... Həyat yolum heç də hamar olmayıb

 

 

Professor Buludxan Xəlilov 1966-cı il iyulun 25-də Qərbi Azərbaycanda Amasiya rayonunun Ellərkənd kəndində anadan olub.

 

Kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. Tələbəlik illərini Cəfər Cabbarlı adına olan təqaüdlə oxuyub. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Müasir Azərbaycan dili kafedrasında laborant kimi başlayıb. Hazırda həmin kafedranın professoru və Filologiya fakültəsinin dekanıdı. Filologiya məsələlərinə dair tematik toplunun redaktorudur. Ədəbi dilin tədqiqinə dair 25 kitabın - monoqrafiyaların, dərsliklərin, dərs vəsaitinin, 300-dən çox elmi, elmi - publisistik məqalənin müəllifidir. 90-cı illərdən dövri mətbuatda elmi, elmi-kütləvi məqalələrlə, publisistik esselərlə çıxış edir.

 

Buludxan müəllimi ilk dəfə universitetin birinci kursunda oxuyanda görmüşəm. Elə o zamandan obyektiv, təmənnasız, əsl elm fədaisi kimi tanımışam. Və bu illər ərzində onu həmkar kimi daha yaxından müşahidə etmək imkanım olduqca düşüncələrim daha da möhkəmlənib. Mühazirələrini həmişə maraqla dinlədiyim müəllimimin bu il 50 yaşı tamam olur. Yarım əsrlik ömrünə saysız-hesabsız əsərlər, sanballı kitablar, çıxışlar, məruzələr, mühazirələr yerləşdirən professor Buludxan Xəlilov haqqında çox yazmaq, çox danışmaq olar.

 

Düz bir il öncə yeni dərs ilinin başlanğıcında etdiyimiz söhbətə nəzər salanda alimin həyat yoluna aid maraqlı, səmimi açıqlamalarının, bu günki mühitlə, cəmiyyətlə bağlı orijinal fikirlərinin yenə də aktual olduğunu gördüm. Buludxan müəllimi qəzetimizin kollektivi adından bir daha ürəkdən təbrik edir, ona tutduğu bu şərəfli yolda uğurlar diləyirəm.

 

Pərvin: Buludxan müəllim, ictimaiyyət sizi kifayət qədər tanıyır, əsərlərinizi, televiziyadan çıxışlarınızı izləyirlər, bilirlər. Amma istərdim söhbətimizə lap əvvəldən başlayaq. Bioqrafiyanızda maraqlı məqamlardan biri kənd orta məktəbini bitirməyinizdi. Ümumiyyətlə, harada oxumaq? məsələsi son günlərdə xeyli dəbə düşüb. Valideynlər uşaqlarını mərkəzdə oxutmaq üçün çox çalışırlar. Və belə fikirlər də var ki, insan elmə gəlmək istəyirsə, şəhərdə, elmin mərkəzində yetişməlidi...

 

Buludxan Xəlilov: Çox maraqlı bir məsələyə toxunursunuz. Hesab edirəm ki, oxumaq istedadı, həvəsi, bacarığı olan adam üçün məkanın fərqi yoxdu, bu mənada bəzən canfəşanlıq edib məktəb axtaran valideynləri başa düşmürəm. Məktəbin harda olması önəmli deyil, orda dərs deyən müəllimlərin səviyyəsi önəmlidir. Bax, mənim bəxtim məhz burda gətirib. Bəli, mən ucqar bir kənddə, düz Türkiyənin sinirlərində, Qərbi Azərbaycanın Amasiya rayonunun kənd orta məktəbini bitirmişəm. Amma tam səmimi deyirəm ki, həmin məktəb akademik bir təhsil ocağı idi və əlimdə imkan olsaydı, o zamanlar orda dərs deyən müəllimlərə akademik adı verərdim. Məsələn, həmin məktəbdə mənə ədəbiyyatdan Məcnun müəllim dərs deyirdi. O cür hərtərəfli biliyə, dünyagörüşünə malik adamlar çox azdı. Təsəvvür edin ki, Məcnun müəllim ədəbiyyat, incəsənət, musiqi, aşıq sənəti, teatr, kino və başqa sahələr üzrə mükəmməl biliyə sahib idi və bu biliklərini çox böyük səxavətlə bizə ötürür, bizi elmə, təhsilə, yaxşı mənada rəqabətə həvəsləndirirdi. Eləcə də başqa müəllimlərim.

 

Bəzən insanlar zahiri parıltılara aldanırlar, məktəbin təmiri, yeri və s. maraqlandırır onları. Ancaq gəlin görək elmi mühit bunlardanmı asılıdı? Şübhəsiz ki, yox. Mənim oxuduğum məktəbdə şagirdlər üçün hər cür şərait yaradılmışdı, yəni, təmiri, görünüşü, maddi-texniki bazası, idman zalı, hamısı ürəyimiz istəyən kimiydi. Orda əsasən say-seçmə uşaqlar təhsil alırdı və bizim bütün fikrimiz dərsdəydi. Bir məqamı da deyim ki, biz yay tətilində əvvəl oxuduğumuz proqramı təkrarlayırdıq, birdən müəllim ötən illərdə keçdiklərimizdən sual verər... Bütün bu xatirələrimin içindən indiki mühitə və uşaqlara baxanda təəssüflənirəm.

 

Pərvin: Çoxmu seçilirlər sizin həmyaşıdlarınızdan?

 

Buludxan Xəlilov: Bilirsiz, indi də vicdanlı müəllimlər, hətta əyalətlərdə də, ucqar kəndlərdə də, elə şəhərdə də az deyil, yaxşı məktəblər də çoxdu. Savadlı uşaqlar da var. Amma bizim vaxtımızda bu qədər boş, mənasız işlər zəbt eləməmişdi dünyanı. Təsəvvür edin ki, biz bütün jurnallara abunə yazdırırdıq, kitabxanamız vardı, amma elə zəngin deyildi, ona görə yeni çapdan çıxan kitabları alırdıq. Şəhərdən bağlama gələndə bayramımız idi. Xüsusən, uzun qış gecələrində. İndi o günləri yadıma salanda xeyli nostalji keçirirəm. Hava çox soyuq olurdu bizim tərəflərdə, artıq payız aylarından qar yağırdı, hətta boran olurdu. Evdə kömür sobası vardı. Anam səhərə kimi kitab oxuduğumu bilirdi. Ona görə o sobanı elə qalayırdı ki, bütün gecəni ev imisti olurdu və mən elə o sobanın işığında mütaliə edirdim. Məktəbdə də bu oxuduqlarımızı müzakirə edirdik, bəzi əsərləri səhnələşdirirdik hətta. İndi mən sizə sual verirəm, bu cür şövqlə oxuyan uşaqlar varmı bu zəmanədə? İnternet, sosial şəbəkələr, bayağı saytlar gəncliyin beynini sürətlə korşaltmaqdadı. Mən hətta övladlarıma irad tuturam, iki saat kompyuterin qabağında oturdun, nə yadında qaldı?! - soruşuram... Əlbəttə ki, heç nə. Bizim məktəb və mühit tamam başqaydı...

 

Pərvin: Dediklərinizdən belə nəticəyə gəlmək olar ki, mühitin rolu böyükdü. Bu da maraqlıdı ki, bəzən eyni məktəbdə bir neçə alim, yaxud şair, yazıçı yetişir...

 

Buludxan Xəlilov: Əlbəttə, gəlin elə götürək Qori Müəllimlər Seminariyasını. Necə böyük şəxsiyyətlər yetirdi bu təhsil ocağı?! Üzeyir Hacıbəyov. Özü də bu böyük insan təkcə musiqi sahəsində deyil, ədəbiyyat tariximizdə, mədəniyyətimizdə, publisistikamızda xidmətləri olmuş dahidir. Bundan başqa, Mehdixan Vəkilov, yaxud Qazax filialını bitirmiş Səməd Vurğun və s. Həmin insanları yetişdirən, onlara ruh, bilik verən o mühit idi. İsmayıl Şıxlı öz seminariya illəri ilə bağlı xatirələrində yazırdı ki, mənim Yunis Əyyubov adlı bir riyaziyyat müəllimim vardı, o bizə hər hansı riyazi məsələnin o qədər həll yollarını göstərirdi ki, hətta ən zəif şagird də tapşırığın öhdəsindən gələ bilirdi. Yunis müəllim uşaqlara dərsi ürəyi istəyən kimi öyrətməmiş evə getmirdi, bəzən hətta elə gecəni də məktəbdə qalırdı. Bunları oxuyanda öz müəllimlərim yadıma düşür. Mənim müəllimlərim dərsdən sonra da qalıb bizimlə, sanki indiki repetitorlar kimi saatlarla məşğul olurdular, özü də tam təmənnasız. Bu mənada vicdan, cəfakeşlik çox vacib xüsusiyyətdir. Etiraf etməliyəm ki, orta məktəbdə aldığım biliyi, təhsili mən həm universitetdə tələbəlik illərimdə, həm də elmi işlə məşğul olanda öyrəndiklərimdən qat-qat üstün bilirəm.

 

Pərvin: Yeri gəlmişkən, tələbəlik illəriniz haqda soruşmaq istəyirəm. Bakıdan ən uzaq bir bölgədə yaşamısınız. Adətən, əyalət uşaqlarının paytaxta aid müəyyən xəyalları olur. Siz o dediyiniz ucqar, sakit, amma son dərəcə elmi mühitdən çıxıb şəhərə gələndə necə gördünüz, necə hiss etdiniz buraları?

 

Buludxan Xəlilov: Bilirsiz, təvazökarlıqdan uzaq olsa da, deməliyəm, mənim özümə inamım artdı bu mühiti görəndən sonra, anladım ki, tələbə yoldaşlarımla müqayisədə çox zənginəm, üstünəm, erudisiyam güclüdü, onlardan qat-qat çox bilirəm. Bir misalı deyim, bizə professor Xeyrulla Məmmədov dərs deyirdi, o mühazirələrində, seminarlarında məni kitabxanaya göndərirdi, sən onsuz da bunların hamısını bilirsən, get kitabxanada başqa kitablar oxu, mütaliə elə... - söyləyirdi. Yenə də təhsil aldığım məktəbi yadıma salıb deyirəm ki, o məktəbə də, müəllimlərə də minnətdaram, borcluyam. Bir də şübhəsiz valideynlərimə. Məncə, valideynlərimin yaratdığı şərait, mənə yaşatdıqları zəngin, hərtərəfli, romantik uşaqlıq da az rol oynamayıb. Bu sanki xarakterimə çevrilmişdi, sonralar tələbəlik illərimdə də tələbə yoldaşlarımı bu auraya, ovqata çəkirdim. Məsələn, dəstə ilə filmlərə baxmağa gedirdik, sonra müzakirə edirdik həmin o romantik, dərin, fəlsəfi kinoları... Heç iki nəfər kinoya getməyimiz yadıma gəlmir. Həmişə qrupla birgə baxırdıq filmlərə, mübahisələr edir, fikir mübadiləsi aparırdıq.

 

Pərvin: Amma kinoteatra ikilikdə getməyin də öz yeri var axı?

 

Buludxan Xəlilov: (gülür) Nəyə işarə etməyiniz aydındı. Əlbəttə, bunun da öz yeri və gözəlliyi var. Amma tələbəlik illərində mənim beynimi, düşüncəmi başqa mövzular tutmuşdu. Sevgi, filan daha sonralar yaşandı. Lakin böyüdüyüm mühit, oxuduqlarım, baxdığım filmlər qəribə bir romantik ovqat yaratmışdı məndə. İndi isə filmlər, televiziya verilişləri yalnız dava, boevik, murdarçılıq nümayiş etdirir. Və məncə, çağdaş nəslin yetişməsinə, xarakterinə olduqca mənfi təsir göstərir bütün bunlar.

 

Pərvin: Bioqrafiyanızda maraq doğuran məsələlərdən biri də 33 yaşında doktorluq dissertasiyası müdafiə etməyiniz və bir-iki il sonra professor vəzifəsinə seçilməyinizdir. Nədisə, bəlkə də Sovet dövründən qalma bir düşüncə var ki, alimin yetişməsi üçün uzun zaman lazımdı, yazdığını bir müddət dincə qoymalıdı, qoltuğunda qovluqlar xeyli gəzməlidi, bəzi adamlardan xahiş-minnət eləməlidi və s... Başqalarının çətinliklə, uzun zamana gördüyü işi qısa vaxtda görməyi necə bacarmısınız?

 

Buludxan Xəlilov: Düzü, bəzən özüm də keçdiyim yola nəzər salanda müəyyən məqamlara təəccüblənirəm. Düşünürəm ki, bütün nailiyyətlərimin arxasında iradə, qətiyyət, prinsipiallıq, dözümlülük və zəhmətsevərlik durur. İnsan özünə inamlı olanda, yorulmadan çalışanda, hər cür çətinliyə səbrlə yanaşanda istəyinə çatır, mütləq çatır. Açığını söyləyim ki, əziyyət çəkirəm, amma nəticəsi olmur deyən kəslərə inana bilmirəm. Görünür, hansısa qətiyyət, ya zəhmətsevərlik çatışmır ki, insan arzuladığı pilləyə qalxa bilmir. Maneələr, qəliz keçidlər, aşırımlar isə mütləqdi, bunlarsız olmaz...

 

Pərvin: Yəqin elə həyatın qanunu budu. İnsan nəyəsə nail olmaq istəyirsə, mütləq əziyyət çəkməlidi... Asan yolla qazanılan uğurun heç mənası da olmaz...

 

Buludxan Xəlilov: Əlbəttə. Siz tarixə, görkəmli şəxsiyyətlərin bioqrafiyasına da nəzər salsanız, bunu görə bilərsiniz. Onların da həyat yolları enişli, yoxuşlu olub. İnsan öz seçdiyi yolla gedir və çalışır ki, kimlərsə, nələrsə ona maneçilik etməsin. Amma adamın özündən asılı olmadan onunla uyuşmayan, arzu və istəklərinə məhəl qoymayan insanlar çıxır qabağına, bəzən bilərəkdən, bəzən bilməyərəkdən əngəllər törədirlər. Bəziləri o yollarda daşa, kəsəyə, hətta qayaya çevrilirlər, tikan olub bitirlər. Onda insan səbrlə, təmkinlə o daş-kəsəyi adlamalıdı, tikanları öz yolundan təmizləməlidi. Əlbəttə, iradəsiz insan baryerlərdən qorxur, bezir və dayanır, davam edə bilmir. Bu mənada mən deməliyəm ki, həyat yolum heç də hamar olmayıb və yalnız səbrim, iradəm, ən əsası elmə sevgimlə maneələri aşa bilmişəm.

 

Pərvin: Mərhum dilçi alim, professor Afad Qurbanov haqda yazdığınız Elm adamları ölmür məqalənizdə bir vaxtlar Afad müəllimin sizə dəstək olmasından, müdafiə etməsindən söz açmısınız. Ümumiyyətlə, sizə mane olanlar çox olub, ya kömək edənlər?

 

Buludxan Xəlilov: Məncə, mane olanlar az deyil, amma kömək eləməyə çalışanlar da çoxdu. Bədxahlar da kifayət qədərdi. Amma nədisə, gələcəyi olan, çalışan adamlara daha çox daş atırlar, ayaqlarının altını qazırlar. Gücsüz adamın heç oppozisiyası da olmur. Əslində, hansısa mənada minnətdaram bu cür adamlara, çünki onlar bizi bərkidirlər, güclü edirlər. Amma əsas umacağım odu ki, hərə öz çəkdiyi yükü bilsin, özünü dərk eləsin. Bəzən elə adam səninlə rəqabətə girir, özünü tərəf müqabili hesab edir ki, məəttəl qalırsan. İnsanın hər hansı bir sözü deməyə də, yazmağa da mənəvi haqqı olmalıdı. Təəssüf ki, meyarlar itib və B.Vahabzadə demiş, tazıların üstünə dovşanlar gülür... Yaxşı ki, xeyirxah adamlar var. Mən bu cür adamları, yəni yanında, ətrafındakı insanlara kömək əlini əsirgəməyənləri Allahın seçilmişləri hesab edirəm. Onlar sanki qorumaq, yardım etmək missiyası ilə göndəriliblər dünyaya. Bu mənada namizədlik dissertasiyamı yazanda elmi rəhbərim olmuş Həsən Mirzənin adını xüsusi vurğulamaq istəyirəm. Elmə ilk qədəm qoyduğum zamanlarda Həsən müəllim çox kömək olub mənə, ona minnətdaram buna görə.

 

Pərvin: Buludxan müəllim, alimlik adətən, təkliyə çəkilməyi, masaya bağlanmağı tələb edir. Sizi televiziya verilişlərində, tədbirlərdə tez-tez görürük, bundan əlavə dekan vəzifəniz də yəqin xeyli vaxt alır. Bütün bu işlər bir-birinə mane olmur ki?

 

Buludxan Xəlilov: Bilirsiz, cəmiyyətdən tam təcrid olunub yazan adamın apardığı tədqiqat da quru, duzsuz olur. Alim də, qələm adamı da insanlarla təması, ictimaiyyətlə əlaqəni kəsməməlidi. Cəmiyyətlə, həyatla nəfəs almaq, bu sahədə tədqiqat aparan insanlarla ünsiyyətdə olmaq lazımdı. Məsələn, mən auditoriyaya girəndə tələbəyə öyrətməyə yox, həm də ondan öyrənməyə gedirəm. Çünki bəzən ən hazırlıqsız tələbə belə, dərsdə elə fikir səsləndirir ki, sən günlərlə kitab oxusan da, o fikrə gələ bilməzsən. Ümumiyyətlə, həyata yanaşmam budu ki, hamıdan, uşaqdan böyüyə hər kəsdən öyrənməyə hazıram. Bir hadisə yadıma düşür bu məqamda. Bir dəfə yayda Qubanın ucqar kəndinə getmişdik. Qonaq qaldığımız evin adamlarıyla söhbət edirdik. Kəndin havasından, suyundan, təbiətindən danışdıq, inşallah, buralara yaxşı yol da çəkilər... deyəndə balaca bir uşaq elə cavab verdi ki, mən sadəcə mat qaldım, heyrət elədim. Uşaq dedi ki, müəllim, qoy bizim yolumuzu çəkməsinlər, çünki ordan-burdan gələn çox olacaq, abrımız-həyamız əldən gedəcək. Mən bunu gündəliyimə qeyd elədim və növbəti məqalələrimdən birini işləyəndə o uşaq yadıma da düşdü. Bu mənada məncə istər alim olsun, istərsə də yazıçı, şair, xalqdan aldığını, ondan öyrəndiklərini cilalayıb ona qaytarmalıdı. Məsələn, Səməd Vurğun, yaxud Bəxtiyar Vahabzadə niyə çox sevilir, çox oxunurlar, çünki xalq ruhunda yazır, xalqdan qaynaqlanırlar.

 

Pərvin: Müsahibələrinizdən birində Əsas məqsədim dili sevdirməkdi- deyirsiz. Bunu oxuyanda tələbəlik illərim yadıma düşür. Yadımdadı ki, auditoriyada əcnəbi sözlər, xüsusən rus sözləri işlədən tələbələrə dilimiz haqda xeyli danışır, öz dilində səlis danışmağın üstünlüyünü izah edirdiz. Məncə, müəllim kimi də, Dil-söz çələngi, 224 qədim türk sözü, Azərbaycan dili antalogiyası və s. kitabların müəllifi kimi də bu məqsədə xidmət edirsiz. Maraqlıdı ki, arzuladığınız nəticəni əldə edə bilirsinizmi?

 

Buludxan Xəlilov: İstənilən sahədə sevgi çox önəmlidi. Dili də öyrətməyin əsas yolu ona sevgi yaratmaqdan keçir. Biz bəzən quru, akademik bir formada tədris edirik dili, bu yanlış yanaşmadı... Bilirsiz, dünya inkişaf edir, qloballaşma, filan bunlar hamısı var. Dilə yeni sözlər gəlir, bəziləri vətəndaşlıq qazana bilir, bəziləri qazana bilmir. Bunlar təbiidi və dilin zənginliyi imkan verir ki, ondan lazımi kimi istifadə edəsən.

 

Pərvin: Yəqin ki, dili sevdirməyin əsas yollarından biri də bədii ədəbiyyatı sevdirməkdən keçir. Məncə, çağdaş dövrdə əsas problemlərdən biri klassik ədəbiyyatımızın indi, hər kəsin anladığı dildə olmaması və tərcümələrin zəifliyidir. Bayaq gənclərin mütaliəsizliyindən danışdız. Yaxşı bilirik ki, bəlkə, müasir əsərləri az-çox oxuyurlar, amma klassik ədəbiyyatdan xəbərsizdilər, çünki qəlizdi onlar üçün...

 

Buludxan Xəlilov: Tamam doğru deyirsiz bunu. Mənə görə, klassik ədəbiyyat oxumayan filoloq bir növ təməlsiz ev kimidir. Klassik ədəbiyyatımızı oxumaq istər dilimizin zənginliyini anlamaq, istər dünyagörüşümüzü artırmaq üçün çox vacibdir. Əsas çıxış yolu lüğətlərin tərtibindədir. Elə şairlər var ki, onları heç vəchlə tərcümə etmək olmaz. Məsələn, Füzulinin bir sözünü belə dəyişə bilərikmi? Onda onun bütün melodiyası, ahəngi pozular. Amma xüsusi institutlar, qruplar ayrı-ayrı klassiklərin əsərlərindəki arxaizmləri, ərəb-fars ifadələrini, anlaşılmaz sözləri araşdırıb lüğətlər hazırlamalıdırlar. O zaman klassikləri oxumaq, onların dilini anlamaq daha asan olar və o zəngin xəzinədən hər kəs yararlana bilər.

 

Ərəbdilli, farsdilli ədəbiyyatımızın isə tərcüməsi çox ciddi məsələdir. Əlbəttə, biz indiyə qədər olunmuş tərcümələrə heç bir irad bildirmirik. Amma çağdaş zamanda bu sahədə pərakəndəlik var. Bəzən tərcümə görkəmli bir sənətkarı heç edir, bəzən də əksinə. Məncə, bununla qrup şəklində məşğul olmaq lazımdı. Həvəskar tərcümələr çoxdu, amma təəssüf ki, peşəkarlıq çatışmır.

 

Pərvin: Müasir zamanda ədəbi tənqidin vəziyyətini necə dəyərləndirərdiniz? Məncə, ədəbiyyatı sevdirmək həm də tənqidin üzərinə düşən vəzifədi...

 

Buludxan Xəlilov: Çağdaş ədəbi tənqidin vəziyyətinə baxanda çox pərişan oluram bəzən. İndi ədəbi tənqid tənqidlə yox, təriflə məşğul olur. Kitab təqdimatlarında, tədbirlərdə iştirak edirəm və heyrətlənirəm. Yəni bu yeni yazılmış kitabın bir dənə də olsun qüsuru yoxdumu? Hamı tərifləyir, alqışlayır, vəssalam. Və indiki zamanda qəribə bir tendensiya da yaranıb. Bir də görürsən ortadan da aşağı səviyyəsi olan bir adamı beş-on nəfər elə göylərə qaldırır, elə sanbala mindirirlər ki, çaşıb qalırsan. Onda meyar itir, dəyərin özü gözdən salınır. Belə olanda mən sual verirəm ki, bu adama dəyər verən adamlar özləri dəyərlidirlərmi? Bəzən ərkim çatan adamlardan soruşuram da, axı nədi burda tərifli olan?! Cavab verirlər ki, yaxşı oğlandı. Axı, yaxşı oğlan yaxşı yazıçı, yaxşı alim demək deyil. Yaxşı oğlandı məclisdə badə qaldır onun şərəfinə, toyunda iştirak elə, xoş münasibət göstər, daha böyük yazıçısan, böyük alimsən - deyib niyə çaşdırırsan adamları?! Bu mənada cəmiyyətdə taraz, meyar, ölçü pozulub. Ədəbi tənqidçi elə bilir ki, əsərin qüsurunu deməklə ziyan etmiş olacaq müəllifə və özünü pis eləmək istəmir. Amma belə deyil axı. Məgər indi böyük bildiyimiz, sənətinə hörmət bəslədiyimiz, sevə-sevə oxuduğumuz Rəsul Rza, Anar, Elçin, İsa Muğanna, Mövlud Süleymanlı zamanında tənqid olunmayıblarmı?! Haqlı tənqidin, dürüst iradların yalnız xeyri ola bilər yazıçıya. Amma indi ya şit tərif var, ya qərəzli tənqid, ya da təhqir.

 

Pərvin: Müxtəlif şairlərin, yazıçıların, məsələn, Rəsul Rzanın, Mirzə İbrahimovun, Səməd Vurğunun dilçilik görüşlərindən, əsərlərinin dilindən yazmısınız. Şairlərin, yazıçıların fərdi üslubunu, dilini araşdırmaq dilçilərin boynuna düşən vəzifədir. Amma nədənsə bu cür əsərlər çox az yazılır...

 

Buludxan Xəlilov: Elədir! Məncə, bu çox zəhmət tələb edən bir məsələdir. Məsələn, bu yay mən Bəxtiyar Vahabzadənin dilçilik görüşləri, dilə aid məqalələri, çıxışları haqda kitab yazmışam, yaxın günlərdə nəşriyyata təqdim edəcəyəm. Bir mütəxəssis kimi deməliyəm ki, Azərbaycan dilinin fonetik, leksik, sintaktik üslubiyyatı yenidən işlənməlidir. Hələ də Ə.Dəmirçizadənin kitabından istifadə olunur. Ayrı-ayrı yazıçıların, şairlərin üslubu, dili araşdırılmaqla ümumiləşdirilmiş üslubiyyat kitabları hazırlanmalıdı. Dili də yeni metodlarla, bədii mətnin təhlili üsulu ilə tədris etmək lazımdı. Haqlısınız ki, bu sahədə dilçilərin üzərinə böyük məsuliyyət düşür.

 

Pərvin: Buludxan müəllim, böyük bir fakültəyə, ADPU-nun Filologiya fakültəsinə rəhbərlik edirsiz. Ədalət naminə demək lazımdı ki, bu fakültə səviyyəsinə, burdakı elmi mühitə görə ölkəmizdə nüfuz qazanıb və xeyli seçilir. Nədi əsas iş prinsipiniz?

 

Buludxan Xəlilov: İlk növbədə məsuliyyət və özünətələbkarlıq. Dərk edirəm ki, bu işlər mənim boynuma düşür və onları yerinə yetirməyə çalışıram. Hər gün imkanım daxilində özümə hesabat verirəm ki, nəyi düz, nəyi səhv elədim. Bir də ədalətli olmalısan. Ədalət sadəcə söz deyil. Ədalətlilik odu ki, qərar çıxaranda özünü qarşı tərəfin yerinə qoyasan. Vicdan isə ədalətlə məsuliyyətin tərəzisidir. Hər işə vicdanla yanaşanda nəticə gözəl olur. Belə olanda birgə işlədiyin adamlar da, kollektiv də sənin auranda olur. Əlbəttə mən əksəriyyətdən danışıram, dünyanı qaranlıq görən beş-üç faiz həmişə var.

 

Pərvin: Deyirlər, filoloqlar xaraktercə qəliz olurlar bir qədər. Çünki onlar söz adamlarıdı. Söz isə münasibətlərdə maraqlı bir silahdı. Bu qədər filoloqla işləmək çətin deyil ki sizə?

 

Buludxan Xəlilov: (gülür) Filoloqlarla söz oyununa hazır olmaq lazımdı həmişə. Bəzən adi bir söz onlara toxuna, incidə bilər. Mən deyərdim ki, onlar həm də çox kövrək, həssas, zərif adamlardı. Bu mənim peşəm olduğu üçün çətin deyil. Amma onlarla işləmək çox diqqət tələb edir. Onlar elə söz qədər azaddırlar. Çalışıram ki, heç kəsin azadlığına toxunmayım, amma bu sərbəstlikdən xaos da yaranmasın.

 

Pərvin: Ümumiyyətlə, həm müəllim, həm də valideyn kimi son illərdə təhsil sahəsindəki yenilikləri, aparılan islahatları necə dəyərləndirərdiniz?

 

Buludxan Xəlilov: Çox yüksək! Azərbaycanda gənclərin müasir biliklərə və texnologiyalara yiyələnməsi üçün hər cür şərait yaradılır. Müasir dövrdə yaxşı təhsil almağın vacib olduğu dövlət başçımız tərəfindən diqqət mərkəzində saxlanılır. Dövlət başçısı İlham Əliyev təhsili inkişaf etdirmək məqsədilə söyləyibdir: İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, o ölkələr inkişaf edib ki, orada təhsil yüksək səviyyədədir. Dünyada gedən tərəqqinin əsas əlaməti də bilik, savaddır. Ona görə Azərbaycanda yeni gənc nəslin yetişdirilməsi və tərbiyə olunmasında təhsilin çox böyük əhəmiyyəti var. Bu mənada qloballaşan təhsil sahəsi üzrə Boloniya prosesinə üstünlük verilir. Bu proseslə bağlı olaraq Boloniya Deklarasiyası qəbul olunmuşdur. Boloniya Deklarasiyası 19 iyun 1999-cu ildə 29 Avropa dövlətləri tərəfindən keçirilən görüşdə baş tutmuşdur. Boloniya prosesinə qoşulmaqda məqsəd ondan ibarətdir ki, təhsilin keyfiyyəti artsın, Avropa Universitetləri bir-biri ilə inteqrasiya olunsun, vahid kreditlər sistemi yaransın, ali təhsil sənədləri və ixtisasları Avropa məkanında qarşılıqlı tanınsın, tələbələrin mobilliyi təmin olunsun və s.

 

Pərvin: Maraqlı söhbət üçün təşəkkür edirəm, Buludxan müəllim.

 

Buludxan Xəlilov: Buyurun. Mən də sizə və qəzetinizin kollektivinə təşəkkür edirəm.

 

PƏRVİN

 

 

525-ci qəzet.- 2016.- 10 sentyabr.- S.14-15.