Elm fədaisi, dəyərli pedaqoq

 

 

 

Hələ zəngin tarixi yaşarlı ənənəsi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi olduğu çağlarda yaşıdlarının Buludxan Xəlilovu bütöv şəxsiyyət kimi qəbul etdiklərinin, onun yüksək insani keyfiyyətlərindən qürurlandıqlarının şahidi olmuşam. Bu, mühüm dəyərlərin onda ilk gəncliyindən cəmləşdiyini duyub fəxarət hissi keçirmişəm.

 

Cəmiyyətdəki mövqeyindən, yaxın ətrafına olan insani münasibətindən, davranış və rəftarından bu gün bir həmkarım olaraq fərəhlənirəm. Professor Buludxan Xəlilovun şəxsiyyətinin nə kimi milli-mənəvi dəyərlərdən qaynaqlandığını düşüncə müstəvisinə gətirdikdə onun istər elmi, istərsə də pedaqoji fəaliyyət sahəsindəki böyük uğurlara imza atması, tələbə-gənclərin sevimlisinə çevrilməsi, ölkəmizdə və beynəlxalq aləmdə müdrik bir alim kimi şöhrət qazanması əlbəttə ki, təbiidir. Buludxan Xəlilov sözün əsl mənasında əməl və qayə adamıdır, imanetiqadla yaşayan kamil şəxsiyyətdir. Daxili dünyası ilkinliyə kökləndiyi üçün simasında bir nuranilik var. Müasir Azərbaycan dilçilik elminin yaradıcı nümayəndəsi olan professor Buludxan Xəlilovun elmi baxışları ürfani görüşləri ilə vəhdət təşkil edir. Özəl aurası ilə seçilən Buludxan müəllim həyatının mənasını aramsız elmi axtarışlarda, yazıb-yaratmaqda görür ki, bu da sonucda onun mənəvi rahatlığına münbit zəmin yaradır. Rəbbimizin istedadla varlandırdığı professor Buludxan Xəlilov cismani həyatını mənəvi ömrə qoşur, tale ona Ulu Tanrının ayırdığı ömür payını şərəflə yaşadır, təmiz və şərəfli əməli ilə mənəvi dünyamızı, milli elmi düşüncəmizi zənginləşdirir, filologiyamıza yeni baxış bucağında yanaşmamıza stimul verir.

 

Yubilyarın 50 illik ömür salnaməsini bütövləşdirən, onu gözəl insana, alimə, müəllimə, ailə başçısına, dosta, ləyaqətli Tanrı bəndəsinə çevirən məhz onun aşkar mənəvi dünyasından qaynaqlanan özəl dəyərləridir. Onun nüfuzunun, qazandığı hörmətin, cəmiyyətdə tutduğu mövqeyin, həyat yollarındakı yüksəlişin enerji qaynağı əlbəttə ki, dünyasından boy göstərən keyfiyyətlərdir. Buludxan müəllim Azərbaycan elmi-pedaqoji fikrində möhtəbər söz sahibi olan çox nüfuzlu şəxsiyyətlərdən biri kimi hər kəsdə təbii olaraq bir iftixar, güvənc duyğusu doğurur.

 

Mən bu yazımda professor Buludxan Xəlilovun istər elmi, istərsə də tədris-pedaqoji sahəyə verdiyi töhfələri bir-bir sadalamaq fikrindən uzağam. Təkcə onu demək kifayətdir ki, bu görkəmli alim 28 kitabın (dərslik, dərs vəsaiti, monoqrafiya), 7 tədris proqramının, 400-dən çox elmi əsərin müəllifidir. Onun respublikanın televiziya kanallarında və radio verilişlərindəki dərin məzmunlu konseptual çıxışları, mətbuat orqanlarında dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz, dövlətimiz və dövlətçiliyimizlə bağlı fundamental yazıları həm də azərbaycançılıq məfkurəsinin layiqli daşıyıcısı olduğuna bariz nümunədir. Bütün bunları düşüncə müstəvisinə çıxarmaqla həm də onu etiraf edirik ki, Buludxan müəllim elmdə və tədrisdə, ictimai-pedaqoji həyatımızda çox mühüm işlər gerçəkləşdirmiş, müxtəlif rakurslarda öz sözünü demiş, yolunu müəyyənləşdirmiş çağdaş dövrün görkəmli alim pedaqoqlarımızdandır. Mənalı ömrün daşıyıcısı anlamında ilk növbədə onun xeyirxahlığı, əməlpərvərliyi, insanpərvərliyi, qayğıkeşliyi, cəfakeşliyi, zəhmətsevərliyi düşüncəyə gəlir. Fəlsəfə və hikmət, ağıl və kamal yolunun yorulmaz yolçusu  professor Buludxan Xəlilov varlıq nizamında hər şeyi mənası ilə görmək iqtidarında olan alimdir. 2006-cı il dekabr ayının 26-da Azərbaycanda təhsil sisteminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Dəfələrlə “İlin alimi”, “İlin müəllimi” nominasiyasının qalibi olması, “Qızıl qələm” fəxri mükafatının laureatı seçilməsi, 2006-cı və 2009-cu illərdə “Vektor” Beynəlxalq Elmi Mərkəzi Komissiyasının qərarı ilə “XXI əsrin ziyalısı” adına layiq görülməsi, 2009 və 2010-cu illərdə XX-XXI -ci əsrin yaradıcı və ziyalı insanları sırasında yer alanlardan biri olması, Azərbaycan Yazıçılar Birliyinin fəal üzvü kimi Azərbaycan Prezidenti təqaüdünə layiq görülməsi və digər saysız-hesabsız uğurlar bir alimin, müəllimin, vətəndaşın, dostun, ziyalının müsbət titullarının sadalanması ilə qurtaran deyil və yalnız filoloji elmimizin aparıcı bir nümayəndəsi haqda həqiqəti düşüncəyə gətirməkdir.

 

Professor Buludxan Xəlilovun qəlbinin kövrəkliyi mənəvi saflığından, nəcabətli olmasından, ilkinliyə ruhən bağlılığından soraq verir. Mən qəti əminəm ki, Tanrısı ona səxavətli olub. Onu ağıl, zəka sahibi edib, zahirini cazibədar, batinini pak yaradıb. Aramsız axtarışları ilə fikir düşüncə orbitində qərar tutan Buludxan müəllim eyni zamanda son dərəcə sadə, mehriban, səmimi və söhbətcildir. Buludxan müəllim həm də analitik düşüncə sahibi olan görkəmli bir ədəbiyyatşünasdır. Faktlara, tarixi və ədəbi şəxsiyyətlərə son dərəcə həssaslıqla yanaşır, konseptual açıqlamaları oxucunu düşünməyə vadar edir.

 

Bütün bu qənaətlərin axarında Buludxan Xəlilovun 2012-ci ildə “Mərhəmət elçisi” beynəlxalq ictimai-siyasi, analitik jurnal tərəfindən Azərbaycan milli ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə “Elm fədaisi” diplomu ilə təltif olunması təbiidir və onun halal haqqıdır. “Əsl insan” məktəbinin təşkilatçısı və “İdeal dünyauğrunda göstərdiyi fəaliyyətə görə “Qalib Sultandiplomu ilə (2013) təltif olunması, 2013-cü ildən Türkologiya jurnalının sahə redaktorlarından biri kimi fəaliyyət göstərməsi alimimizin beynəlxalq nüfuzundan, türkologiya elminə verdiyi layiqli töhfələrdən soraq verir. Ən sonda onu da məxsusi vurğulamaq istəyirəm ki,  professor Buludxan Əziz oğlu Xəlilovun şəxsində qayğı və tələbkarlıq üzvü vəhdət təşkil edir. O təkcə elm fədaisi deyil, eyni zamanda mahir təhsil təşkilatçısıdır. Buna böyük tarixi və zəngin ənənəsi olan Filologiya fakültəsində uzun illərdən bəri dekan olduğu çağlar da əyani sübutdur.

 

 

Himalay QASIMOV

ADPU-nun kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor

 

525-ci qəzet.- 2016.- 17 sentyabr.- S.19.