“Uşaqlıqdan yaddaşıma yüklənmiş poetik mənzərəni canlandırıram”

 

ŞAHNAZ ŞAHİNLƏ İLHAM QƏHRƏMANIN SÖHBƏTİ

 

 

 

 

Şahnaz Şahin Sabirabadda yaşayır. İmzası oxuculara çoxdan tanış olan şairin indiyə qədər 3 şeir bir publisistika kitabı nəşr olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Şeirlərinə mahnılar bəstələnib.

 

Onunla söhbətimi oxuculara təqdim edirəm.  

 

- Şahnaz xanım, bir qədər ədəbi taleyinizdən danışın.

 

- 1997-ci ildən şeirlərim mətbuatda çap olunur. Bir dəfə yerliSuqovuşan”qəzetinin redaksiyasına getmişdim, baş redaktor da dəyişmişdi, əvvəlki soyuq havalar isinmişdi. Demək olar, qolumdan tutub zorla Pakizə xanımın kabinetinə gətirdilər. Şeirləri verdim az keçmişTanış olun: Şahnaz Nəsirovabaşlığı altında şeirlərim dərc olundu. Respublika mətbuatına çıxışım isə bir az çətin oldu. Əvvəl “525-ci qəzet”, “Rezonans  məni doğmaları kimi qəbul etdilər. Rəşad Məcidlə görüşdüm, qayğı, diqqət gördüm ondan. SonraƏdalətqəzeti səhifələrində mənim yaradıcılığıma səxavətlə yer ayırdı. Ardıcıl hər üç qəzetdə çap olundum. Kirpi”də isə satirik şeirlərlə təmsil olundum. İllər sonraƏdəbiyyat qəzeti”nin qapısını döydüm burada da şeirlərim çap olunur. Arzu arzudan doğur deyirlər, mən şeirlərimə mahnı ömrü vermək istədim. Bu istək məni Tahir Əkbər, Nailə Hikmət Mirməmmədlilərlə, Rauf Məmmədovla görüşdürdü. Nəticələr çox uğurlu oldu. 2005-ci ildə ilk kitabım nəşr olundu, daha sonra ikinci, üçüncu hələlik dördüncü. Amma heç birinə təqdimat eləmədim. İndi internet, sosial şəbəkələr, müxtəlif saytlar, çox saylı qəzetlər var, çap olunmaq da, tanınmaq da dəfələrlə asandı.

 

-Sizin şeirlərinizə daha çox sevgi mövzusu hakimdir desək yanılmarıq - ayrılıq, həsrət, təklik, boşluğa yağan yağış, yandırılan quş lələyi... Burda reallıqla şair fantaziyasının sərhədləri arasında məsafə çoxdurmu?

 

-Mənim taleyimdə ikisi bir taleyi bölüşür, reallıq fantaziya - reallıq yoxdursa, fantaziya işə yaramır məncə. Dünya sevgi üzərində qərar tutub demək sevgi varsa, ayrılıq da, həsrət qaçılmazdır. Ardıyca da digər təbii duyğular gəlir - təklik, göz yaşları, nağıllara, möcüzələrə inam hissi,düşdüyü çətinlikdən çıxış yollarının aranması... Şairdə altıncı duyğu həmişə ayıq olmalıdı - gördüyü, eşitdiyi başqa, “ürəyinə daman” isə tamam ayrı ola bilər. Reallıqla fantaziyanın qarışığından gozəl poetik nümunələr yaratmaq olur. Qalır özünün özgə yaşantıları , bunları da şair qanından keçirərək özəlləşdirir deməli bütün yaradıcılığı boyu öz ağrılarını, əzablarını, yaşadığı sevgi həsrətləri, ayrılıq iztirabları yazır.

 

-Şeirlərinizi oxuyanda şəlləyində körpəsi, əlində milçə canlıq, corab toxuyan nənələrimiz yada düşür. Burda sizin ədəbi taleyinizlə bir bağlılıq varmı?

 

-Bəli, var. Mən evin sonbeşiyi olmuşam. Uşaqlığım anamın bir qədər yaşlı dövrünə düşüb. Atamı erkən itirmişəm, anam evin həm kişisi, həm qadını olub. Ana mövzusu çox həssas yerimdi. Şeirə həvəs ondan gəlir. Baxmayaraq ki, adının başdan ikicə hərfini yaza bilirdi, amma sinədəftər idi, laylalar, şeirlər dilinin əzbəri idi, coxlu nağıllar danışırdı. Sovet hökumətinin qadağaları dövründə belə evimizdə Quran kitabı görmüşəm. Atam müqəddəs kitabı xüsusi avazla oxuyarmış. O zamanın insanları indikilərdən daha saf, daha duru olublar. Yaddaşımda ömürlük qalan xatirələr var. O vaxt televizor yox idi, axşam qadınlar həyət cöl işlərindən evə yığılanda corab, canlıq toxuyar, parça üzərində saplarla müxtəlif tikmələr, rəsmlər işləyərdilər. Anam isə bu işin ustası idi. Əyrilmiş yun sapları özü təbii boyalarla boyayar, hana qurub xalça, kilim toxuyardı. Ərişin üstünə yumru top kimi sallanan rəngbərəng sap yumaqları fikrimi çox çəkirdi, saplar gözümdə yollara çevrilər, uzandıqca uzanardı. Vaxt tapan kimi anamın yanında oturub toxumağı öyrənməyə çalışırdım. Onun toxuduğu xalca kilimi indi evimizdə saxlayıram. Anam məni mahnı ilə oxşayar, şeirlə dindirərdi. Bəzən mənə elə gəlir ki, bu gün uşaqlıqdan yaddaşıma yüklənən poetik mənzərəni canlandırıram. Yadıma Qabriel Qarsia Markes düşdü. Deməli, hələ ilk gənclik çağlarında yaşayış yerini axtarmaq üçün dəyişən gələcək dünya şöhrətli yazıçı anası ilə görüşərkən sanki yuxudan oyanır, hiss edir ki, o qoyub gəldiyi məkana qayıtmalıdı, taleyi onu məhz orda, bütün uşaqlıq xatirələrinin yaşadığı yerdə gözləyir. Polkovnikə məktub yoxdur digər nəhəng əsərləri yazıçı öz taleyindən ilmə tutaraq yazmışdır. Mən ixtisasca həkim olduğumdan bilirəm ki, insanda bir çox bacarıq genetik kodlaşdırılır, hər hansı qabiliyyət illərlə gizli qala bilər, amma bir təkan - məsələn, sarsıntı, ayrılıq, həyəcan bu gizlini aşkara çıxarır.

 

- Şahnaz xanım, regionda yaşayan qələm adamına ölkənin ədəbi mənzərəsi necə görünür?

 

-Bir ədəbi mühit var mənə görə, ana mühit. Amma çox təəssüf ki, təbiət kimi bu aləmi kirləndirənlər yox deyil. Gərəksiz qovğalar, özündən razılıq, özünü dahi sayıb başqasını kiçiltməyə çalışmaq var. Yazarların çoxu bir-birinə qısqanclıqla yanaşır. Gərək belə olmasın. Hər çiçəyin öz ətri olduğu kimi hər şairin öz dünyası var. Bəzən əlinə yenicə qələm alan biri tanınmış yazıçını lağa qoyur, eynən şou aləmində olduğu kimi gündəmə gəlmək üsulu sayır bunu, amma onun bu hərəkəti gendən ikrah hissi doğurur. Ümumiyyətlə insanlarda sevgi qıtlığı hiss edirəm bol təkəbbür.

 

-Hər şairin öz yaradıcı siması var. Bu mənada sizin yaşadığınız məkan simanızda - yaradıcılığınızda əksini tapırmı?

 

-Şair məkana sığmaz ki. Amma yaşadığım, doğulub böyüdüyüm yerləri bu yerlərin ömrümdə iz buraxan insanlarını qələmin ucundan, ürəyimin içindən keçirmişəm - mənəvi borcum kimi. Mən mənəvi saflığı,təmizlik nəcibliyi o sadə insanlardan almışam. Hər kiçik uğuruma sevinən insanlardan nümunə götürmüşəm. Bu gün nəyim varsa, o saf insanlara borcluyam.

 

-Bu gün qələm adamlarının hamısının ortaq yaralı yeri gəncliyin bizim dövrlə müqayisədə kitaba marağının azalmasıdır. Yerlərdə bu hadisəni əks istiqamətə döndərmək üçün hansı işlərin görülməsini vacib hesab edərdiniz?

 

-Elədir yeni texnologiya - telefon, internet bir sıra keyfiyyətləri üstələyib. Kitaba marağı geridə qoyub. İctimai yerlərdə hərdən kitab oxuyan gəncləri görmək məni çox sevindirir. Biz rayonda kitaba marağı artırmaq üçün səyyar kitabxanalar təşkil edirik, bir növ kitabı insanların görüşünə aparırıq, bu çox vacibdir. Təsəvvür edin adamlar hər yerə gedir, çayxanaya, parka - biz səyyar kitabxanamızı gətirib qururuq onların gözünün qabağında, nəticəsi olur. Bu işdə kütləvi informasiya vasitələrinin rolu böyükdür, gərək maraqlı layihələr işlənsin, bu gün efir məkanını əsasən şou-proqramlar zəbt edib. Bir nüansı qeyd edim, kitab enerji paylayır, əlinin bir toxunuşu ilə dəyişirsən. Lazım gəldikdə qeydlər apara bilirsən, kompyuter kimi şüası yoxdu, adamı yormur. Ümumiyyətlə kitabın hər qədər alternativi olsa belə o, gələcəyə daşınan elm mənbəyidir, dəbdən düşməyi müvəqqətidir.

 

-Sizə görə ölkə mətbuatında ədəbi-tənqidi yazılar regiondakı yaradıcı qüvvələri özündə ehtiva edə bilirmi?

 

-Real danışsaq çox az... O əvvəllər olub lap bizdən də əvvəl, kimsə hansısa istedada arxa ola, yol göstərə. Bir dəfə Xalq şairi Sabir Rüstəmxanlı rayona gəlmişdi, qonağımız oldu, ona kitabımı verdim. Dedi oxuyub fikrimi yazaram. Aradan xeyli keçəndən sonra zəng etdim, kitab haqqında gözəl fikirlər söylədi, şeirlərimin səlis, aydın dillə yazıldığını, qüsursuz olduğunu vurğuladı, amma vaxtının az olduğundan haqqımda yazı yaza bilməyəcəyini söylədi. Sonra Barat Vüsal, bu yaxınlarda hörmətli filoloq alim Vaqif Yusifli kitabım haqqında yazdılar, onlara təşəkkür edirəm, sağ olsunlar dəyərli fikirləri üçün. Əsəd Cahangirə, Zakir Məmmədə hörmətim var, dəyərli insan, gözəl ziyalıdırlar. Mən sınan, inciyən, maneələrdən qorxan adam deyiləm və hər hansı çətinlik məni daha da gücləndirir. O baxımdan özüm görmədiyim qayğını ehtiyacı olan istedadlı yazardan əsirgəmirəm. Bu pilləkəndi, hər kəs onun birinci pilləsində dayanıb haçansa, bunu unutmaq olmaz.

 

 

İlham QƏHRƏMAN

 

525-ci qəzet.- 2016.- 24 sentyabr.- S.15.