Paralel dünyalardakı şifrələr

 

 

 

 

Hər şairin yaradıcılığı, poeziyası əslində, yaşadığımız dünyaya paralel olan bir aləmdir. Bəlkə mütaliə adlanan proses heç yerli-dibli yoxdu, sadəcə qaçış var, uçuş var, pənah aparmaq var...

 

İnsan yaşadığı dünyanın naqisliyindən, ruhsuzluğundan, bu ruhsuzluğun yaratdığı  ağrıdan  bezərək hər bir şairin qələmindən “çıxan” paralel dünyaya qədəm qoyur. Müvəqqəti olsa, zaman, məkan hərəkət kateqoriyaları fərqli  olan bu paralel dünyada yaşayır, nəfəs alır (biz isə elə bilirik ki, kimsə əlində kitab ancaq mütaliə edir), yaşadığı ağrıların nüvəsinin, başlanğıcının söz-söz, misra-misra, şeir-şeir  qurulan bu fərqli dünyadan qaynaqlandığının fərqinə varır. İnsan özünü həmin dünyada rastlaşdığı dərdindən, ağrısından tanıyır, onlarla salamlaşır, onlara qovuşur, onlarla  baş-başa qalıb, qısa müddətlik olsa, özünə varır...

 

Sonra kitab örtülür insan paralel dünyaya olan metafizik yolçuluğunu başa vurur...

 

“Dünya yuxutək əriyir” adlı şeirlər toplusu məhz paralel dünyanın şifrələrini bizim üçün çözür. İstedadlı gənc şairə Leyla Əliyevanın bu yaxınlarda işıq üzü görmüş şeirlər kitabı sanki yaşadığımız dünyanın buludlarının yuxarısından çəkilən ruhsallıq, hissiyyat xəritəsidir. Müəllif insan, dünya   kainat üçün Allaha müraciət edir. Kitabdakı əksər şeirlərdə kainat qəmini, dünya ağrılarını  Allahın dərgahına aparmaq təmizlənmiş dünya ilə geri qayıtmaq istəyi var:

 

Güc ver, insanları, hamını sevim.

Axı sənin zərrən hər insanda var.

 

Bu müraciət səmadakı işıq pillələrinin ən uca nöqtəsində, gizli bir məkanda kainatı özündə birləşdirən insana ünvanlanıb. Məkan müqəddəsliyi, göz qamaşdıran saf işıq, qaçışan mələklər s. metafizik səyahətdə olan gənc şairənin ruhundakı insanlıq sevgisini daha da artırır. Çəkisizlik halında olan, ruhdan kağıza hopan misralar üzümüzə başqa bir dünyanın qapılarını açır:

 

Allaha lap yaxın olan vaxtlarda,

Göyləri ovcumla sığallayıram.

O an unuduram, hiss-həyəcanı,

Möcüzə olanı mən anlayıram.

 

Yaddaş insan  ağrılarının, sevgisinin, kədərinin, ruhsuzluğunun dolmaq (bəlkə doymaq)  bilməyən bazasıdı.  Yaddaş həm insanın Vətənidir.  Özümüzdən xəbərsiz məkandan, zamandan asılı olmayaraq biz bu “Vətən”in sərhədləri daxilindəyik. Aldığımız nəfəs belə bu “Vətən”də işıq sürətilə  dövr edir. Yaddaş ağrısının ruhumuzu diz çökdürdüyü an şairənin kitabdakı şeirlərinin birində  təklif etdiyi xilas düsturuna pənah aparmaq olar:

 

Məni  tərk eylədi, uyudu Günəş,

Göydə göy qurşağı qaraldı qəfil.

Günəş uyuyubdu... Yenə yuxuyla

Dil tapa bilmirəm heç cürə indi.

 

Gündüz kətan üstə çəkdiyim rənglər

Bir ucdan süzülür, axır heçliyə...

Budur, yenə təkəm. İndi siz deyin-

Kimdə hünər çatar belə təkliyə?

 

Bu misralardakı xilas düsturunu açmağa çalışaq: şeirlərinin hamısında xarakter göstərən şairə burada da öz missiyasına sadiq qalır. O, ağrıya, puçluğa, boşluğa qalib gəlmək üçün onların gözlərinə dik baxmağı,  üzərlərinə getməyi lazım bilir. “Bir ucdan süzülüb heçliyə axan” inam, həyat sevgisi yalnız bu yolla qayıda bilər. İnsan tək olarkən yaddaşı ilə təkbətək qaldığından puçluq, heçlik ilə mübarizə məhz o an  şiddətlənir. Müəllif isə “döyüşün qızğın vaxtında” geri çəkilməməyi, tək olanda  belə yüksək xarakterlə inamsızlığa, ruhsuzluğa onların yaratdığı  heçliyə qalib gəlməyi aşılayır.

 

“Kainat yükünün ağırlığı”

 

Kitabdakı şeirləri bir-bir oxuduqca  İlahi məkana olan metafizik yolçuluğun məşəqqətləri göz önündə canlanır. Bu yolçuluq kainatın qəmini, dünyanın ağrısını, insanın dərdini, təbiətin ruhsuzluğunu sözlərin, misraların,  şeirlərin köməyi ilə İlahi qata aparmaq prosesidir. Burada artıq Mələk öz missiyasını yerinə yetirir: müəllif sözlə kainat üçün bir nəfəslik açır məhz oradan süzülən işıq kainatın qəminə şərik çıxır, onu azaldır. İlahi, qəmi azalan kainat necə yüngülləşərmiş?! Şairə qələmlə o nəfəsliyi bir az da genişləndirir   kainat, dünya,  təbiət, insan  hamısı eyni vaxtda daxilən təmizlənir, yüngülləşir. Sözlərlə, misralarla yağan bu işıq yağışı hər yeri saflaşdırır:

 

Amma anladım mən hiyləni, Zaman...

Bu şuluq qanunun sirrin anladım.

Bizi Yer üzünə sıxan-cəzb deyil,

Kainat qəminin ağırlığıdır.

 

Zərrə-zərrə nura bələnmək

 

Yaradıcı insan zərrə-zərrə tükənir, özünü qeyb edir. Ondan uzaqlaşan, ayrılan  zərrələr başqalarına ruh versə , onun özünü yorğun, heysiz salır. Belə ki, o işıqlarını xərcləyə-xərcləyə, paylaşa-paylaşa özü sönür, ətrafını isə nurlandırır. “Sevinmək üçün sevməyən, sevdiyi üçün sevinən” xüsusi insan toplumu (onlar azdan  az olsalar da, hələ var) bəşəriyyətin, insanlığın naminə ziyalarını xərcləyib əbədi nura qərq olurlar.

 

Leyla xanımın şeirlərində özünü insanlıq üçün zərrə-zərrə xərcləyən Mələk obrazı var. Həmin Mələk az qala onun bütün şeirlərindən boylanır. Sadəcə, misraların daxili qatında qalan bu Mələyi üzə çıxarmaq, onun xərclədiyi enerjini görmək lazımdır. Həmin Mələyin  insan ruhu üçün gördüyü , həyata keçirdiyi İlahi missiya,  gecənin zülmətində ətrafı işıqlandıraraq  get-gedə solğunlaşan gecə fənərlərinin rejimini  xatırladır:

 

Yanırlar səssizcə, qımıldanmadan

Ensiz cığırlarsa, nura boyanır.

Əl-ələ adlayır sakit kölgələr,

Fənərlərsə baxır, həsrətlə yanır...

 

Sevgili qəlblərin cüt döyüntüsü

Onların nuruna süzülür, dolur.

Bəlkə təbiətdən gəlir bu bölgü?

Sevməyən həmişə sevimli olur.

 

Zamanla sorğu-sual

 

Müəllif bəzən zamanla mübahisə edir. Böyük rəssam Salvador Dalinin zamandan almaq istədiyi qisas, tərsinə çəkilən saatlar, Eynşteynin zamanı nisbi məfhuma çevirən nəzəriyyəsi, zamanın sevgi dolu dəqiqələrdə su kimi axar, ağrılı anlarda isə daş kimi yatar olması kimi faktları  bu mübahisələrin pasportu hesab etmək olar. Gənc şairə zamanı insanın itirdiyi keçmiş, aqibətini bilmədiyi gələcək kimi qınayır. Ondan hara axdığını, niyə özü ilə neçə milyonların ruhunu, sevgisini apardığını soruşur:

 

Bilmək istəyirəm hara gedirsən?

Zaman ki, heç nədən qorxmur, çəkinmir.

Hamının, hər şeyin üstündən keçib,

Susub, hey yol gedir, yeri bilinmir.

 

Anlat məni, nolar, orda nələr var?

var ki, əvəzi yoxdu dünyada?

Sənin dincliyini nədi, de, pozan?

De, nədi, canını bürüyən oda?

 

Sonluq

 

Yuxarıda qeyd etdiyimiz paralel dünya məfhumuna yenidən qayıdaq. Bəli, “Dünya yuxutək əriyir” kitabını qapamaqla yenidən hər kəsin bildiyi bu  adiliklər, sadəliklər dünyasına qayıtmaq elə asan deyil.

 

Minnətdarlıqla oxuduğumuz bu kitabda hər birimizin dərdi, ağrısı, kədəri var. Bu paralel dünyaya səyahət etsəniz siz tanış dərdləriniz, ağrılarınızla baş-başa qala, dərdin özü ilə dərdləşə biləcəksiniz.

 

Kitabda həmin paralel dünyadakı ağrıların şifrələri çözülüb. Çözülən şifrələrdə gizlənən özünüzü görsəniz, təəccüblənməyin...

 

 

Elmin NURİ

 

525-ci qəzet.- 2016.- 17 sentyabr.- S.11.