Mürsəl Qarayev - böyük professional...

 

 

 

 

Sentyabrın 26-sı görkəmli cərrah Mürsəl Qarayevin anım günüdür.

 

Mürsəl Əbülfəz oğlu Qarayev 1919-cu ildə, noyabrın 4-də Bakıda anadan olub. Azərbaycanın ilk uşaq həkimi, professor Əbülfəz Qarayevin ailəsində.

 

1938-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olan M.Qarayev 1942-ci il avqusun 25-də Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılır. Qafqaz Cəbhəsi 65-ci xüsusi moto-atıcı briqadasının seçmə-qəbul məntəqəsində ordinator-cərrah çalışır.

 

Yaralanır və bir müddət müalicə olunandan sonra 1943-cü ilin avqust ayından müharibənin sonuna qədər (1945-ci ilin oktyabrınadək) döyüşən orduda 482-ci Tibb-Sanitar Batalyonunda cərrah kimi xidmət edir.

 

Kursk dairəsi döyüşlərində hərbi eşalonun baş həkimi olur. Budapeşt ətrafındakı döyüşlərdə daha bir dəfə yaralanır, tibb xidməti kapitanı kimi ordudan tərxis olunur.

 

“Döyüşdə cəsurluğa görə”, “Qafqazın müdafiəsinə görə”, “Almaniya üzərində qələbəyə görə” medallarıyla təltif olunur. Sonradan cərrah kimi fəaliyyətini davam etdirir və 1960-1964-cü illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş cərrahı işləyir. Namizədlik və doktorluq dissertasiyası müdafiə edir.

 

5000-dən artıq cərrahi əməliyyat edən doktor Qarayevin son iş yeri o vaxtkı Azərbaycan Dövlət Tibb İnstitutunun “Travmatologiya, ortopediya və hərbi səhra cərrahiyyəsi” kafedrasında dosent vəzifəsi olur. 1975-ci ildə Bakı şəhərində vəfat edir.

 

On iki əvvəl yazdığım “Doktor Qarayev” kitabını vərəqləyirəm. Doktor Qarayevlə bağlı həmsöhbət olduğum insanların bir çoxu artıq bu dünyada yoxdur. “Hippokratdan sonra” adlı “son söz” yerinə yazdığım essenin bir bölümündə Mürsəl Qarayev barədə danışanların fikirlərindən çıxarışlar eləmişəm:

 

“ Mürsəl barəsində hamının fikri belə idi ki, o çox yaxşı oğlandır və əla cərrahdır...

 

Həyat onun əllərinə möhtacdı...

 

Mürsəl bir növ xalq həkimiydi...

 

Xəstələr onunla söhbətdən sonra əməliyyata qorxusuz girirdilər...

 

Dedilər ki, təcili cərrahiyyə lazımdı. Dedim ki, qoyun Mürsəl gəlsin, o desə, əməliyyat edərsiz...

 

Son sözü həmişə o, deyirdi...

 

O, çox vaxt imkansız xəstələr üçün öz puluna dərman alırdı...

 

O, adamlar üçün və adamlarla yaşamağı bacarırdı...

 

Onun müasiri olduğuma görə qürur duyuram...

 

Dedilər ki, Xanlar öləcək. Söylədi ki, yox, ona heç bir şey olmayacaq. Ona bir şey olsa özümü pəncərədən ataram...

 

Onun səsi həyatda özünü təsdiq etmiş, adamların səsi kimi idi...

 

Həmkarlarına acığı tutanda acı söz deməzdi, onlara eləcə özünün cərrahiyyə etdiyi otağa girməyi qadağan edərdi...

 

Onun kişi xüsusiyyətləri böyükdü...

 

Mürsəl Qarayev böyük professional idi...

 

Çox usta cərrah idi. Onun əlləri də həmişə yalnız xeyir gətirərdi...

 

Müəllimlərini çox sevir, onların hörmətini tuturdu...

 

Xəstə sağalana qədər onun çarpayısından ayrılmır, rahatlıq tapmırdı...

 

Əgər özgələri üçün bir şey əsirgəmirdisə, təsəvvür edin ki, öz övladlarına qarşı necə rəftar edirdi... “

 

Həmin kitaba “Ön söz” yazmış Xalq yazıçısı Anarın məqaləsindən bir fraqment diqqətimi çəkir:

 

“Mürsəl Qarayev müharibədən sonra həkimlik fəaliyyətinə başlayanda Azərbaycanda Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, Fuad Əfəndiyev kimi çox böyük cərrahlar fəaliyyət göstərirdi, amma bu fonda belə gənc Mürsəl yüksək peşəkar kimi özünü təsdiq edə, ad çıxara bildi. Və Mustafa bəy Topçubaşovun həmkarının vəfatından sonra dediyi söz: “Mürsəl Azərbaycanın iki-üç ən yaxşı cərrahlarından biri idi” - fikri həqiqətin ifadəsi idi.

 

Bu gün biz hansısa bir həkimin təcili əməliyyatdan qabaq pul-haqq hesabını çəkməsini eşidəndə daha təəccüblənmirik. Amma biz Mürsəl Qarayevin kasıb pasiyentlərinə öz cibindən pul verməsinə, ya minnətdarlıq əlaməti olaraq gətirilən ən kiçik paylardan belə həqarətlə imtina etməsinə də təəccüblənməməliyik. Çünki ailə ənənələri, sülalə dəyərləri - məhz elə bundadır. Mürsəl gözünü açıb atası Əbülfəz bəyin, qohumu Mirqasımovun məhz bu cür davrandığını, bu meyarlarla yaşadığını görmüşdü...”.

 

Yaxud Milli Onkologiya Mərkəzinin direktoru, professor Cəmil Əliyev “Adamlarla və adamlar üçün yaşamağı bacaran adam” adlı yazısında unudulmaz müəllimini belə xatırlayır: “Mürsəl Qarayev cərrahiyyədə mənim ilk müəllimim idi. Sözün hərfi mənasında cərrahiyyəyə o məni gətirdi və məndə bu peşəyə məhəbbəti o oyatdı...

 

Mürsəl Qarayev dünya və milli cərrahiyyə tarixini çox yaxşı bilirdi. Onun cərrahlıq tarixi, keçmişin görkəmli cərrahları, onların çətin və şərəfli işləri haqda ilk dərslərdən başlayaraq həvəslə necə danışdığını indiyə qədər xatırlayıram. ...

 

Mürsəl müəllim mənə ilk dəfə müstəqil cərrahiyyə əməliyyatı keçirmək üçün icazə verən adamdı. Yadımdadı, bərk həyəcan keçirirdim. Düşünmürəm ki, o vaxt hər şeyi ideal yerinə yetirmişdim, amma Mürsəl müəllim məni tərifləyib dedi ki, hər şeyi çox düzgün etmisən və vaxt gələcək sən çox yaxşı cərrah olacaqsan. Onun sözləri məni çox ruhlandırdı və məndə özünəinam yaratdı...

 

Yəqin ki, hamı öz ilk müəllimini ən yaxşı hesab edir. Mən heç kimi incitmək istəməzdim, amma tibb institutunda Mürsəl müəllim kimi pedaqoqlara az-az rast gəlinir. Mürsəl Qarayev adı böyük hərflə yazılan müəllim və insandı”.

 

Xalq rəssamı Kamil Əliyev dostu barədə danışarkən bunları deyir: “Mürsəlin yaxşı cərrah olmasına bir misal da gətirə bilərəm. Yəhudilər elə millətdir ki, öz həyatlarını hər adama etibar etmirlər. Soruşurlar, öyrənirlər, araşdırırlar, son anda qərar qəbul edirlər. Demək olar ki, yəhudilərin böyük əksəriyyəti Mürsələ müraciət edirdi. Məni tanıyan yəhudilərin çoxu da xahiş edirdi ki, Mürsələ tapşır, bizi qəbul etsin. Oğlumun, atamın, anamın, yaxın qohumlarımın cərrahiyyə əməliyyatını o aparsın...”

 

Unudulmaz şairimiz Vaqif Səmədoğlu isə doktor Mürsəl Qarayevlə bağlı əfsanəyə çevrilmiş bir hadisəni danışmışdı o vaxt: “Mürsəl Qarayev mənə bir əhvalat danışdı, sonra bunu başqalarından da eşitdim. Onda bildim ki, hələ o, əhvalatı bir qədər yumşaq formada danışıb. Mürsəl Qarayev bazar günü bir məclisdə dostlarıyla birlikdə yeyib-içirmiş. Birdən ona işlədiyi klinikadan xəbər verirlər ki, təcili gəlsin, xəstə ölüm ayağındadır. O zaman da cib telefonu-filan yox idi. Onu tapana, maşını göndərənə, gəlib klinikaya çatana qədər xəstə dünyasını dəyişir. Bilirsiz ki, klinik ölüm beş dəqiqədən artıq davam etmir. Artıq yeddi-səkkiz dəqiqə keçir və beynin dayanma prosesinə lap az qalır. Mürsəl Qarayev bunu peşəkar kimi görüb nə paltarını dəyişir, nə əllərini yuyur, böyük skalpeli götürüb, onun paltarını cırıb, bu skalpellə sinəsini kəsir, yuyulmamış əlləriylə həmin adamın ürəyini götürüb, başlayır masaj etməyə. Və beləcə də həmin adamı dirildir. Yəni, təsəvvür edin ki, buna görə Mürsəl Qarayevin diplomunu, bütün lisenziyalarını alardılar, özünü də məhkəməyə verə bilərdilər. Qanunları, qaydaları pozmuş olardı. Yeddi-səkkiz dəqiqə klinik ölümdə olan xəstəni həyata qaytarmaq qəhrəmanlıqdı... Əslində, o, möcüzə göstərmişdi...” 

 

lll

 

Ümumi cərrahiyyə dərsliklərində “cərrahiyyə” sözü, daha doğrusu onun “xirurqiya” və “surgeon” kimi rusca və ingiliscə olan ekvivalentləri mənşəcə yunan kəlmələrinə aid edilərək, “əl və hərəkət” - “chier” və “ergon” kimi izah olunur. Lüğətlərdə isə ərəb sözü olan “cərrah” - “yaralamaq, yarmaq, yara” anlamlarına gəlir, yəni əl hərəkətləri kimi çoxyozumluluqdan, ümumilikdən konkret iş, mahiyyət ifadə edən sözə çevrilir. Qəribədir, amma cərrahiyyə elm kimi daha çox müharibələr dövründə inkişaf edib və təkmilləşib. Yəni, həmin o əməlilik və konkretlik məhz müharibə dövründə daha tez-tez tələb olunub. İsveçrəli təbabət alimi və cərrah Parasels, fransız Nostradamus, Ambruaz Pare və Larrey, məşhur rus cərrahı Piroqov məhz müharibə dövründəki təcrübələri, işləri ilə indiki cərrahiyyə tarixinin ən sanballı, öyrənilən səhifələrini yazıblar. Burda isə bayaq tövsiyə etdiyimiz “təəssüf” sözünü pozmaq lazımdı. Çünki doktor Qarayevin soyuq cərrah silahı o illərin bəzi gecələrində, 5-6 saat ərzində 10-15 və daha artıq adamı qurşun və qəlpələrdən təmizləyir, onları özünəməxsus şəkildə tərksilah edirdi. Bəzən lazımi ağrıkəsicilər olmadığından amputasiyalar dəqiqələr ərzində yerinə yetirilir, Velyaminovun sözləri ilə desək “ölülər səltənətində əsrarəngiz cərrahi əməliyyatlar” həyata keçirilirdi. Bunun üçün isə xalq dili ilə desək qismət - xüsusi tale - bu iş üçün seçilmək, İbn Sinanın təsnifatına əsasən isə emosional - iradi dayanıqlıq, səliqə, yüksək məsuliyyət duyğusu, həssaslıq və dərin müşahidə qabiliyyəti, indiki dillə desək kommunikativ keyfiyyətlər, analitik ağıl, uzunmüddətli və irihəcmli yaddaş, fiziki güc və sağlamlıq, bir də fədakarlıq lazımdı. Əslində, İbn Sinanın təsnifatı həmin xüsusi talenin öz təcrübəsindəki izahı və açılışı idi.

 

Mən daha bir lüğətə baxdım ki, “Mürsəl” adının qarşısındakı etimoloji izah onun “rəsul” sözü ilə eyni kökdən olduğunu deyir, Mürsəlin “seçilmiş”, “xilaskar”, “elçi”, “göndərilən” mənalarını ortaya qoyurdu. Belə olmasaydı onun elədiyi 5 mindən artıq uğurlu cərrahiyyə əməliyyatı nə idi bəs?! Allah rəhmət eləsin!

 

Səlim BABULLAOĞLU

 

525-ci qəzet.- 2016.- 24 sentyabr.- S16.