XX əsrin ilk yarısındakı ədəbi-mədəni
prosesdə roman faktoru
VƏ YA AZƏRBAYCANDA ROMANÇILIQ ƏNƏNƏSİNİN FORMALAŞMA DÖVRÜNƏ MÜASİR BAXIŞ
Ədəbiyyatımızda roman dövrü kimi yadda
qalan 1930-cu illər nəsrinə kiçik bir ekskursiya etməyi
düşündük. Aydındır ki, Azərbaycanda
romançılığın formalaşması, roman ənənəsinin
yaranması və bu janrın inkişafı, hazırkı durumu heç də
təsadüflərin nəticəsi deyil.
Bu proses
haqda öyrənmək üçün tənqidçilərimizə
- Vaqif Yusifli, Rüstəm Kamal və Elnarə Akimovaya
müraciət etdik.
(Əvvəli
ötən sayımızda)
Vaqif
Yusifli 30-cu illər romanlarının iki əsas özül
üzərində yarandığını deyir: "Azərbaycan
romanının yaranması təbii ki, müəyyən roman ənənəsi
ilə bağlı idi. 20-ci illərə qədər
yaranan nümənələr sayəsində 30-cu illərin gənc
yazarları roman janrına müraciət etdilər. İkinci faktor isə rus-Sovet romanının təsiridir.
Furmanovun "Çapayev", Serafimoviçin "Dəmir
axın", Fadeyevin "Tar-mar", Leonid Leonovun
"Porsuqlar", Konstantin Fedinin "Şəhərlər və
illər", Qladkovun "Sement", Çapıginin
"Stepan Razin", Tinyanovun "Səfirin
ölümü" və sair romanlar isə rus ədəbiyyatında
yaranmışdı. Bizim gənc yazarlar isə
onlardan təsirlənirdilər. Düzdür,
hadisələr, sujetlər, təqdim olunan obrazlar biribirinə
müəyyən dərəcədə oxşayırdı.
Lakin Azərbaycan romanlarında milli adət-ənənələr,
pxisoloji hadisələr surətində fərqliliklər
yaranırdı. Əlbəttə, həmin
romanlarımız yaranmasa idi, ədəbiyyatımızda
böyük bir boşluq əmələ gələrdi. Bunlar hamısı təcrübə idi. İrihəcmli, monumental romanlarla artıq bu janr
özünü təsdiqlədi və onlar ədəbiyyatımızın
sonrakı mərhələsi üçün bir
hazırlıq oldu. Biz bu romanların
meydana gəlməsi ilə "roman nədir?"
sualının cavabını tapa bildik".
Elnarə
Akimova isə 30-cu illər romanlarının milli nəsr gələnəkləri
əsasında yarandığını
düşünmür: "Bizdə nəsr ənənəsinin
tarixi o qədər də qədim deyil. XIX əsrin
sonlarına, Axundzadə zamanına və XX əsrin əvvəllərinə
dayaqlanır. 30-cu illər
romançılığının zəminində isə həmin
milli nəsr gələnəkləri dayanmırdı. Bu dövrdə ərsəyə gələn
romanlarda daha çox rus yazıçılarının təsiri
var. Şoloxov, Fadeyev, Serafimoviç, Furmanov və
başqalarının. Əvvəla nəsr
ənənəsi onlarda bizdən daha güclü idi, əsrin
əvvəllərindən başlayaraq vətəndaş
müharibəsinin epik təsvirinə geniş yer verilirdi,
üstəgəl də qarşılıqlı mübadilə
bizimlə daha çox rus ədəbiyyatı arasında
baş tuturdu. Bu dönəmdə milli
varlıq yad düşüncəyə, yad kontekstə güzəştə
getdi və güzəşt ədəbiyyatı estetik hadisə
doğura bilmədiyi üçün 30-cu illər
romançılığı da bu janrla bağlı meydana bədii-estetik
səviyyə baxımından uğurlu mətn qoya bilmədi".
Rüstəm
Kamalın fikrincə, Azərbaycan romanında fransız nəsr
ənənəsinin rolu var: "Yusif Vəzir Çəmənzəminli
"Qızlar bulağı" romanını ruslardan yox,
fransızlardan öyrənib. "Studentlər"
və "Qan içində" romanlarına rus təsirini
necə ölçmək olar? Bu əsərlərdə
memuar-avtobioqrafik xətt o qədər güclüdür ki, hər
hansı kənar təsirdən danışmaq da olmur. Ümumən, qəhrəmanları
situasiyada təqdim etmək, obrazı şirələndirmək
texnikası
baxımından təbii ki, rus nəsrindən
öyrənirdilər. Azərbaycan Sovet nasirlərinin ( 30-40-cı illərdə) mütaliə
repertuarları elə də zəngin deyildi. Mehdi
Hüseynlə Süleyman Rəhimovu necə müqayisə etmək
olar? Bir yandan ən çox Qorkini oxuyurdular, digər tərəfdən
Fadayevi... Həm də XX əsrin əvvəllərindən
"hakimi-mütləq" olan felyeton stixiyası roman təhkiyəsinin
formalaşmasına mane olurdu".
30-cu illər
romanlarının əsas mövzuları
Vaqif
Yusifli romanlarımızın üç ana mövzusu
olduğunu söyləyir: "Əbülhəsənin
"Dünya qopur", "Yoxuşlar", Mehdi Hüseynin
"Daşqın", “Tərlan", Süleyman Rəhimovun
"Şamo", "Saçlı", Mir Cəlalın
"Bir gəncin manifesti", "Dirilən adam", Yusif Vəzir
Çəmənzəminlinin "Studentlər",
"1917-ci il", "Qızlar bulağı", "Qan
içində", Məmməd Səid Ordubadinin "Gizli
Bakı", "Döyüşən şəhər"
romanları bu dövrdə yaranan romanlardır. Təbii
ki, zamanın bu çağından o əsərlərə
qiymət verəndə, onları səciyyələndirəndə
müəyyən ideoloji təsirləri və ədəbiyyatın
hakim sinfin əlində bir təbliğat vasitəsi
olduğunu gərək unutmayaq. 30-cu illər
təkcə Azərbaycan Sovet romanının yox, həm də
inqilabi-tarixi romanın yaranması və təşəkkülü
dövrüdür. Bu əsərlərdə
şura inqilabı uğrunda gedən müharibələrin təsviri
yer alıb. Bolşeviklər müsbət
obrazlar şəklində təqdim olunub.
Yazıçıları əsas iki mövzu narahat edirdi:
kollektivləşmə və yeni quruluş uğrunda sinfi
mübarizə. Yusif Vəzirin "Qızlar
bulağı"nda isə qədim Azərbaycan adət-ənənələri,
məişəti, etnoqrafiyası öz əksini
tapmışdı. "Qan içində"
romanında da Molla Pənah Vaqifin həyatı. Bu romanları da nəzərə alsaq, üç əsas
mövzu demək olar".
Elnarə
Akimova deyir: "Ümumiyyətlə, 1920-1930-cu illər Azərbaycan
mühiti üçün ziddiyyətli epoxadır. 1918-ci ildə Azərbaycan Cümhuriyyət ədəbiyyatı
dövrün milli-mənəvi ruh yüksəkliyini, mədəni
ruhunu təyin etmişdi. Yenilik, inqilabi dəyişiklik,
kollektiv əmək və sosial bərabərlik, qadın
hüququ, kütləvi maarif və mədəniyyət
ideyalarının cəmiyyətə tətbiqi ədəbiyyata
da təsir göstərməyə başladı. Birmənalı şəkildə inqilab
stixiyasının təcəssümü, kolxoz quruculuğu,
istehsalat mübarizəsi, xalqlar dostluğunun tərənnümü,
başqa millətləri daim dostluq və qardaşlıq şəraitində
təqdim etmək, neft uğrunda Sovet adamının mübarizəsi...
- əsas mövzular bunlar idi. Klassik
şair və yazıçılarımızla bağlı
miflər yaradılırdı. Ədalətli padşah,
mübariz ateist, bəyləri qamçılayan... Bir sözlə, sinfilik amili bədii əsərin dəyərləndirilməsində
önə keçirdi. Ancaq onu deyim ki, bu
dövrün romanları sosializm cəmiyyəti qurmaq
uğrunda mübarizə edən proletarların xidmətinin nəticəsində
ərsəyə gələn əsərlərdir. Bu əsərlərin hamısında milli
başlanğıc ikinci sıraya keçir. Sosialist realizminin normativ tətbiqləri onun önə
keçməsini daim əngəlləyir. XX
əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı
dünya ədəbi prosesinin bir hissəsi kimi
çıxış edirdi. 30-cu illər nəsrinin
isə Qərb ədəbiyyatı ilə heç bir
bağlılığı yoxdur, heç bir cərəyanın
təsiri duyulmur, sanki yaşanılan iki onillik təcrübə
onun deyilmiş. Avropa ədəbiyyatında
həmin dönəmdə böyük təlatümlər
yaşandığı halda bizim milli nəsrdə bunun əks-sədası
duyulmur. Təəssüf ki, bu dönəmdə
rejimə oppozisiyada dayanan bircə nümunəmiz belə
yoxdur".
Rüstəm
Kamala görə, siyasi-ictimai formasiyanın ritorika və
patetikası romanda qəhrəmanın qələbəsinə
inam hissini gücləndirirdi: "Yeni dövrün yeni
insanı, kolxoz hərəkatı, cahilliyə, cəhalətə,
savadsızlığa qarşı sinfi mübarizə və
qismən də tarixi-inqilabi mövzular romanlarımızın
əsasını təşkil edirdi. XX əsrin
əvvəllərində dramaturgiyamızda milli tarixi
özünüdərk ön plana çıxırsa da,
gürcülərdən fərqli olaraq tarixi mövzuların
roman səviyyəsində ifadəsi gecikirdi. İnqilab, bolşevik tarixi yeni nəsrin dəyər
sisteminə daxil edilirdi. Sovet hakimiyyətinin
qurulması sakral tarix kimi qəbul edilirdi. Keçmişə
də həmin tarixin gözündə baxırdılar. Ona görə ki, bu insanların qarşısında
yeni tarix yaranırdı və onlar həmin tarixin içində
idilər. Yazıçılarımız
dövrün ritmi ilə ayaqlaşmaq zorunda idilər. Artıq Stalin kultu, şəxsiyyətə pərəstiş
kultu güclənmişdi. "Beynəlmiləlçilik",
"xalqlar dostluğu", "əmək həmrəyliyi"
motivləri də nəsrin sujetinə daxil edilirdi. Hamı bir ideya ətrafında birləşdi. Yeni ideoloji quruluş ədəbiyyata optimizm ruhunu təlqin
edirdi. Yəni,Sovet insanı və qəhrəmanı
bədbin ola bilməzdi. Mütləq qalib gəlməli
idi. Qəhrəmanın ölümü
ideyanın, quruluşun təntənəsi idi".
Elnarə
Akimova Çəmənzəminlinin romanları barədə
mülahizələrini bölüşür: "Mən deyərdim,
30-cu illər romançılığında milli özünəməxsusluğun
qorunduğu az-çox estetik müstəvi elə Çəmənzəminlinin
əsərləridir. Bəlkə də ona
görə ki, yazıçı Sovet dövrünü təsvirdən
yayınır. "Studentlər"
sosializmə qədərki dövrü, "Qan içində"
romanı isə XVIII əsrdə baş verən hadisələri
əks etdirir. Onun
"Studentlər" romanının qəhrəmanı
Rüstəm bəyi xarakter baxımından daha canlı, tərəddüd
və yaşantıları ilə təsvir olunur. Bu üzdən yazıçı Rüstəm
obrazında "bitkin inqilabçı qəhrəman" yarada
bilməməyə görə tənqid olunmuşdu. Çünki Çəmənzəminlinin niyyəti
inqilabçı yox, tarixi gerçəkliyi özündə
daşıyan qəhrəman yaratmaq, onu
canlılığında, hərəkətliliyində ədəbiyyata
gətirmək olmuşdu. Buna baxmayaraq,
Sovet dövrünün doqmaları bu əsərlərə də
təsirsiz ötüşməyib. Hər
iki roman milli məsələləri əhatə edir. Amma necə? "Studentlər"də
XX əsrin birinci onilliyində Azərbaycanda yaşanan
reallıqlar əksini tapır, ancaq əksər məsələlərə
yanaşma qüsurludu, aydın deyil. Dinə,
türkçülüyə, müsavatçılara
qarşı dövrün özündən doğan ziddiyyətli
baxışları əks etdirir. Üstəgəl
bədii dolğunluq, bitkinlik baxımından
çatışmazlıqları onların roman təfəkkürü
məcrasında inkişafını əngəlləyir.
Vaqif
Yusifli "müsbət qəhrəman" probleminə
toxunur: "Azərbaycan romanı 30-cu illərdə təşəkkül
dövrü keçirirdi. Ona görə də
niyə ədəbiyyatımız üçün şedevrə
çevrilən böyük romanlar yaranmadı deyə bilmərik.
Müsbət qəhrəman problemi ortaya
çıxdı. Yazıçılarımız
bu obrazları və sinfi-ideoloji xətti əsas
götürürdülər. Bunsuz ədəbiyyatı
kasıb hesab edirdilər. Alman ədəbiyyatşünası
Bexer yazır ki, yeni incəsənət heç zaman yeni
formalardan başlamır, yeni insanla başlanır. Yeni
insanlar isə Şamo, Mərdan ("Bir gəncin
manifesti"), Qədir ( "Dirilən
adam") və inqilabçı surətlər idi".
Elnarə
Akimova 20-30-cu illərin siyasi tələblərinin roman
janrının inkişafını ləngitdiyinə diqqət
çəkir: "Bu dövr romanlarında heç bir
inkişafdan söhbət gedə bilməz. Burda
xronologiya və mərhələ dəyişikliyi
baxımından fərqli dönəm yaşanırdı.
Nəsr həcmli əsərlərə
keçidi yaşadı sadəcə, o qədər. Amma o həcmli əsər 20-ci illər hekayəçiliyinin
bir nümunəsi siqlətində belə milli estetik hadisə
meydana qoya bilmədi. XX əsrdə
başlanan hərəkat yarıda qırıldı. Ədəbiyyat dəyərlərindən uzaq
düşdü. Milli ədəbiyyat
anlayışı və bu anlayışı
yaradıcılığında ehtiva edən aydınlar məhv
edildilər. Bizdə milli dövlətçilik
ideyasının tarixi o qədər uzağa getməsə də,
milli dövlətçiliyi, müstəqillik
ideyalarını şərtləndirən milli mənlik şüurunun
yaranmasının aspektləri məhz, bədii
düşüncəyə söykənir. Yəni
milli, etnik mənlik şüuru əvvəlcə bədii,
sonra isə ictimai-siyasi təfəkkürdə təşəkkül
tapdı. 30-cu illər bu şüur hadisəsinə
qarşı yönəlmiş planlı ədəbiyyat
nümunələri meydana qoydu. Türk ordusu
işğalçı kimi təqdim olundu, islam
bir din olaraq müasirliyə zidd hesab edildi, "Müsavat"
"Daşnaksütyun"a bərabər tutuldu. Bu dövrün romanları sosialist realizmi tələblərinin,
partiya direktivlərinin sənətdə gerçəkləşən
şəklidi. Bu romanların heç
birində insan yoxdu. Sadəcə, eyni
"səs"lərin xoru, bir qəlibdən
çıxmış qəhrəmanların, süjetlərin,
mövzuların şəkillənməsi var, vəssalam".
Müşfiq ŞÜKÜRLÜ
525-ci
qəzet.- 2016.- 9 sentyabr.- S.4.4.