“Dədə Qorqud” kitabından “Salam, dar ağacı”nacan

 

 

 

Sentyabrın 12-si tanınmış şair Rüstəm Behrudinin doğum günüdür. Bu münasibətlə şairi təbrik edir, mərhum akademik Tofiq Hacıyevin vaxtilə onun haqqında yazdığı bu məqaləni oxucularımızın diqqətinə çatdırırıq.

 

Əli Kərimin cığırı uzanıb gəlir: bu cığırda Ramiz Rövşənin yerişi iz saldı - təzə söz, obrazlarıyla yadda qaldı. Bu cığırda fərqli bir çəhlim də görünür - bu, Rüstəm Behrudinin sözüdür:

 

İnanmıram, nə vaxtsa

bezsin, doysun, usansın

Yaşıl yosun dənizdən,

mavi dəniz balıqdan.

Yalnızlıq - ölən dəniz,

ölüm də tənha yosun.

Biz ölümdən qorxuruq,

ölüm də tənhalıqdan.

 

İndi dəb düşüb, car çəkirlər ki, gəlin birləşək. Balıq, ördək və xərçəng kimi hərəsi bir yana dartanlar da, separatçılar da, xalqın düşmənləri də, bəlkə elə, doğrudan birləşmək istəyənlər də qışqırırlar. Ancaq səmimi birləşmə çağırışı budur: bir halda ki, tənhalıqdan ölüm də qorxur, demək, xalqın ölməməsi üçün birliyi vacibdir. Bu sözü R.Behrudi kimi səmimi, inandırıcı demək gərəkdir, bağıra-bağıra yox, həzin, hətta pıçıltıyla söyləmək lazımdır. Bu çağırışda bir ağı həzinliyi var. Bu həzinlik şairin bütöv sənətini əhatə edir. Oğuz xandan, Atilladan, Əmir Teymurdan danışanda da, sözündən qılınc səsi gələndə də bu həzinlik onun şeirinin ruhu olur.

 

R.Behrudinin şair səsində, poeziya nəfəsində bu günümüz üçün çox gərəkli olan iki aydın çalar var, bu iki çalar - türklük və Nəsimiçilik - oxucunun duyğularını, zehnini iki qol kimi qucaqlayır.

 

Türklük qədim tarixi (boz qurdu, şamanı, Oğuz xanı, Atillası)   geniş coğrafiyası ilə (Baykaldan, Tanrı dağı - Tyanşandan Qara dənizə, Saxa-Yaqustandan Kərkükəcən bütün Turan şəklində) onun sənətində şeirləşir. Şirin xatirə kimi anılır, əziz ağı kimi oxşanır. “Dədə Qorqud kitabı”ndan sonra heç kəsdə etnik tariximiz R. Behrudidə olduğu qədər bu genişlikdə, bu fəallıqda bədiilik predmetinə çevrilməyib. Şair türkün qədim tarixini yada salır və kədərlə öyünür:

 

Mayası qurddan gələn

Özgə bir dinə gəlməz...

 

Şamanam - içim köz-köz...

Düşmənə doğubdu dan,

Bağırır bir ağızdan:

Metedən, ya Oğuzdan

Bir də Turana gəlməz.

 

Nədir bu ulu tarixin qənimi, niyə türk bu günə düşüb:

 

Nallı kəhər atları

cilovsuz qoymağımız,

Sonra ardınca dil

deyən bayatımız,

qan ağlayan ağımız -

Hər şey ayrılıqdan başladı...

 

Divin canı şüşədə olan kimi türkün canı birlikdədir. Şairin incə diaqnozu ilə bu yaman azarın bir virusu da tapılır:

 

Oğlumun anası dilimi bilmir...

 

Babək öz oğlunun xəyanətini

Yad eldən aldığı

qadına yazdı ...

Atası Məhəmməd,

adı Oğuzdu...

Soruşuram:

- Ananın adı?

- Dillənir:

- Veradır. Sənin?

Anuşdur...

 

Bu, şairin ən siqlətli mirası, ən böyük tapıntısıdır ki, türkün dilinə ana dili deyil: ...sən mənim ana dilim yox, sən mənim müqəddəs “ata dili”msən (və qəribədir ki, soy kökündən türkün iştirak etdiyi ruslar Ana Vətənə atanın adı ilə “Oteçestvo” deyirlər və XIX əsrdə ana dili dərsliklərinin üstündə “Yazık Oteçestvo” yazılardı.) Mən şairin “Ata dili” şeirini M.Sabirin “Fəxriyyə” satirası ilə müqayisə edərdim. “Hər şey ayrılıqdan başladı” və “Ata dili” şeirləri günümüzün tarix dərsliyidir. İş budur ki, etnik tarix terminləri, quru sözlər şeirdə şirəli-emosional dil vahidlərinə çevrilir və oxucusuna duyğu aşılayır:

 

Mənim buntürk, sak babam,

Hun babam, Oğuz babam...

Göy Tanrı,

Qara xan, Oğuz, Gültəkin...

Hərəsi içdiyim

Bir anddan gəlir...

Mənim qərib-qərib

ulayan sözüm

Atilla gözləyən

boz Qurddan gəlir.

 

Vətənin bu günündə şair həsrətlə Qalın Oğuz dövlətini arzulayır. Beyrəyi öldürüb, eli niqablı qəhrəmansız qoymağa çalışan, İç Oğuzla Daş Oğuzu, Üç oxla Boz oxu parçalayan At Ağızlı Aruz qocaları tarixin məhkəməsinə verir. Qazan xanı çağırır. Bu günün tale yolunu cızmış adlı-sanlı tarixi şəxsiyyətləri günahlandırır: Əmir Teymuru, İldırım Bəyazidi, Xətaini, Soltan Səlimi, Qacarı... tarixin haqq divanına çağırır və deyir:

 

“İttihamım: Bu mənəmlik qovğasında nə günahı məmləkətin?” Ancaq sakitcə, həzin, ağı melodiyası ilə danışır. Çünki onlar Ruhdur - Ruhu qışqırıqla yox, ağı ilə çağırmaq olar. Ruh oxşamağı sevir, oxşamaq üçün sevinməyə gələn kimi gəlir. R.Behrudi hələ 1987-ci ildə yazırdı ki: “Bu yurdun oğlu var, dədəsi yoxdur”. Və günahı həmin Ruh - Dədələrdə görür - oğullarda yox, Aruzlarda görür - Beyrəklərdə yox. Türkün qılıncını qında paslanmağa qoymayan Dədələr ölüb; Dədə Qorqud qəhrəmanlarını anaraq şair qılıncın dərdinə şeir deyir: “Bilirsinizmi nə çəkir, Bir igid qılıncı qında?” Bu gün türkün adına sığınıb əsl sifətini gizlədən qeyri-türklərin və antitürklərin baş alıb getdiyi, hətta təntənə etdiyi zamanda bu poeziya bizə mənəvi dərmandır.

 

Nəsimiçilik ideyası Behrudi şeirinin tarixilik məzmununu tamamlayır. Nəsimi deyirdi: “Məndə sığar iki cahan, mən bu cahana sığmazam”. R.Behrudi belə söyləyir: Əbədiyyət andan keçir, Zaman sığan o an mənəm. Bu nədir? Behrudi özünü Nəsimiyə bənzədir? Bu, Nəsimi qarşısında ağız-burun bəhəm etmək deyilmi? Yox. Bu, dərvişlik fəlsəfəsidir və dərvişlik Nəsimi hürufiliyi ilə əkizdir. Behrudi hətta az sonra Nəsimi ilə həmrəyliyini daha aşkar deyir: “Bu məkana sığışmayan, Dövr eyləyən zaman mənəm”. Söhbət Nəsimi ilə müqayisədən getmir. Nəsimi öz sözü və hərəkəti ilə ölçüsüzlük səviyyəsinə yüksəlir. Fəlsəfi nəsimiçilik anlayışından Nəsimi özü hamıdan yüksəkdə durur, bu mənada onun simvolu Füzuli, Sabir rəmzlərindən də güclüdür. Və məqsəd Nəsimi ilə Behrudini müqayisə etmək, riyazi böyüklük və ya kiçiklik işarəsi işlətmək deyil.  Həqiqət budur ki, onilliyin şeiri hüququ qazanan “Salam, Dar ağacı” Nəsimi səsinin tarixin dərinliyindən keçərək dövrümüzə çatması əsrimizin siyasi binasının atom-nüvə divarında əks-sədası deməkdir. Bu misralar nə deməkdir:

 

Səni mən əkmişəm...

Mənə sən qənim,

Səni suvarmağa

halaldır qanım.

 

Yarpağın rəng alsın

qanımdan mənim...

...budağında yarpağa dönnəm...

 

Mənim canım səndə,

bil, canın mənəm...

Salam, Dar ağacı.

 

Bu nə dar ağacıdır ki, əkilir, suvarılır (qanla), yarpaq gətirir, canı var (insanı öldürüb canını özünə götürür). Deməli, bu, xalqın oğullarının əkdiyi ağacdır. Deməli, xalqın oğlu olarsa, bu, “həyat ağacı”na dönər, yox - onda “dar ağacı” bitər, meşə kimi ölkəni bürüyər.

 

Şair “Elə qürrələnmə... hər yanın mənəm”, “Salam dar ağacı” deyərkən, əlbəttə, asılmalı günahkarların bolluğunu demir, asılmağa gələn Nəsimilərin çoxaldığını söyləyir, Nəsimiliyi, mərdliyi təlqin edir. Dərvişlik notları da bu təlqinə xidmət göstərir:

 

Dərdini sevəni

sevər Tanrı da;

Sən hər şeydən ucadasan,

Ölüm, xoş gəldin,

xoş gəldin.

 

Bu Yunus İmrədəki açıq ölüm təbliğidir. Ancaq Behrudi dərvişliyində şeirin gücü ondadır ki, mənasız, mübarizəsiz yaşamaqdansa, ölüm gözəldir: “Bu “ol”umla nə buldum. Olmamaqdır bu olmaq”. Artıq bu Yunus yox, Nəsimi idealıdır. Bu gün düşmənlə vuruşda ölümdən qorxmamaq üçün dərvişlik fəlsəfəsini qavramağın gündəlik əhəmiyyəti var.

 

Öz müasir ideyasını təsirli bədii dillə, oyadıcı, cəlbedici sözlərlə, əlikərimcəsinə yenilikçi təşbeh - obraz - ifadələrlə söyləyir. Bu ifadələr təzədir, təravət mülayimliyi var, eyni zamanda onlarda barıt qoxusu duyulur, ox-kaman iniltisi eşidilir: bayraqlıq köynək, ata dili, içimdə iman evi - kədərdən minarəsi (deməli, içindəki dərd bu minarədən Azan verir), pəncərəyə yalnızlıq əkmək, sevincdən süzülən kədər, ölüm sevdası (həyat sevdası var, ölüm sevdası dərviş düşüncəsinin sintaksisidir), yalnızlığın anası, kədər bala, vətənin əyilməyən çinarları - bayrağım, dağından-daşından-adamlarından-otundan qəriblik yağmaq, əkilən toxumdan ayrılıq bitmək, dərdləri ləpə-ləpə danışmaq, tabut söz... Ayrıca Dədə Qorqud ifadələri var - bunlar Dədə Qorqudun qəhrəmanlarını, əxlaqını, tarixi ab-havasını yada salır: Qarşı yatan qaradağı - yaylağım: Ağ alnıma Araz qara yazıdı; Mənim andım “ya bütövlük, ya qandı” - Qara başım bu yol üstə qurbandı; Eli yağmalanan, gölləri ölən - mən; Qara qazlıq atların kişnərtisi gəlir misralarımdan; qaba ağactək uğruna çıxmaq...

 

Bu ideya - məzmunu, bu dil ifadələri ilə bu şeir bu gün bizə çox gərəkdir. Vətənin dar günüdür. Bu şeirlər dar günün şeirləridir. “Ölüm də, olum da birmiş dünyada” deyərkən şair təlqin edir ki, çalışmayan, vuruşmayan ölüdür, vətən - xalq yolunda ölən diridir. Bu gün “olum, ya ölüm” sualı hər hansı fərd üçün deyil, vətənin taleyi üçündür. Ona görə şair şaman duası ilə yalvarır: “Tanrı, sən bu milləti yox olmaqdan hifz elə”. Tanrı şairin duasını eşitsin, ancaq dua oxumaqla donuz darıdan çıxmaz. Buna görə də şairin son sözü budur: “Yurd uğrunda yurd daşına axmayan qanı neyləyim?” “Özgə bir çarəmiz yox, Ümid qalır qılınca”. Bu çağırış, bu təlqin məhz bu ayın, lap bu saatın dərdi-əhvalıdır.

 

1996

 

Tofiq HACIYEV

akademik

 

525-ci qəzet.- 2016.- 10 sentyabr.- S.16.