Dini biliklər və radikalizm

 

BİRİ O BİRİNİ TAMAMLAYA BİLƏRMİ?

 

 

İctimai və fərdi həyatımızın mühüm aspektlərindən olan bu mövzu müasir şəraitdə hər birimiz üçün olduqca böyük əhəmiyyət kəsb edir.

 

Şəxsən mənim fikrimcə, Allahın yaratdığı hər bir insan övladının qəlbində iman var. Odur ki, dinin şərtlərinə əməl edib-etməməsindən asılı olmayaraq, hər kəsi iman sahibi kimi qəbul etmək olar və bu, vacibdir. Dinin onun üçün əsas davranış qaydası, həyat tərzi, münasibətlərin əsas parametrləri olub-olmaması isə artıq tamam başqa söhbətin mövzusudur. Çünki dindarla imanlı insanı eyniləşdirmək ciddi səhv olardı. Əslində dindar dini qayda-qanunlarla yaşayan, müqəddəs kitabın göstərişlərini həyatın meyarı seçən insandır. Onun üçün bu qaydalar müqəddəsdir və bütün digər dəyərlərdən üstündür. Gəlin, bu iki anlayışı bir-birindən fərqləndirən xüsusiyyətlərə aydınlıq gətirək.

 

Əvvəla unutmayaq ki, iman hissi biz hələ ana bətnində olarkən ürəyimiz döyünməyə başladığı andan etibarən ilahi - kosmik enerji ilə birgə qəlbimizdə məskən salır. Bu enerji sonradan bir ömür boyu bizimlə Kainat arasında rabitənin yaranmasına vasitəçi olur. Məhz buna görə Allahın yaratdığı hər bir bəndə ruh və iman daşıyıcısı hesab olunur. Cansız cismə həyat verən, onun bütün hərəkətlərini istiqamətləndirən və nizamlayan ruhdur. Ruh - insanın mahiyyətini, şəxsiyyətini müəyyən edən, onu canlı bir varlıq kimi saxlayan gözəgörünməz substansiyadır. Ruhumuz cismimizi tərk edincə isə bu ilahi enerji insanla birgə gəldiyi məkana qayıdır. Daha sonra baş verənləri bilmək və dərk etmək isə bizim imkanlarımız xaricindədir. Ruh barədə dəqiq məlumatı bəşəriyyət hələ tam əldə etməyib. Çünki Yaradan özü ruh haqqında ətraflı məlumat verməyi məsləhət görməyib. Bir dəfə yəhudilər Həzrət Məhəmməd Peyğəmbəri (s.ə.s) sınağa çəkmək məqsədilə ona bir neçə çətin sual verdilər. Sualların biri də ruhun mahiyyəti haqqında idi. Allah-təala vəhy vasitəsilə o biri sualların cavabını Peyğəmbərimizə ətraflı şəkildə izah etdi, ruh məsələsinə gəlincə isə aşağıdakı ayəni göndərdi: “Səndən ruh haqqında soruşarlar. De: “Ruh Rəbbimin əmrindədir. Sizə (bu barədə) yalnız cüzi bilik verilmişdir” (İsra, 85). Bu, ruh haqqında olan bütün söhbətlərə, müzakirələrə son qoyan bir əsas kimi qiymətləndirilir.

 

Bəs görəsən dinin özü necə, kim tərəfindən və hansı məqsədlə yaradılıb? Zənnimcə, din yer üzündəki imanlı insanlar arasında əlaqə yaratmaqdan, onların davranışını ciddi çərçivə daxilində saxlamaqdan, insana əzəldən verilən azadlığı  nisbətən məhdudlaşdırmaqdan ötrü lazım imiş. İnsan yer üzündə tək yaşasaydı, o zaman ondan heç bir qaydaya riayət etmək tələb olunmaz, davranışlarını özü istədiyi şəkildə sərbəst nizamlayardı. İman sahiblərinin sayı çoxaldıqca isə onların münasibətlərinin nizamlanması universal qaydaların yaradılmasını zərurətə çevirir. Əks təqdirdə cəmiyyətdə hərc-mərclik baş alıb gedərdi. Bunun qarşısını almaqdan ötrü hətta zaman-zaman riayət edilməsi mütləq sayılan qayda-qanunlar insanlara din pərdəsi altında təqdim edilib. İnsanlar isə cəhənnəm əzabına düçar olaraq cənnətdə Yaradanla ünsiyyət qurmaq şansını itirmək qorxusu altında dini qaydalara əməl etməyə məcbur olublar. Tarixə nəzərə salsanız, “Tövrat”, “İncil”, “Quran” kimi müqəddəs kitabların insanlar tərəfindən çox gec qəbul olunduğunu görərsiniz. Bundan ötrü peyğəmbərlər, onların havariləri, səhabələri uzun illər gərgin mübarizə aparıblar. İki min ildən çox vaxt keçməsinə baxmayaraq, həmin proses bu günə qədər davam edir və yəqin ki, bundan sonra da davam edəcəkdir. Hətta zaman-zaman müqəddəs kitabları qəbul etdirməyə çalışan peyğəmbərlərdən bəziləri güclü müqavimətlə də rastlaşıblar. Nə qədər acınacaqlı olsa da, onlar arasında daş-qalaq edilənlər, öldürülənlər də olub. Əksər cahillər və hətta yəhudilər kimi yüksək intellekt sahibləri Allahın elçilərinin yer üzünə müqəddəs missiya üçün göndərildiklərinə şübhə ilə yanaşıblar. Bu baxımdan, yalnız İbrahim, Musa və Məhəmməd Peyğəmbər istisna olub. Yəni onlar öz əcəlləri ilə bu dünyanı tərk ediblər. Bütün bunları nəzərə alaraq, tam əminliklə deyə bilərik ki, dinin inkarı onun yaranması ilə eyni vaxta təsadüf edib. Odur ki, ateizmin tarixi də dinin özü qədər qədimdir. İudaizm, xristianlıq, islam səmavi dinləri ilə yanaşı, buddizm, braxmanizm, daosizm kimi dünyəvi dinlərin də öz qayda-qanunları mövcuddur. Sadəcə olaraq, səmavi dinlərdən fərqli olaraq, buradakı qaydalar insan şüurunun məhsuludur. İslam, iudaizm və xristianlıqdakı Allah anlayışı dünyəvi dinlərdə mövcud deyil. Allahsız dinlər, bir qayda olaraq, yeganə mömin insanın həyat tərzinə əsaslanır, bir növ onu onu Allah sayırlar. Hindistan yarımadasında bu qəbildən olan allahların sayı çoxdur. Budda buna ən yaxşı nümunə ola bilər.

 

Dinlə bağlı az əvvəl qeyd etdiyim məlumatlar adi imanlı insanda dinin insanın şəxsi həyatında, cəmiyyətdə rolu, qarşılıqlı münasibətləri barədə kifayət qədər təsəvvür formalaşdırmaq üçün yetərlidir. Dini biliklərini dərinləşdirmək, dindar statusuna keçmək istəyənlər bunu fərdi qaydada həyata keçirmək imkanına malikdirlər və onlara maneə olacaq amillər yoxdur. Hər kəs həyat tərzini, yaşamaq istəklərini müəyyənləşdirmək imkanına malikdir.

 

Məktəblərdə dinin əsaslarının tədrisinə gəlincə, Qərbdə - ABŞ və Avropa ölkələrində dinə həsr olunmuş bir neçə tədris üsulunu nümunə gətirmək olar. Məsələn, din xadimləri həftədə bir dəfə məktəbə gəlib onlara məxsus olan dinin daşıyıcılarını seçir, hər biri ayrı-ayrı otaqlarda şagirdlərə öz dinləri ilə bağlı məlumat verirlər. Artıq on illərdir ki, Qərb ölkələrində məhz bu təcrübə həyata keçirilir. Lakin 2003-cü ildə bu metod ATƏT-in sessiyalarının birində tərəfimizdən sərt tənqid olundu. Həmin metoda qarşı fikir söyləyərkən onun məktəblərdə dini dözümsüzlüyün əsasını qoyması ilə əlaqələndirdik. Çünki auditoriya qarşısına çıxan hər bir din xadimi uşaqlara dini dərs verərkən mütləq öz dinini başqa dinlərdən üstün tutmağa çalışır ki, bu da əslində bir dinin digərindən üstünlüyünü göstərməyə xidmət edir. Diqqət yetirsəniz görərsiniz ki, şagirdlər artıq məktəbdə oxuduqları vaxtdan kimin hansı dinə mənsub olması ilə maraqlanmağa başlayır və dini zəmində qruplaşırlar. Nəticədə din və din daşıyıcıları arasındakı balans pozulur və dözümlülük prinsipləri ziyan çəkir. Belə şəraitdə dini tolerantlıqdan söhbət açmaq müəmmalı olur, süni xarakter alır. Uzun sürən müzakirələrdən sonra Avropa məktəblərində din dərslərini tədris etməkdən ötrü “Dinin əsasları” və ya “Dinlərin tarixi”adlı universal xarakterli dərsliyin hazırlanması təklif olundu. Məqsəd məktəb şagirdlərinə aralarında heç bir fərq qoyulmadan bütün dinlər barəsində tarixi məlumatın verilməsi idi.

 

Azərbaycanda məktəblərdə dini dərslərin tədrisi ilə bağlı vəziyyət bir qədər fərqlidir. Belə ki, islam digər dinlərlə müqayisədə siyasətə, ideologiyaya daha yaxındır və dövləti idarə etməyə də faydalı ola bilər. Nə yəhudilik, nə də xristianlıq xalqın dini olduğu üçün onun siyasətə iştirakı xüsusi qaydalar, dövlətin qanunlarını dəyişdirməkdə maraqlı deyil. Bildiyimiz kimi, xristianlıq cəmiyyətə, dövlətə başqa yolla təsir göstərir, amma hakimiyyətə iddiası yoxdur. Hətta bəzi ölkələrdə tam müstəqil, bərabərhüquqlu mədəniyyət kimi qəbul olunur. Məsələn, Rusiyada son illərdə millətçiliyə qarşı qoyulan xristianlıq bütün xalqı öz ətrafında birləşdirməyə çalışır. Beləcə, millətçiliyin, şovinizmin qarşısını almağa cəhd edilir. Milli ideologiyanı əvəz edən pravoslav mədəniyyəti son zamanlar uğurla cəmiyyətə sirayət edir. Rusiyada bu, hələ ki pis alınmır. Onlarda pravoslav dini geniş kütlə üçün bir növ ideologiyanı əvəz edir. Özü də həmin kütlənin təqribən 60-70 faizini qadınlar təşkil edir. Dinin əsas daşıyıcısı olan qadınların isə gələcək nəslin tərbiyəsində rolu böyükdür. Bu, olduqca önəmli amildir. Məhz həmin səbəbdən də bir çox totalitar dini təşkilatlar öz sektaları üçün fəal üzv qismində qadınları seçirlər. Bizdə də belədir. Sektaların üzvlərinin yarıdan çoxunu qadınlar təşkil edir.

 

İudaizm, katolisizm, protestantlıq və bir çox digər dinlərdə də vəziyyət belədir.

 

Səmavi dinlərin etiqad subyekti baxımdan təsnifatını aparsaq, o zaman bu nəticəyə gələrik: yəhudilik zadəganların, seçilmişlərin, xristianlıq kasıbların, kölələrin, varlılar tərəfindən istismar edilən kütlənin dini, islam isə əhalinin bütün təbəqələrinin - həm zənginlərin, həm yoxsulların, həm qulların, həm ağaların dinidir. Bundan əlavə, islam dinində Allahla bəndə arasında vasitəçi yoxdur. Elə məktəblərdə dinin fənn olaraq tədrisi ilə bağlı çətinlik də buradan qaynaqlanır. İslam digər dinlərdən fundamental dərəcədə fərqlənir. Necə deyərlər, Allah qarşısında hər kəs öz günahlarına görə özü cavabdehdir. Bu dünyada kimsə ona necə yaşamalı olduğunu hökm edə bilməz. İslamda iyerarxiyanın olmaması bunu tələb edir. Amma bu, heç də o demək deyil ki, islam tərəfdarları dövləti şəriət qanunları ilə idarə etmək məqsədilə hakimiyyətə gəlmək iddiasında ola bilməzlər. Əsla! Dinin siyasətə qarışaraq ölkəni, xalqı məhvə sürükləməsi ilə bağlı yüzlərlə tarixi fakt mövcuddur. Təsadüfi deyil ki, siyasətçilər çox zaman dindən ideoloji silah kimi istifadə edərək öz siyasi və hətta maddi maraqlarını dindən də, Allahdan da yüksək tutmuşlar.

 

Məktəb yaşlı uşaqları dinin bu cür incəlikləri barədə məlumatlandırmağa əslində ehtiyac yoxdur. Onların din haqda səthi biliklərə sahib olmaları yetərlidir. Dinin və onun etnik normalarının yaranma tarixi barədə biliklərin çatdırılması onlar üçün kifayətdir. Dini qayda-qanunlar digər dünyəvi, universal normalarla birləşərək mənəvi-əxlaqi və ailə dəyərləri formalaşdırdığı üçün bu haqda müəyyən məlumatlara malik olmaları onlar üçün önəmlidir. Dinin dərindən öyrənilməsinə gəlincə, bu, artıq hər kəsin öz şəxsi, fərdi işidir. İman kimi din özü də fərdi məsələdir. Buna qarışmağa kimsənin haqqı yoxdur. Dindar olmaq heç də dünyəviliyin əleyhinə olmaq demək deyil və bunu tələb də etmir.

 

Dinin məktəblərdə fənn olaraq tədrisi məqsədilə hələ 2002-ci ildə ölkə prezidentinin göstərişi ilə “Dinin əsasları” adlı dərslik hazırlanmışdır. 32 bölmədən ibarət olan bu kitabda dünyanın aparıcı dinlərinin yaranma tarixi barədə ən vacib məlumatlar özünə yer tapmışdır. Lakin o zaman Təhsil Nazirliyi məsələyə ciddi yanaşmadı, nurçuların 14 litseyində dini dərslərin keçirilməsinə göz yumaraq kitabı dərslik və ya dərs vəsaiti kimi qəbul etmədi. Amma onu da qeyd etməliyəm ki, dinin məktəblərdə tədrisinə ən çox həmin vaxt ehtiyac var idi. Belə ki, o dövrdə bu missiyanı həyata keçirmək üçün xeyli sayda missionerlər Azərbaycanda mövcud idi. Humanitar təşkilatlar din pərdəsi altında dərslər keçir, gənclərin şüurunu dini zəmində formalaşdırmaqla məşğul olurdular. Biz bu dövrdə məktəblərdə gənc nəslə əsl mahiyyətini savadlı şəkildə aşılasaydıq, xarici missionerlərə qarşı rəqabət yarada bilərdik. O zaman Qərb dövlətləri bütün dünyaya car çəkib, guya ölkəmizdə etiqad azadlığının məhdudlaşdırıldığı barədə yanlış təsəvvür formalaşdırmaqda çətinliklə qarşılaşardılar.

 

O vaxtdan bu vaxta çox şey dəyişib. Əhalinin şüur və təfəkküründə xeyli pozitiv yeniliklər baş verib. Dinin şəxsi, fərdi məsələ olduğunu dərk edən bir çox vətəndaşımız dünyəvi dövlətdə yaşadıqlarını anlayırlar. Onlar çox gözəl başa düşürlər ki, islam beynəlxalq terrorçu təşkilatların əlində hakimiyyətə gəlmək üçün mübarizə silahına çevrilib. Bu, bir daha sübut edir ki, dini dərindən öyrənmək insan şüurunu radikalizm, terror, bəşəriyyətə qarşı cinayət kimi hərəkətlərdən azad etmir, əksinə bu cinayətlərə xidmət üçün məharətlə istifadə edilir. Əksinə bizim xoş niyyətlə həyata keçirmək istəyimiz bu layihə tam əks təsir göstərə bilər. Sonra bunun fəsadlarını aradan qaldırmaqdan ötrü illərlə əmək sərf etməli olarıq. Nəticədə itkimiz qazancımızdan çox olar. Ən əsası isə hazırda məktəblərimizdə, təəssüf ki, gənc nəslə əsl müsəlmanın həyat tərzini nümunə göstərə biləcək kimsələrin olmamasıdır. Bəlkə də indi məhz bu məsələ barəsində düşünməyin zamanıdır! Bu isə mütləq dinlə dünyəvilik arasında ciddi ziddiyyətə gətirib çıxarır. Şagirdlər həyat oriyentirlərini müəyyənləşdirməkdə çətinlik çəkə bilərlər. Onsuz da deyilənlər təbliğatla mövcud şərait arasında bağlılıq azdır, gənc nəslin həyat, yaşam prinsipləri pərən-pərəndir, dini bir ideya istiqaməti və onun reallaşdırma yolları yoxdur.

 

Belə bir vaxtda şagirdlərin inkişafına dini amillərin, qaydaların təsirinin araşdırılmasına və dini-dünyəvi təzad yaratmağa cəhd göstərmək istəyi tam əks effekt verə bilər. Bu, mənim təcrübədən qaynaqlanan şəxsi fikrimdir.

 

 

Rafiq ƏLİYEV

 

 

525-ci qəzet.- 2016.- 17 sentyabr.- S.9.