XX əsrin ilk yarısındakı ədəbi-mədəni prosesdə roman faktoru

 

VƏ YA AZƏRBAYCANDA ROMANÇILIQ ƏNƏNƏSİNİN FORMALAŞMA DÖVRÜNƏ MÜASİR BAXIŞ

"Görkəmli tənqidçi Yaşar Qarayev yazırdı ki, roman hər şeydən əvvəl böyük, epik lövhələr janrıdır. Dövrü, epoxanı təsvir etmək üçün ən əhatəli imkanlı formadır. Oçerk, hekayə yaxud povest həyatın nisbətən kiçik bir parçasını təsvir edir, roman isə ən böyük parçasını. O, həyatı cəmiyyət tarixini vəhdət bütövlükdə mənalandıra bilir. Hər şeyi ən geniş səpkidə təsvir etmək hüququ hamıdan çox romana məxsusdur...

 

Təbii ki, Azərbaycan ədəbiyyatının son dövrünü nəzərə alsaq, roman janrının özündə müəyyən dəyişikliklər baş verib. Fikrimcə, ilk Azərbaycan romanı 1887-ci ildə Zeynəlabdin Marağayinin fars dilində qələmə aldığı "İbrahim bəyin səyahətnaməsi" əsəridir. Bundan sonra Sovet dövrünə qədər yazılan əsərlər Azərbaycan romanının birinci mərhələsini təşkil edir. Bu mərhələ Azərbaycan ədəbiyyatında yeni bir janrın doğuluşu dövrü adlana bilər. 20-ci illərə qədər təxminən 30-a yaxın roman yarandı (Sultan Məcid Qənizadənin "Məktubati-Şeyda bəy Şirvani", Nəriman Nərimanovun "Bahadır Sona", Abdulla Şaiqin "Əsrimizin qəhrəmanları", Məmməd Səid Ordubadinin "Bədbəxt milyonçu" sair). Artıq Azərbaycan oxucusunun mütaliə dairəsi genişləndi yeni bir janrla tanış oldu. Amma bu romanların çoxu kiçik romanlar idi. İndinin meyarları ilə baxanda onlara ancaq böyük hekayə demək mümkündür. Bu romanlar əsasən iki xətlə birləşirdi: maarifçilik macəra romanları. 20-ci ildən 30-cu ilə qədər romanın sükut dövrü oldu. Yeni quruluş meydana gəldi, şura inqilabı baş verdi, Sovet hakimiyyəti yarandı. Bolşevik ideologiyası cəmiyyətə nüfuz etdi. 30-cu illərdən isə Azərbaycan romanının ikinci mərhələsi başlanır..." Tənqidçi Vaqif Yusiflidən sitat gətirdiyimiz bu fikirlərdə nəzərdə tutulan mərhələ - Azərbaycan ədəbiyyatında roman dövrü kimi yadda qalan 1930-cu illər nəsrinə kiçik bir ekskursiya etməyi düşündük. Aydındır ki, Azərbaycanda romançılığın formalaşması, roman ənənəsinin yaranması bu janrın inkişafı, hazırkı durumu heç təsadüflərin nəticəsi deyil. Bu prosesi öyrənmək üçün tənqidçilərimizə - Vaqif Yusifli, Rüstəm Kamal Elnarə Akimovaya müraciət etdik.

 

30-cu illərin roman axını

 

Rüstəm Kamal həmin dövrü bu cür səciyyələndirir: "Əvvəla 30-cu illər kollektivləşmə kolxozların, məktəblərin yaradıldığı bir dövrdür. 30-cu illərdə ölkədə iqtisadi-mədəni islahatlar keçirilirdi. Yeni epoxa başlayırdı. Sovet formasiyası insanların dünyagörüşünə dəyişkənlik gətirirdi. Bu ədəbiyyatdan yeni miqyas tələb edirdi. Bir yandan qaçaqlara, əksinqilabçılara qolçomaqlara qarşı sinfi mübarizə güclənmişdi, bir yandan da kollektivləşmə ailədə, toplumda yeni kommunikativ-sosial münasibətlərin yaranmasını şərtləndirirdi. Hadisələrin belə epik miqyas alması istər-istəməz roman tələb edirdi. Buna görə 30-cu illərdə romanların yazılması dövrün sosial siyasi tələbatı idi. İlk irihəcmli əsərlər yaranırdı, amma bəziləri roman yox, povest səviyyəsində idi. Misal üçün, Mehdi Hüseynin "Daşqın", "Kin" povestləri. Yaxud da Çəmənzəminlinin "Qızlar bulağı" həm süjetinə, həm personajlarının sayına görə, elə həcmcə yığcamdır. Yəni ki, 30-cu illəri roman dövründən çox, irihəcmli epik əsərlərin fəal gündəmə gəlməsi adlandırmaq olar".

 

Vaqif Yusifli siyasi durumun ədəbiyyata təsirini belə vurğulayır: "Ədəbiyyatşünaslıqda bəzən Azərbaycan romanının doğuluşunu 30-cu illərdən hesablayırlar. Amma əslində ona qədər müəyyən təcrübə var idi. Mən sırf 30-cu illəri götürməzdim. 1930-50-ci illər Azərbaycan romanının ikinci mərhələsi adlanır. Yeni quruluş yaranmışdı bu quruluşda proletar ideyası hökm-fərma idi. Kommunist partiyasının 1925-ci ildə "Ədəbi- bədii siyasət haqqında", 1932-ci ildə isə "Ədəbi-bədii təşkilatların yaranması haqqında" qətnamələri qəbul olundu. 1934-cü ildə SSRİ Yazıçılar İttifaqının Birinci Qurultay"ı keçirildi qurultayda Maksim Qorki həmin ədəbiyyat üçün "Sosialist realizm" yaradıcılıq metodunu elan etdi. Əslində bu yaradıcılıq metodunun bəyannaməsi Leninin 1905-ci ildə yazdığı məqalədə əks olunmuşdu. Proletar ədəbiyyatı fəhlə sinfinin həyatını, inqilabi epoxanı proletariat diktaturasını əks etdirməli, ədəbiyyat proletariat işinin bir təkərciyi vintciyi olmalı idi. Yeni nəsil - gənc yazıçılar yaranmışdı ki, onları Sovet ədəbiyyatının baniləri adlandırırlar: Məmməd Səid Ordubadi, Yusif Vəzir Çəmənzəminli, Süleyman Rəhimov, Mir Cəlal, Mehdi Hüseyn, Əli Vəliyev... Beləliklə, Azərbaycan Sovet nəsrinin epik qanadı yarandı. Biz bugünki şüurumuzla o dövrə yanaşanda bəzən səhvlər axtarırıq. Bu yanlışdır. Yəni, həmin dövrdə ictimai-siyasi tarix necə olubsa, ədəbiyyat da o cür inkişaf edib".

 

Elnarə Akimova hesab edir ki, o dövr romanın yazılmasını zərurətə çevirmişdi: "Ədəbiyyatın inkişaf stixiyası ona qədər elə gəlişdi ki, milli nəsr başqa mərhələyə və keyfiyyət müstəvisinə adlamalıydı. Çünki meydanda ən azı, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev prozasının gücü, təcrübəsi vardı. Hətta 20-ci illərdə də bu təcrübə diri idi. Amma zamanın dəngəsi pozuldu, sistem dəyişildi və Sovet varlığını təcəssüm etdirmək, dövrün epoxal hadisələrinə yeni münasibətin bədii həllini vermək roman janrına müraciəti zəruri etdi. Odur ki, bu dövrdə yazılmış romanlar daha çox sosialist ideologiyasının ədəbiyyat qarşısına qoyduğu tələblərə adekvat olaraq meydana çıxdı. Yazıçılar xalq həyatını, inqilabi səciyyəni, yeni quruculuq məsələlərini önəmsəməyə girişdilər. Əslində, məhz bu dönəmdə milli təfəkkür roman yazmağa hazır görünürdü. Çünki XX əsrin əvvəllərində başlanan maarifçi hərəkat, formalaşan milli ədəbiyyat, milli düşüncə, milli məfkurə daha çox poeziyadramaturgiya müstəvisində reallaşmışdı. Bunun roman təzahürü də gerçəkləşə bilərdi. Amma o şəkildə ki, aprel inqilabı hərəkata keçdi, bu əhvalda milli estetik tələbləri ödəyən nəsrin yaranması reallığı əlçatan deyildi. 30-cu illər romançılığı isə sadəcə, partiyanın tələbi və göstərişi əsasında hasilə gəlmişdi. Çünki yazıçıdan inqilabi yüksəlişin yüksək tərənnümü tələb olunurduonlar bunların hamısının realizəsini "inqilab qatarına əyləşib" həcmli epik əsərlər vasitəsilə gerçəkləşdirməkdə gördülər. Zamanın tələbi yazıçıları necə sarmışdısa, hamı roman yazmağa girişmiş, belə deyək, hər gördüyünü təsvirə çəkib rejimin hədəfinə tuş olmamağı düşünmüşdülər. Belə olmasaydı, 1948-ci ildə "Azərbaycan Sovet ədəbiyyatının yaradıcılıq problemləri"ni Mehdi Hüseyn yazmazdı. Mütləq hadisələrin sonunu gözləməli, hadisənin sonunu görməli, hər şey axır nöqtəyə çatdıqdan sonra əsər yazmalı və yalnız bu yolla uzun zaman yaşayan bədii lövhələr yaradılmalıdır. Amma necə gözləyə bilərdilər ki, geridə "cığırdaşlıq" damğasının xofu, irəlidə repressiya dalğasının vahiməsi dururdu. Yazıçılara bircə imkan, bircə yol qalırdı: partiyanın göstərişlərinin keşiyində ayıq-sayıq dayanmalarını sübut etmək. Beləcə, 30-cu illərdə inqilabiləşmiş şüurla milli təfəkkür, milli gerçəklik arasında uçurum yarandı".

 

Rüstəm Kamal "sosialist realizmi" dövründə yaranan əsərlərin tarixin xaricində qaldığı ilə razılaşmır: "O dövrdə yaşayan yazıçıların heç də hamısı sosrealizm prinsipinə əməl etmirdi. Misal üçün, Mixail Şoloxovun, Andrey Platonovun, Boris Pasternakın, Əbdürrəhim bəy Haqverdiyevin, Hüseyn Cavidin sosrealizmə nə qədər dəxli var? Rus poeziyasında Marina Svatayevanın, Anna Axmatovanın, Azərbaycan poeziyasında Səməd Vurğunun, Rəsul Rzanın yazdığı şeirlər də fərqli məzmunda idi. Mixail Bulqakov da Sovet dövründə "Master və Marqarita"nı yazıb. Bəli, hakim estetik sistem sosializm idi. Hətta mən deyərdim ki, bəzi yazıçılar sosrealizmin, ədəbiyyatın partiyalılığının nə olduğunu axıracan bilmədilər. Ancaq rejimin siyasətinə uyğun yaradıcılıq yazıçılardan tələb olunurdu. Heç şübhəsiz, konfliktsiz süjetlər, qrafoman mətnlər də çox yaranırdı. Mən "sosialist realizmi" dövründə yaranan əsərlərin tarixin xaricində qaldığı fikri ilə tam razı deyiləm. Ən azından bu mətnləri kulturoloji səviyyədə, təhkiyə tarixi baxımından öyrənməyin tərəfdarıyam".

 

Elnarə Akimova deyir ki, 30-cu illər dövrü hekayəçilik baxımından daha güclüydü, tək Mirzə Cəlilin qələminin siqləti milli varlığı yaşatmağa, onun varlığında nəsrə gətirməyə qadir idi. Amma roman janrı ilə bağlı bunu demək olmur, bu gün biz nə desək də o əsərlərin özünü yaşatma gücü yoxdu. Baxtinin də belə bir fikri var ki, hər hansı əsərin əhəmiyyəti təhkimçilik hüququna qarşı mübarizə ilə məhdudlaşırsa, deməli, onun ləğvindən sonra həmin əsər də öz əhəmiyyətini itirəcək. Tarix bu sözlərin gerçək olduğunu sübut elədi. Nə Sovet quruluşunun inikasını verən "Yoxuşlar", "Dünya qopur", "Şamo", inqilabi yüksəlişin tarixi panoramını verən "Dumanlı Təbriz", "Gizli Bakı", nə də bu dövrdə yazılan digər romanlar müstəqillik dönəminə adlaya bilmədi. O dönəmdə yaranan romanlardan hansı biri bu gün sənətin estetik tələblərinə cavab verə bilir? Tam şəkildə heç biri. Məncə, tarixə real qiymət verməyi bacarmalıyıq. Sovet ədəbiyyatına tarixi-tipoloji vahid kimi yanaşıb yaxşı nümunələrini danmadan, tarixi konteksti unutmadan, ideoloji tələbin nəticəsi kimi ərsəyə gələn əsərlərdən də çəkinmədən danışmalıyıq. Bizə ədəbiyyata münasibəti dəyişməyə, yeniləməyə ədəbiyyatşünaslığın şüuraltı vərdişləri, daşlaşmış qənaətləri mane olur".

 

Romanı kimlərdən öyrənirdik?

 

Rüstəm Kamal 30-cu illər romanlarımıza rus ədəbiyyatının daha çox təsir etdiyini bildirir: "Azərbaycan yazıçıları o dövr roman yaradıcılığında əsasən rus yazıçılarından öyrənirdilər. Bu yazarların arasında həm üzdə olan rus yazıçıları, həm də rus klassikləri var. Tutalım ki, Çəmənzəminli həm rus, həm də Fransıız ədəbiyyatını bilirdi. Biz ruslarla eyni ideoloji, siyasi, mədəni mühitin içərisində idik. Ona görə ümumi ideoloji- mədəni tələbat təbii olaraq bu yazıçıları eyni estetik mövqedə birləşdirirdi. Biz ruslara ədəbiyyatda da "böyük qardaş" kimi baxırdıq. Yusif Vəzir Çəmənzəminlinin, Mehdi Hüseynin Qorkiyə, Çexova, Turgenyevə həsr olunmuş məqalələri də göstərir ki, bizim istiqamətimiz rus romanı, xüsusilə, 30-cu illər rus romanı və rus klassikası olub. Rus dilinə tərcümə olunan xarici yazıçılardan da öyrənə bilərdilər, amma onların sayı azlıq təşkil edirdi. Çünki, o dövr yazıçılarımızın heç də hamısı böyük savada və mütaliə həvəsinə malik deyildilər, folklor, dastan təfəkkürü üstün idi. Misal üçün, 30-cu illərdə "Dumanlı Təbriz", "Gizli Bakı" kimi irihəcmli nəsr əsərlərini Məmməd Səid Ordubadi içindəki güclü süjet instinktinin hesabına başa gətirə bilmişdi. Səhv etmirəmsə, "Qılınc və qələm" romanını üslub baxımından böyük mütaliə zövqü olan Ənvər Məmmədxanlı, necə deyərlər, abıra salmışdı.

 

(Ardı var)

 

Müşfiq ŞÜKÜRLÜ

 

525-ci qəzet.- 2016.- 8 sentyabr.- S.4.