Birinci Türkoloji Konqresdən qeydlər

 

(Əvvəli ötən sayımızda)

 

Təhsilini Sorbonnada almış Feyzul Kırımlı (söhbət tanınmış Ukrayna alimi, akademik-şərqşünas, mənşə etibarı ilə Litva tatarı olan A.E.Krımskidən gedir.

 

Onun daşıdığı "Aqafangel" adı qədim yunan dilində "feyz", "xeyirxahlıq", "xeyir xəbər" mənalarını bildirir.

 

Görünür, alimi yaxından tanıyan və həyat tarixçəsinə yaxşı bələd olan Əli bəy bir qədər də xəfif yumor hissi ilə ad və soy adını türkləşdirmişdi - V.Q.)  türkcə danışdı. Ümumi ədəbi türk dilindən bəhs etdi və belə bir dilin mövcudluğunun türk xalqlarını birləşdirəcəyi məsələsində Samoyloviçin fikrinə tərəfdar çıxdı.

 

Krımlı Şövqi Bektörə isə aşağıdakı fikirləri səsləndirdi: "Özəl şivələrdə yazı yazmaqdan məqsədim ondan ibarətdir ki, hər ləhcə imkanlarını, olan-olmazını maddi bir dəlil kimi ortaya qoysun. Bütün bunların əsasında isə meydana ümumi bir dil çıxsın". Məsələyə bu baxımdan yanaşdıqda Şövqi Bektörənin yerli ləhcələrdə maarif və nəşriyyat işləri haqqındakı mülahizələri regionallaşma deyil, əsasında türk ədəbi dilini birləşdirmək istəyənlərin fikirlərinə qatılır, yalnız metod məsələsində onlardan ayrılırdı. Həbib Cəbiyevə görə ümumi türk ədəbi dili məsələsi hər şeydən əvvəl bir terminologiya məsələsidir. Çeşidli Türk Ka vimləri (mətndə belə getmişdir, əslində qövmləri olmalıdır - V.Q.) və camaatları terminologiya ümumiliyini təmin edərlərsə, ortaq ədəbi dil yarana bilər. Bu gün həmin vəzifə hələlik öz həllini tapmaqdan uzaqdır.

 

Rusca danışan Omadova (əslində Eldes Omarov, qazax maarifçisi, dilçi və publisist)  görə, ümumi ədəbi dil mövzusunda bir araya gəlmək mümkündür. Ancaq bu təşəbbüs yuxarı təbəqələrdən deyil, aşağılardan gəlmək şərti ilə! Çünki sayları o qədər də çox olmayan ziyalıların vahid ədəbi dildə yazmaları məsələnin həllinə yetərli deyildir. Xalq yenə də öz yerli ləhcələri ilə bir-birlərindən ayrı qalacaqdır. Özbəkcə danışan Qazi Ali Alimcanın nitqində aşağıdakı fikirlər özünə yer aldı: "Azəri türk şairi Sabiri Türküstanın hər yerində oxuyurlar, anlayırlar, zövq alır və gülürlər. Demək ki, xalqa yaxınlaşdıqca anlaşıqlı olmaq imkanları da artır. Nəyə görə Nəvaini başa düşürük? Çünki xalq danışıq dilinə yaxın bir dildə yazmışdır. Bu mövqedən yaxınlaşdıqda ortaq ədəbi dil məsələsində təşəbbüsün aşağıdan gəlməsi ehtimalı həqiqətə uyğundur. Dilin özü yaxınlaşmağı və birləşməyi təmin edir. Buna heç kim və heç nə mane ola bilməz. Bunun üçün ümumi bir mərkəzin yaradılması vacibdir. Xalq dilindən nə qədər çox kəlmə gəlsə və ədəbi dil onlarla nə qədər çox zənginləşsə, türklər arasında ortaq dil o qədər asanlıqla qurula bilər".

 

Çobanzadəyə görə, iki cərəyan mövcuddur. Biri Samoyloviçin ifadə etdiyi obyektiv cərəyan, digər isə əskidən Qəyyum Nasıri tərəfindən müdafiə olunan subyektiv cərəyandır. Elm yolu və sağlam yol obyektiv cərəyana tərəfdar çıxmağı tələb edir. Nəvaidən sonra ən çox oxunan İsmayıl Qaspıralı xalq düşüncəsinə nüfuz etdiyi, xalq dilindən alınan kəlmələri ortaq ədəbi dilə gətirdiyi üçün populyarlığa nail ola bilmişdi. Ondan sonra Qabidov (H.A.Qabitov, başqırd folklorşünası, dilçi, başqırd milli hərəkatının öncüllərindən biri - V.Q.)  Tatarların Başqırd istiqlalına qarşı özümsəyici (assimilateur) hərəkətlərindən şikayətçi bir əhval-ruhiyyə sərgilədi. Nemət Hakim ona cavab verdi. Osmanlıca (yəni İstanbul türkcəsi ilə) yazılmış bir kitabdan bir neçə sətir oxudu. Sonra da Qazan türkcəsi ilə yazılmış başqa bir kitabdan bir neçə sətir oxudu. Hər iki mətni qarşılaşdırdı. İkinci mətnini yalnız birincini başa düşənlər tərəfindən anlaşıldığını göstərdi. Bu ərəfədə Fuad Köprülü özünün ikinci məruzəsi ilə çıxış etdi. Burada islamdan əvvəlki İranın türklər üzərindəki təsirindən söz açdı. Oğuz türkləri ilə Peçeneqlər arasındakı etnik qohumluğa dair bir sıra dəlillər ortaya qoydu. Anadolu xalqının bölgəyə türklərin gəlib yerləşməsindən sonra və tarix boyunca etnik təbəqələr halında təşəkkül etdiyini anlatdı.

 

Bu münasibətlə başqa bir məsələyə də toxundu: "Xalq ədəbiyyatı müqayisəli bir şəkildə tədqiq edilərsə, müxtəlif türk qövmləri arasındakı yaxınlıq daha aydın bir şəkildə ortaya çıxar. Dilin ərəb və fars təsirlərindən qurtularaq türkçülüyə doğru istiqamət götürməsi geriləmə deyil, öz ruhunu, mənliyini tapmış bir dilin irəliyə doğru hərəkətidir. Mədəni səciyyəli bir addım və irəliləyişdir. Ədəbi dilin ortaq olması qətiyyən siyasi xarakter daşımır. Bunun dərin mədəni-tarixi səbəbləri vardır. Yabançı kəlmələr xalqın düşüncəsində, vicdanında özlərinə yer tapıblarsa, qorunub saxlanacaqlar. Bütün insanlar elmin köməyi ilə biri-birlərindən ayrılmağa doğru deyil, birləşməyə doğru gedirlər. Kiçik millətlərin bir-iki milyonluq qəbilə zümrələrinin yüksək mədəniyyət yaratma ehtimalları yoxdur".

 

6 mart 1926-cı il. İlk olaraq Akademiyadan Oldenburq (S.F.Oldenburq, rus şərqşünası, akademik, rus hindşünaslıq məktəbinin yaradıcısı. Qurultayın sonuncu, on altıncı iclasında "Türk xalqları arasında ölkəşünaslıq işlərinin metodları" mövzusunda məruzə etmişdi - V.Q.)  danışdı. Sonra təkrar Fuad Köprülü söz aldı. Nitqi radio vasitəsi ilə küçədəki insanlara da çatdırılırdı. Yəqin ki, bu amili nəzərə alaraq "Ərəb mədəniyyəti yox, islam mədəniyyəti var" -dedi. Alman professor Menzel (Teodor Mentsel, türkoloq, Osmanlı tarixi və ədəbiyyatı mütəxəssisi. Qurultayın on altıncı iclasında onun "Anadolu-balkan türklərinin ədəbiyyatının öyrənilməsi perspektivləri və nəticələri" mövzusunda məruzəsi dinlənilmişdi -V.Q.) rusca və türkcə olaraq Anadolu və Balkan türklərinin ədəbiyyatı barəsində danışdı. Əbdürrəhman Sadi (tatar ədəbiyyatşünası və türkoloqu - V.Q.) oğuzların təsiri altında qalan qıpçaq ədəbiyyatından söz açdı. Bu münasibətlə Uyğur ədəbiyyatının "Kutadqu-biliyə", Mahmud Kaşqariyə, XII əsrdə, yəni Xoca Əhməd Yasəvinin gənclik dövründəki türk ədəbiyyatına toxundu. (bu məsələlərdən söz açarkən sosializm, romantizm mövzularını da diqqətdən yayındırmadı). Özbək ədəbiyyatından (Əbülqazi Bahadır xan), sonra Krımda İsmayıl Qaspralıdan, nəhayət Azərbaycan və tatar ədəbiyyatlarından keçərək türk qövmlərinin ədəbiyyat tarixinə ümumi bir nəzər saldı.

 

Nahar fasiləsindən sonra mənim məruzəm ("Qərbin iki dastanında türk" adlı həmin  araşdırma 1926-cı ildə "Kommunist" qəzetinin əlavəsi kimi ayrıca kitabça şəklində çap olunaraq yayılmışdı - V.Q.) vardı. Sonra sibirli bir türk tərəfindən oxunan qısa məruzəni dinlədik.

 

Xatay türkləri (əslində xakas olmalıdır. Söhət xakas əsilli məşhur türkoloq, Qazan universitetinin professoru N.F.Katanovun (1860-1922) yetirməsi və oğulluğu, yalnız qurultayın son iclasına gəlib çata bilən dilçi və tərcüməçi Nikolay Katanov barəsində gedir) tərəfindən qurultaya göndərildiyini, özünü yalnız bu gün çatdıra bildiyini söyləyən şəxs üzrxahlıq ifadə etdi.

 

Özbək Rəhiminin nitqindən sonra buxaralılar və özbəklər qurultayın sədrinə hədiyyələr təqdim etdilər.

 

Yekun nitqini Atam Aliyev rus dilində oxudu. Nitqdə aşağıdakı məsələlərdən bəhs olunurdu: "Tarixdə bundan əvvəl heç zaman təcrübədən keçirilmədiyi halda ilk dəfə belə bir qurultay toplamaq olduqca çətin məsələ idi. Şərqsə iki mühüm inqilab baş verdi. Birincisi Anadolu türkləri xəlifəliyi ortadan qaldırdılar. İkinci inqilabı isə Azərbaycan həyata keçirir. Bu da yeni əlifbaya keçid məsələsidir. Qurultay boş yerdə icad olunmayıb, tək bir beyinin məhsulu deyil. Onu həyat özü doğurmuşdur". Atam Aliyev eyni nitqi bir də türkcə, öz ləhcəsi ilə təkrar etdi.

 

8, 9, 10, 11 martda özəl gəzintilər həyata keçirildi. Məktəblərlə tanış olduq. Martın 11-də klubda  Fuad Köprülünün, mənim və Mustafa Kulbeyin (mətndə bu şəkildə getmişdir, əslində Mustafa Quliyev olmalıdır - V.Q.) nitqləri vardı. Martın 12-də cümə günü Bakıya döndük.

 

Qeyd 1.

 

"Qurultayda 127 nümayəndə var idi ki, onlarda da 82 nəfəri türk (18 Azəri, 3 Anadolu Türkü, 6 Krımlı, 4 Türkmən, 13 Qazan Tatarı, 5 Başqırd, 1 Noqay, 1 Balkar, 3 Qaraçay, 2 Qumuq, 3 Yakut, 1 Xakas, 1 Oyrat, 1 Mişar Türkü) idi. İkinci qrup Monqol-fin və Uqor qrupudur (3 nəfər). Üçüncü qrup yafəs qrupudur (bura Çərkəz, Çeçen və Qafqaz təmsilçilərindən 6 nəfər daxildir). Dördüncü qrup iranlılardır (3 nəfər). Beşinci qrup avropalılardır (2 alman, 16 rus, 3 ukraynalı). Ayrıca 2 yəhudi və milli mənsubiyyətlərini bilmədiyim 5 nəfər vardı.

 

Qeyd 2.

 

25 mart 1926-cı ildə çərşənbə günü Odessa limanından saat 4.40-da hərəkət edərək İstanbula döndük.

 

Əli bəy HÜSEYNZADƏ

Çapa hazırlayan: Vilayət QULİYEV

525-ci qəzet.- 2016.- 21 sentyabr.- S.4.