Hər bir azərbaycanlının güvənc yeri

 

 "Xatirələr" kitabından parça

 

 

İdeal dövlət quruluşu yoxdur. O quruluşu Allah yaradıb, adını da Cənnət qoyub. İrili-xırdalı, dünyadakı bütün ölkələr ona doğru gedir, hər kəs öz yolu ilə. Biz də onlardan biriyik.

 

Hamımızın bir vətənimiz var - Azərbaycan. Unutmayaq ki, qəriblər yad ölkədə yatdığı məzar yerinə görə də kirayə verilir.

 

Yazdığım "Xatirələr" adlı böyük həcmli kitabımdan, Heydər Əliyevə, İlham Əliyevə aid olan bəzi fraqmentləri indi, xüsusi ilə bu günlərdə çap etdirmək istədim.

 

Mənim bu dünyada iki insana can borcum var. Amma mənim və hamımızın canından da əvvəl olan Azərbaycanımızın da can borcu olan bu insanlar haqqında yazdığımın bir qismini sizə - "525-ci qəzet"in oxucularına təqdim edirəm.

 

Azərbaycanın ruhu canından çıxmışdı. Qalmışdı bu cansız bədənin ölkələr arasında bölüşdürülməsi. Heydər Əliyev Azərbaycanın bədəninə ruhu kimi qayıtdı, Azərbaycanı vətəndaş müharibəsi astanasından qaytardı. Bunu o zaman respublikada Heydər Əliyev kimi bacara biləcək ikinci bir insan yox idi. Heydər Əliyev bir dəfə ölkəyə rəhbərlik eləmişdi. Azərbaycanı kənd-kənd, oymaq-oymaq gəzmişdi.

 

lll

 

Respublikaya birinci katib təyin olunandan bir neçə gün sonra ağsaqqal yazıçıların bir qismini qəbul etdi. İkinci günü isə, doqquz gənc yazarı dəvət etmişdi. Onlardan biri də mən idim. Anladıq ki, hamımızı yaxşı tanıyır. Azərbaycanın rayonlarında müşavirələr keçirdi. Bizi də özü ilə aparırdı. Təbii, onun rayona gəldiyini bilib yol kənarında onun gəlib keçməsini gözləyirdilər. Heydər Əliyev də hər dəfə protokoldan kənara çıxır, maşınını saxladır, düşüb adamlarla görüşürdü. Neçə illərin tanışı kimi onlara əl verir, zarafat edirdi. Belə səfərlərin birində üzüm yığımı vaxtı Tovuz rayonuna getmişdik. Üzüm sahəsindən çıxıb üzü rayon mərkəzinə gedirdik. İnsanların çox yığıldığı bir yerdə Heydər Əliyev maşını saxlatdı. Təbii, biz də maşınlardan enib onun arxasınca getdik. İnsanlar onu araya aldılar. Gülə-gülə onlarla salamlaşdı. Kimi əl çalır, kimi əl eləyir, əsasən də hamı əl uzadır ki, görüşsün. Qorumalar mane olmaq istəyəndə, onlara əli ilə kənara çəkilmək işarəsi elədi:

 

- Qoyun görüşək, - dedi.

 

- Xoş gəlmisiniz, yoldaş Əliyev, həmişə siz gələsiz!

 

- Həmişə mən gəlsəm, siz də məni qarşılamağa gəlsəz, bəs üzümü kim yığacaq?

 

- Yox, yığırıq, yoldaş Əliyev.

 

- Heydər müəllim, maşallah uşaqlar od parçasıdı. Zəhmət çəkiblər,qoyallarmı məhsul zay olsun?!

 

- Zarafat eləyirəm, - dedi. Heydər Əliyev yaxında dayanan yaxşı geyimli bir qıza əl elədi.

 

-Bir bəri gəl görüm, - qız yaxınlaşdı. - Sən də üzümçüsən?

 

- Bəli,- qız əl uzatdı, görüşdülər.

 

Heydər Əliyev qızın ayağına baxdı. Qız açıq yay çəkməsi geymişdi:

 

- A qızım, nə qəşəng pedikür elətmisən.

 

- Özüm eləmişəm.

 

Kimsə kənardan əlavə elədi:

 

- Özü də qabaqcıl üzümçüdü.

 

- Hə, çox yaxşı, yaxşı işləməyi bacardığınız kimi, yaxşı geyinməyi-bəzənməyi də bacarın. Çox xoşuma gəldi. Sağ ol!

 

Mən qıza baxırdım...

 

Aradan qırx ildən çox keçib. İnan, qızın gözlərində elə sevinc, elə işıq vardı ki, elə indi bu epizodu yazmağı da yadıma salan, xəyalımda qalan o sevinc, o işıq oldu.

 

O gün o insanlar Heydər Əliyevin əlinin istisini, gülər üzünün işığını doğma ata, qardaş, əmi, dayı münasibətini evlərinə apardılar.

 

Onun yüzlərlə belə səfərləri olurdu. Minlərlə evdə ondan doğma xatirələr danışılırdı.

 

lll

 

Heydər Əliyev hər bir azərbaycanlının güvəndiyi bir insan olmaqla yanaşı, Azərbaycandakı ailələrin hər birinin üzvü kimi doğma idi. Lerik dağlarında qoyun güdən çoban Xanışın ərk etdiyi dostu - onunla hər görüşündə Xanış çoban bir yox, iki yox, onlarla qurban kəsirdi. Heydər Əliyev onun da xətrinə dəyməyib, qurbanları qəbul edərdi, uşaq evlərinə göndərərdi. Əslində, o, hamının dostu idi. ABŞ Prezidenti Buşu da, Fransa prezidenti Jak Şirakı da, şair Qabili də, bizim bu balaca ölkəmizdə balaca-böyük, mərd-namərd, hər kəsi yaxşı tanıyırdı. Günahından keçmirdi. Özündən də keçmirdi, bərk ayaqda sahib çıxırdı, qoruyurdu. Çünki o, böyük Azərbaycanlı idi, nə qədər ki, Siyasi Büroda idi, ermənilər, Qarabağ məsələsini də qaldıra bilmirdilər. Heydər Əliyevin Moskvada Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çox aktiv fəaliyyəti onu dünya liderlərinə Siyasi Büro üzvləri arasında gələcəyinə ümid bəslənən ən real siyasətçi kimi təqdim etmişdi. Qərbin gözdən qaçırdığı bir şey vardı. Rus şovinizmi adlı mərəz artıq var gücü ilə Siyasi Büronu da öz caynağına keçirmişdi. Artıq Sovet Sosialist Respublikaları İttifaqı, qardaş nədir, heç əmioğlu da deyildi. Siyasi Büroda ən böyük əngəl Heydər Əliyev idi, bəhanə də tapa bilmirdilər. Əslində, o vəziyyətdə bir bəhanə vardı: ölkədə heç kəs heç bir iş görmədiyi halda, Heydər Əliyev on illərlə yarımçıq qalmış layihələri yerinə yetirirdi. Rusiyanı başından ayağına birləşdirən dəmir yolunu az bir vaxtda inşa etdi, istismara verdi. Siyasi Büroda Heydər Əliyevin gördüyü nəhəng işə təşəkkür əvəzinə, onun işgüzarlığına qısqanclıq daha da vüsət aldı. Siyasi Büronun və Qorbaçovun fonunda ölkədə və dünyada Heydər Əliyevin günbəgün artan hörməti onlar üçün əsl təhlükəyə çevrilmişdi və heç bir bəhanəsiz, onu işdən azad etdilər. Qorbaçov elə səhəri gündən üzünü Ermənistan rəhbərliyinə çevirdi. Qarabağ müharibəsi başladı. Azərbaycanda xaos yarandı. Bu işlərə başlamaq üçün müəyyən qüvvələr qabaqcadan hazırlıq da görmüşdülər. Münaqişənin ocağı alovlandı. Ara qarışdı, Qorbaçov üçün münbit şərait yarandı. SSRİ dağıldı. Onun xərabələri altında insanlar qaldı, qan axıdıldı.

 

Azərbaycanda başsızlıq hökm sürürdü. Kim səhər tezdən oyansa, özünü Azərbaycanın rəhbəri hesab edirdi. Gülməli olan faciə də burası idi ki, Azərbaycanda rəhbərliyə yenə də Rusiyanın əli ilə gəlmək istəyirdilər. Hərə qohum-əqrabasını yığıb bir partiya yaratdı. Əslində, bu, Azərbaycanın parçalanma prosesinin yol xəritəsinin ilk cizgiləri idi.

 

lll

 

Hərdən düşünürəm ki, bəlkə, əsrin əvvəlində Nəriman Nərimanovu Moskvaya aparmaqda məqsədləri o idi ki, o, istədiyi kimi hərəkət edə bilməsin, gözümüzün qabağında olsun. Biz onu istədiyimiz kimi idarə edək. Amma nə zaman o zaman idi, nə də Heydər Əliyev Nəriman Nərimanov idi. Heydər Əliyev hələ Azərbaycana siyasi rəhbərliyə gətirilincə, Leninqradda Dövlət Təhlükəsizliyi məktəbini əla qiymətlərlə bitirmişdi. Adi əməkdaşından Dövlət Təhlükəsizliyi Komitəsinin generalı rütbəsinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsindən Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə yüksəlmişdi. O, bu yolları ata, əmi, dayı köməyi ilə keçib gəlməmişdi. Öz fəhmi, istedadı, bacarığı ilə gəlib çıxmışdı bu mərtəbəyə.

 

Respublikalar sırasında sonuncu yerlərdən birini tutan Azərbaycan on il Heydər Əliyev rəhbərliyi dövründə özünü təmin edən respublikalar cərgəsinin önündə gedən, keçici bayrağı ilə bayraqdar oldu. Siyasi Büro üzvlüyünə namizəd, daha sonra Siyasi Büro üzvü, Nazirlər Soveti sədrinin birinci müavini oldu. Ən çətin işlər onun çiyinlərində idi, bacarığının və imkanlarının həddi-hüdudu yox idi, çalışırdı, çalışırdı. Yaxşı bilirdi ki, onun arxası, dayağı, ən yaxın dostu öz bacarığı, öz işgüzarlığıdır. Heydər Əliyev bu işgüzarlığı ilə o səviyyədə daha təhlükəli görünürdü. Bu səviyyədə işgüzarlığın özü yox, imitasiyası daha vacibdir. Məsələn, dayanmış qatarda otur, yırğalan, çox sürətlə irəliləmək görüntüsü yarat və özün də buna inan. Bunu hamıdan əvvəl Xruşşov Baş katib olan kimi anladı və dedi:

 

- Hər bir dəli, istəsə, dövləti idarə edə bilər.

 

Bu həqiqətən də belədir . Belə bir dağıdıcı potensiala malik ölkəyə dəli rəhbərlik edəndə, dünyanın bütün ağıllı rəhbərləri məcbur olur onun nazı ilə oynasın, ta o vaxta kimi ki, dünyanı dağıda biləcək silahların pultundan onu dilə tutub kənara çəkə bilsinlər, onun üçün əlçatmaz etsinlər. Başqa  neyləmək olar? Dəli ilə yarışsan dəli olarsan. Yer üzündə həyatı məhv edə biləcək silahlar işə düşər. Sonrakı peşmançılıq fayda verməz.

 

İkinci Dünya müharibəsindən əvvəl də, sonra da bir müddət kolxoz-sovxozlarda çalışan insanlara pasport verilmirdi. Əmək kitabçası olurdu. Həmin kitabçada o şəxsin nə qədər çalışdığı, nə qədər qazandığı göstərilirdi. Adı da "əməkgünü" kitabçası idi. Xaricdə də, elə bizim özümüzdə də sosializm hökmranlığındakı ölkələri sosialist düşərgəsi adlandırırdılar. Öz içimizdə islah əmək müəssisələrini "lager" adlandırırdıq. Amma əvvəlindən sosializm sözünü götürmüşdük. Çünki orada insan həyatından söhbət getmirdi. Qul həyatı da deyildi. Çünki quldarlıqda qanun vardı. Gərək qulu elə saxlayasan ki, törəyib arta bilsin. Çünki qul alınırdı, satılırdı. Quldan doğulan da qul idi, əlavə gəlir idi.

 

Sosializm sistemində isə insanı satmaq, almaq olmazdı. Çünki insan o qədər "qiymətli" idi ki, dəyərini heç kəs bilmirdi. O, dövlətə məxsus idi, dəyərini heç dövlət özü də bilmirdi. Deyənlər olacaq; bu məsələlərin Heydər Əliyev mövzusuna nə dəxli var. Var, qardaşım, var. Heydər  Əliyevin uşaqlığı, gəncliyi bu dövrdən keçib gəlib, daha doğrusu, o, bu dövrü yaşayıb, ağrılarını ürəyindən keçirib. Elə olmasaydı, illər sonra imkan olan kimi rəhbərliyi dövründə Hüseyn Cavidin nəşini Sibirdən gətirməzdi. O, bunu illərlə ürəyini göynədən, içində qışqıran yaddaşını, ruhunu, özünü razı salmaq üçün eləmişdi. O günlər mən Cavidə şeir yazmışdım:

 

Cavid gəlir, qalx, qalx,

Ana torpaq.

Oğlun gəlir,

Yoldan gəlir,

Yorğun gəlir.

Al qoynuna, bas bağrına,

Sahib çıx ona.

İtkin olan oğluna torpaq...

 

Heydər Əliyevin ruhu məni bağışlasın, özümü də saldım araya. Cavidə həsr etdiyim şeirimdən misal gətirdim.

 

lll

 

Heydər Əliyev bütün bu olanları, hətta, bizim bilmədiyimiz daha nələri bilirdi. İndi isə, SSRİ adlı bir imperiyanın olimpində olanda da şovinizmin, ağılsızlığın ağıla, məntiqə qalib gəldiyini gördü. Dünyada hər zaman ağılsızlar ağıllılardan çox olub. Təbii ki, səs verməyə qalanda, ağılsızlar səs çoxluğu qazanır. Hər quruluşu qoruyan yönəldici, haqqın və məntiqin qorunmasını saxlayan bir qüvvə lazımdır. O zaman SSRİ-nin olimpində belə bir qüvvə yox idi. Qorbaçov kimi avantüristin birinin irəli çıxmasında əsas rol oynayan bir mətləb vardı: Kim olur-olsun, Heydər Əliyev olmasın! Yəni rus olsun! Xuruşov demiş, ölkəni ağıldan kəm hər kəs idarə edə bilər. Sonra məlum oldu ki, belə deyilmiş, SSRİ dağıldı. Xaos başladı. Məncə, SSRİ gec, ya tez dağılacaqdı. Amma Heydər Əliyev olsaydı, imperiyanın ömrü bir az uzanardı. Respublikalar bəlkə daha sivil yolla ayrılardılar. Bu qədər qan axmazdı, dağıntı olmazdı. Qardaş ölkələr düşmən olmazdılar. Hər halda, daha səmərəli bir yol seçilərdi. Bu vəziyyətdə Rusiya məncə, hələ öz yolunu, öz yerini tapa bilməyib. Məncə, hegemonluq iştahından əl çəkməsə, işi daha qəliz olacaq. Adam mədəsi tutduğu qədər udar, ondan artığını mütləq həzm edə bilmir, sonrası məlumdur...

 

İndi bilmirəm bu sözləri yazarkən gülüm, yoxsa ağlayım, amma məncə bu belədir. Yaradan Heydər Əliyevin taleyinə bu keçilməz yolları yazmaqla onu ölkəmizin bu günləri üçün hazırlayırmış. Yurdumuzu parçalanıb məhv olmaqdan qorumaq üçün hazırlayırmış. Ulu öndər bu işi çox böyük bacarıqla gördü.

 

Prezident Heydər Əliyev dağılmış ölkəni səliqəyə salırdı. 1998-ci il idi. Prezident seçkiləri ərəfəsində seçicilərlə görüşə getmək üçün Gəncəni seçmişdi. Gördüyü işlərin nə qədər effektli olduğunu görmək, seyr etmək üçün yaxın keçmişin ən qaynar nöqtəsindən baxmaq istəmişdi.

 

lll

 

Mənə zəng elədilər ki, Prezident Gəncəyə gedir, sizi də dəvət edib.

 

Səhər Anar, Qabil və mən Prezidenti qarşılayanlar arasında idik. Meydanda səhnə qurulmuşdu. Səhnədən əsasən insanların başı görünürdü. Uşağını boynuna mindirib dayananlar da az deyildi. İnsan selinin ucu-bucağı görünmürdü, ətraf rayonlardan gələnlərin dalğası, irəlidəkiləri də yerindən oynadırdı. İzdiham dəniz kimi dalğalanırdı. Əslində, Heydər Əliyevin bu gəlişini xalq sabitliyin qələbə bayrağı kimi qarşılayırdı. Heydər Əliyevin solunda Anar, sağında mən dayanmışdım. Anarın yanında şair Qabil idi, mənim yanımda İlham Əliyev.

 

Bu boyda meydanda, bağlarda, Gəncədə özünə yer tapmayan bir yaşıl çəyirtkə uçub gəlib qondu Heydər Əliyevin şalvarının balağına. İstədim əyilib çəyirtkəni tutum, izdihama baxdım. Mən camaatımızı yaxşı tanıyıram, hərəsi bir söz uyduracaqdı.

 

- Kişinin ayağından tutub çəkmək istəyirdi.

 

- Yaltaqlığa bax, bu da şair, kişinin ayaqqabısını silirdi və sair və ilaxır deyəcəklər, - fikri keçdi beynimdən.

 

Arxada səhnədən aşağıdakı adamlar arasında lap yaxında dayanmış mülki geyimdə kürəkənim Namiq Qocayevi gördüm, mənə baxıb gülümsündü. Onun da Gəncəyə gəldiyindən heç xəbərim olmayıb, dönüb İlham Əliyevə baxdım, O, sakitcə əyildi və Heydər Əliyevin balağından çəyirtkəni tutub atdı kənara. Mənə baxıb gülümsündü. Elə bildim dedi ki, "Belə eləmək lazım idi".

 

 Sonra bu illər ərzində İlham Əliyev öz yerini bilməyən çox çəyirtkələri beləcə sakit tutub layiq olduğu yerə atıb. Amma İlham Əliyev neyləsin ki, işə qoyduğu adamların bəzisinin içində çəyirtkə olub, sonradan üzə çıxır. Onu da İlham Əliyev ayağından tutub layiq olduğu yerə atıb.

 

lll

 

İllər sonra Heydər Əliyev hiss edəndə ki, başladığı böyük işləri sona çatdırmağa ömrü çatmayacaq, çox böyük uzaqgörənliklə İlham Əliyevi öz ömrünə ömür kimi caladı. Axı, o, canından artıq sevdiyi Azərbaycanı daha kimə tapşıra bilərdi?! Axı, özü demişdi ki, mən İlhama özümə inandığım kimi inanıram.

 

Yeni Azərbaycan Heydər Əliyevin öz əsəri idi. Azərbaycanın talan olmuş, dağılmış iqtisadiyyatından, dövlət quruluşundan, əldən getmiş Dağlıq Qarabağ və digər rayonlarımızın bəzi xərabəliklərindən yeni Azərbaycan yaratmışdı. Bandaları tərksilah edib, ordudan qalma əlcə-bölükləri toplayıb yeni ordu yaratmışdı. Elə bu ordu ilə ilk döyüşdəcə düşmənə ağır zərbə vurub, onu atəşkəsə məcbur etmişdi. Ölkəni xaosdan çıxartmışdı və beynəlxalq aləmin diqqətini Azərbaycana cəlb etmişdi: Əsrin Müqaviləsi imzalanmışdı. Dənizdə yeni neft-qaz  yataqları bir-birinin ardınca kəşf olunur, qazılır, istifadəyə verilirdi. Başlanmış bu nəhəng işləri İlham Əliyevdən başqa kimə tapşıra bilərdi?!

 

Zaman göstərdi ki, Heydər Əliyev burada da doğru-düzgün seçim etmişdi. İlham Əliyev o zaman neft şirkətində işləyirdi, həm də Respublika Olimpiya Komitəsinə rəhbərlik edirdi. Yəni Respublikanın fiziki və mənəvi cəhətdən sağlam gəncliyinin lideri idi. İşin içində idi. Respublikada görülən işlərin mərkəzində, ən qaynar nöqtəsində çalışırdı. Respublikanın sükanının Heydər Əliyevdən İlham Əliyevə keçməsində fasilə yaranmadı. Pusquda yatıb, girəvə güdən bədxahların əlindən bu fürsət alındı. Bu da çox vacib idi. İlham Əliyev tək deyildi. Həyat yoldaşı Mehriban Əliyevanın mənəvi dəstəyi və praktik köməyi hər zaman, hər yerdə aşkar duyulurdu, görməyi bacaranlar üçün görünürdü.

 

lll

 

Heydər Əliyevin komandasındakı etibarlı, vəfalı insanların danılmaz fəaliyyətini də qeyd etmək lazımdır. Mən adi bir vətəndaş kimi onlara bu fədakarlığa görə öz təşəkkürümü bildirirəm.

 

Azadlığın və müstəqilliyin güclənməsi, dönməzliyi üçün ağıllı, güclü, azadlıq aşiqi kadrlar yetişməlidir. Pusquda yatan və girəvə gözləyən düşmənlərimiz çoxdur. Hətta öz içimizdə, öz aramızda, süfrəmizin ətrafında oturan, dolusuna yeyib boşuna təpik vuranlar da vardı, var!.. Biz sağa-sola baxmadan öz işimizi görməliyik. Biz varlı, güclü olduqca, düşmən də bizə dost deməyə məcbur olacaq. Mən belə düşünürəm, güman edirəm ki, haqlıyam.

 

Heydər Əliyevin son dövrlər həyata keçirdiyi planların, gələcək üçün həyata keçiriləcək layihələrin tərkib hissəsi kimi, İlham Əliyevin dövlət başına gətirilməsi vacib idi. Tam arxayınlıq üçün bu əsas şərt idi. Güman edirəm, bunu yaxın ətrafına da anlatmışdı.

 

Niyə məhz İlham Əliyev?

 

Əvvəla, İlham Əliyev öz oğlu idi, ağıllı, dönməz insan kimi artıq yetişmişdi. O, bu layihələri, hər şeydən əvvəl atasının vəsiyyəti kimi müqəddəs və müzakirəsiz, mübahisəsiz qəbul edəcək. Yerinə yetirdikcə haqlı olduğuna inanıb, daha ürəkli olacaq. Çünki çox qarışıq zaman idi. Bulanıq suda balıq ovçuları, ölkə daxilində də, xaricində də, hər tərəfdən hazır dayanmışdı. Bu zaman da şübhələrə, müzakirələrə itirilən hər gün, hər an belə "olum, ölüm" məsələsi idi. Haqlı olaraq soruşa bilərsiz respublikada İlham Əliyevdən daha tədbirli, təcrübəli, bacarıqlı insan yox idimi? Niyə məhz İlham Əliyev?!

 

Yəqin ki, Heydər Əliyevin qəlbində bu suala yüzlərlə cavab vardı və zaman keçdikcə, ölkə inkişaf etdikcə İlham Əliyev öz işi, qətiyyətilə bu suala cavab verir.

 

İndi ki, sual qoymuşam, cavabını özüm verim. Əlbəttə ki, İlham Əliyevdən cavan-yaşlı, elə onun yaşında onlarla insan tapmaq olardı. İş təcrübəsi olan, siyasətdə daha çox çalışmış insanlar vardı. O zaman İlham Əliyevi hələ yaxşı tanımırdıq, belə düşüncəni təsdiq edə bilərdik. İndi mən sizə sual verirəm: Dövlət Təhlükəsizliyi Komitəsinin kiçik zabitliyindən Komitənin generalına kimi rütbə almış ("almış" sözünün altından cızıram, özü öz gücünə almışdı) Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinin sədri olmuş, sonra siyasi sahədə çalışıb, partiya rəhbəri kimi Azərbaycanı geri qalmış respublikadan bayraqdara çevirmiş, öz bacarığı ilə SSRİ adlanan imperiyanın olimpinə yüksəlmiş və sonra şüurlu şəkildə partbiletindən imtina etmiş, respublikamızda elə bir ikinci insan tapa bilərsinizmi? Əlbəttə ki, yox! - deyəcəksiz.

 

Onu xaricdə də, bütün siyasətlə məşğul olanlar da, dövlət başçıları da yaxşı tanıyırdı. O vəziyyətdə Heydər Əliyev ideyasının, başladığı layihələri və gələcək üçün cızdığı yol xəritəsini həyata keçirəcək insandan söz gedirdi. Bunun üçün İlham Əliyevdən yaxşı namizəd yox idi. Zaman da göstərdi ki, Heydər Əliyev də, xalq da seçimində yanılmamışdı. Doğru seçim etmişdi. İlham Əliyev Heydər Əliyevin oğlu idi. İlham Əliyevin müəllimi Heydər Əliyev kimi dahi idi. Heydər Əliyevi tanıyan bütün ölkə başçıları İlham Əliyevi də tanıyırdılar, bilirdilər, onun oğludu. Hər halda, təbəssümlə, xoş qarşılayırdılar. Fransa Prezidenti Jak Şirak kimi yaxın dostu isə, onu qardaşoğlu kimi qarşılayırdı. Əlbəttə ki, elələri də olurdu yuxarıdan aşağı baxıb, gülümsünüb "görərik, baxarıq..." düşünürdü. Amma hər halda, tanımıram deyə bilmirdi. Sonra onlar da İlham Əliyevi tanıdıqca pillə-pillə aşağı enib havaları alınırdı. Əsas odur ki, fasilə yaranmırdı. Dünya iqtisadiyyatında əhəmiyyətli dərəcədə yeni olan böyük layihələr yerinə yetirilir. TAP kimi daha əhəmiyyətli layihələrin inşasına başlanır. Belə böyük işlərin İlham Əliyevin iradəsinə və bacarığına görə həyata keçirildiyinin sübuta ehtiyacı yoxdur. Dünya liderləri də bu layihələrə qoşulur, maliyyələşməsində iştirak edir, sərfəliliyinin "aksioma" olduğunu görür.

 

Prezident İlham Əliyevin gənc, sağlam olması və ölkədəki sabitlik bu layihələrin uğurla yerinə yetiriləcəyinə şübhə yeri qoymur.

 

Əslində, bütün bunlar hamısı birbaşa, ya dolayısı ilə bir nömrəli dərdimiz olan Qarabağ məsələsinin həlli bünövrəsinə qoyulan etibarlı özüldür. Bu mürəkkəb məsələnin həlli də ölkənin iqtisadi cəhətdən zəngin, hərbi cəhətdən güclü olmasından keçir. Uzaq keçmiş deyil, on beş il, iyirmi il keçmişi xatırlayın, indiyə baxın.

 

lll

 

Ruhu şad olsun, tarzən Əhsən Dadaşovla 1968-ci ildə Kubada keçirilən Azərbaycanın Mədəniyyət ongünlüyündə iştirak edirdik. O, mənə lətifəvari bir söhbət danışdı:

 

- Bir xarici ölkədə konsert verirdik. Yanımda bir tarzən yoldaşım da vardı. Tarını kökləyirdi. Tarı ilk dəfə görən tamaşaçı məndən soruşdu:

 

- O neyləyir belə?

 

Dedim:

 

- Axtarır... - başımdan elədim.

 

Dedi:

 

- Bəs sən niyə axtarmırsan?

 

Dedim:

 

- Mən tapmışam.

 

İllər əvvəl olmuş bu söhbətin indi qəfil yadıma düşməsi göydəndüşmə deyil. Tez-tez qulağıma səslər gəlir. Prezidentlik iki dəfədən artıq olmasın. Amerikadakı kimi, bəzən də deyirlər ki, iki dəfə olsun. Rusiyadakı kimi 8 il olsun.

 

Əvvəla, Sovet dönəmində gecə yarıdan çörək növbəsinə duranda, dondurulmuş əti talonla alanda Amerikada prezidentlərin neçə dəfə seçildiyi heç yadımıza düşmürdü. Əhsən Dadaşov demiş: qardaş, mən tapmışam, müharibə şəraitindəyik. Milyardlarla xərc götürən layihələr başlanıb.

 

Əvvəla, ölkədə təkcə Prezident işləmir. Xalq işləyir. Bütün xalq - alimi, həkimi, çobanı, taxıl əkəni, bir sözlə, hamı çalışır. Boynuna düşən işi yerinə yetirən, öz vicdanının da tapşırdığı işləri görən, evə, ailəyə vaxt ayıran insanın Amerikaya, ya Rusiyaya oxşayaq deyə düşünməyə vaxtı və ehtiyacı da olmur. Öz işini görür. Ancaq qulağıma gələn belə səslər yığıb, yeyib harınlamış insanların, gəliri və əyləncəsi xaosdan, konfliktlərdən çıxan insanların səsidir. Onlar üçün gərginlik, qarışıqlıq, vətəndaş qarşıdurması lazımdı. Bizim üçün isə, müstəqilliyimiz, sabitlik, qulaq dincliyi, hər kəsə bacardığı işlə məşğul olmaq üçün şərait lazımdır. Onlar üçün xaos, gərginlik, göz yaşı tamaşadır. Bizim həyatımız - insanların hər gün səhər işə getməsi, axşam evə gəlməsi, ailə qurması, uşaq böyütməsi - bu sakit həyat təkrar və yorucu görünür. Cənablar, Günəş də hər gün səhər tezdən çıxır, axşam qayıdır və bunu hər gün təkrar edir. Sizdən soruşuram? Bəs Günəşin bu bəsit təkrarı olmasa, sizin sevdiyiniz xaosa, qaranlığa qərq olsa idi, necə olardı? Günəş də kainatda bizim kimi fəhlədir. Sizin kimilərin nə kainatda, nə də həyatda yeri yoxdu. Yox, əzizlərim, gəlin birlikdə ölkəmizi elə bünövrə üstündə quraq ki, onun müstəqilliyi yüz illər, min illər sarsılmasın. Ərazisi bütöv, gerbi, himni, bayrağı dünyada məşhur bir ölkə olsun. Ona görə  bizə bu dinclik, sabitlik vacibdir.

 

lll

 

İti ağlı, halal zəhməti ilə milyardlar qazanmış insanlar həmişə qədirbilən xalqımız tərəfindən el ağsaqqalı, ağbirçəyi kimi qarşılanıb. Ağıllı adam özü böyük sərvətdir. Onlar nə qədər çox olsa, ölkə üçün daha yaxşıdır. Elə insanlara daha çox qazanmaq üçün də, qazandığını xeyirxah işlərə xərcləmək üçün də dinclik, sabitlik, ölkədə əmin-amanlıq olması vacibdir. Bizim kimi müharibə şəraitində olan bir ölkənin vətəndaşına bu kövrək sülhün qorunub saxlanması ikiqat vacibdir. Şükür ki, bunu bacaran İlham Əliyev kimi Prezidentimiz var.

 

lll

 

Bir qədim yunan əfsanəsində belə deyilir: Olimpdə allahlar insanı əvvəl ikibaşlı, dördəlli, dördayaqlı yaratmışdı. Gördülər bu insan o qədər güclüdür ki, onu idarə etmək olmur, məsləhətləşib onu iki yerə böldülər, iki əlli, iki ayaqlı, bir başlı - bir xanım, bir kişi elədilər. Hər yarısını dünyanın bir tərəfinə atdılar. O zamandan bəri hər bir insan "yarım, yarım" deyə-deyə dünyada öz yarısını axtarır. Öz yarısına qovuşanlar bütöv olur, güclü olur, yenilməz olur. Onlar bir-birini tamamlayır.

 

İlham Əliyev və Mehriban Əliyeva belə bir cütlükdür. Onların çox problemli evi Azərbaycandır. Onun ən gərgin dövrünü, şükür ki, uğurla keçiblər. Gələcəyin yol xəritəsi də hazırdır. Hələ görüləcək işləri də çoxdur, bacaracaqlar! Aprel hadisələrindən sonra cəbhə xəttində atəşə məruz qalmış kəndlərdə yaranmış vəziyyəti görməyə, sahib çıxmağa İlham Əliyev xanımı ilə getmişdi. Düşmən gülləsi qarşısına getmişdilər. Oradakı insanlarımız üçün Prezidenti və xanımını öz həyətlərində görəndə, güclü, böyük, isti hansı sözü tapıb demək olardı? Oradakı uşaqlar, gənclər, ağsaqqallar üçün ölkənin prezidentini və birinci xanımını öz həyətlərində görmək, dərdini bölüşmək ən böyük yardım, qələbəyə sarsılmaz inam, işıqlı gələcəyə ümid idi.

 

 ... Bu gün mən bu sətirləri yazdığım zaman - 2016-cı ilin 16 iyun günü qardaş Türkiyədə bir dəstə hərbçinin dövlət çevrilişinə cəhdi yaralı ürəyimi göynətdi. Yadıma ulu öndər Heydər Əliyevin 1994-cü ildə xalqa çağırışı düşdü. Yarım saatın içində xalq meydanlara, küçələrə sel kimi axdı.

 

Bu gün o təcrübə qardaş Türkiyədə də özünü doğrultdu. Xalq səs verib seçdiyi insanı qorumayacaqsa, o, hələ xalq deyil, toplumdur.

 

Qəlbimdən keçən bəzi fikirləri söyləməyi özümə borc bildim. Biz bu yollardan keçmişik. Lakin arxayınlaşmaq heç vaxt olmaz. Çox iş görülüb, çox şey qazanmışıq. Ağıllı, qiymətli, çalışqan insanlar bizim ən qiymətli sərvətimizdir. Onları qorumaq, qiymətləndirmək, hər birimizin borcudur. İstedadlı, bacarıqlı prezidenti tapmaq da, seçmək də çətin işdir, lakin onu qorumaq, başladığı böyük, taleyüklü layihələrin həyata keçirilməsində ona kömək, arxa olmaq müqəddəs borcumuzdur. Xalq prezidentə güvəndiyi kimi, ondan problemlərinin həllini gözlədiyi kimi, prezident də xalqa güvənir, xalqdan güc alır. Antey torpaqdan güc aldığı kimi prezident də onu seçən xalqdan güc alır. Bu birlik quruluşun təməl daşıdır.

 

Fikrət QOCA

 

525-ci qəzet.- 2016.- 22 sentyabr.- S.5.