Körpələrin gülüşü boğulmasın deyə...  

 

KAPİTAN NƏCMƏDDİN SAVALANOV BU UCA AMAL UĞRUNDA ŞƏHİD OLDU

 

 

 

Aprel döyüşlərində İmişli rayonu da şəhid verənlər sırasında oldu. Mənəvi borc olaraq şəhidi ziyarət etmək qərarına gəldim. Göbəktala kəndi - şəhid kapitan Nəcməddin Savalanovun ata evinə yola düşdüm.

 

Kəndə çatanda yol kənarında olan qəbiristanlığın girişində tikinti getdiyini gördük. Bir neçə nəfər iri tut ağacının kölgəsində oturub söhbətləşirdi. Maşından düşüb salamlaşdıqdan, gəlişimizin məqsədini açıqladıqdan sonra canlanma yarandı. Oturanlardan biri elə şəhidin dayısı imiş. İzah elədi ki, yarımçıq tikili Nəcməddinin adını daşıyacaq kəhrizdir.

 

Bir qədər kənarda isə hələ tam hazır olmayan qəbri görünür, başdaşı əvəzinə sancılan kiçik bayraq küləkdə yellənirdi. Ziyarətdən sonra şəhidin evinə yollandıq. Taybatay açıq qapının hər iki tərəfində üçrəngli bayrağımız dalğalanırdı. Qapını açıq görəndə istər-istəməz Kafkanın "Metamorfoz" əsərini xatırladım: "... küçə qapısını taybatay açdılar. Qapının necə örtüldüyü eşidilmədi, görünür, onu elə açıq qoyub getmişdilər; bədbəxtlik üz verən evlərdə belə şey olur". Amma fikrimdə yanılmışdım. anası Ramilə xanım, qardaşı Pərviz bu fikirdə deyildilər. Kapitan igidliklə, vətən uğrunda həlak olmuşdu...

 

Fikirlərini ilk bölüşən Pərviz oldu:

 

"Qardaşım “N” saylı hərbi hissənin qərargah rəisi idi. Döyüşlər gedən zaman hərbi hissə komandiri məzuniyyətdə olduğundan onu əvəz edib. Aprelin 2-də Tərtər ərazisində Bayraqtəpə istiqamətində ağır yaralanıb, mayın 8-də hərbi hospitalda keçinib. Sabahı gün Göbəktala kəndində dəfn olunub. Ali baş komandan tərəfindən aprel ayının 19-da, sağlığında 3-cü dərəcəli "İgidliyə görə" medalı ilə təltif edilib".

 

Pərviz deyir ki, şəhid kapitan öz istəyilə cəbhə bölgəsinə yola düşüb: "Əvvəl Sanqaçalda xidmət edib. Sonra öz istəyilə cəbhə bölgəsinə gedib. Sanqaçaldan Ağdama, oradan da Tərtərə. Ağdamda 2012-ci il sentyabrın 27-də yaralanmışdı hətta. Dəfələrlə müxtəlif tərifnamələr, diplomlarla təltif edilib, təşəkkürnamələr alıb. 3 uşaq atasıydı. Böyük qızının 6, ikincinin 5, oğlunun isə 2 yaşı var. 9-cu sinfə qədər İmişli rayonu Göbəktala kəndində təhsil alıb, Cəmşid  Naxçıvanski adına hərbi liseyə qəbul olub. Daha sonra hərbi akademiyada təhsilini davam etdirib. 8 il hərbi xidmət keçib. Orta məktəb vaxtlarından çılğın xarakterli idi, istədiyinə həmişə nail olurdu. Bədii qiraətlə məşğul idi, şeir yazırdı, yaxşı meyxana deyirdi. Dövlətini, millətini, ölkəsini çox sevirdi. Yaralanması xəbərini bizə yoldaşı verdi, hətta ailəsinin də xəbəri yox idi. İş yoldaşından ailəsini İmişliyə köçürməyi istəyib. 3 güllə yarası almışdı. Elə özü həkimlə əlaqə saxlayıb, vurulduğu yeri nişan vermişdi. Aprelin 4-də helikopterlə Bakıya - hərbi hospitala göndərilib.

 

Anası Ramilə xanım Nəcməddin barədə qürurla danışır:

 

"Nəcməddin lap uşaqlıqdan vətənpərvər, el təəssübü çəkən olub. Çox ağıllı, ağır təbiətli, xeyrə-şərə yarayan oğul idi. Həmişə hərbçi olmaq istəyirdi. Sözünün üstündə də axıra qədər dayandı, hərbi məktəbə girdi. Zabit oldu. Hərbçi yoldaşları, dostları onun döyüşlər zamanı göstərdiyi igidliklərdən danışdıqca məəttəl qalırdım. Çünki belə şeyləri heç vaxt bizə demirdi. Çox təvazökar idi. Gördüyü işlərdən danışmağı sevmirdi. Uşaqlarını da elə bu ruhda, vətənpərvər böyütmüşdü. Vətənə, torpağa, millətə, bayrağa elə sevgi oyatmışdı ki, buna sakit baxmaq olmurdu. Atasız oğul böyütmək çətindir. Təlim, tərbiyə - hamısını tək etmişəm. Üzləri olsun, zəhmətimi yerə vurmadılar. Mən bir oğul itirdim, ancaq ordumuz elə şəxsiyyət, elə zabit itirdi ki, əvəzi olmayacaq. Yaralanandan sonra 37 gün yaşadı. Həkimlər 14-15 gün nəzərdə tutmuşdu. Amma heç vaxt bizə nə ümid verirdilər, nə də ağırlığını bildirirdilər. Deyirdilər, dua edin. Palatada olanda ziyarətinə tez-tez gəlirdilər. Televiziya göstərməsə də, məktəblilər, bağça uşaqları gəlirdi. Əllərində bayraq vardı. Oğlu da qucağımda idi. Birindən istədi, o da verdi. Əyildim ki, oğlunu görsün. Baxdım, bayrağı tumarlayır... Öz canının hayına qalmaq əvəzinə bayrağı basmışdı bağrına. Bu 37 gündə bircə onda oğlumun üzündə sevinc gördüm, güldü, elə xoşbəxt göründü ki... Hələ yaralı olanda medalla təltif olundu. Nəcməddin əsl qəhrəman, igid zabit olub. Çox az qüvvə ilə düşmənin dəfələrlə üstün qüvvəsini darmadağın edib. Ona görə də dövlətdən, hökumətdən bu cəsarətin, qəhrəmanlığın daha yüksək qiymətləndirilməsini istəyirik..."

 

Ramilə xanımın sözlərinə görə şəhid kapitanın həyat yoldaşı da elə özü kimi qəhrəmandır:

 

"Yoldaşı da cəbhə xəttində idi. Döyüşlər başlayanda komandir-zabit heyətinin ailələri arxa cəbhəyə köçürülmüşdü. Amma Nəcməddinin həyat yoldaşı bununla razılaşmamışdı. O od-alovun, bombaların altında öz ömür-gün yoldaşı ilə qalmağı üstün tutmuşdu. Nəcməddin yaralanandan sonra yoldaşına tapşırmışdı ki, ailəsini İmişliyə gətirsin".

 

Nəcməddinin dayısı Cabir kişi Ramilə xanımın, Pərvizin sözlərinə qüvvət verdi:

 

"Nəcməddin igid oğul idi. Onun kimi hərbçi, zabit, istehkamçı yetişdirmək asan deyil. Cəbhə xəttində xidmətdə olduğu dövrdə ermənilər onun əlindən dad deyirdilər. Ona görə Nəcməddinin, onun kimi onlarla şəhidimizin xatirəsi tez-tez yad edilməli, unudulmamalıdır".

 

Şəhid kapitanın qaynatası, Vasif dayı da sözə qoşulur:

 

"Nəcməddin təkcə bu ailənin, bizim yox, bütün Azərbaycanın, vətənin itkisidir. Onun kimi qeyrətli igid oğullara vətənin çox ehtiyacı var. Xüsusən də Azərbaycan kimi müharibə şəraitində olan ölkə üçün".

 

PS. Bütün bu söhbət zamanı şəhidin 3 övladından 2-si - Nuray və Adəm babalarının qucağından düşmür. Hərdən də oğrun-oğrun mənə baxırlar. Hələ atasızlığın, ölümünolduğunu bilməyən bu körpələri, Nurayın şəklini çəkərkən utancaq təbəssümünü, Adəmin heç nədən xəbərsiz sual dolu baxışlarını gördükcə içim sızlayır. Eyni zamanda, şəhidlərin, o cümlədən, qərərgah rəisi kapitan Nəcməddin Savalanovun tutduğu yolun, özlərini qurban verdikləri amalın necə uca olduğunu bir daha anlayıram: onlar bizə görə, körpələrin gülüşü boğulmasın deyə, canlarından keçiblər.

 

 

 

Cavid QƏDİR

525-ci qəzet.- 2016.- 9 sentyabr.- S.4.