözləyir, Kərbəlayı Zal da.

 

Hamımızın həyatında gözləntilərimizin əksi düşdüyü bir səmt, reallıqda isə mövcud olmayan xəyali bir ilğım məkanı - Tatar çölü vardır. Biz ümidliümidsiz çağlarımızda oradan nəyinsə bizə tərəf gələcəyinə inanırıq. Oradan düşmən də gələ bilər, dost da. Kim gəlirsə gəlsin, təki gəlsin...

 

Kərbəlayı Zal gözünü o Tatar çölünə dikib. Oradan cəmi-cümlətani bir-iki ilqopub gəlsə, dövlət qulluğundakı iyirmi beş ildən artıq bir müddət tamamlanar və pensiyası gəlib çıxacaq. Ona görə də xüsusi bir cəngavər nəvazişi ilə deyir: "Arvad, sən hökumətin ləzzətini anlamırsan..."

 

Hökumətin ləzzəti...

 

Mənə qalsa, hekayənin ikinci adını "Hökumətin ləzzəti" qoyardım. Bu ləzzətin şirinliyinə söz ola bilməz. Amma hərdən (Və ya çox vaxt!) bomba kimi partlamağı da vardır. Hekayədəki ideya həmişə dipdiridir. Bugüngözünü Tatar çölünə dikən nə qədər istedadlı dostlarımız vardır... Onlar da Kərbəlayı Zal kimi pensiya vaxtlarının gəlməsini gözləyirlər. Sonrakı mərhələ isə məlumdur: Oturub hökumət qulluğu ləzzətinin dadını çıxaracaqlar...

 

Həm də bu müddətin sonları qəribə qorxularla müşayiət olunur: "Olmaz belə, olar elə" ilə. Və bu qara-qura fikirlərin qaramatı altında heç kəs zəmanət verə bilməz ki, günlərin bir günü onların da gözlərinə nəsə görünməsin...

 

Özü də hökumət qulluğunda çalışan Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan bədii-fəlsəfi, sosial-siyasi fikir tarixinə elə bir ideya bombası atıb ki, bugünəcən nə onu zərərsizləşdirmək, nə də biryolluq partladıb ədəbi əraziləri"təmizləmək" mümkündür.

 

Əlqərəz, Əbdürrəhim bəy Haqverdiyev ideyalar dahisidir!

 

"Böyük" bir haşiyə: Klassiklərimizə münasibət budur. Ədəbi "tənqid" də ağzına su alıb durur. Ya da özünü belə göstərir. Dünya Düma ilə Coys arasındadır. Biz isə hələ də Vaqiflə Zakir arasındayıq...

 

 

Mehman QARAXANOĞLU

525-ci qəzet.- 2016.- 6 sentyabr.- S.4.