Zərdabi ömrünün
işığında
YAZIÇI SONA VƏLİYEVANIN “İŞIĞA GEDƏN YOL” ROMANI BARƏDƏ QEYDLƏR
... Nəhayət ki, bu yay günlərinə düşən
qısa məzuniyyətim dövründə son illər
geniş ictimai və ədəbi rezonans doğurmuş bəzi
bədii əsərləri oxumağı qərara aldım.
Onlardan biri də azərbaycançılıq
ideologiyası və ədəbiyyatşünaslığa dair
sanballı tədqiqatları və lirik şeirləri ilə
yaxşı tanınan filoloq-alim Sona Vəliyevanın
“İşığa gedən yol” romanı idi.
Çünki bu epik əsərin milli
jurnalistikamızın banisi, böyük maarifçi və
mütəfəkkir Həsən bəy Zərdabinin həyat
yolundan bəhs etdiyindən xəbərdar idim.
Doğrusu, ayrı-ayrı sənədli filmlərin və
tarixi yazıların hazırlanması ilə bağlı son
illər arxivlərdə işləyərkən Həsən
bəylə əlaqəli bəzi arxiv sənədlərinə
rast gəldiyimdən bu görkəmli şəxsiyyətin
ömür yoluna, taleyinə məndə də böyük
maraq yaranmışdı. Xüsusən, ötən il Heydər
Əliyev Fondunun təşəbbüsü və Arzu xanım
Əliyevanın baş prodüserliyi ilə hazırlanan
“Əbədi ezamiyyət” bədii-sənədli filminin
ssenarisi üzərində işləyərkən Bakı,
Tbilisi, Moskva və Paris arxivlərindəki sənədlərdə
Zərdabi şəxsiyyəti ilə bağlı bəzi yeni
fakt və hadisələr diqqətimi cəlb etmişdi. Bu filmin qəhrəmanlarından biri, Azərbaycan
Xalq Cümhuriyyətinin qurucularından olmuş Əlimərdan
bəy Topçubaşov Həsən bəy Zərdabinin
kürəkəni idi. Və onun öz məsləkdaşları
ilə yazışmalarında bəzən Həsən bəyin
də adı çəkilirdi. Ceyhun bəy
Hacıbəylinin 1929-cu ilin iyununda yazdığı bir məktubdakı
fraqment isə, sözün həqiqi mənasında, məni
kövrəltmişdi. Ceyhun bəy Əlimərdan bəy
Topçubaşovun həmin günlərdə xəstə və
üzgün olduğunu xatırladır, onun bu ərəfədə
qayınanası Hənifə xanımın vəfatı ilə
əlaqədar təşkil etdiyi yas mərasiminə bəzi
silahdaşlarının gəlməməsinin də səhhətinə
pis təsir etdiyini yazırdı: “Bütün dağlılar,
gürcülər, ermənilər gəlmişdilər, amma dəvət
olunmalarına baxmayaraq bu “cənablar” gəlməmişdi. Biri
xəstəliyini bəhanə gətirmişdi, digəri dəvət
xəbərini gec aldığını söyləmişdi...”
Xatırlatmaq
yerinə düşər ki, 1929-cu ilin mayında Hənifə
xanım Bakıda haqq dünyasına qovuşanda onun sevimli
qızı Pəri xanım (Pərisultan) həyat
yoldaşı Əlimərdan bəylə Parisdə istiqlal
mübarizəsinin əzablarını yaşayırdı... Və onlar mərhum Hənifə xanımın vəfatı
ilə əlaqədar Parisdə, adətimizə uyğun
olaraq, yas məclisi təşkil etməklə özlərinə
təskinlik vermışdilər. Və bu mərasimə
ən yaxın adamların gəlməməsi, şübhəsiz,
onları kədərləndirmişdi...
Həsən bəy Zərdabi şəxsiyyəti və
onun ailə üzvlərinin keşməkeşli taleyi bu
materiallarla tanışlıqdan sonra məni daha çox cəlb
edirdi. Ona
görə də yazıçı Sona xanım Vəliyevanın
bu insanlara həsr etdiyi roman məni maraqlandıran suallara cavab
verə bilərdi və bəri başdan deyim ki, verdi də!
Romanı məhz bu maraqla oxumağa başladım. İlk
baxışda əsərin həcmi (təxminən 800 səhifəyə
yaxın) adamın gözünü qorxutsa da, oxumağa
başlayanda səhifələrin necə
ötdüyünü hiss etmirsən. Şübhəsiz,
bu, bir tərəfdən Həsən bəy Zərdabinin
enişli-yoxuşlu həyat yolunun zənginliyi ilə
bağlıdırsa, digər tərəfdən əsərin
axıcı dili ilə, təhkiyənin və dialoqların
sadəliyi ilə, nəhayət, Sona Vəliyevanın
yazıçı məharəti ilə əlaqədardır.
Bir də roman axı işığa gedən yol
haqqındadır...
Niyə “İşığa gedən yol”? Əsərin ilk səhifələrindən
oxucuya təlqin olunur ki, Zərdabda tanınmış Rəhim
bəyin ailəsində dünyaya göz açan Həsən
hələ uşaqlıqdan elmə, təhsilə xüsusi
maraq göstərib və böyüdükcə anlayıb ki,
elm və təhsil işıqdır, nurdur. Həsən
bu həqiqəti ona görə anlayıb ki, Zərdab bəylərindən
olan babası elmə, kitaba qiymət verən insan olub. Atası Səlim bəy uzaq-uzaq diyarlardan evinə
kitablar gətirib, övladlarını savadlı görmək
istəyib. Ona görə də
dünyagörmüş Rəhim bəyin xeyir-duası ilə
uşağı Şamaxı gimnaziyasına aparırlar.
Bu gimnaziyadan sonra o, təhsilini Tiflisdə davam
etdirir. Təbii ki, Həsənin bir insan
kimi formalaşmasında Tiflis mühitinin, xüsusən qohumu
“urus Fərəc”in (Fərəc bəy Ağayev) məsləhətləri
xüsusi rol oynayır. Bir növ Fərəc
bəy bu yeniyetmə qohumunun gözlərini açır.
Və gənc Həsən Tiflisdə təhsilini
başa vurandan sonra Moskva Universitetinə daxil olur və həmin
təhsil ocağını da uğurla bitirir. Ən başlıcası isə bu təhsil və
kamilləşmə illərində Həsən böyük
Mirzə Fətəli Axundovla ünsiyyətdə olur, Seyid
Əzimlə dostluq edir, Sergey Solovyovdan dərs alır. Bütün bu görüş və
danışıqlar onun həyat yolunu müəyyənləşdirir.
Bu yol işığa istiqamətlənir, bu yol təhsilə
yönəlir...
Bütün
bunlar o vaxt olub ki, az qala bütün Azərbaycan
Mirzə Cəlilin təbirincə desək, “zülmət
içində” idi. Elm, maarif deyəni topa
tuturdular. Amma Zərdabi elm, təhsil deyə
şəhərbəşəhər, kəndbəkənd gəzib
və insanları öz ziyasına qərq edə bilib.
Əslində, gözünü dünyaya açıb hər
yanı “zülmət içində” görən bir gəncin
XIX əsrin ikinci yarısında Moskvada təhsil alması
özü böyük bir yenilik, işıq idi. Ona görə də
Bakıya qayıdıb məmur kimi Bakı Qəza İdarəsində
fəaliyyətə başlayandan sonra, Həsən Məlikov,
indiki terminlə desək, savadsızlıq ucbatından insan
hüquqlarının pozulmasına, yoxsulların
mal-mülkünün əllərindən alınmasına
dözə bilmir, kömək üçün ona müraciət
edən şikayətçilərin gözünü
açmağa, onların haqqını müdafiə etməyə
başlayır və... işini itirməli olur. Və onda
anlayır ki, ayrı-ayrı adamların haqqını bərpa
etməklə, ayrı-ayrı insanların gözünü
açmaqla cəmiyyəti sağlamlaşdırmaq,
insanların azad yaşamasına nail olmaq mümkün deyil! Həsən bəy anlayır ki, tək-tək
adamların oxuması ilə cəmiyyət
işıqlanmayacaq, ona görə təhsilli gənclərin
sayı artmayınca savadsızlıq, cəhalət bu millətin
tərəqqisinə mane olacaq. Və Həsən bəy
bu arzu ilə yola çıxır... Xeyriyyə cəmiyyəti
yaratmaq üçün Azərbaycanı gəzir,
Şamaxıda olur, Gəncəyə gedir, Tiflisə baş
çəkir, Qubanı, İrəvanı,
Şuşanı... az qala, bütün Azərbaycanı
qarış-qarış gəzir. O niyyətlə ki,
yaradacağı xeyriyyə cəmiyyəti xəttilə
kasıb uşaqlarının təhsilə cəlb edilməsinə
yardımçı olsun...
Əsərdə bu səfərlərin təfərrüatlı
təsviri, sadəcə, baş qəhrəmanın həyat
yolunun hansı məkanlardan keçdiyini göstərmək məqsədi
daşımır. Bu, həm də o dövrün Azərbaycanı barədə
bugünkü oxucuda real təsəvvür yaratmaq
üçün yazıçının istifadə etdiyi ədəbi
priyomdur: Müəllif Həsən bəyin getdiyi yollar,
olduğu şəhərlər barədə ətraflı
söhbət açır, bu şəhərlərin
keçdiyi tarixi yol barədə geniş məlumat verir. Burada Sona Vəliyeva bir tarixçi kimi
çıxış edir, oxucusunu dünənə aparır,
Vətənin keçmişinə ekskurs edir. Məsələn,
Gəncənin tarixindən söhbət açır, Dərələyəz
mahalından, Vedidən danışır,
Naxçıvanın, Azərbaycan Atabəylər dövlətinin
tarixinə nəzər yetirir və s. “Səni kimlər qurdu,
Şuşa?” - deyə bu gün əsirlikdə olan
Şuşamızın keçmişinə işıq salır.
Bu qeydlərlə yazıçı bir daha tarixi
gerçəkləri oxucuya çatdırır. Amma
bütün bunlar qəliz elmi dildə yazılmış
traktat nümunəsi deyil, sadə və rəvan bir
tarixçədir ki, onu rahatlıqla qavrayan oxucu, eyni zamanda,
bir növ tariximizin ayrı-ayrı səhifələrindən
də xəbərdar olur.
Digər tərəfdən, “İşığa gedən
yol” təkcə Azərbaycan mətbuatının
yaradıcısı Həsən bəy Zərdabi haqqında
deyil, həm də bütövlükdə Azərbaycan mətbuat
tarixi barədə romandır, - desək yanılmarıq. Çünki bu əsərdə
oxucu ilk milli mətbuat nümunəmizin - “Əkinçi”nin necə yarandığını
görür: “...Quberniya mətbəəsində
qızğın iş gedirdi. Həsən bəy
erməni Minasovun səhvlərini səbrlə düzəltsə
də, bütün vücudu titrəyirdi. Həyəcandan
əlləri əsirdi. Səhər açılanda
bütün ictimaiyyət “Əkinçi” qəzeti ilə tanış olacaqdı. Qəzetin
birinci səhifəsində “Badikubə gimnaziyasının
müəllimi Həsən bəy Məlikov Zərdabi tərəfindən
çap edilib” sözlərini Həsən bəy uzun illərdi
gözləmişdi. Nəcəf də, Hənifə
xanım və digər şagirdləri də onun sevinc göz
yaşlarını görüb kövrəlmişdilər.
Hənifə xanım bir dəfə də Pərisoltan
anadan olanda onun belə sevindiyini görmüşdü”.
Bu
kiçik parçada yazıçı təkcə
“Əkinçi”nin ərsəyə gəldiyi
ilk günlərin mənzərəsini canlandırmır, həm
də Hənifə xanımın timsalında daim Həsən
bəyin yanında dayanan qüdrətli bir həmfikrin,
istedadlı silahdaşın obrazını yaradır. Biz bu obrazı evdə
də görürük, müxtəlif tədbirlərdə də.
Amma qəzet nəşrində, qəzetin ərsəyə
gəlməsində bu obrazın belə qabarıq göstərilməsi
həm də yaradıcı insanın yanında ideya dostunun, həmfikirin
olmasının vacibliyini vurğulamaq vasitəsi kimi
maraqlıdır. Həqiqətən də, əgər o
vaxt Həsən bəyin ailəsində Hənifə xanım
kimi savadlı, müasir dünyagörüşlü bir
xanım olmasaydı, mətbuatımızın tarixi yəqin
ki, bir az da sonrakı illərə təsadüf
edə bilərdi. Biz başqa millətlərdən
bir qədər də geri düşə bilərdik.
Romanın bu hissəsi sanki oxucuya belə bir acı həqiqəti
xatırladır...
Mətbuat
tarixindən söz düşmüşkən, bu tarixdən
az-çox xəbəri olanlar, xüsusən, ali
jurnalist təhsili alanlar bilir ki, o vaxt “Əkinçi”nin ilk
nömrəsini mətbəədə erməni mürəttib
Minasov yığıb. Bu, acı da olsa
faktdır, həqiqətdir, reallıqdır. Sona xanım bu acı reallığı da olduğu
kimi verir. Və bununla oxucunu
düşünməyə vadar edir. Həsən
bəyin düşdüyü mühitin portretini yaradır.
Və oxucu dərhal Həsən bəyin vəziyyətini
göz önünə gətirir: demək, bu kişi qəzetin
nəşrinə icazə almaq üçün qapılar
döyür, bu icazəni alandan sonra maliyyə məsələlərini
həll edir, mətbəə müəyyənləşdirir
və məlum olur ki..., Azərbaycanda heç bir mətbəədə
Azərbaycan dilində mətn yığa bilən mürəttib
yoxdur! Bu peşəyə ehtiyac olmayıb! Bu peşə ilə
məşğul olan yoxdur! Faciə deyilmi?
Yazıçının
bugünkü oxucuya göstərdiyi XIX əsr Bakı
reallığı budur! Belə olan halda isə bu mühitdən
Həsən bəy Məlikov-Zərdabi çıxıbsa,
belə bir mühitdə “Əkinçi” yaranıbsa... yenə
də şükür deməkdən başqa söz
tapmırsan... Və bütün bu təzadlardan sonra Sona
xanımın yaratdığı Zərdabi obrazı bir az da sanballı, bir az da monumental
görünür.
Oxucu
romanda təkcə “Əkinçi” ilə tanış
olmur. Həm də “Kəşkül”ün nəşrə
başlamasına və... bağlanmasına şahidlik edir.
“Bakinskie İzvestiya”dan xəbər tutur, “Tiflisskie vedomosti”,
“Kafkaz”, “Qolos”, “Tərcüman”, “Ziya”, “Ziyayi-Qafqaziyyə”,
“Şərqi-Rus” və digər qəzetlər barədə məlumat
alır. “Kaspi”nin meydana gəlməsində
Zərdabinin rolunu görür, Hacı Zeynalabdin
Tağıyevin millətpərvərliyinə bir daha əmin
olur, Əlimərdan bəy Topçubaşovun möhtəşəm
obrazına heyran qalır. Bir sözlə,
“İşığa gedən yol” həm də qaranlıq məmləkətdə
işıq rolu oynayan mətbuatımızın keşməkeşli
tarixinə işıq salır.
Həsən bəy müxtəlif şəhərlərə səfər zamanı cürbəcür insanlarla, tanınmış ziyalılarla görüşür, onlarla millətin sabahı barədə müzakirələr aparır. Bu zaman da Sona Vəliyeva müasir oxucunu Azərbaycanın görkəmli şəxsiyyətlərinin tərcümeyi-halı ilə tanış etmək fürsətini əldən vermir. Sanki elə belə, yeri gəlmişkən, bu insanların həyat tarixçəsini danışır. Və bu məqamda müəllif tədqiqatçı-alim işini görür. Belə ki, onun təqdim etdiyi bu ziyalılar arasında tərcümeyi-halı bəlli olan insanlar da var, az-çox təhsili olanların belə tanımadığı ziyalılar da... Ona görə də yazıçının sözarası təqdim etdiyi bu insanlar geniş oxucu kütləsi üçün tanınan olur. Çünki yuxarıda qeyd etdiyimiz kimi bu insanlar barədə də romanda sadə və rəvan dildə, sanki yeri gəlmişkən söhbət açılır...
Həsən bəy müxtəlif şəhərlərdə görüşdüyü adamlarla təhsilin əhəmiyyətindən danışır, insanların gözünü açmağa çalışır. Bu işıqlı yolun əhəmiyyətini anlayanlar, bu işdə ona dəstək verənlər olsa da, bu işığı görməyənlər, necə deyərlər, işıq gələn yerə barmaq tıxayanlar da az deyil. Bu da o dövrün Azərbaycan reallığıdır. Və Sona xanım bu reallığın portretini bəzən qısa, bir neçə cümlə ilə yarada bilib. Geniş şərh, izah vermək istəməyib. Düşünməyi oxucunun ixtiyarına buraxıb. Axı düşünmək də işığa gedən yola aparır...
Şamaxıda görüş və müzakirə zamanı imkanlı bəylərdən biri təhsil naminə xeyriyyə cəmiyyətinə cəmi 50 rubl verməyə qıymır. Zaman keçir, Şamaxıda dağıdıcı zəlzələ baş verir və həmin bəyin var-dövləti yerlə-yeksan olur. Müəllif bu çətin anda Həsən bəyi həmin imkanlı adamla təsadüfən görüşdürür və hər ikisi bir-birinə baxıb susur. Bu görüşün lakonik təsvirini verən müəllif geniş danışmağa lüzum görmür. Sərvətin, var-dövlətin gəldi-gedər olduğunu, təhsilin, elmin əbədiliyini sözsüz, şərhsiz ortaya qoyur. Romanda belə incə məqamlar olduqca çoxdur.
Bu baxımdan əminliklə söyləmək olar ki, “İşığa gedən yol” yalnız Həsən bəy Zərdabi haqqında deyil, onun dövrü, zamanı, əhatə olunduğu insanlar və mühit haqqındadır. “İşığa gedən yol” XIX əsrin ikinci yarısı, XX əsrin əvvəlləri barədə - bütöv bir epoxa haqqında roman-epopeyadır. Və bu roman-epopeya epoxanın təzadlarını, ziddiyyətlərini canlandırır. Bunun üçün yazıçının xüsusi konflikt, qeyri-adi əhvalatlar quraşdırmasına, ədəbi improvizəyə ehtiyac yoxdur. Bütün bu ziddiyyət və konfliktləri zaman yaradıb. Sadəcə, müəllifə bu zamanın müəyyən anlarını özünəməxsus istedadla kağıza köçürmək, ibrətamiz məqamlarını ümumiləşdirmək və bütün bunları rəvan, axıcı ədəbi dildə çatdırmaq vəzifəsi qalır ki, Sona xanım onun da öhdəsindən uğurla gələ bilib.
Bakı şəhərinin, şəhərin ayrı-ayrı küçələrinin və binalarının tarixi ilə bağlı uzun müddətdən bəri sənədli filmlər hazırladığım üçün çoxsaylı arxiv sənədləri vərəqləmişəm. Deyək ki, Bakının Quba meydanı, Molokan bağı, Bazar küçəsi və s. barədə oxuduğum arxiv sənədləri o dövrün mənzərəsini gözüm önündə canlandırıb və rejissor dostlarla bunların bəzisinin televiziya ekranında canlandırılmasına nail olmuşuq. Ona görə də Sona xanımın təsvir etdiyi Quba meydanı, ordakı ab-hava mənə doğma gəldi. Molokan bağının yaxınlığındakı kababxanalar mənim oxuduğum sənədlərdə də elə belə görünürdü, Sona xanımın təsvirləri də tarixi reallığa tamamilə uyğundur. O dövrün Bakısının real mənzərəsidir. Amma Sona xanımın yazıçı təxəyyülü, yazıçı ustalığı bu mənzərəni bir az da aydın görməyə imkan verir: Həsən bəy Molokan bağının yanından keçərkən iki qoçunun mübahisəsinin şahidi olur. Onlar bütöv bir quzunu 20 dəqiqəyə yemək üstündə mərc gəlirlər və... yeməyə girişirlər... Bu da o dövrün Bakı reallığıdır. Dünyanın başqa ölkələrində insanlar elmi kəşflər, dünyəvi yeniliklər üstündə mübahisə edir, bizdə isə... Yazıçı bu cür detalların köməyi ilə oxucunun Həsən bəy Məlikov obrazını tanımasına, sevməsinə, onun bir ziyalı kimi yaşadığı faciəyə daha yaxından bələd olmasına kömək edir.
Yaxud Quba meydanında rast gəldiyi Bakı qoçuları ilə dərzi Baqratın söhbətlərini xatırlatmaqla təzadları bir az da qabardır: qoçular Həsən bəyin məktəb harayını ələ salmağa cəhd edirlər, dərzi Baqrat isə erməni xeyriyyə cəmiyyətinə ödədiyi pullardan danışır...
Bununla da həmin hadisələrin cərəyan etdiyi dövrdən təxminən yüz il sonra başımıza gələn bəlaların - Qarabağ faciəsinin kökünə ağrılı bir işarə vurulur. Qarabağ münaqişəsinin adı çəkilməsə də...
Bütövlükdə “İşığa gedən yol” XIX əsrin ikinci yarısından XX əsrin əvvəllərinə qədər olan dövrdə Azərbaycandakı real vəziyyət, Həsən bəy Zərdabinin elm və təhsil, millətin gələcəyi naminə xidmətləri barədə tarixi bir əsərdir. Yazıçı belə mürəkkəb bir şəraitdə qəhrəmanın keçdiyi əzablı yolların xronikasını verir, Həsən bəyin millət yolunda xidmətlərini boyasız, pafossuz təqdim etməklə elə Zərdabinin fotolarından görünən sadə, işıqlı, nurlu sifətinə yaraşan obrazını yaradır. Onun işığa gedən yolda çəkdiyi əzablara işıq salır.
Bütün bunların nəticəsidir ki,
romanı oxuyub başa çatandan sonra mənə belə gəldi
ki, “İşığa gedən yol” həm də bu günə
və sabaha bir yazıçı ismarıcıdır: Axı
bu gün də cəmiyyətimizdə bəzən həqiqi
ziyalıların deyil, öz var-dövləti ilə
öyünənlərin məclislərin başına keçirildiyinə
az rast gəlmirik. Bu baxımdan düşünürəm ki,
“İşığa gedən yol” həm də bugünkü
insanları işığa səsləyir. Və yəqin ki,
sabah da belə ismarıca ehtiyac olacaq və əsər sabah da
insanları işığa səsləyəcək. Zərdabi
ideyaları aktual olduqca “İşığa gedən yol” da
aktual olacaq, insanları doğru yola, işıq gələn tərəfə
istiqamətləndirəcək. Məncə,
bütövlükdə ədəbiyyatın və fərd
olaraq kamil yazıçının əsl missiyası da məhz
budur...
Müsəllim HƏSƏNOV
525-ci qəzet.- 2016.- 10 sentyabr.- S.8-9.