Birinci Türkoloji Konqresdən qeydlər

 

 

(Əvvəli ötən sayımızda)

 

Koçlu Odabaşı (əslində adın birinci hissəsi düzgün oxunmayıb, Koçlu yox, Kerçli Odabaşı olmalıdır. Söhbət qurultaya Simferopoldan (Ağməscid) qatılan Krım Dövlət Universitetinin müəllimi, dilçi ədəbiyyatşünas Həbibulla Odabaşdan gedir.

 

Qurultayın səkkizinci iclasında "Türk dillərində terminologiya" mövzusunda məruzə etmişdi -V.Q.) Krımda etnoqrafik materiallar toplamaq işi üzərində dayandı. Orada bütünlüklə özünü bu vəzifəyə həsr etmiş cəmiyyətin olduğunu söylədi. Keçən il Poroştinin (yanlış oxunmuşdur, əslində İ.N.Borozdin olmalıdır - V.Q.) xatırlatdığı kimi, Krım içərisində bir elmi heyətə  bələdçilik etdiklərini bir daha yada saldı.

 

Daha sonra Komik Eyyubov (Əli Heydər Bayatın təqdim etdiyi mətndə belə getmişdir. Əslində söhbət Qafqaz türklərinin təmsilçisindən - qumuq nümayəndəsi Alimcan Əyyubovdan getdiyi üçün ad da Qumuq Eyyubov şəklində oxunmalıdır- V.Q.)  danışdı. Özündən əvvəlki natiqlərin tədqiqat azlığından şikayətlənmələri fikrini tənqid etdi. "Qurultayın tarixi dəyəri bundan sonra müxtəlif sahələrdə aparılmalı olan tədqiqatların proqramını hazırlamaqdır" - deyə bildirdi.

 

Başqırd Şakirov (Zakir Şakirov - Ufa elmi-tədqiqat institutunun əməkdaşı - V.Q.) Başqırd dilində çıxış etdi. Nitqində Başqırd dilində digər türk ləhcələrində olmayan səslərin hərflərin mövcudluğuna toxundu. Petrof Tovariç (soyad yanlış oxunub. Söhbət Çuvaş Milli Muzeyinin yaradıcısı, etnoqraf pedaqoq M.P.Petrov-Tinekpxidən gedir - V.Q.) rusca danışdı. Əsli Çuvaşdır. Çuvaşların ölkəsi ruslarla tatarlar arasında uzun müddətli savaşlara səhnə olmuşdur. Nəticədə aydınlar məhv edilmiş, orta təbəqə sürgünə göndərilmiş, yalnız sadə insanlar qalmışlar. Aşmarin (N.İ.Aşmarin - dilçi, türkoloq dialektoloq. Azərbaycan türkcəsinin Nuxa-Şəki dialektinin ilk tədqiqatçısı. Qurultayın beşinci iclasında "Türkologiyanın keçmişi müasir vəziyyəti haqqında bəzi fikirlər" adlı məruzə ilə çıxış etmişdi - V.Q.) Çuvaş dilinin qrammatikasını hazırlamışdır. Biz dəvət ediləcəyimizə ümid edirdik. Həqiqətən dəvət edildik. Təşəkkür edirik (Çox ehtimal ki, söhbət məruzə ətrafındakı müzakirələrə dəvətdən gedir - V.Q.) Marrın araşdırmalarına görə, Çuvaşlar çox qədim bir xalqdır. İştirakçıların xahişi ilə nitqini Çuvaş dilində bitirdi çoxlu alqış qazandı.

 

Rodenko (əslində S.İ.Rudenko, tarixçi etnoqraf - V.Q.) Leninqrad Etnoqrafiya Muzeyinin direktorudur. Məruzəsi Oyrotlar haqqında idi. "Altay dağları Türklüyün qaynağıdır" - dedi. Tarix baxımından sayları az olan qövm qəbilələrin əhəmiyyəti vardır. Yakut Cümhuriyyətində Yakutlar haqqındakı çalışmalarda böyük irəliləmə var. Amma indiki halda ayrıca bir muzey qurulması olduqca çətin məsələdir. Krımlı Çobanzadə (B.V.Çobanzadə, türkoloq, şair ədəbiyyat tarixçisi. Üçüncü iclasda "Türk ləhcələrinin yaxın qohumluğu haqqında", səkkizinci iclasda isə "Elmi terminologiya sistemi haqqında" adlı məruzələrlə çıxış etmişdi - V.Q.) türkcə danışdı: "Birinci qurultay dil ədəbiyyat məsələləri üzərində toplanmış bir qurultaydır. Orhun kitabələrindən Osmanlı şivəsinə qədər bir çox laçunələr (qaranlıq məqamlar - V.Q.) var. Bunlar meydana çıxmayana qədər ehtimallar dairəsindən qurtara bilməyəcəyik. Mahmud Kaşqaridən zamanımıza qədər keçən səkkiz yüz il ərzində elmi baxımdan şivələrin təsnifi, praktik baxımdan dilin istifadə vasitələrinin hazırlanması (sözlük, qrammatika s.) lazımdır. Dil ədəbiyyat araşdırmalarında əsas mərkəzlər İstanbul, Qazan, Bakı, Daşkənd başqa yerlərdir".

 

28 fevral 1926-cı il. Bazar günü. Poupe (əslində N.N.Poppe - linqvist, etnoqraf, Altay dilləri, türkologiya monqolşünaslıq üzrə mütəxəssis. Mövzu: "Altay dillərinin qarşılıqlı qohumluq məsələsinin tarixi müasir vəziyyəti" - V.Q.) danışdı. Altay dillərinin müqayisəli öyrənilməsindən bəhs etdi. Bu məsələdə hələlik kəskin qərarlar vermək zamanının gəlib çatmadığını həllini tələb edən bir çox məqamların olduğunu diqqətə çatdıraraq sözlərini bitirdi. Genko (A.N.Qenko, linqvist, etnoqraf qafqazşünas, qurultayda onun "Türk dillərinin yafəti dilləri münasibəti haqqında" adlı məruzəsi dinlənilmişdi - V.Q.) Türk dili ilə monqol dili başqa qonşu dillər arasındakı fərqlər münasibətlərdən bəhs etdi. Çobanzadə Vilhelm Tomsenin Kopenhagendən göndərdiyi təbrik teleqramını oxudu. Zifeld (A.R.Zifeld-Simumyaqi, eston əsilli altayşünas, türkoloq. Məruzə mövzusu: "Türk dillərində elmi terminologiyanın yaranması prinsipləri haqqında" - V.Q.) Şuraların İran təmsilçisinin təbrikini oxudu. Bu arada daha bir çox teleqraflar Marrın teleqrafı oxundu. Başqırd Əbilov (əslində M.M.Bilalov olmalıdır. Xalq təhsili komissarlığının təmsilçisi idi. Görünür, qonağın soyadı Əli bəyin qeydlərində  qeyri-dəqiq yazılmışdır - V.Q.) nitqini başqırdca etdi. Eston əsilli Zifeld eston dilinin özəlliklərindən söz açdı. Filoloji baxımdan eston dili ilə türk dilləri arasında qarşılaşdırma apardı. Çeşidli türk ləhcələrində mən, min, men, ben kəlmələrinin olduğunu onlara eston dilində təsadüf edildiyini dedi. On dəqiqəlik tənəffüsdən sonra Sereye (soyad yanlış transkripsiya edilmişdir. Söhbət Leninqraddan qurultaya dəvət olunmuş professor L.V.Şerbadan gedir.

 

O, qurultayın on beşinci iclasında "Ana dilinin tədris metodikasında ən yeni təmayüllər" mövzusunda məruzə etmişdi -V.Q.) Samoyloviçin (A.N.Samoyloviç, tanınmış türkoloq, SSRİ EA-nın həqiqi üzvü.  Qurultayın beşinci iclasındakı məruzəsinin mövzusu: "Türk dilləri tədqiqinin müasir vəziyyəti ən yaxın vəzifələri - V.Q.) mövzusu ilə bağlı danışdı. Özbək Halit Sait (Xalid Səid Xocayev -Bakıda çalışan özbək əsilli türkoloq - V.Q.) mükəmməl bir türkcədə öz nitqini oxudu. Onun fikrincə, danışıq fərqlərinin sərhədini müəyyən etmək çətindir. Çünki ləhcələr coğrafi baxımdan bir-birinə qarışmaqdadır. Türklərin bir-birlərini anlamaları üçün ümumi bir ədəbi dilin mövcudluğu zəruridir. Əbilov Başqırd ləhcəsi ilə danışdı. Başqırdcada iki şivə var ki, biri tatar başqırdcasıdır. Özəl səsli hərfləri olan başqırd ədəbiyyatı proletar ədəbiyyatı olmaqla həm yenidir.

 

Həsən Musayev (sənədlərdə Azərbaycan türkü tələbə olduğu, qurultayın işinə xüsusi dəvətə əsasən qatıldığı göstərilir -V.Q.) uyğur mədəniyyətindən bəhs etdi. Türkcəsi yaxşı başa düşülürdü. İstanbulda, Qalatasaray litseyində təhsil alıb. Turfan, Tyan-Şan, Pamir bölgələrində yaşayan türklər barəsində danışdı. "Sarı Uyğurlar həp Kaşqarlıyıq deyirlərmiş. Əski zamanlarda "Uyğuruq" deməkdən utandıqları halda indi Uyğur olmaqları ilə iftixar edirlər. Dilləri sadə qalmışdır". Erməni türkiyatçılarından Açaryan (R.A.Açaryan, erməni dilçisi, filoloq etmoloq. Beşinci iclasdakı məruzəsinin adı:"Türk erməni dillərinin qarşılıqlı təsiri" -V.Q.)  türkcə danışdı. Mövzusu türkcənin Erməni dilinə Ermənicənin türk dilinə təsiri məsələsinə həsr olunmuşdu.

 

1. Türkcənin ermənicəyə təsiri çox böyükdür. 69-dan 99-a qədər say isimləri bəzi yerlərdə sırf türkcədir. Akhalıkda dörd kənd, Nokhada üç kənd türkcə danışırlar. Bir çox yerlərdə ermənicə hərflərlə türkcə yazırlar. Bir çox Erməni şairləri türkcə şeir yazıblar. Erməni əlifbası ilə türkcə yazılırmış. Bir tarixçi bir çox türk şəhərlərini gəzmiş bu faktları təsbit etmişdir. Erməni dilindəki türkcə kəlmələrin toplanması türkoloji araşdırmalar baxımından bir xidmət ola bilər.

 

2. Bunun müqabilində ermənicənin türk dili üzərində təsiri vardır. Bu xüsusda Kopenhagen universiteti (çap zamanı bir bölümün üzərindən keçilib. Bu çatışmayan bölümə dair bəzi məlumatlara Hilmi Ziya Ülkənin digər bir məqaləsində təsadüf etmək mümkündür - Əli Rza Bayatın qeydi - V.Q.)

 

(Ardı var)

 

Əli bəy HÜSEYNZADƏ

 

525-ci qəzet.- 2016.- 16 sentyabr.- S.4.