Qərib bir durnanın harayı kimi...

 

 

İndi payız gələndə yola saldığım payızlar gəlib gözümün önündən keçir. Yadıma qərib bir durnanın harayı gəlir.

 

Bilmirəm, o durna başım üstündən vaxt keçib, vaxt köçüb belədən-belə. Yenə qulağıma həmin qərib durnanın harayı gəldi. O durnanı eşitmək - dinləmək,keçmişə qayıtmaq istədim. O keçmişə ki... orda biz yoxuq, yalnız xatirələrdən savayı...

 

Dostum Aslan Aslanovla hərdən xeyirdə-şərdə görüşürük. Zaman hamını öz ağuşuna alıbdı. Ötən illərin uzaq sahillərinə dönürəm. Aslanın atası Əli müəllim Şəmkirdə Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri idi. Aslan hələ orta məktəbdə, mən isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakultəsində oxuyurdum. Şəmkirə yolum düşəndə əksər vaxt Əli müəllimlə görüşürdüm. O da məni çox vaxt evlərinə dəvət edirdi. Söhbətlərimiz onunla çox mehriban şəkildə baş tutardı. Ömür-gün yoldaşı Salatın xanım da mənə doğma övlad qayğısı göstərərdi.

 

Bir dəfə Aslan onun sinif dostları haqqında Azərbaycan radiosunda radio oçerk hazırlamışdım. İllər keçəndən sonra Aslan Aslanov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı işləyərkən mənə həmin radio oçerkdən söz açdı. Dedi ki, o lent yazısını arxivimdə saxlamışam. Hərdən övladlarım üçün səsləndirirəm.

 

Bugünlərdə Novxanıdakı bağımızın eyvanında oturub, gecənin sakit dərinliyinə qulaq kəsilmişdim. Uzaqdan həmin o qərib durnanın səsi gəlirdi. Bəlkə o durna heç həmin vaxt başım üzərindən uçmurdu, amma onun səsi qulaqlarımda idi..

 

... Ehey, yaralı durna,

Səsin mənə tanışdı.

Yaran yaman incidir,

Bulud mənə danışdı...

 

Aslana zəng elədim. İndi ancaq onunla danışmaq istəyirdim. Danışdıq, o mənim səhhətim ilə, mən onun iş-gücü ilə maraqlandım. Ürəyin necədir? dedi. Buna da şükür, dedim.

 

Arasından bir neçə gün keçdi. Aslan zəng elədi: Oğlum Tuqayın toyudur. Əgər səhhətin yol versə, səni orada görmək mənim üçün çox xoş olardı. Əgər zəhmət olacaqsa, Tuqay yanımdadır, telefonu ona verirəm, telefonla da təbrik edə bilərsən. Qoy o sənin xeyir-duanı eşitsin.

 

Qısa bir zamanda ürək sözlərimi Tuqaya dedim. Qəribədir, sonralar dediklərimi xatırlaya bilmirdim. Elə bil o sözləri mənim dilimdən Tanrı pıçıldamışdı. Bircə o yadımdadır ki, əzizim Tuqay, sən ən böyük xoşbəxtliyə layiqsən. Allah bunu səndən heç zaman əsirgəməsin. Ən azı, atanın-ananın, doğmalarının, gecikmiş ümidləri, arzuları naminə.

 

Aslana demədiyim sözləri isə indi deyirəm. Aslan, qardaşım, sən bu dəvəti ən azı 10 il bundan əvvəl etməli idin. Nə yazıqlar ki, oğlun Ruslanın faciəli taleyi çox şeyləri yarıda qoydu. Bu gün Tuqayın toyuna dəvət edirsən. Mən sənin sevincin, kədərin barədə düşünürəm. Bir dəfə yaxın dostlarımdan biri ilə övladını itirmiş valideynə başsağlığı verməyə getmişdik. Söz tapmaqda çətinlik çəkirdik. Dostum dedi ki, gunlərin bir günü birisi öz dəvələrindən birini kəsmək qərarına gəlir. Çobana tapşırır ki, get, bir dəvə gətir. Çoban da gedib bir dəvə gətirir. Ağası soruşur ki, niyə məhz bu dəvəni gətirdin?. Çoban deyir ki, o dəvənin ürəyi haçadır. - Axı sən nə bilirsən o dəvənin ürəyi haçadır? Çoban cavab verir ki, o dəvənin gözləri qarşısında balası ölübdü. Dəvəni kəsirlər. Həqiqətən də, ürəyi haça imiş. Sənin də, mənim də taleyimizdə vaxtsız övlad itkisi oldu. O zaman Şəmkirdən hüzür yerindən qayıdanda yol boyu sənin gözlərinə çökmüş acı kədər barədə düşünürdüm. Axşam bir şeir yazdım, tezliklə mətbuatda çap olundu. Üstündən 13 il keçəndən sonra kitablarıma düşmüş bu şeiri sənə yazdığımı etiraf edirəm.

 

Varıymış

 

Aslan Aslanova

 

Gözünə gizlənən kədəri gördüm,

Kədərin də solu-sağı varıymış.

Demirəm dərdini ötəri gördüm,

Bu dərdin o dərdə bağı varıymış.

 

Duman çöksüyəndə dərəyə-dağa,

Şeytanlar tələsdi ara vurmağa.

Qönçə can atmazdı yanıb-solmağa,

Bostanın quruyan tağı varıymış.

 

Hər daşı tarixdi uçan qalanın,

Özü öz daşını qucan qalanın.

Quş kimi yenicə uçan balanın,

Qəsdinə dayanan yağı varıymış.

 

Gördüm izlərini saçında dənin,

Gördüm tüstüsünü dumanın, çənin.

Bilməzdim ömürdən ötən nəğmənin,

Sonunda bu qədər ağı varıymış.

 

Günlər daldalandı cığırda-izdə,

Min arzu yaşatdıq ürəyimizdə.

Sənin , mənim taleyimizdə,

Nakam övladların dağı varıymış.

28.XI-2003

 

Bir daha sənə ancaq toy dəvətləri etməyi arzulayıram. Deyirlər, hər şeyin gecikəni olur. Təkcə sevincdən savayı. Tuqayının toyu mübarək olsun. İnanıram, bu dəfə gözlərində görəcəyim sevincin sahili ucsuz-bucaqsız olacaq...

 

14 sentyabr 2016-cı il

 

Taleh HƏMİD

 

525-ci qəzet.- 2016.- 17 sentyabr.- S.17.