Yaddaşımın İçəri şəhəri - 132

 

Bu xatirələrimi Bilik Gününə həsr edirəm

 

 

 

132 saylı Bakı məktəbini gözəl İçəri şəhərimizin bir uzantısı kimi xoş bir ovqatda xatırlayıram.

 

Pəncərələri bir üzdən qala qapısına açılan bu binaya təhsil almağa  gələn uşaqların əksəriyyəti İçəri şəhərdən idi və onların yaşadıqları məhəllələrdən özlərilə gətirdiyi xüsusi ab-hava, mədəniyyət, davranış normaları 132-nin divarları arasında qəribə və gözəl bir şəkildə cilalanırdı. Bu mənada 132 həm də Azərbaycan üçün həqiqi ziyalı hazırlayan bir məktəb idi. Bu təhsil ocağını bitirənlərin sırasında xeyli sayda tanınmış insanlarımız var: akademik Kamal Talıbzadə, yazıçılar Həsən Seyidbəyli, Nurəddin Babayev, Xalq artistləri Leyla Bədirbəyli, Əminə Dilbazi, Gülağa Məmmədov, Fuad Poladov, Cahangir Zeynalov, mənə universitetdə ərəb ədəbiyyatından dərs demiş professor Aida İmanquliyeva və Nərmin Sultanlı, Sovet İttifaqı qəhrəmanı Adil Quliyev, məşhur tibb işçisi Zəhra Quliyeva, gözəl alimlərimiz Şövkət Tağızadə, Azadə Rüstəmova, Fəridə Vəlixanlı və onlarla başqaları...

 

Təbii ki, 132-də təhsil, tərbiyə, mədəniyyət aurasını ilk növbədə müəllimlərimiz yaradırdı. İbtidai təhsilimi rəhmətlik Həvva müəllimədən aldım. Qardaşım Fəxrəddinə də dərs deməyi onu ailəmizə xeyli dərəcədə məhrəm etmişdi. Həvva müəllimədən mənə yadigar nəsnələrdən biri  əlimdən tuta-tuta öyrədib gəlişdirdiyi yazı xəttimdir ki, o zamandan bəri dəyişməz qalır.

 

Müəllimlərim barədə xatırladığım ən maraqlı cəhət bir də odur ki, peşələrinə vurğun bu cəfakeş insanlar üçün bilik öyrətmək olduqca ilhamlı bir iş idi. Şövkət müəlliməyə görə az qala riyaziyyatçı olacaqdım, məndə riyaziyyata elə aludəçilik yaratmışdı ki, bir də baxdım olimpiadaların fəal iştirakçısı və qaliblərindənəm, sinifdənkənar riyaziyyata dair ədəbiyyat oxuyuram...

 

Fizik Əhəd müəllimi, kimyaçı Əşrəf müəllimi də minnətdarlıqla anıram. Və ağlıma da gəlməzdi ki, nə zamansa dəqiq elmlərə aid hər ikisinin aşıladığı baza bilikləri ilahiyyat üzrə apardığım araşdırmalarda gərəyim olacaq.

 

Mənə ərəb dilindən dərs demiş Əminə müəllimənin də yaddaşımda öz məhrəm yeri var.

 

Rus dili müəllimələri Lyubov Mixaylovna ilə Yelena Mixaylovna rus dili və ədəbiyyatını elə məhəbbətlə tədris edirdilər ki... Bir gün Moskvadan, SSRİ Maarif Nazirliyindən Bakıya gələn komissiya üzvlərini 132-yə gətirmişdilər. Rus dili dərsimizdə iştirak etdilər. Dərs bitəndən sonra Yelena Mixaylovnaya təəccüb və təriflə deyiblərmiş ki, şagirdlərin belə mükəmməl ruscasına ancaq rus məktəblərində rast gəlinir. Hələ Nekrasovun “Russkiye jenşinı” əsərinin ustalıqla səhnələşdirməsini demirəm. Aparıcılığını etdiyim bu tamaşada dostlarım Fərmanla Ofeliyanın məharətli ifası yadımdan çıxmaz. Aktyorluğun arxasınca getsəydilər, heç şəksiz, indinin məşhur sənətkarları olacaqdılar...

 

Ana dili və ədəbiyyat fənlərini Zərifə müəllimə aparırdı. O, həm də sinif rəhbərimiz idi. Bu gözəl insanın cəfakeşliyi, zəhməti, tələbkarlığı unudulmazdır. İndi ara-sıra hətta televiziya diktorlarının ədəbi dilimizin tələffüzünə xələl gətirən nitqlərini dinlədikcə düşünürəm, heç şübhəsiz, onların Zərifə xanım kimi müəllimləri olmayıb.

 

132-ni rəhmətlik Ramizə İsmayılovasız təsəvvür edə bilmirəm. Şair Rüfət Əhmədzadənin bacısı idi. Mən 8-ci sinifdə oxuyanda SSRİ Ali Sovetinin deputatı olan bu xanımı məktəbimizin müdiri təyin etmişdilər. Müəllim kollektivinə qarşı tələbkar olan Ramizə müəllimə şagirdlərlə münasibətində rəsmiyyətdən xeyli uzaq idi. Mənimlə ərkyana dostluğu da vardı. Onun gəlişilə 132-də yeni bir ab-hava yaşanmağa başladı, məktəb ölkə miqyasında da tanındı. Məşhur sənət adamlarının iştirakı ilə keçirilən müxtəlif məzmunlu maraqlı, təntənəli gecələr, konsertlər, yarışların şöhrəti 132-dən kənara da yayılırdı. Nəsibə Zeynalova Hacıbaba Bağırovla məktəbimizin kiçik səhnəsindəcə məşhur tamaşalardan parçalar göstərir, Yalçın Rzazadə bəstəkar Oqtay Kazımovun müşayiətilə o zaman dəbdə olan mahnıları oxuyur, Əminə Dilbazi bizə Azərbaycan rəqslərinin incəliklərini öyrədirdi. Və bütün bunların təşkilatçısı gözəl ədəbiyyat bilicisi, məntiqli və bəlağətli nitqləri hələ də qulağımda səslənən unudulmaz Ramizə müəllimə idi. Onun gətirdiyi bir vacib yenilik də əlaçıların sayına məhdudiyyət qoyulmadan səxavətlə qızıl medala layiq görülməsi idi. Elə il olurdu  bir ildə 7-8 nəfərə bu mükafat təqdim edilirdi. Mənə verdiyi qızıl medalı hər gördüyümdə bunun o zamankı sevincini indi də yaşayıram.

 

Sovet Azərbaycanında tədrici ruslaşma siyasətinin qarşısını alan mexanizmlərdən biri və mən deyərdim, ən vacibi milli tədris ocaqlarının varlığı idi. Bu ocaqların biri də 132 idi ki, bədii yaradıcılığa başladığım ilk illərdə məni sətiraltı mənası o zamanın oxucularına aydın olan “Arxa cəbhə” adlı belə bir şeir yazmağa sövq etmişdi:

 

Arxada qalıb

məktəbli illərim,

ilk sevgimin

hələ də közərən ocağı,

saçımıza sığal çəkən

bir söyüdün saçağı,

bir dünya sevincim,

qəhqəhəli gülüşlərim.

Arxada qalıb

o illərin gerçəkliyi,

bu günümün yuxusu

böyük-böyük işlərim.

Arxada qalıb

neçə yerə bölünmədiyim illər,

yadların dilində dinmədiyim illər.

Arxada qalıb

arxa olub, arxadaş olub

on ilim.

Yapışır qolumdan bu gün

o illər bərkimiş ana dilim.

İnamla döyüşürəm,

inamla deyişirəm,

coşur təbim.

Həyat döyüş meydanı -

arxa cəbhəm

Cavid adına

132 nömrəli məktəbim.

 

Oğlanlı-qızlı sinif dostlarımızın da hərəsi bir aləm idi... Məktəb həyatını, əlbəttə, dava-dalaşlarsız da təsəvvür etmək mümkün deyil. Başqa siniflərin, başqa məktəblərin şagirdləri ilə uşaqlarımızın əlbəyaxa davaları birmənalı olaraq şəxsiyyət toxunulmazlığını kimlərinsə pozması üzündən baş verirdi və bu davalarda kollektiv olaraq iştirak etmək ənənəsi də gözəl idi.

 

Belə “təhlükə anlarında” hərdən mənə yardım üçün qoşulan bir nəfər də vardı - bizdən iki il aşağı sinifdə oxuyan, sonradan məktəbi qızıl medalla bitirən qardaşım Xansuvar.

 

Dərs əlaçısı, fəal ictimaiyyətçi, məktəbin xalq çalğı alətləri ansamblının bədii rəhbəri idim, amma bütün bunların pis oxuyan şagirdlərlə münasibətimə qətiyyən dəxli yox idi, hamı ilə, həmçinin hansısa səbəbə görə sinifdə “boykot”a məruz qalan uşaqlarla da isti münasibətim vardı.

 

Belələrindən biri ipə-sapa yatmaz Firudin idi, dərslərini oxumazdı, alverə qurşanıb pul qazanmaqla məşğul idi. Direktorumuz Ramizə müəllimə onunla münasibətimi alqışlayırdı ki, nə yaxşı belə bir avara ilə dostam.

 

Hesab edirdi bəlkə mənimlə çox oturub durarsa təlim-tərbiyəsində müəyyən dəyişiklik yaranar... Təsirim belə oldu ki, başladı şeir quraşdırmağa.

 

Əhəmiyyət vermirdim yazdıqlarına. Bir gün gəldi ki, bir bunu oxu, gör qərdeşin nə yazıb. İndi də təbəssümlə xatırlayıram o misraları:

 

Bir zaman qopacaq yer üzündə həyəcan,

Devirəcək sülhü türk-Azərbaycan.

Partiya qalacaq sülh üzünə mat,

Gələcək köməyə birləşmiş ştat.

 

Xeyli gülüşdük. “Sülh” sözü o zamanlar beynimizdə Sovet hökuməti ilə assosiasiya  olunan bir məzmun daşıyırdı. Qəzet, televiziya gecə-gündüz qərb dövlətləri əleyhinə təbliğat aparır, Sovet hökumətinin sülh siyasətindən ağızdolusu danışırdı. “Türk-Azərbaycan”ın “sülhü devirməyi” ölkəmizin müstəqilliyə qovuşması kimi anlaşılmalı idi. Bununla belə, həmin ifadədə  Firudinin təbiətinə uyğun xuliqanvari bir sarkazm da vardı, əlbəttə. Partiya da hakim kommunist partiyası idi ki, “sülh üzünə mat” qalacaqdı, çünki sovetlərin damğaladığı Amerika Birləşmiş Ştatları Firudinin nəzərində “sülhü devirənin”, yəni milliləşmiş Azərbaycanın yardımına yetişəcəkdi. Antisovet məzmunlu bu uşaq yazısı barədə donos verən olmadı. Gülmək üçün arabir öz aramızda xatırladığımız həmin misralar elə 132-nin divarları arasında da qaldı...

 

132-yə bir şeir də həsr etmişəm. 5-6 il əvvəlin yazısıdır. Mahnı sözləridir, bəstəsi Türkər Qasımzadənin:

 

Gəldim görüşünə əziz məktəbim,

mən elə dünənki məktəb uşağı.

Açıram qapını, açılır təbim,

budur pəncərəndən yenə nur yağır.

 

              Nəqərat:

 

Səndən ucalıram aydınlıqlara,

bir evdə, bir səndə yanıb ocağım.

İki cənnət düşüb mənə bir ara -

Anamın qucağı, sənin qucağın.

 

Həkk olub könlümə bir eşq kölgəsi,

səndədi, səndədi ilk səadətim.

Tərtəmiz partanda yazı ləkəsi -

İlk sevgi deyilən gizli həsrətim...

 

... Yuxarıda 132-ni İçəri şəhərin uzantısı olaraq xatırladım. İndi xatirələrim də yaddaşımın içində bir şəhər salmış kimidir. Küçəsi, döngəsi, tini, küncü-bucağı, meydanı uşaqların, heykəlləri müəllimlərin olan bu şəhər necə varsa, eləcə dəyişməz qalacaq, çünki bu şəhərin, necə deyərlər, əbədi meri var. O da mən  özüm.

 

Nəriman QASIMOĞLU

 

 

525-ci qəzet.- 2016.- 10 sentyabr.- S.17.