Bu anlarda duyduğun zövq, qürur, sevinc doğrudan da sözə gəlmir

 

 

Məşhur Mehmandarovlar nəslinin davamçısı olan gənc dirijor Mustafa Mehmandarov son illərdə əldə etdiyi uğurlarla, musiqimizi Avropada təmsil, təbliğ etməsiylə diqqət mərkəzindədir.

 

O, 1998-2009-cu illərdə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının nəzdində Orta Ixtisas Musiqi Məktəb-Studiyasında, mərhum professor Bayandur Mehdiyevin sinfində skripka aləti üzrə təhsil alıb, həmin məktəbin məzunudur. Daha sonra ixtisas müəllimi professor Zəhra Quliyeva olub. 2009-2013-cü illərdə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasında təhsil alıb. Gənc musiqiçi artıq bir çox uğurlara imza atıb.

 

2007-ci ildə Bolqarıstanda keçirilən Beynəlxalq Müsabiqədə 2-ci yerə və “Laureat” adına layiq görülüb. 2011-ci ildə Lüksemburqda keçirilən Beynəlxalq Müsabiqədə “Qızıl” medalı və “Laureat” adını qazanıb. Həmçinin 2012-ci ildə İtaliyaAvstriyada keçirilən Beynəlxalq Müsabiqədə I yerə və “Laureat” adına layiq görülüb.

 

Bakı Musiqi Akademiyasını bitirdikdən sonra, 2013-cü ildə - Vyana Konservatoriyasının (Avstriya) “Opera-Simfonik Dirijorluğu” fakültəsinə daxil olub. Hazırda təhsilini davam etdirir. Hələ 2010-cu ildən, tələbəlik illərindən TÜRKSOYla (Beynəlxalq Türk Mədəniyyəti təşkilatı) əməkdaşlıq edən Mustafa bu qurumun onun həyatında, karyerasında müstəsna rol oynadığını söyləyir. TÜRKSOYun Azərbaycan və ümumiyyətlə türkdilli ölkə mədəniyyətlərinin, musiqisinin dünyada tanıdılması, təbliği üçün gördüyü böyük işlər göz önündədir.

 

Bu təşkilatın Gənclər Kamera Orkestrinə dirijorluq edən Mustafa Mehmandarovla son vaxtlarda əldə olunan uğurlar, Avropa konsertləri haqqında söhbət etdik. Hərtərəfli istedada malik bu gənc TÜRKSOY-la, onun rəhbəri Düsen Kaseinovla tanışlığın, əməkdaşlığın ona uğur gətirdiyini, musiqimizi Avropada təmsil etməyin nə qədər məsuliyyətli olmasını söylədi: “İlk dəfə TÜRKSOY-la əməkdaşlığım 2010-cu ildə, tələbəlik illərimdə başladı. Akademiyaya bu təşkilatdan məktub göndərilmişdi ki, yeni yaradılan Gənclər Kamera Orkestri üçün skripka ifaçıları məsləhət bilinsin. Xoşbəxtlikdən mən və başqa iki nəfəri rəhbərlik məsləhət bildi. Tələbə üçün, sənətini necəsə nümayiş etdirmək istəyən gənc üçün bu ağlasığmaz dərəcədə böyük şans idi. O zamanlar skripka ifaçısı kimi qoşulduğum kollektivlə bir neçə maraqlı layihələrimiz, konsertlərimiz oldu. 2013-cü ildə müəllimim, böyük dirijor Rauf Abdullayevin məsləhəti, xeyir-duası ilə Vyana Konservatoriyasının “Opera-Simfonik Dirijorluğu” bölümünə daxil oldum. Mənim kimi çox gənclərə dəstək olan, mənəvi dayaq olan Düsen bəyin bu il məni artıq dirijor kimi TÜRKSOY orkestrinə dəvət etməsindən çox təəccübləndim. Amma bunun necə böyük məsuliyyət olduğunu başa düşdüm”.

 

Dirijorluq etdiyi Gənclər Kamera Orkestri ilə son vaxtlarda İngiltərədə, İtaliyada konsertlər verən Mustafa Avropada türkdilli xalqların musiqisinin necə qarşılanmasından, bizlərə aid yanlış düşüncələrin necə dağılmasından da danışdı: “Bilirsiz, nədənsə Avropada bizləri yalnız etnik alətlərin ifaçıları kimi tanıyırlar. Yəni belə təsəvvür yaranır ki, bizdə simfonik əsərlər, kamera orkestri üçün əsərlər yazılmayıb, ciddi bəstəkarlarımız yoxdur. Ona görə bu yay İngiltərədə verdiyimiz beş konsertdə və İtaliyadakı konsertlərdə həmişə olduğu kimi Düsen bəyin prinsiplərinə əməl etdik. Yəni öncə klassik Avropa musiqisi, deyək ki, Bax, Bethoven, Şopen, Vivaldi, Çaykovski, Alfred Şnitke, Ottorino Respiqi, Edvard Qriq kimi dahilərin əsərlərini ifa edirik, tamaşaçı bilsin ki, bizim bunlardan da xəbərimiz var. Sonra isə öz musiqilərimizi. Yəni türkdilli xalqların hər birinin musiqi nümunələrini - Qara Qarayev, Aqşin Əlizadə, Ülvi Camal Erkin, Mansur Saqatov, Almas Serkebayev, Muratbek Beqaliyev, Suxan Tuyliyev kimi sənətkarların da əsərlərini. Əgər siz zalın, tamaşaçının münasibətini görsəydiniz... Bunu sözlə ifadə etmək mümkün deyil. Bax bu anlarda duyduğun zövq, qürur, sevinc doğrudan da sözə gəlmir”.

 

Gənc dirijor İngiltərə və İtaliya konsertlərinin nə qədər səs-küylə qarşılandığını, tamaşaçıların unudulmaz reaksiyalarını söylədikcə bu böyük işlərin arxasındakı zəhməti, çətinlikləri də vurğuladı: “Bilirsiz, bütün bu böyük işlərin, yəni musiqimizi dünyada təbliğ etmək kimi şərəfli hadisələrin arxasında ağlagəlməz zəhmət durur. Və etiraf etməliyik ki, bu zəhmətin böyük hissəsini Düsen Kaseinov öz üzərinə götürür. Təsəvvür edin ki, biz konsertlərə Türkiyənin Bolu əyalətində hazırlaşırdıq və o günlərdə Türkiyədə çevriliş cəhdi oldu, hava limanı bağlandı bir neçə saat. Bu çox böyük stress idi, həm də təşkilati işlərə xeyli mane oldu. Amma bununla belə hər şey yaxşı oldu. Bironu vurğulamaq istəyirəm ki, TÜRKSOY bu maddi cəhətdən də çətin durumda konsertlərimiz üçün heç nəyi əsirgəmir. Londondakı “Piccadilly”, Oksforddakı “Sheldonian Theatre”, Qlazqodakı “Royal Conservatoire of Scotland”, “Royal Concert Hall”, Edinburq şəhərindəki “Greyfriars Kirkkimi nüfuzlu salonlarda verdik konsertlərimizi. Qlazqo şəhərindəki konsertlər Ümumdünya Musiqi Təhsili Cəmiyyətinin 32-ci Beynəlxalq Konfransı çərçivəsində keçirildi. İtaliyanın Forli şəhərindəki “Chiesa di San Giacomo in San Domenico”, Pezaro şəhərindəki “Rocca Costanzakimi məşhur konsert salonlarının səhnələrindən musiqimizi tamaşaçılara təqdim etdik. Bu, bəzən bizlərə ikinci dərəcəli baxan avropalılar üçün mühüm məqam idi”.

 

Konsert proqramlarına daxil edilən əsərlərin seçimi barədə soruşanda Mustafa bu işin ona həvalə olunmasını söylədi. Həm də ixtisasca musiqiçi olan TÜRKSOY sədrinin bu məsələlərdə nə qədər tələbkar olduğunu da dedi: “Düsen Karabayeviç musiqiçi olduğu üçün hər şey onun nəzarətindədir. Yəni özü proqrama baxır, uyğun olmayan nömrələri dəyişir. Amma Azərbaycan musiqisi ilə bağlı seçimlər mənim işimdir. Özüm seçim edirəm. Və bu işdə əsas prinsipim odur ki, unudulmuş, çoxdandı ifa olunmayan melodiyaları seçirəm. Çünki bir qayda olaraq Avropada ifa olunan musiqiyə burda da diqqət çəkilir, maraq yaranır. Şükür ki, hələ seçimlərimizdə yanılmamışıq. Avropa tamaşaçısı çox böyük maraqla dinləyib və alqışlarla buraxmayıb bizi səhnədən”.

 

Söhbətimizin sonunda TÜRKSOYun Gənclər Kamera Orkestrinin yeni layihələr, yeni konsertlər planlaşdırılmasını söyləyən dirijor bu yolda həvəsli olduğunu, yorulmadan çalışdığını da söylədi. Bizöz növbəmizdə bu gənc və istedadlı musiqiçiyə uğurlar diləyirik.

 

PƏRVİN

 

525-ci qəzet.- 2016.- 10 sentyabr.- S.13