Əsrin dörddə biri, kamilləşən
əsas qanunumuz və sabaha ümidlər
Azərbaycan əlamətdar bir günün astanasındadır.
Xalq növbəti dəfə iradəsini nümayiş
etdirəcək, cavan dövlətimizin gənc
Konstitusiyasının daha da kamil olması münasibətilə
edilən düzəlişlərin əks olunduğu Referendum
Aktına səs verəcəkdir.
Günlərdən bəri ölkə boyu aparılan
fikir mübadilələri, xalqın həmin dəyişikliklərə
sağlam münasibətindən doğan əhvali-ruhiyyə
buqənaəti oyadır ki, ümumxalq səsverməsi
uğurla keçəcək, növbəti dəfə
dövlətlə xalqın birliyinin, millətin öz liderinə
sarsılmaz inamının nümayişinə çevriləcəkdir.
Azərbaycanın müstəqillik dövründəki
ilk Konstitusiyası da, ilk Milli Məclisimiz də həyat vəsiqəsini
xalqın xeyir-duası ilə 1995-ci ildə alıb. 21 il əvvəlki
Azərbaycan 10 il əvvəlki Azərbaycan deyil.
Bugünkü Azərbaycansa 10 il əvvəlkindən
çox fərqlidir. Zamanın yeyin gedişi,
ölkənin dinamik inkişafı durmadan yeni
reallıqları ortaya çıxarır, yeni şərtlər
təklif edir və dövr "mənimlə ayaqlaş, məndən
öndə olmağı bacar!"
çağırışlarını ortaya qoyur.
İndi Konstitusiyamıza təklif olunan düzəlişlər
silsiləsinin fəlsəfəsi, mahiyyəti isə məhz
sabahın qoynundakı Azərbaycan dövləti və
xalqını daha güclü, daha inamlı, daha mütəşəkkil
etmək niyyətindən yaranmışdır.
Hər
insanın da, hər dövlətin də, ümumxalq əhəmiyyətli
hər sənədin də günün tələbi ilə
daim yenilənmək, təkmilləşmək zəruriyyəti
var. Hələ 2500 il əvvəl bəşəriyyətin ən
misilsiz təfəkkür sahiblərindən olmuş Konfutsi təsdiqləyirdi
ki, ilahi müdriklik və ən dərin cahillikdən
savayı hər sahədə zaman ötdükcə dəyişikliklər
labüddür.
Bu ibrətli zərbülməsəl bizim günlərdə
də keçərlidir və əsas odur ki, gərəkli dəyişiklikləri
etməli olduğun zaman fürsətini qaçırmayasan,
atılmalı addımlarında ləngiməyəsən.
Bu mənada
Azərbaycan Konstitusiyasına dəyişiklikləri əhatə
edən Referendum Aktı günün hökmü ilə
vaxtında yaranmış və başlıca yolgöstəricimiz
sayılan Əsas Qanunumuzu gələcək içərisində
daha işlək, daha mükəmməl, dövlətin və
xalqın ali mənafelərinə daha
uyğun etməyə hesablanmış mühüm sənəddir.
Konstitusiyaya nəzərdə tutulan dəyişikliklərin
önəmli bir hissəsi insan hüquq və
azadlıqları ilə bağlıdır. Zənnimcə,
məhz indiki cilalama adlandırıla biləcək dəqiqləşdirmələrdən
sonra Əsas Qanunumuzun humanist siqləti daha da artacaqdır.
Həm də diqqətəlayiq cəhət ondan
ibarətdir ki, bu dəyişikliklərdən biri xeyli dərəcədə
rəmzi anlam daşıyır və cəmiyyətin,
deyilişi caizsə, təbiət tərəfindən
incidilmiş təbəqəsini nəzərdə tutur.
Bu Vətənin hər övladı bizimdir. Ən güclüsü, ən
ağıllısı,ən
istedadlısı da, müəyyən fiziki və əqli
qüsuru olanı da. Konstitusiyanın "Bərabərlik
hüququ" maddəsinə dəyişiklik edilərək
altıncı bənd artırılır: "Fiziki və əqli
qüsurları olanlar, onların məhdud imkanlarına görə
həyata keçirilməsi çətinləşən
hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada
təsbit olunmuş bütün hüquqlardan istifadə edir və
vəzifələri daşıyırlar".
Bu artırmadakı nəcib məram ondan ibarətdir ki, əvvələn,
fiziki imkanları məhdud olanlar cəmiyyət həyatından
kənarda qoyulmur. Üstəlik, Ana Qanunumuz onlara digər
bütün vətəndaşlara verdiyi hüquq və
azadlıqları şamil etməklə yanaşı, bu qəbil
insanları həm də iqtidarları çatan dərəcəyə
qədər cəmiyyət həyatına qatılmağa səfərbər
edir. Yəni vücudunun imkanı olan qədər
həm hüquqlarından yararlan, həm də cəmiyyət
qarşısında məsuliyyətini bil, vəzifəni yerinə
yetir. Qanun sənin müdafiəndədir, heç kim səni aciz saya bilməz və özün də
belə hesab etmə - sən də bacardığın, taqətin
yetən həddə bizlərdən birisən.
Mülkiyyət hüququnu nəzərdə tutan 29-cu
maddədə edilən dəyişiklik bilavasitə Azərbaycan
insanının və bütövlükdə ölkənin
rifahına səmtlənmiş dəqiqləşdirmələrdir. Burada bəzi
incə məqamlar üzərində xüsusi dayanmağa
ehtiyac var. Çünki həmin dəyişiklikləri tam əks
yozumda təqdim etməyə çalışan, çox
yaxşını çox pis kimi qələmə verməyə
cəhd edən qərəzkarlar da tapılır.
Mülkiyyət hüququnun aliliyinə işarə edərək
bəziləri demaqoqcasına astarı üzə çevirir,
Konstitusiyaya son dərəcə xeyirxah əlavəni
bədxahlıqla hüquqların məhdudlaşdırılması
kimi mənalandırırlar.Əlavə budur: "Xüsusi
mülkiyyət sosial öhdəliklərə səbəb
olur", "Sosial ədalət və torpaqlardan səmərəli
istifadə məqsədi ilə torpaq üzərində
mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər".
Bəli, zahirən məhdudlaşdırmadan söz gedir. Amma bu məhdudlaşdırma
nədən ibarətdir? Kiminsə
varı-maddi imkanı bol olub, qabağa düşərək
haçansa hektarlarla torpaqları alıb, rəsmən sənədləşdirib.
Qanunla torpaq onunkudur. Lakin illərdir ki, həmin
torpaqları nə əkir, nə becərir, faktiki olaraq
ölü, istifadəsiz ərazi kimi saxlayır. Bu torpaq yiyəsinin yan-yörəsində isə
onlarla, yüzlərlə insan var ki, həmin sahələri əkib-becərə,
həm öz ailəsi, həm də ölkə
üçün faydalı şəkildə istifadə edə
bilərdi. Neyləməli? Haqlı istək torpaqsız kəndlinin tərəfində
olsa da, qanun əlində sənəd olan və torpağı
özü istifadə etməyib, başqasına da qıymayan
imkanlının yanındadır. İndi
edilən dəyişikliklə Konstitusiya ədaləti,
haqqı öz yerinə qoyur. Artıq qanun
imkan verəcək ki, araşdırma aparılsın, sən
mülkiyyətindəki ərazini səmərəli istifadədən
məhrum etmisənsə, həmin torpağa olan mülkiyyət
hüququna ədalətlə, qanunlarla məhdudiyyət
qoyulsun.
Kim qazanacaq? Əlbəttə ki, nəticə etibarilə daha az təminatlı insanlar, xalq!
Yer üzündə azadlıqdan şirin nemət yoxdur. Lakin
azadlıq tam sərbəstlik, büsbütün sərhədsizlik
demək deyil. Azadlığın da öz
hüdudları, çərçivələri mövcuddur.
Bu çərçivələrsiz azadlıq
asanca anarxiyaya çevrilə bilər.
Mənim azadlığımın dayanan yeri sənin eyni
hüquqdan istifadə edərkən haqqının
tapdanmayacağı nöqtəyədəkdir.
Əyri qələmlə
şərhinin tam əks verildiyi daha bir dəyişiklik: sərbəst
toplaşma azadlığı ilə bağlı 49-cu maddənin
ikinci hissəsi hazırda Konstitusiyada "Hər kəsin
başqaları ilə birlikdə müvafiq dövlət
orqanlarını qabaqcadan xəbərdar etməklə dinc,
silahsız yığışmaq, yığıncaqlar, mitinqlər,
nümayişlər, küçə yürüşləri
keçirmək, piketlər düzəltmək hüququ
vardır" şəklindədir. İndi isə
bura "xəbərdar etməklə" ifadəsindən
sonra" ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq
şərtilə" sözlərinin əlavə edilməsi
təklif olunur.
Sən musiqini sevə bilərsən, musiqini dinləməkdə
də azadsan.
Amma gecə saatlarında radionun, ya maqnitofonun səsini
qaldıraraq qonşuları yuxudan edəndə, onların
narahatlığına bais olanda artıq
azadlığının həddini aşmış olursan.
Bəlkə,
gün gələcək,insanlar, cəmiyyət elə səviyyəyə
yetişəcək ki, bu gerçəkləri hər kəs
mütləq qaydada dərk edəcək, özünə
hörmət bəslədiyi qədər başqasına da
ehtiramla yanaşacaq və o xoşbəxt zamanlarda belə adi həqiqətlərin
də bir vaxtlar qanun dili ilə insanlara
çatdırılması gələcəyin bizdən qat-qat
şüurlu adamlarına təəccüblü görünəcək.
Yaxud, bəlkə, gün gələcək, insanların daxili
mədəniyyəti, əxlaqi, intizam duyğusu elə mərtəbəyə
yetişəcək ki, onlara xəbərdarlıq etmək belə
ayıb olacaq ki, sərbəst toplaş, azadanə fikrini ifadə
et, amma adam kimi də
dağılış, asayişi pozmadan, çevrənə
narahatlıq törətmədən çıx get
ev-eşiyinə.
Lakin o arxayın sabahlara hələ çox var.
Bizim ürəyimizdən keçir ki, hamı azad olsun. Lakin cinayət
törədib həbsdə minlərlə yatanlar var.
Açıb buraxmaq olarmı, onların hamısına
azadlıq nemətini ucdantutma dadızdırmaq olarmı?
Bəs axı biz cəmiyyətin təhlükəsizliyinin
qeydinə də qalmalıyıq!
Bu minvalla Konstitusiyaya nəzərdə tutulmuş dəyişikliklərə
zənlə baxılırkən onların hər birində vətəndaşımıza,
insanımıza sayğının bir pillə də
artdığı əyan olur.
Müxtəlif
arxivlərdə stalinizm əyyamlarında, sovet onillərində
repressiyaya uğramış onminlərlə insanın səs
hüququndan məhrum edilməsi barədə sənədləri
araşdırdıqca əvvəlcə
düşünürdüm ki, nə olsun, onsuz da onların səsi
sovet dövründə seçkinin gedişinə təsir etmək
gücündə deyildi ki... Lakin dərinə getdikcə, məğzə
endikcə anladım ki, səs hüququndan məhrum edilməklə
bu zavallılar, əslində, adam cərgəsindən
çıxarılırmış, onların üstündən
qalın bir xətt çəkilirmiş - sən cəmiyyətçün
yoxsan!
Bu
baxımdan Konstitusiyaya edilən növbəti dəyişiklik
də mənə çox insaflı, obyektiv, insan ləyaqətinə
ehtiram nişanəsi kimi gəldi: seçki hüququ ilə
bağlı 56-cı maddənin üçüncü -"Hərbi
qulluqçuların, hakimlərin, dövlət məmurlarının,
din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə
minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş
şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə
tutulan digər şəxslərin seçkilərdə
iştirak etmək hüququ qanunla məhdudlaşdırıla
bilər" bəndində "seçkilərdə
iştirak etmək" sözlərinin "seçilmək"
sözü ilə əvəz olunması təklif edilir.
Deməli, məhdudiyyətin dairəsi daraldılır. Seçkilərdə
iştirak edə bilərsən, sadəcə, hansısa rəsmiləşmiş
günahın hələ sənin seçilmək fürsətini
mümkünsüzləşdirir. O da həmişə
yox, müəyyən hallarda.
Konstitusiya bütövlükdə və hər maddəsi
ilə hansısa şəxslərin, hansısa zümrələrin
deyil, bütöv xalqın maraqlarını nəzərdə
tutur və həm də hansısa bəlli bir zaman kəsiyi
üçün yox, qarşıdakı bütün dövrlər
boyunca.
Mövcud Konstitusiyamızın 85-ci maddəsinin birinci
hissəsi Milli Məclisə seçilənlər
üçün yaş məhdudiyyəti qoyurdu. Yaşı
25-dən aşağı olanlar millət vəkili seçilə
bilməz. Hər bir Azərbaycan vətəndaşı
18 yaşından etibarən seçkilərdə iştirak
etmək hüququ qazanır. Əsas
Qanunumuz vətəndaşa seçmək və seçilmək
hüququ verirdisə də, əslində, nisbət pozulurdu.
7 il seç, amma seçilmək
hüququn olmayacaq. Nədən axı? Bəlkə,
bir gənc 20 yaşına yetəndə elə kamalın, elə
fitri qabiliyyətlərin sahibidir ki, o, Milli Məclis
üzvü olaraq, ya hansısa digər yüksək
seçkili vəzifəni tutaraq xalq və dövlətə
ölçüyəgəlməz faydalar verə bilərdi! Qanunsa onun yolunu bağlayırdı. Həm də ixtiyari qəbul edilmiş, hansısa
danılmaz elmi, məntiqi sübutlara arxalanmayan bir
ölçüylə. Niyə 23, ya 24 deyil, məhz 25
yaş? Niyə 26, ya 27 yox?
Digər
tərəfdən, seçən xalqdır axı! Həm də
on minlərlə insan!Bu qədər insan
bir gənci seçib millət vəkili kürsüsünə,
ya digər yüksək məqama layiq sayacaqsa, niyə bunun
qarşısı alınmalıdır?
İndiki dəyişikliyin Azərbaycan gəncliyinə
geniş meydan və üfüqlər açdığı
göz qabağındadır və buna da yalnız sevinmək
olar.
Yaxud oxşar məhdudiyyət Azərbaycan Prezidenti
seçilə biləcək insanların qarşısında
dayanan aşılmaz maneə idi. Yaşın 35-dən
aşağıdırsa, prezident seçkilərinə
qatıla bilməzsən. Yenə ixtiyari qəbul
edilmiş yaş həddi.
Dünya 20-30 yaş arası tarixə silinməz
imzasını atmış çox dahiləri tanıyır. Bəlkə,
Konstitusiyamızdakı həmin məhdudiyyət gələcəkdə
hansısa bir müstəsna dövlətçilik
istedadına malik cavanı xalqın rəsmi liderinə
dönmək girəvəsindən məhrum edəcəkdi.
Yeni dəyişikliklə isə bu yasaq da aradan
götürülür.
Azərbaycan Respublikası Prezidentliyinə namizədlərə
aid tələbləri ehtiva edən 100-cü maddədə nəzərdə
tutulmuş "Yaşı otuz beşdən aşağı
olmayan" sözlərinin çıxarılması və Azərbaycan
Respublikası Prezidenti seçkilərinin əsasları ilə
bağlı maddənin birinci hissəsində prezidentlik
müddətinin 5 ildən 7 ilə artırılması təklif
edilir.
7 illik müddət təcrübəsi də artıq bir
sıra ölkələrdə uğurla sınaqdan
çıxarılıb, məhz belə bir müddətin
optimal zaman həddi olduğunu həyat sübuta yetirib.
Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi
baxımından Konstitusiyaya edilən dəyişiklik - birinci
vitse-prezident və vitse-prezidentlər institutunun
yaradılması, qəti düşüncəmə görə,
Əsas Qanunumuzdakı yeniləşmələrin ən diqqətəlayiq
olanıdır.
Dövlətçilik
şəbəkəsində bu vəzifələrin
yaradılması idarəetməni çevikləşdirməkdən
savayı, Prezident Administrasiyasının və Nazirlər
Kabinetinin bilavasitə peşəkarcasına öz işləri
ilə məşğul olmasına təkan verəcək,
keçmişlərdə rast gəldiyimiz bir sıra struktur təkrarlanmalarını
aradan qaldırmağa gətirib çıxaracaq və fərz
edilə biləcək siyasi iddiaları
neytrallaşdıracaqdır.
Bir sözlə, Konstitusiyaya təklif edilən dəyişikliklərin
hər biri mütərəqqi məzmunu ilə geniş
düşüncələr oyadır və belə bir
ehtimalı da qaçılmaz edir ki, bütün bu dəyişmələrdən
sonra xeyli təkmilləşəcək Əsas Qanunumuz ən
yaxın zamanlarda ölkənin həyatında əsaslı
islahatları da labüdləşdirəcək.
Ölkənin
gündəmində ön sırada yer alan
konstitusiya dəyişiklikləri müstəvisində
axarında olduğumuz ictimai-siyasi gerçəkliyin bəzi əlaqədar
məqamları ətrafında da var-gəl etməyə dəyər.
Artıq,
bir növ, adətkərdə olmuşuq ki, ölkəmizin həyatında
mühüm əhəmiyyət daşıyan hansısa
irimiqyaslı tədbirin həyata keçirilməsinə
hazırlıqların başlandığı və belə tədbirlərin
gerçəkləşməsi dönəmində hadisələrin
normal gedişatına əngəl törətməyə can
atan qüvvələr dirçəlib fəallaşır, həm
də bütün bunların xaricdə uzanan əllərlə
bilavasitə bağlılığı dərhal duyulur.
Həm
ona görə ki, paralel olaraq elə xaricdəki Azərbaycana
zidd ünsürlər də bu əsnada sanki diksinib
oyanırlar, canfəşanlıqla hərəkətə
keçirlər və ikincisi də,o səbəbdən ki,
bunların sədası ilə içəridəki bunlara bənzərlərin
çığırtıları qəribə bir şəkildə
unison - həmahəng səslənməyə başlayır.
Buna dəfələrlə prezident seçkiləri
zamanı da, Milli Məclisə seçkilər dövründə
də, Konstitusiyaya əvvəlki dəyişikliklərlə
bağlı referendumlar öncəsi və əsnasında da
rast gəlmişik. Yenə həmin qəbildən olan həssas
dövrdür və Azərbaycana çirkab atmaqda pərgarlaşmış
qarayaxalar yenə yaxa cırmaqda bir-biri ilə yarışa
giriblər.
Bir zamanlar Azərbaycanda Amerika Birləşmiş
Ştatlarının səfiri işləmiş Riçard
Kozlariçin son illərdə tez-tez coşan anti-Azərbaycan
ehtirasları, şəksiz, onu qısqırdan hansısa
qüvvələrə bağlıdır. Guya
bütün bunların - ona və ona qoşulan özünə
oxşarların insan haqları, demokratiya mücahidləri
olmasına, sən demə, bu növsayıqlama
çıxışların ürəyin tələbindən
doğmasına heç sadəlövhlər də inanmaz.
Azərbaycana demokratiya dərsi vermək istəyənlər,
demokratiya ixracı pərdəsi altında yürütdükləri
siyasətlə neçə ölkəni xarabazara, viranəliyə
çevirmiş, bitməz böhranlara düçar etmiş
kəslər və dövlətlər elə öz ölkələrinə,
yaxın ətraflarına diqqətlə baxsalar, Azərbaycanda
islah etməyə çalışdıqları qüsurlardan
yüzqat artığının oralarda göz qabağında
dikəldiyinə şahid olarlar. Amma heç
uzağa getməyək, kim-kim, hər halda Azərbaycanda səfir
işləmiş Kozlariç Ermənistanı yaxşı
tanıyır, orada baş verən sistemli antidemokratik proseslərdən
də yaxşı xəbərdardır. Düz
adamdırsa, niyə mütəmadi təşkil etdiyi
diskussiyaların, verdiyi bəyanatların birini də Ermənistana
həsr etmir? Yoxsa R.Kozlariçin eynəyi
təkcə Azərbaycanı göstərir? Müəyyən
erməniçi və onlara tay
buyruqçularının diktəsi ilə hərəkət
edən Kozlariç və ona ağu verənlər gözə
kül üfürməyə, belə təsəvvür
yaratmağa səy göstərirlər ki, guya, bu sözlər
elə Vaşinqtonun rəsmi mövqeyidir. Əslində isə
qətiyyən belə deyil! Riyakarcasına bu
gün "ABŞ heç vaxt Azərbaycanı
özünün strateji müttəfiqi saymayıb" deyən
R.Kozlariç Azərbaycanda səfir vəzifəsində
çalışarkən bunun tam əksini söyləyirdi.
O vaxt rəsmən ABŞ-ı təmsil etdiyinə görə
biz o sözləri həqiqət kimi qəbul edirdik. Bu gün də ABŞ-ın ölkəmizdəki səfiri
Azərbaycana ölkəsinin çox pozitiv münasibətini
bəyan edir və böyük dövlətin rəsmi, həqiqi
münasibəti olaraq bizə gərək olan, qəbul
etdiyimiz də bu mövqedir. Daha indinin təqaüdçüsü,
cildini dəyişərək Azərbaycana müxalifə
dönmüş və çoxdan rəsmi təmsilçisi
olmadığı dövlətinin deyil, Allah bilir, hansı
kukla oynadanların gizli əmrlərinin sürtük
icraçısı olan R.Kozlariçin hətərən-pətərən
boşboğazlıqları yox!
R.Kozlariçin Bakıda işlədiyi vaxtları
yaxşı xatırlayıram. O zaman mən ABŞ səfirinin Azərbaycan
dövlətinin rəhbəri Heydər Əliyevlə əksər
görüşlərini izləyirdim və onun xanımı
Ənn Kozlariç də yaxşı yadımdadır. Mehriban xanım Əliyeva mənim də idarə heyətində
üzv olduğum Azərbaycan Mədəniyyətinin
Dostları Fondunu yaradanda Ənn Kozlariç də həmsədrlərdən
biri idi. Kozlariçlər ailəsinin hər
iki üzvü - həm ər, həm arvad Azərbaycan
haqqında ən gözəl sözləri daim dilə gətirirdilər.
Baxmayaraq ki, Azərbaycan o vaxt - 1990-cı illərin
ortalarında hələ indiki istər demokratik, istər
iqtisadi, istər sosial yüksəlişlərindən xeyli
uzaqda idi. Bunu da unutmaram ki, bir dəfə
unudulmaz Heydər Əliyev görüşlərdən birində
Riçard Kozlariçə sarı çevrilərək
"Düz deyirəmmi?"soruşanda amerikalı səfir
dərhal "Cənab Prezident, Siz nə söyləyirsinizsə,
həmişə düz çıxır" cavabını
vermişdi.
Heydər Əliyev illərdir həyatda yoxdur, amma onun
qurduğu dövlət günü-gündən ucalır,
yadigar qoyduğu yol davam edir, hər sözü də həqiqət
olaraq sabaha irəliləyir. Azərbaycanın bugünkü həqiqətləri
də Kozlariçkimilərin iftiralarına rəğmən
yenə zəfərini çalır və çalacaq, bizə
qara yaxmaq istəyənlərinsə burnu mütləq ovulacaq!
Zənn
edirəm, artıq qocalsa da, Kozlariçin hafizəsi hələ
tam xarab olmayıb və zehnindən silinməyib ki,
Bakıdakı fəaliyyətinin sonlarına doğru dini
istiqamətdə pozucu əməllərə rəvac verdiyinə
görə Allah onu necə dəhşətli cəzalandırdı
və Bakını da vaxtından əvvəl suyu süzülə-süzülə
necə üzüqara tərk edəsi oldu.
Bəlkə,indiki cəncəlli tərpənişləriylə
həm də o pərt gedişinin intiqamını almaq istəyir
bizdən? Lakin dünyanın harasında olurlarsa-olsunlar, nə
Kozlariçlər, nə erməni lobbisinin muzdlu konqresmenləri,
nə də dünya erməniçiliyi ilə qol-boyun halda Azərbaycana
şər atan, böhtan yağdıran, bizi böyük
yolumuzdan sapdırmaq üçün cəzalar, sanksiyalar istəyənlər
murdar istəklərinə çatacaqlar. Bəd niyyətləri
içərilərindəcə boğulacaq, sonucda həmişə
haqq Azərbaycanla olacaq!
Azərbaycana çəp baxanlardan, ölkəmiz,
dövlətimiz haqqında kəc danışanlardan söz
düşmüşkən bir adla bağlı da bilgilər
verim. Belə
məlumatlandırmaya ehtiyac həmişə ona görə
var ki, mahiyyətdən xəbərsiz insanlarda belə
yanlış təsəvvür də yarana bilər ki, necə
olur, axı biri ABŞ-da oturub, o biri Londonda əyləşib,
digəri, nə bilim, Ukraynadadır, ancaq hamısı təxminən
eyni sözü deyir, Azərbaycanın əleyhinə
çıxır. Nabələd adam tərəddüdə
də düşə bilər: bəlkə, onların dediyi elə
haqdır?
Bu
zümrədən olan bütün əleyhdarların
hamısının muzdlu icraçı olmalarından əlavə
bir xüsusiyyətləri də var ki, Azərbaycana
qarşı şəxsi qeyzləri var. Biri haradasa bizim tərəfdən
ifşa olunub, biri hansı yaramazlıqlarına görəsə
Azərbaycanda arzuedilməz olaraq buradan qovulub, digəri bizə
hansısa məkrini qəbul etdirmək istəyib,
alınmayıb, həmin səbəbdən sonradan bizə
qarşı diş qıcadıb və sair.
Düşmən qüvvələrsə həmişə
məhz belələrindən istifadə etməyə
çalışır.
"Miledi"
ləqəbli bir xanım var ki, beynəlxalq tədbirlərdə
həmişə ağzı köpüklənə-köpüklənə
haqqımızda ən qəddar düşməndən bəhs
edirmiş kimi danışır və bir neçə il öncə Londonda Avropa Şurasının
bir iclasında qarşılaşmışıq,
cavabını verib səsini də kəsmişəm. Həmin bu Rebbeka Vinsent Bakıda əvvəlcə
diplomat işləyib, sonra yenə əri ilə birgə bura
qayıdıb və casusluq fəaliyyətləri
müşahidə edilincə ölkədən
çıxarılıb. Bizə qarşı
düşməncəsinə danışdırmaq
üçün bundan münasib kimi tapmaq olardı ki! Cəlb ediblər R.Vinsenti və çoxdandır ki,
işlədirlər, əleyhimizə olmazın fitnəkar
sözləri ona dedizdirirlər.
Son vaxtlar Azərbaycana qarşı bir neçə dəfə
kəskin çıxışlar etmiş bir ukraynalı
deputat var - Vladimir Ariyev. Bu, artıq başqa tip əcnəbi
müxalifimizdir. 2016-cı il
sentyabrın 16-da Kiyevdə "İnterfaks-Ukraina"
agentliyinə müsahibə verərək Azərbaycana
qarşı başdan-başa böhtandan ibarət ifadələr
işlədib.
Siz bilən niyə? Mən bu şəxsi
yaxşı tanıyıram. Neçə
ildir ki, Avropa Şurası Parlament Assambleyasında Mədəniyyət,
elm, təhsil və media komitəsində bir yerdəyik.
O indi Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin
başçısıdır.
Ukrayna siyasətinə görə Rusiyaya qarşı
Avropa Şurasında sanksiyalar tətbiq etmək məsələsi
qalxanda bizdən səsvermədə dəstək istəyiblər. Biz də
Ukraynanın ərazi bütövlüyünə həsr
olunmuş məruzə müzakirə edilərkən
bütün nümayəndə heyətimizlə onları dəstəkləmiş,
səs vermişik. Lakin Avropa Şurasına
üzvlüyümüzün 16 ilində bircə dəfə
də olmayıb ki, Ukrayna nümayəndə heyəti dəstək
umduğumuz hansısa məsələdə, xüsusən
Dağlıq Qarabağ, Ermənistanın Azərbaycana təcavüzü
ilə bağlı məruzələrin müzakirələrində
bizə tam tərkibdə demirəm, heç olmazsa üzvlərinin
sayının yarısı qədər səs versin. Uzaqbaşı 1-2 nəfər olub. Amma Rusiya nümayəndə heyəti bir sıra
prinsipial məsələlərdə bizə dəfələrlə
tam tərkibi ilə dəstək olub. Ancaq
Rusiyaya qarşı Ukrayna ilə münasibətlərinə
görə sanksiyalar tətbiq etmək məsələsində
bizim münasibətimiz haçansa Rusiyanın bizə
AŞPA-da dəstək verməsinə yox, tamam başqa
mülahizələrə söykənir. Biz
AŞPA tribunasından həmin mövqeyi açıqca elan
etmişik də. Bu yanaşma isə ondan ibarətdir ki,
siz, yəni Avropa Şurası Rusiyanı Ukraynaya təcavüzdə
ittiham edərək bu ölkəyə qarşı sanksiyalar tətbiq
etmək istəyirsinizsə, demək, işğala görə
cəza verməyin zəruriyyətini anlayırsınız. Bəs elə isə niyə eyni cəzanı
işğalçı olduğunu rəsmi sənədinizdə
təsdiq etdiyiniz Ermənistana qarşı illərdir ki, tətbiq
etmirsiniz? Budurmu sizin
prinsipiallığınız, ədalətiniz?
Beləliklə, biz Avropa Şurasında
atdığımız mühüm siyasi addımların
çoxunda başlıca çıxış nöqtəsi
olaraq ərazilərimizin digər üzv dövlət tərəfindən
zəbt edilməsi məsələsinə istinad edirik. V.Ariyev isə
bizə öz prinsiplərimizi kənara qoyaraq onların
mülahizələrinə əsasən hərəkət etməyə
çağırır və bununla əlaqədar dəfələrlə
söhbətlərimiz də olub, üstüörtülü
hədəyəbənzər ifadələr də işlədib
ki, onda biz də sizə əks olacağıq.
Həqiqət budur ki, indi əleyhimizə şər-böhtan
yağdırmaları belə haqsız, qeyri-obyektiv şəxsi
incikliklərdən törəyir.
Bizim öz milli, dövləti maraqlarımız var və
əlbəttə ki, heç vaxt kiminsə
böhtanlarından, iftiralarından, tənqid və təhdidlərindən
çəkinərək ümdəmaraqlarımıza
uyğun gəlməyən addımlar atmayacağıq.
Nə
yazırlar-yazsınlar, nə söyləyirlər-söyləsinlər!
Bizim hər yazılana, hər söylənənə
öz məntiqi cavabımız hazırdır.
Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi
ilə əlaqədar ümumxalq səsverməsinə
sayılı günlər qalır.
Qətiyyən şübhə etmirəm ki, müdrik, hər
hərəkətinin sanbalını, hər kəlməsinin
çəkisini dürüst bilən xalqımız yenə
yüksək iradəsini ortaya qoyacaq, bilavasitə
özünün daha xoşbəxt gələcəyinə
köklənmiş bu vacib siyasi tədbirin uğurla başa
çatmasını təmin edəcək. Stəkanda
fırtına yaratmaq niyyətində olanlar növbəti
ağır məğlubiyyətə uğrayacaqlar və
artıq elə bunun ilkin nəticələri də göz
qabağındadır.
Həmişə haqlı olaraq iftixar etmişik ki, biz XX
yüzilin əvvəllərində Şərqdə ilk
demokratik respublikanı qurmuşuq. O əbədi fəxr
qaynağımız olan Cümhuriyyət vur-tut 2 ilə yaxın
ömür sürmüşdü.Bu ilin oktyabrında həmin
istiqlalın yeni zaman içərisində bərpasının
25 yaşını bayram edəcəyik.
Və həmin bayramlar bayramı, bu 25 illik çətin
yol bizim bütöv milli tariximizin şah əsəri
sayılmalı bir nailiyyətdir.
Olub-bitənlər, yaxın keçmişin bütün
keşməkeşli səhifələri xatirimizdədir. Bu istiqlal, yenə
XX əsrin əvvəlindəki kimi, 2 yaşa çatmadan
qırıla bilərdi. Qırılmadısa,
yaşadısa, Azərbaycan il-il ucaldısa, parladısa, bu,
ilk növbədə iki qiymətli şəxsiyyətin
qüdrətinə, zəkasına, fədakarlıqlarına
bağlıdır.
Bu
istiqlalı 10 yaşa çatdıran, XX yüzildən XXI
yüzilə yetirən böyük Heydər Əliyev oldusa, həmin
müstəqilliyi 25 yaşına ucaldan böyük İlham
Əliyevdir!
Əsas
Qanunumuza bu dəyişikliklər də edilir ki, 25 ilini
tamamladığımız YOLun növbəti 25 ilini və
daha sonrakı 25 illərini daha arxayın, daha inamlı, daha qətiyyətli,
daha uğurlu qət edə bilək.
Bu dəyişikliklərdən sonra daha mükəmməl,
daha dolğun, daha işlək, daha məqsədyönlü
olacaq Ana Qanunumuz bizi möhtəşəm ƏRƏFƏyə
hazırlayır.
Azərbaycanın
ümidlər və arzularla dolu, yüksəlişlər, zəfərlər,
daha gözəl, daha əmin-aman, daha firavan həyat vəd edən
sabahlarına!
Millətimiz
və Dövlətimizin yolu açıq olsun, Tale və Tarix
Azərbaycandan şəfqətini əskik etməsin!
Rafael HÜSEYNOV
Akademik, Milli Məclisin deputatı
525-ci qəzet.-
2016.- 20 sentyabr.- S.4.