Böyük yolun zəfər zəngləri
Birinci məqalə
UZAQLARDAN
GƏLƏN YOLLAR VƏ YA TALEYİMİN YURD YERİ
Azərbaycan Radiosunun 90, Azərbaycan Televiziyasının
60 yaşı tamam olur; bu, üst-üstə 150 illik möhtəşəm
bir tarix yoludur.
Və bu möhtəşəm tarix yolunun Azərbaycanın
arzu və ümidlərinə, sevinc və kədərinə
üz tutan hər ayından, ilindən, hər mübarək məqamından
ZƏFƏR ZƏNGLƏRİNİN səsi gəlir...
Bu il mənim də 60 yaşım tamam olub; necə
deyərlər, mən Azərbaycan Televiziyası ilə
yaşıdam, daha dəqiq desəm, doğma televiziyamdan bir ay
iki gün böyüyəm...
Azərbaycan
Dövlət Universitetinin Filologiya fakültəsini bitirib, Azərbaycan
Yazıçılar İttifaqının katibi, böyük
insan və yazıçı Hüseyn Abbaszadənin məsləhəti
və göndəriş məktubu ilə o vaxt əsl əmək
cəbhəsi sayılan Neft Daşlarına getdim. Rəhbərliyin
Geoloji Kəşfiyyat idarəsində və “Neft
daşları” qəzetində yüngül iş təkliflərinə
qəti etiraz edərək, ən ağır sahəni -
Quyuların Yeraltı Təmiri sexini seçdim və altı
aylıq razılaşmaya baxmayaraq, düz bir il
həmin ağır işdə çalışdım. Bu bir
ildə əsl həyat universitetini bitirdim; üstəlik
“Ədəbiyyat və incəsənət” qəzetində
ondan artıq hekayəm, bir qədər sonra - “Azərbaycan”
jurnalında Hüseyn Abbaszadənin təqdimatıyla, “Ön
sözü”ylə “Əbədi sevginin xatirələri”
romanım, “Ulduz” jurnalında “Sükutun sonu” povestim çap
olundu və çox böyük maraqla qarşılandı. Sonra Cəlil Məmmədquluzadənin ev-muzeyində
elmi işçi, Azərbaycan Kitabsevərlər Cəmiyyətində
redaktor işlədim. Sonra Azərbaycan Televiziyasında,
“Ədəbi-dram verilişləri” redaksiyasında ştatdankənar
müəllif oldum. Və günlərin bir günü sadə,
işıqlı, halal bir adam olan baş redaktor Nahid Hacızadə
mənə dedi ki, mirzə, Elşad müəllim sənin
“Palitra” verilişini yaman bəyənib, sabah toy kostyumunu geyinib
gələrsən, sədrin qəbuluna gedəcəyik.
Allahımdan çox razıyam ki, həyat yolumun
mühüm məqamlarında həmişə rastıma
xeyirxah insanlar çıxarıb. Azərbaycan Teleradio Verilişləri
Komitəsinin sədri Elşad Quliyev də belə xeyirxah,
işıqlı insanlardan biri idi...
Təxminən,
bir saatlıq görüşdən, mənim Azərbaycan Televiziyası
ilə bağlı coşqun “fəlsəfi”
danışığımdan, bir qədər də tənqid
və tərifimdən çox razı qalan rəhmətlik
Elşad Quliyev Nahid müəllimə dedi:
-
Yarım saata bu cavan oğlanın raportunu yaz gətir.
Nahid
müəllim özünəməxsus təbəssüm və
məmnunluqla dilləndi:
- Oldu... -
Bir qədər susub əlavə etdi. - Yəqin ədəbi
işçi ştatına...
O vaxt Azərbaycan
Televiziyasının redaksiyalarında qələm
adamlarının ən aşağı ştat vəzifəsi
ədəbi işçi idi.Nahid müəllim ənənəvi
olaraq mənim də jurnalist karyerama ədəbi işçi
kimi, ilk pillədən başlayacağımı
düşünürdü, sədrin susduğunu görüb
bir də təkrar etdi:
- Ədəbi işçi ştatına? İlk pillədən
başlasa yaxşıdır...
Və
Elşad Quliyev otuz beş illik televiziya
yolumun ən böyük, unikal cümləsini dilə gətirdi:
- Nahid,
YAXŞILIĞI YAXŞI ELƏYƏRLƏR, demirsən ki,
hazır, bişmiş kadrdır, niyə on-on beş
il sürünməlidir, qoy başqaları ilk pillədən
başlasın, bunu isə birbaşa böyük
redaktorluğa yaz...
Səhv etmirəmsə, mən Azərbaycan
Televiziyasında ştatdankənar müəlliflikdən
böyük redaktor ştatına birbaşa qəbul edilən
ilk jurnalistlərdən oldum...Bir neçə başqa
yazılarımda, “Mənim mövqeyim” adlı publisistik
kitabımda da minnətdarlıqla xatırladığım bir
epizod həyat və yaradıcılıq yolumun Azərbaycan
Televiziyası ilə qovuşmasında həlledici amil oldu. Düzdür,
hələ tələbəlik vaxtlarından Azərbaycan
Radiosu ilə əməkdaşlıq edirdim, “Ədəbi-dram”
və “Uşaq” verilişləri redaksiyalarına ssenarilər
yazırdım. Mən tələbə olanda və pulum
olmayanda “Bulaq”, “Gəlincik”, “Savalan baba” və başqa
verilişlərə (Bu məqamda istedadlı
yazıçı-publisist, böyük xeyirxahım Rafiq
Savalanın - Rafiq Ağayevin o vaxt mənə etdiyi təmənnasız
yaxşılıqları qədirşünaslıqla
xatırlayıram, ona allahdan uzun və xoşbəxt
ömür arzulayıram - S.E.) ssenarilər gətirər,
sonra bir ərizə yazıb əvvəlcədən 60 manat
alar və kasıb tələbəçiliyimin min bir
qayğısını yola verərdim...
Beləcə,
tələbəlik illərimdən, yəni
yaradıcılığın sirli-sehrli,
acılı-şirinli, əzablı yollarına
çıxdığım ilk vaxtlardan Azərbaycan Radiosu və
Televiziyası əllərimdən tutdu, mənə arxa, dayaq
oldu, ömrümün, taleyimin doğma YURD YERİNƏ, əzəli
vətəninə döndü. İllər
ötdü, Azərbaycan Televiziyasındakı fəaliyyətimə
görə respublikanın Əməkdar jurnalisti,
Naxçıvan Muxtar Respublikasının Əməkdar
İncəsənət xadimi fəxri adlarına layiq
görüldüm.
Bəli, mənim doğma Teleradiomun - Azərbaycan
Televiziyası və Radiosunun üst-üstə 150 yaşı
tamam olur.
Böyük uğurlar, zəfər zəngləriylə zəngin
olan bu möhtəşəm mədəniyyət yoluna bu
günün gözüylə baxmağı,
çağdaş dövrün, müstəqillik
epoxasının tələb və təklifləriylə
üz-üzə tarixin və bu günün sözünü
deməyi, doğma Teleradionun həyat və sənət fəlsəfəsi
haqqında düşünməyi özümə borc bildim.
lll
Elm
çoxdan sübut edib ki, müxtəlif tipli elektromaqnit
dalğaları, eləcə də səs, görüntü
dalğaları tam yoxa çıxmır, məhv olmur, efirdə,
kosmik məkanda nəhayətsiz halda yayılmaqda davam edir; məntiq
onu deyir ki, kosmos okeanında həmin yayılan dalğaları
tutmaqla, təzədən səsə, görüntüyə
çevirməklə, necə deyərlər, təzədən
təkrar istehsala qaytarmaqla istənilən zamana,
keçmişin istənilən əsrinə, ilinə,
ayına, gününə “canlı” səyahət etmək
olar. Bu mürəkkəb, az qala fantastik
yönlü cümləni yaza-yaza düşünürəm
ki, dünya yarandığı vaxtdan radio və televiziyaya
doğru yol gedib; radio və televiziya olmadığı
vaxtlarda da OLUB, müxtəlif forma və məzmunda insandan xəbərsiz
fəaliyyət göstərib. Qədim miflər və əsatirlər,nağıl və dastanlar buna şahidlik edir.
Dünya xalqlarının nağıl və dastanlarında,
mif və əsatirlərində tez-tez rast gəlinən
“danışan qutu”, “göstərən güzgü”,müxtəlif
obyektləri, xüsusi qapıları məsafədən idarə
edən “sehrli çubuğu”, eləcə də qeyri-adi
qüdrətə malik tilsim və əfsunları bir sıra
nüfuzlu tədqiqatçılar bizdən əvvəlki sivilizasiyaların
tele-radio xatirə çöküntüləri, ilkin
teleradionun yaddaş qalıqları hesab edirlər.
Nağıl-dastan dünyasının xatirələr
üstündə kökləndiyi, “Biri vardı, biri yoxdu”
çağlarından, keçmiş zamanlardan
danışması, görünür, təsadüfi
deyil.Misilsiz fiziki və mənəvi gücün, qüdrətin
kiçik bir qaba, məsələn, çırağın
içinə salınaraq min illər boyu saxlanması,
lazımi məqamında istifadə edilməsi, ruhun, astral maddənin
transplantasiyası, köçürülməsi, zamanda,
xüsusilə, BU və O DÜNYALAR arasında səyahəti...
qədim folklor örnəklərinin təkidlə təqdim
etdiyi, sanki planlı, düşünülmüş şəkildə
yaddan çıxmağa, unudulmağa qoymadığı bu
kimi fantastik fenomenlərin dərki və praktik tətbiqinə,
görünür, bizim sivilizasiya hələ hazır deyil.
Texniki-intellektual inkişafın ən yüksək səviyyəsinə
çatmış, hətta ölüləri diriltməyi,
qoca bədənləri yenisi ilə əvəz etməyi
bacaran, eyni cism və can vəhdətinin varlıq
formalarını asanlıqla dəyişdirə bilən
Atlantida sivilizasiyasının “GÖY HÖKMDARLARI” ilə
münaqişə və müharibə nəticəsində məhvi
də Yerdə elmi-texnogen tərəqqinin müəyyən
miqyaslar daxilində mümkünlüyünə işarə
edir.
Müasir
milli televiziya və onun yaxın tarixi haqqında söhbətimi
belə uzaqlardan başlamağım təsadüfi
deyil.Əvvəla, planetimizin ən müxtəlif dil və
düşüncə məkanlarında yaranan qədim folklor
abidələri çoxsaylı “faktlarla” sübut edir ki,
televiziya və onun törəmə tərəqqi budaqları
(internet, mobil televideo, az qala kənd mağazalarının
qapılarında da “keşik çəkən” kiçik
telequrğular və s...) bizdən əvvəlki sivilizasiyalarda
da olub, hətta çox uca, misilsiz inkişaf zirvələrinə
çatıb. Məsələn, nağıl və
dastanların, mif və əsatirlərin psixoanalizi, mənəvi
spektr təhlili ilə inanmaq olar ki, ötən sivilizasiyalarda
televiziyanın müxtəlif zamanlara, tarixə,
keçmişə və gələcəyə səyahəti,
canlı yayımları mümkün olub. Dastanlarda, epik
təfəkkür və təxəyyüldə iki barmaq
arasından göstərilən ən uzaq məsafəni
görmək, bir göz qırpımında min kilometrlərin
o tayındakı həmin məkana canlı qoşulmaq,
müasir ifadələrlə desək, birbaşa yayımla təkcə
bir zaman kəsiyində yox, ən müxtəlif tarix məkanlarına
telesəyahət etmək, canlı bağlantılar,
telekörpülər yaratmaq ən adi bir haldır. Bu məqamda
dastanlarımızda tez-tez rast gəlinən bir dialoq yada
düşür:
Qoca əlini
yuxarı qaldırıb, barmaqlarını aralayaraq dedi:
-
Barmaqlarımın arasından bax; nə görürsən?
Cavan dedi:
- Uzaq bir
şəhər görürəm.
- O şəhərdə
nə görürsən?
- Şəhərin mərkəzində uca bir imarət
görürəm.
- O imarətin
içində nə görürsən?
- İmarətin kulafirəngisində bir qız
görürəm.
Qoca
sirli-sirli gülümsəyərək dedi:
- O
qızı sənə buta verdim...
Düşünürəm
ki, haqqında danışdığım XATİRƏ
QALIQLARI, YADDAŞ ÇÖKÜNTÜLƏRİ Yer
sivilizasiyasının daha yüksək inkişaf mərhələlərinə,
eləcə də qeyri-adi teletexnogen tərəqqi zirvələrinə
YOL GÖSTƏRƏ BİLƏR...
Və elə
buradaca bir təəssüfümü dilə gətirmək
istəyirəm: Təəssüf ki, insanlar nağıl və
dastanları, adətən, uşaqlıq
çağlarında qocalardan eşidirlər, oxuyurlar və
unudurlar; halbuki min illər boyu yaranan, ötən
sivilizasiyaların UĞURLARINI gizli simvollar, sirli rəmzlər,
kodlaşmış informasiya şəklində özündə
yaşadan həmin örnəkləri yetkinlik yaşlarında
oxumaq daha çox fayda verə bilərdi.
Bəşəri
düşüncənin “müdrik, çoxbilmiş
uşaqlığı” adlandırılan nağıllar, əsatirlər,
epos və dastanların sirli yaddaş yollarından, məhv
olmuş sivilizasiyaların uzaq, gizli TELEXATİRƏLƏRİNDƏN
ayrılıb miladi tarixin iyirminci əsrinə və bu təlatümlü
əsrin, “qırmızı qaranlıqlar” epoxasının
milli televiziyaçılıq baxımından unudulmaz bir
gününə - 1956-cı ilin 14 fevralına
qayıdıram. Lakin burada da bəzi məqamları,
dövrün tələb və təklifləri ilə
uzlaşan bir sıra təfərrüatları demədən,
yada salmadan keçinmək olmur.
lll
Bir vaxtlar dahi Cəlil Məmmədquluzadə
yazırdı: “Molla Nəsrəddin”i təbiət özü
yaratdı, zəmanə özü yaratdı”. Eləcə
Azərbaycan televiziyasını da zəmanə özü
yaratdı. İkinci Dünya müharibəsindən sonra
yaranan yeni beynəlxalq münasibətlər, soyuq müharibəyə
hazırlıq, kütləvi təbliğat və təşviqatın
yeni mərhələsi, aparıcı dövlətlərin
öz vətəndaşlarına və bütün dünyaya
daha operativ, kəmiyyət və keyfiyyət baxımından
daha genişmiqyaslı təsir imkanlarına can atması,
xüsusilə, sürətli teletexnogen inkişaf planetdə əsl
televiziya, kütləvi informasiya vasitələri
erasının başlanmasına gətirib
çıxarmışdı. Belə bir mürəkkəb
beynəlxalq situasiyada neft şəhəri Bakı da diqqət
mərkəzində idi və nəticə etibarı ilə
1953-cü ildə burada televiziya mərkəzi
yaradılması ideyası reallaşdı.
“Qırmızı qaranlıqlar” dövrünün repressiya
kabusları artıq o qədər də yararlı
görünmürdü; imperiya maraqlarının təbliğat
maşını kütləvi kəmiyyət və keyfiyyətə
nail olmalıydı...
Bir il sonra Cənubi Qafqaz və Orta Asiya
respublikaları arasında birinci olaraq Azərbaycan
paytaxtında, Sovet imperiyası üçün çox vacib
bir bölgədə televiziya stansiyasının tikintisinə
başlandı. Bakıda analoqu olmayan bu mürəkkəb
tikinti-quraşdırma işlərinə kömək
üçün mərkəzdən - Moskva və Leninqraddan həm
elmi-texniki, həm ideoloji baxımdan xeyli mütəxəssis gəlmişdi.
1955-ci ilin axırlarında Bakı telemərkəzi
istifadəyə hazır idi, ilk sınaqlar mürəkkəb
tikinti-quraşdırma işlərinin qənaətbəxş
səviyyəsindən xəbər verirdi. Elə həmin
ildə SSRİ Mədəniyyət Nazirliyinin xüsusi əmri
ilə Bakı Telemərkəzinin bazasında Televiziya
studiyası yaradılmış, İran və Türkiyənin
qonşuluğunda yeni stansiyalara malik təbliğat
maşını işə salınmışdı.
Nəhayət, səbrsizliklə gözlənilən
gün gəlib çatdı. Sovet İttifaqı Kommunist
Partiyasının iyirminci qurultayının
açıldığı gün - 1956-cı il fevralın
14-də Bakı televiziya mərkəzinin birinci növbəsi
praktik şəkildə işə düşdü, Azərbaycanda
davamlı televiziya yayımının əsası qoyuldu.
Sınaq cədvəlindən sonra gənc aktrisa Nəcibə
Məlikova kadrda görünərək məşhur sözləri
dedi: “Diqqət, göstərir Bakı!” Və Azərbaycanda
müntəzəm teleyayımın başlanması münasibəti
ilə tamaşaçıları təbrik etdi. Daha sonra kibrit
qutusundan bir qədər böyük olan sehrli ayna - ekranda “Bəxtiyar”
filmi nümayiş etdirildi. Həmin tarixi anlarda operator kimi
kamera arxasında mühəndis Sərvər Quliyev və
Pircan Cəbiyev, rejissor pultu arxasında isə Kamil Rüstəmbəyov
dayanmışdılar. Və həmin tarixi
günün unudulmaz, qəribə hadisələrindən biri
də o idi ki, 180 metrlik teleqüllənin inşası başa
çatmadığı üçün studiya antennası 44
metrlik adi neft buruğunda quraşdırılmışdı.
Efirə iki gün qalmış studiyada yanğın baş
vermişdi; səs siqnallarının ötürülməsini
bərpa etmək mümkün olmadığından
tamaşaçılar Azərbaycan televiziyasında ilk filmə
səssiz baxmışdılar...
Sadıq ELCANLI
525-ci qəzet.- 2016.-
17 sentyabr.- S.18.