Şanlı tarix, uğurlu gün, möhtəşəm
hadisə: 945 il öncənin Malazgirt döyüşü
Türk tarixi digər millətlərə örnək
olacaq zəfərlərlə zəngindir. İlk
türk dövlətlərindən başlayaraq bu
günümüzə qədər türklər bir çox zəfərlər
qazanıb. Ancaq bu qələbələrin
içərisində elələri var ki, daha böyük əhəmiyyətə
malikdir.
1071-ci il avqustun 26-da baş verən Malazgirt
savaşında əldə olunan qələbə isə tək
türk tarixində deyil, ümumilikdə dünya tarixində əsaslı
dəyişikliyə səbəb olub. Səlcuqlular
və Bizans arasında baş verən savaşda qalib gələn
Səlcuqlu hökmdarı Alp Arslan türklərin Anadoluya
yolunu açıb. Oxun gücünün, ağır
zirehlərin isə mənfi rolunun bir daha ortaya
çıxdığı döyüşün ən
böyük xüsusiyyəti "Turan taktikası"nın müvəffəqiyyətlə tətbiq
olunaraq, sayca üstün orduya qarşı zəfər
qazanılmasıdır. Tarix elmləri namizədi,
dosent Eldəniz Məmmədovun "Səlcuqlular"
kitabı bu barədə bilgilərin yer aldığı dəyərli
bir nəşrdir və biz də bu yazıda əsasən həmin
kitaba istinad etmişik.
Döyüş
ərəfəsində tərəflərin vəziyyəti
Qəznəvi dövlətinin varlığına son
qoyaraq torpaqlarına və səltənətinə sahib olan Səlcuqlu
dövləti zamanla Ön Asiyanın hakim dövlətinə
çevrilərək Bizansla qonşu dövlət halına gəlmişdi. Bizans siyasi
olaraq Anadolu torpaqlarına sahib olsada bu torpaqları mədəni
cəhətdən öz əhatəsinə ala bilməmişdi.
Bunun səbəblərindən biri də
bölgənin getdikcə islamlaşması idi. Səlcuqlular isə həm islamın yayılması
ilə, həm də əlverişli təbii şəraitinə
görə Bizansı hədəf seçmişdilər.
Şərq sərhədlərində ortaya
çıxan və getdikcə artan Türk-İslam təhlükəsi
Bizansı qorxuya salmışdı. Səlcuqluların
Bizans sərhədlərinə hücumlarında
yaşayış məntəqələrinə ziyan
vurmaması, istilaya girişməməsi Bizans əsarəti
altında olan xalqlarda da ona qarşı rəğbət
yaradırdı.
Səlcuqlular yalnız müdafiə qalalarını və
hərbi obyektləri hədəf alırdılar. Səlcuqlular
Anadoluya doğru irəliləyərkən Bizans siyasi hərci-mərcilik
içərisindəydi. İmperatriçə
Eydoksiya ölkəni idarə etməkdə çətinlik
çəkirdi. O, türklərin hücumunun
qarşısını ala biləcək bir şəxsə ərə
gedəcəyini və taxt-tacı ona verəcəyini bildirdi. Bu təklifi qəbul edən sərkərdə Roman
Diogen 1068-ci ildə Bizansın imperatoru elan edildi. O,
imperiyanın bütün qüvvələrini səfərbərliyə
aldı.
Həmin ərəfədə Səlcuqlular Anadolunun
içərilərinə doğru səfərlərini
artırmış, Ege və hətta Mərmərəyə qədər
gəlmişdilər. Roman Diogen hakimiyyətə gəldikdən
sonra Səlcuqlu axınlarının qarşısını
almaqdan ötrü əks hücumlar təşkil edirdi. Səlcuqluların əlinə keçən Kars,
Kayseri, Pozantı kimi qalaları geri ala bildi. Bu qalaların itirilməsinə Səlcuqluların
daxildə ölkə üçün təhdidə
çevrilən Şiə-Fatimilərlə mübarizə
aparması səbəb olmuşdu. Roman Diogen isə
Böyük Şərq səfəri üçün uzun
zamandır davam etdirdiyi hazırlıqları
yekunlaşdırıb, imperatorluq əsgərləri ilə
yanaşı Frank, Norman, Slav, Erməni, Gürcü, Abaza,
Kürt və Peçeneklərdən təşkil etdiyi 70
minlik muzdlu ordu ilə Səlcuqluların üzərinə səfərə
çıxmışdı. Roman Diogen bu səfəri türk
təhdidindən qurtulmaq üçün başlasada ordunun
gücünə arxalanaraq bütün islam
dövlətlərini hədəf seçdi. Artıq
məqsədi sadəcə türklər deyil şərq
ölkələri olan Diogen hətta bu ölkələrdə
mövcud olan şəhərlərin idarəsini belə
ayrı-ayrı sərkərdələri arasında
bölmüşdü. Səlcuqlu
Sultanı Alparslan Diogenin hücuma keçdiyi xəbərini
aldıqdan sonra Misir səfərindən geri dönməyə
məcbur oldu. Alparslan cəsusları vasitəsilə
ordusu ilə Reyə çəkildiyi xəbərini yaydı, əslində
isə Muşa çəkilib savaş hazırlıqlarına
başladı. Bizans ordusu Alparslanın
planladığı kimi Səlcuqlu ordusuyla Rey şəhərində
qarşılaşacağını düşünərək
səfər istiqamətini dəyişmişdi.
Orduların
gücü
Bizans ordusu muzdlu əsgərlərlə birlikdə 70 min
idi. Bizans tərəfi Malazgirtin şimalında yerləşmişdi.
Səlcuqlu ordusu isə sadəcə 40 min əsgərdən
ibarət idi. Diqqəti cəlb edən digər hadisə
isə Bizans ordusunun bu səfərə üç il boyunca hazırlaşmasıydı. Səlcuqlular isə Misir səfərindən geri
dönüb mövcud orduyla Muşa gəlmişdi. Səlcuqlu ordusunun Bizans ordusunun yarısı qədər
olması Bizans hökumdarı Roman Diogenin qələbəyə
inamını artırırdı. Bizans
ordusunun mərkəzində Roman Diogen, sağda Anadolu ordusunun
komandanı Mixail Attalikpiates, solda isə Rumeli ordusunun
komandanı Nikefor Bryennes idi. Bizans ordusu
güclü hücum edərək Səlcuqluların üzərində
qəti qələbə qazanmaq istəyirdi. Sultan Arparslanın ordusu isə aypara şəklində
düzülmüşdü. Süvarilər
qanadlarda, mərkəz güclər isə ortada və geridə
idi. Hücum reallaşdığı zaman
mərkəz qüvvələr yavaş-yavaş geri çəkiləcək,
at üstündə ox atan süvarilər düşmənin
yan və arxa xətlərinə hücum edərək Roma
ordusunu tədricən zəif salacaqdı. Bu
taktikayla düşmən ordusu öz qərargahlarından
uzaqlaşacaq, dominant qitələri düşmənin ən zəif
olduğu arxa xəttinə hücum edərək müharibə
planlarını pozacaq və geri çəkilən
assosiasiyaların irəli atılması "Turan Taktikası"
kimi tanınan strategiyadan istifadə edərək düşməni
məhv edəcəkdi.
Hər iki tərəfdə də bütün
hazırlıqlar tamamlanmışdı. Alparslan, din alimlərinin də
məsləhətilə döyüşü cümə
günü avqustun 26-da keçirməyə qərar verdi. Səlcuqlu Sultanı ordusu ilə birlikdə
namaz qıldı və dua etdi:
"Ya Rəbbi! Sənə təvəkkül edir, əzəmətin
qarşısında üzümü yerə sürtür və
sənin yolunda cihad edirəm. Ya Rəbbi! Niyyətim
xalisdir. Mənə yardım et;
Sözlərimdə xilaf varsa məni qəhr et".
Və sonra əsgərlərinə dönərək möhtəşəm nitq söyləyib:
"Burada Allahdan başqa bir sultan yoxdur. Əmr və
tale onun əlindədir. Bu səbəblə
mənimlə birlikdə cihad etməkdə və ya məndən
ayrılmaqda sərbəstsiniz".
Səlcuqlu ordusu, sədaqət sədaları ilə
Sultan Alparslana bağlılıqlarını
çığırdılar. Sultan Alparslan, ağ
kəfən paltarını geyinərək atının
quyruğunu bağladı və əlinə çat silahı
olan toppuzu götürüb əsgərlərinə belə
xitab etdi:
"Əsgərlərim! Şəhid olsam bu ağ
paltar kəfənim olsun. O zaman ruhum göylərə
çıxacaqdır. Məndən sonra
oğlum Məlikşahı taxta çıxarın və ona
bağlı qalın. Qələbə
qazana bilsək, istiqbal bizimdir".
Alparslan Turan taktikasını fövqəladə şəkildə
həyata keçirməyə başladı. Aypara şəklində
düzülən Səlcuqlu ordusu düşmən üzərinə
hücum edib ilk zərbələri etdikdən sonra
yavaş-yavaş geri çəkilərək geridə ox atan
süvarilərin ox atəşi ilə Roma ordusuna ağır
zərbələr vurdular.
Səlcuqlu ordusunun ilk addımdan sonra geri çəkilməsini
uğursuzluq kimi görən Roman Diogen, geri çəkilən
Səlcuqluların arxasınca irəliləməyə
başlamışdı. Bu zaman Sultan Alparslanın tətbiq etdiyi
Turan taktikasının fərqinə varan Bizans ordusu geri
çəkilmək məcburiyyətində qaldı. Savaş Diogenin planlaşdırdığı kimi
getmirdi. Üstəlik, müharibə meydanında
Türklərin toppuz və ox atəşlərindən əziyyət
çəkən Bizans əsgərləri təslim olmağa
can atırdılar.
Malazgirt Savaşından ağır bir məğlubiyyətlə
çıxan imperator Diogen sonralar əsir düşərək
Sultan Alparslanın hüzuruna gətiriləndə
utancından başını belə qaldıra bilmirdi. Diogen, savaş öncəsi
türkləri məğlub edəcəyindən əmin
olduğunu açıq etiraf etmişdi
Sultan
Alparslan Diogenə: "Əgər zəfər sizin
olsaydı, mənə nə edəcəkdiniz?" - sualı ilə müraciət edir. Diogen, açıq danışmayaraq öldürdərdim
deməyib. "Qamçıladardım"
cavabını verib.
Alparslanın
" Mənim sizə nə edəcəyimi
düşünürsünüz?" - sualına
isə Diogen: "Böyük ehtimalla öldürdərdiniz və
yaxud İslam ölkələrindən birisinə əsir
göndərərdiniz, mümkün görmürəm, amma bəlkə
də bağışlayardınız" - deyə cavab verib.
Sultan Alparslan məğlub olmuş imperatoru
bağışladı və düşmən
üçün ağır şərtlərlə bir
andlaşma imzaladı. Roman Diogen
bağışlanmasının ardından ölkəsinə
qayıtdı və təhqirlərə məruz qalaraq
öldürüldü.
Malazgirtdə
qələbənin əhəmiyyəti
Zəfərdən sonra Anadolu türklər
üçün yeni bir vətən oldu. Bu qələbə
bütün Anadoluda türklərin irəliləməsi
üçün yolunu açdı. Türklərin
tarix boyu qazandığı saysız-hesabsız meydan
müharibələrindən heç biri gələcəklərinə
bu dərəcə təsir etməyib. Türk
tarixində Malazgirtdən sonra ən mühüm hadisə
İstanbulun fəthidir. Məhz bu qələbələrdən
sonra Türkiyə dövləti qurulacaq və Osmanlı
çağında, bu cahan dövləti tarixin ən
böyük siyasi təşkilatı halına gələcəkdi.
Böyük qələbənin Türk və
İslam aləmindəki əks-sədaları də
böyük olmuşdur. Malazgirt
Alparslanın adını İslam Fatehləri dərəcəsinə
qaldıraraq əbədiləşdirmişdi. Bu böyük sərkərdə bu gün də
böyük ehtiramla anılır. Səlib
yürüşlərinin yaranmasında başlıca amil olan
bu qələbənin Avropa mədəniyyətinin də
inkişafında böyük payı vardır. Həqiqətən, Anadolunun fəthinə
qarşı, Avropada savadsızlıq və yoxsulluğun
doğurduğu Səlib yürüşləri əsrlər
boyu davam etmiş, müsəlman türklər
qarşısında xristian Avropa daim məğlub olmuşdu.
Amma bu müharibə və yürüşlər
sayəsində, Avropa, Şərq Dünyası ilə
münasibətlərini inkişaf etdirmiş və İslam mədəniyyətinin
elm, mədəniyyət və sərvətini Qərbə
daşımışdı. Malazgirt qələbəsindən
əvvəl, İslam Dünyası siyasi baxımından
böyük bir qarışıqlıq vəziyyətinə
düşmüşdü. Xüsusilə
Abbasilərin son zamanlarında ortaya çıxan
dağıdıcı cərəyanlar, Sünni-Şiə
müharibələri, İslam Dünyası üçün
böyük təhlükə yaradırdı. Malazgirt Qələbəsindən sonra, türklər
bu anarxiya dövrünə son verərək
Əfqanıstandan, Aralıq Dənizi sahillərinə və
Misir sərhədlərinə qədər uzanan ərazidə
tək hakimiyyətli və intizamlı bir dövlət
qurdular. Bu isə Şərq ilə Qərb
arasında İpək Yolunun yenidən canlanmasına səbəb
oldu.
Ramil
HİKMƏT
525-ci qəzet.- 2016.- 7 sentyabr.- S.6.