Dünyaya sevgi dolu gözlə baxan şair

 

 

Xoş bir təsadüf mənim maraqlı və dəyərli bir insanla tanışlığıma imkan yaratmış oldu.

 

Tanınmış dramaturq Firuz Mustafa bu tanışlığımızda vasitəçi rolu oynamış oldu. Tanış olduğum şəxs isə professor Elçin İsgəndərzadə idi. Öncədən söyləyim ki, söhbətimiz ilk dəqiqələrdən tutdu. İntellektual səviyyəyə, geniş erudisiyaya sahib insanlarla təmas saxlamaq daha xoş və asandır, çünki bu qəbildən olan insanlar hər bir söhbətə nüfuz edə bilirlər.

 

Elçin İsgəndərzadənin geniş fəaliyyət alanı içərisində onun poetik yaradıcılığı xüsusi çəkiyə malikdir.

 

Maraqlıdır ki, adətən, şairlərin əksəriyyəti poeziya aləminə sevgi mövzusu ilə gəlir və demək olar ki, uzun bir zaman bunu yaradıcılıqda əsas mövzu olaraq görürlər. Lakin Elçin bəyin yaradıcılığının ilk mərhələlərində bu meyli heç də tam olaraq görə bilmirik, yəni onu, heç şübhəsiz, təbii olaraq sevgi mövzusu ilə birlikdə, dünyəvi mövzular - Ana və Vətən sevgisi, insan mövzusu, haqsızlıqlara, ümumən yüksək əxlaqın antipodlarına qarşı nifrət daha çox maraqlandırıb. Hələ 1984-cü ildə yazdığı “İstəyim” adlı şeirində o bu fikimizi dilə gətirərək yazırdı:

 

İstəyirəm istək olam,

İstəklərə qarışam mən,

Tək bircə şey istəmirəm: -

Haqsızlıqla barışam mən!

 

Maraqlıdır ki, gələcəkdə də bu mövzular şairin diqqət mərkəzindən yayınmır, belə ki, müəllif yaxşı anlayır ki, əslində bu mövzular əbədi mövzulardır və onlar yaradıcılıq üçün saysız-hesabsız imkanlar saxlaya bilər.

 

Onun yaradıcılığının milliliyi və xəlqiliyini də qeyd etməmək olmaz, belə ki, bunu biz yalniz zahiri tərəflərdə (ənənəvi şeir formaları, bədii-təsvir vasitələri, ənənəvi fikir və ibarələr, ata sözləri və s.) deyil, həmçinin şeirlərin ideya-məzmununda, vətən və xalq anlayışının, təbiət gözəlliyinin bədii ifadəsinə görə deyə bilirik.

 

Maraqlıdır ki, biz bu şeirlərin çoxunda “Xarı bülbül” kəlməsinə rast gəlirik. Heç şübhəsiz, bu, şairin doğma Qarabağ torpağına bağlılığını, ona olan sonsuz sevgisini ifadə etməkdədir. Elçin bəyin “Xarı bülbül”ə olan dərin münasibəti əslində onun Vətəninə, doğma torpağımıza, Qarabağımıza olan məhəbbətindən irəli gəlir.

 

Qarabağ mövzusu şairin yaradıcılığında önəmli yerlərdən birini tutmaqdadır. Orada böyüyüb boya-başa çatmış Elçin bəy təbii ki, erməni vandalizminə, onların törətdikləri vəhşiliklərə biganə qala bilməzdi və erməni təcavüzünün, demək olar ki, ilk günlərindən öz şeirlərində bu çirkin, məkirli düşmənin iç üzünü açmağa, dünya ictimaiyyətinə çatdırmağa çalışıb. Qarabağa həsr olunmuş bir silsilə şeirlərində Vətən sevgisi, vətənpərvərlik hissləri xüsusi bir məharətlə, yüksək bədiiliklə ifadə olunub. Şairin əsərlərində Qarabağ, Şuşa, Cıdır düzü, Qobustan, Təbriz, Bakı, Molla Pənah Vaqif, Xan Şuşinski kimi yer və şəxsiyyət adlarını çəkməsi də heç şübhəsiz, onun xalqa dərin tellərlə bağlılığını, əsərlərinin milli spesifikliyi və xəlqiliyini sübut edən amillərdəndir.

 

Elçin bəyin yaradıcılığının müasirliyi haqqında da söz açmaq istərdim. Onun yaradıcılığı, xüsusilə də son illərdəki əsərləri bu baxımdan daha səciyyəvi xarakter daşımaqdadır. Şairi daha çox qlobal hadisələr, dünyada baş verənlər düşündürür, XXI əsrdə insanlığın haraya getdiyi, bu vəhşiliklərin, haqsızlıqların haradan gəlməsi kimi problemlər daha çox diqqət çəkir. Bu baxımdan onun bir çox dünya ölkələri və şəhərlərində olması, müxtəlif millətlərin mədəniyyətləri və sənət adamları ilə yaxından tanışlığı, əslində dünya xalqlarının mənən bir-birilərinə çox yaxın olmaları fikrini söyləməyə imkan yaradır.

 

Zənnimizcə, çağdaşlığı yalnız zahiri bədii-ifadə vasitələrində, yeni-yeni modernist cərəyanların ifadəsində görməyən şair (xatırlatmaq lazımdır ki, onun şeirlərində abstraksionizm (mücərrədçilik), impressionizm, ekspressionizm, bəzən simvolizm və s. təsirini duymaq mümkündür) hər şeydən öncə bu cərəyanlardan əsərin əsas ideyasını ifadə üçün istifadə etməyi bacarır. Burada söhbət modernist cərəyanların ünsürlərindən kor-koranə istifadə etməkdən yox, əsərlərin bədii-ideya məzmunundan çıxış edərək yaradıcılıq prosesini gerçəkləşdirməkdən getməlidir. Zənnimizcə, Elçin bəyin bir çox əsərlərində məhz bu yaradıcılıq metodunun ustalıqla istifadə olunmasını görə bilirik. Şairin “Ebru” silsiləli şeirlərində biz yuxarıda zikr etdiyimiz fikirləri aydın bir şəkildə görə bilirik. Çində, Yaponiyada, xüsusilə də XIV-XV əsrlərdən başlayaraq Türkiyədə də geniş intişar tapmış şərq rəssamlığının önəmli qolu olan ebru sənətinin özünün mücərrəd bir sənət olduğunu söyləmək mümkündür. Lakin buradakı mücərrədçilik heç də bəzi modernist Qərb rəssamlarında olduğu kimi tamamilə reallıqdan, real insanın hiss və duyğularından təcrid olunmuş bir tərzdə gerçəkləşdirilmir.

 

Ebru sənətində ortaya çıxmış əsərlər hər nə qədər mücərrəd görünsələr də (burada gül, çiçək, naxışlar, rəng tonları və s.) mütləq sənətkarın istək-arzularının, iç dünyasının hənirtilərini duya bilirik, eyni zamanda ebru ustasının insanlara nə isə xoş bir müjdə verə bilmə arzusu da özünü yüksək emosionallıqla göstərməkdədir. Bütün bu estetik qanunauyğunluqları dərindən anlayan (zənnimizcə, şairin Türkiyədə çalışdığı müddətdə bu sənətin qədim tarixi və ustaları ilə tanışlığının da rolu olması qənaətindəyəm) Elçin bəy, təsadüfi deyil ki, silsilə şeirlərini “ebru” adı altında oxucularına təqdim etməyi məntiqəuyğun bilib. Bu baxımdan onun  “Qırmızı ebru,” “Ömür ebrusu”, “Cənnət ebrusu”, “Naxışlı ebru”, “Qürbət ebrusu”, “Ayrılıq ebrusu”, “Eylül ebrusu”, “Ağ dəniz ebrusu” şeirlərini örnək vermək mümkündür. Bu şeirlərin hər birində şair öz daxili aləmini, istək və arzularını, zəngin iç dünyasının müəyyən tərəflərini, poetik düşüncələrini oxucuları ilə paylaşmaq ehtiyacı duyur.

 

Bir daha xatırladaq ki, bütün bu şeirlərdə biz yenə də şairi düşündürən mövzularla ( saf məhəbbət, hansı isə xoş anların təəssüratları, Qarabağ faciəsi, Xarıbülbül, Şuşa və s.) rastlaşa bilirik. Son dərəcə mücərrəd görünə bilən bu şeirlərdə mütləq real gerçəkliklə, insan həyəcanları və istəklərinin, zövq və estetik tələbatlarının nişanələrini hiss edirik. Bu qəbildən olan şeirlərdə assosiativ  qarşılaşdırmalar üsulundan da Elçin bəy məharətlə istifadə edə bilir. Belə ki, məsələn, rəssamın çəkdiyi qan-qırmızı çiçəklər assosiativ yolla ona anasını xatırlada bilir. Maraqlıdır ki, çağdaş rəsm sənətində assosiativ yolla yaradılmış kollaj janrı da olduqca yüksək aktuallıq kəsb etməkdədir. Bu yaxınlarda Türkiyədə bir rəssam dostum mənə “Kollaj” adlı rəsmlərdən ibarət albomunu bağışladı və burada bu janrın çağdaş rəssamlar üçün nə qədər önəmli bir janr olduğunu hiss etmiş oldum.

 

Elçin bəy assosiativ metoddan öz ruh halını, düşüncələrini, subyektiv hiss və həyəcanlarını bədii bir biçimdə ifadə etmək üçün istifadə etməkdədir. Heç şübhəsiz, burada Elçin bəyin müasir dünya sənəti həyatında baş verən bədii hadisələrdən xəbərdar olması, sənət tarixi və onun tanınmış nümayəndələri ilə tanışlığı da mühüm rol oynayır. Şeirlərində dünyaca tanınan sənət adamlarının isimlərinin, bəzən fikirlərinin iqtibas olaraq istifadə edilməsi, onlara həsr etdiyi misralar məhz şairin yüksək istedada sahib olmasının və lokal milli çərçivələri aşa bilməsinin nişanəsidir.

 

Şair bir çox dünya ölkələri və şəhərlərində olarkən heç də bəzi turistlər kimi yalnız zahiri yönləri, gözəllikləri, orijinal və modern memarlıq abidələrini nəzərdən keçirməklə qalmır, poeziya sənəti və idrakı baxımından dərin müşahidə qabiliyyətinə sahib olmasını da nümayiş etdirir. Yəni gəzdiyi yerlərdə (Paris, Buxarest, İstanbul, Moskva, Peterburq, Duisburq, Şam, Sofya, Qaziantəp və s.) xalqına, millətinə, ümumilikdə isə bəşəriyyət üçün faydalı ola biləcək ortaq mənəvi dəyərləri görə bilir, onları bədii bir dillə şeirlərində tərənnüm edir. Elçin bəyin “Türkülər” adlı silsilə şeirləri də maraq doğurmaqdadır. Bu şeirlərdə (“Yağmur türküsü”, “Tənhalıq türküsü”, “Qobustan türküsü”, “Röya türkusü”, “Bənövşə türküsü”, “Sevda türküsü” və s.) daha çox şairin diqqətini çəkən ötəri hadisələr, Türkiyədəki təəssüratları, həyəcanları, Vətən həsrəti, qürbət motivləri, dostluq əlaqələri və s. kimi mövzular yer almaqdadır. Xatırlatmaq lazımdır ki, bu əsərlərdə əsasən impressionizm cərəyanının (impression - fransızca - təəssürat anlamına gəlməkdədir) prinsipləri hiss edilməkdədir. Ötəri, keçici hiss və həyəcanların, təəssüratların burada daha çox özünü göstərməsinin burada şahidi ola bilərik. Məsələn, “Gecə türküsü”, “Rüzgar türküsü”, “Arzu türküsü”, “Çiçək türküsü” şeirlərində bu meyli daha aydın bir şəkildə hiss etmək olur:

 

Belə şeirlərdə eyni zamanda ulu tarixi keçmişimiz, Ana yurdumuzun təkrarolunmaz gözəllikləri, ruh yüksəkliyi və nikbinliyi ilə səsləşən çağırış səsləri yüksəlməkdədir:

 

Ana yurdum qarlı dağlar,

Heyvalı, narlı dağlar,

Heyva gülü, nar çiçəyi,

Ana ürəyi...

 

Ana yurdum qarlı dağlar,

fələk yolları bağlar,

Ay işığı, bülbül səsi,

axar su,

heyva gülü, nar çiçəyi,

yarpız qoxusu.

 

Bu misralarda Vətənimizin zəngin təbiəti və onun sevilməyə, uğrunda ölməyə haqqı olması ideyası öz bədii ifadəsini tapmaqdadır. Şairin bir digər türküsündə (“Ovqat türküsü”) vətənpərvərlik hisslərinin tərənnümü və nikbin ruh özünü bariz bir şəkildə ifadə etməkdədir:

 

Davullar vurulsun,

könüllər durulsun,

dağ döşündə, yamacda

  çadırlar qurulsun.

 

Yəhərləyin atları,

açılsın qanadları,

salamlayın dağlarda

doğmaları, yadları.

 

Ozan Türkü tutdursun,

 dərdləri unutdursun,

 qızlar yallı oynasın,

dağlar ayağa dursun.

 

Elçin bəyin türkçülük ideallarına sayğısı, ona bağlılığı “Röyalar şəhəri İstanbul” şeirində xüsusilə güclü bir şəkildə ifadə olunmaqdadır:

 

İstanbul röyalar şəhəriydi dünən,

İstanbul röyalar şəhəri bu gün,

İstanbul röyalar şəhəri olacaq yarın da...

 

Və şeirin digər misralarında biz şairin bu şəhərə, ümumiyyətlə Türkiyəyə bağlılığının ən yüksək təzahürünü hiss edə bilirik:

 

İlk baharda sokaklar, caddələr,

camilər, minarələr və dəniz gözlü qızlar

və könlümü ovsunlayan cürə sazlar...

İlk bahardı İstanbul,

İçimdə, dışımda ilk bahar

İçimdə, dışımda İstanbul.

Əski bir türkü havalanır Turan elindən

Türk qanı coşur damarlarımda.

 

Bu sevgini, türklüyə bağlılığı şairin Nazim Hikmətə, Orxan Vəliyə, Yunus Əmrəyə, Qaracaoğlana və başqalarına həsr etdiyi, ürək yanğısı ilə yazılan şeirlərində dərindən hiss edə bilirik.

 

Dünyaya sevgi dolu gözlə, müdrik insan, həqiqi şair gözü ilə baxa bilən Elçin bəy, təsadüfi deyil ki, kitabın “İkiliklər” bölümündə :

 

“Şairin üç gözü olur,

Şair üç gözlə doğulur”. - deyir.

 

Zənnimizcə, bu kəlmələrlə o, şairin dünyaya baxarkən olduqca diqqətli olmasını, ağı qaradan, xeyri şərdən seçə bilməsini tövsiyə edir və özü də əsərlərində bu prinsiplərə hər zaman sadiq qalır.

 

Elçin bəyin bir çox şeir kitablarında, həmçinin xarici dillərə tərcümə olunmuş şeirlərində və xüsusilə də bu yaxınlarda işıq üzü görmüş “Sevənlərə” (“Vektor” nəşrlər evi, Bakı, 2015) adlı kitabında yer almış onlarca yüksək ideya-məzmunlu şeirləri geniş oxucu kütlələri və sənət adamlarının rəğbətini qazanmaqdadır.

 

Babək QURBANOV

professor, Qaziantep Universiteti (Türkiyə)

 

525-ci qəzet.- 2016.- 10 sentyabr.- S.18.