Dahi sənətkara sonsuz ehtiramla...

 

 

 

 

Heydər Əliyev 18 sentyabrın Azərbaycan xalqının milli bayramı, mədəniyyət, musiqi bayramı olduğunu vaxtilə xüsusi vurğulayıb.

 

Milli professional bəstəkarlıq məktəbimizin banisi dahi Üzeyir Hacıbəyli 1885-ci ilin 18 sentyabrında, Azərbaycanın dilbər guşələrindən biri olan Ağcabədidə dünyaya göz açıb bu gün məhz onun adıyla əlamətdardır. Bu mühüm tarix bizim möhtəşəm bayram günümüzdür.

 

Opera sənətimizin, opera teatrımızın yaradıcısı olan Üzeyir Hacıbəyli bütün ömrünü xalqının mədəniyyətinin, musiqisinin inkişafına həsr edib.

 

O, Azərbaycan mədəniyyətinin nadir simalarındandır. Üzeyir Hacıbəyli bəstəkar, musiqişünas-alim, publisist, müəllim, jurnalist, ictimai xadim kimi çoxşaxəli fəaliyyəti ilə tariximizdə əvəzsiz rol oynayıb.

 

Azərbaycan musiqisinin inkişafı naminə gözəl əsərlər - operalar, operettalar, romanslar, müxtəlif simfonik nümunələr, mahnılar yaradıb. Opera musiqili komediyamızda şah əsərlər müəllifi Üzeyir Hacıbəylinin ədəbi irsinin böyük dəyərli bir hissəsini məhz onun publisistikası təşkil edir. Hər zaman yüksək amallarla yaşayan bu amallar uğrunda mübarizə aparan böyük bəstəkar insanın arzuları ilə əxlaqını üzvi vəhdətdə götürürdü. Üzeyir Hacıbəyli məqalələr, felyetonlar vasitəsilə mühüm məsələləri oxucuların nəzərinə çatdırmağı özünə borc bilirdi. Onun sənətlə bağlı yazdığı məqalələrin əsas mövzu ideyasını - Azərbaycan musiqisinin inkişafı problemləri təşkil edirdi.

 

Üzeyir Hacıbəylinin musiqi yaradıcılığında onun nəzəri fəaliyyətində xəlqilik, millilik kimi məsələlər daim ön plana çəkilib. Xəlqilik problemi dahi bəstəkarın estetik konsepsiyasının təməlidir. Üzeyir Hacıbəyli özünün bəstəkarlıq elmi-pedaqoji fəaliyyəti boyu ardıcıl olaraq musiqidə xəlqiliyin əsas prinsiplərini qoruyub, bu problemə xüsusi məqalələr həsr edib. 1945-ci ildə Üzeyir Hacıbəylinin "Azərbaycan xalq musiqisinin əsasları" adlı fundamental elmi əsəri nəşr edilib. Bu əsərlə bir daha onun musiqişünas-alim kimi mükəmməl fəaliyyətini yaxından izləyə bilirik. Üzeyir Hacıbəyli təkcə öz dövrü üçün deyil, hər dövrün nəbzini tuta biləcək əbədiyaşar əsərlər ərsəyə gətirib.

 

Milli musiqi mədəniyyətimizdə yeni sahənin - Avropa anlamlı peşəkar bəstəkarlıq məktəbinin, musiqi təhsili sisteminin, çağdaş musiqişünaslıq üzrə elmi-estetik baxışların yaranması, inkişaf etməsi məhz Üzeyir bəy Hacıbəylinin adı ilə bağlıdır.

 

Dahi bəstəkar musiqi təhsilimizin təşəkkülü üçün gənc kadrlar yetişdirir, bu sahədə irəliləyişlərin yaranmasına can atırdı .

 

Üzeyir Hacıbəyli fikirlərinin birində söyləmişdi: "İlk gözəl nəğmə rəqs melodiyalarının yaradıcısı xalq özüdür. Bizə bu gün nümunə olan xalq nəğmələri əsrlərdən bəri işlənə-işlənə yaradılmış yalnız bizim zəmanəmizdə həqiqi bədii formalar almışdır. Bəstəkarlar öz əsərlərini yaradarkən  unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir. Çünki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir. Xalq eyni zamanda misilsiz tənqidçi musiqi əsərlərinin ən yaxşı "istehlakçısıdır". Xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir".

 

Dahi bəstəkarın yaşadığı hər gün milli musiqimiz üçün böyük bir fayda, töhfə idi. Onun barəsində qədər bəhs edilsə , saysız məqalələr yazılsa da, bütün bunlar dahi bəstəkarın əvəzsiz xidmətlərinin qarşısında kiçikdir.

 

Dahi Üzeyir Hacıbəylinin ruhu qarşısında baş əyir, sonsuz ehtiramımı ifadə edirəm. Professionallıq yolunda addımlayan bir insan kimi Üzeyir Hacıbəylinin yolunu layiqincə davam etdirməyi özümə müqəddəs bir borc, şərəf bilirəm.

 

 

Aysel KƏRİM

 

 

525-ci qəzet.- 2016.- 20 sentyabr.- S.8.