SƏNİ ARZULADIM...

 

Səni arzuladım

ömrüm uzunu

Xoş günə bir çiçək dəstəsi kimi.

Sevgidən yazılan ən gözəl şeir,

Həyatın ən lirik bəstəsi kimi.

 

Səni arzuladım

ömrüm uzunu

Səhrada bir yağış damlası kimi.

Bəxtimin xoşbəxtlik ifadəsitək,

Məhəbbət mətninin imlası kimi.

 

Sən oldun naməlum, əlçatmaz, uzaq

Uydurma dünyamın ünlü həkimi.

Səni arzuladım,

səni istədim,

Gözlə dim illərin xəstəsi kimi...

 

GƏLİR

 

Belə imiş həyat deyib öydüyün...

Bəxti olan səadətə tuş gəlir.

Anasıza sevinc vermir toy-düyün,

Analıya xəstəlik xoş gəlir.

 

Yaz olanda qanın coşur-çağlayır,

Qış gələndə tənha qəlbin ağlayır.

Vəfasıza kim ki ümid bağlayır,

Əvvəl-axır gözlərindən yaş gəlir.

 

Qərib eldə yollar iki uclumu?

Ayrılıqlar məhəbbətdən güclümü?

Afaq Şıxlı, yoxsa bəxtin suçlumu,

Hara getsən, topuğuna daş gəlir?..

 

HARADA Kİ...

 

Uca Tanrım!

Mənə elə qəlb vermisən - qəfəsimə sığışmıram...

Ruhum kimi azad olmaq istəyirəm!

Azad eylə!

 

Üsyançıyam,

Sonugəlməz bu sürgünlə barışmıram...

Buralardan uzaq olmaq istəyirəm!

Uzaq eylə!

 

Könlüm əgər cövlan edib dolaşmırsa asimanı,

Göz yaşıma bələddirsə səadətin bircə anı,

Min qazan şər ərimirsə düzün bircə qaşığında,

Haqsızlıqlar yox olmursa ədalətin işığında,

Onda, mənə bu dünyanı yasaq eylə!

 

Götür apar,

Götür məni o dünyaya,

Harada ki, sözlə əməl bir olacaq!

Harada ki, talançılar əllərindən

yalançılar dillərindən açılacaq!

Harada ki, isinəcəm günəş dolu,

Şad olacam sevinc payı umunca mən!

Harada ki,

Sevəcəyəm seviləsi insanları,

Seviləcəm doyunca mən!

 

İSTƏYİRƏM...

 

İstəyirəm ağrıyanda başım üstdə anam olsun...

Ürəyimdə kiməsə özüm qədər inam olsun...

 

İstəyirəm Günəş görüm göy üzündə səhərçağı...

Körpələrin gözlərini qamaşdırsın gün işığı...

 

İstəyirəm öz əlimin əməyindən usanmayım...

Əməyimin qazancına baxa-baxa utanmayım...

İstəyirəm torpağımda özüm gəzim - ağa kimi,

Darıxanda seyrə çıxım dərəsindən dağa kimi...

 

İstəyirəm "dəmir" qapı döysün "taxta" qapıları...

Qaranlıqda boğulanlar haqq səsini duysun, barı...

 

İstəyirəm o gün gələ - arzulara inam olsun!..

Qan yerinə haqq-ədalət, kin yerinə iman olsun!..

 

QATAR

 

Dərdini çevirib tüstü dağına,

Başını götürüb geniyən qatar!

Lap həsəd çəkirəm azadlığına...

Gedirsən, məni özünlə apar!

 

Gedirsən, məni sal bu yollara,

Gözəl arzuların olmasın sonu!

Sağalmaz dərdimə bir dərman ara,

Mənə bir nağıl de yollar uzunu...

 

Sənə ümid edib pənah gətirən

Sonra yol yoldaşın olanlar çox!

Qarşılayan kimdi, kimdi ötürən...

Kövrəlib gözləri dolanlar çox!

 

Kimisi yoldaşlı, kimisi yalqız,

Kimisi yarından ayrılıb gedir.

Küləkli perronda tək dayanan qız

Kim bilir həsrətlə kimə əl edir...

 

Bir vaxt sevən kəslər, sevilən kəslər

Göz açıb yumunca dönürlər yada.

Bəs nədən yox olur alovlu hisslər,

Əbədi deyilmi heç dünyada?!

 

Dönüb həvəsinə bunca nəfəsin,

Keçdiyin yerlərin qoxusu gedir...

Sığınıb köksünə dəmir qəfəsin,

Gözlərin qarışan yuxusu gedir...

 

Yorub tükədirmi səni bu səfər,

Nəyin peşindəsən illərdən bəri?

Hər səfər zəfərsə bu necə zəfər? -

Yüz ildir eyni yol: irəli-geri...

 

... İzin ver dərdimlə qoşulum sənə,

Dərdə dərman gəzən axtarsa, tapar.

Ümid olmayanda ümid var yenə -

Hardasa bizi bir gözləyən var...

 

Mənimtək qalmırsan yol ayrıcında,

Hər dəfə istəyin mənzilə çatar;

Qismətin yolların iki ucunda,

Bəxtinin ardınca şütüyən qatar!

 

ATƏŞKƏS!

 

Şəhid gizir Əlizadə Şahmurad Hilal oğluna

 

Qan...

Qan qoxudu hava...

Güllə dəydi

anadan aralı bir qəribə...

Bu gün qurban getdiyi Vətən sərhədlərində

onunçün bitdi dava,

qurtardı müharibə.

Evlərində oturub rahat yemək yeyənlər

min bir yerə yozdular:

- ...

- ...

- Neylədi ermənilər?

- Atəşkəsi pozdular!

 

lll

 

Bu yay belə yay idi;

Gecələri gah aydın,

gah parçalı buludlu...

Sabahları səninlə bir görüşə umudlu...

 

Qəribliyə qol açmış arzuları -

çiçəksiz...

Hər addımı ürəksiz...

 

Dəyib keçən günlərə,

çiliklənən gümanlar

yüz həsrətə tay idi...

Bir ucu intizarda,

Bir ucu son baharda,

Bu yay belə yay idi...

 

VARMIŞ...

 

Necə tanıyasan yaxşını, pisi?

Çox üzə gülənlər kin saxlayarmış!

Kafir - ürəyində Allah sevgisi,

Möminsə içində cin saxlayarmış...

Dəyişik düşərmiş solunla sağın,

Könlünə saldığın könül yıxarmış!

Yoxuşa çıxanlar - dibində dağın,

Enişdə duranlar başa çıxarmış.

 

Çaqqal kükrəyərmiş aslanın üstə,

Gündüzlər gecədən işıq umarmış!

Aqillər nadanlar əlində xəstə...

Zamanın nə yaman işləri varmış!

 

BU DƏFƏ...

Bu dəfə başqayam... Başqasan sən də,

Düşünsəm - sevmədin, yalan olardı;

Nə qədər bu eşqə yasaq desəm də,

Sənsiz ömrüm-günüm talan olardı.

Bu dəfə başqadır gələn bu qış da,

Bu qış heç bir fəslə bənzəməyəcək...

Daha ölməyəcəm bircə baxışdan,

Şəfqətin dünyamı bəzəməyəcək.

Az qalıb, əzizim, uzaq mənzilə,

Bu yolu xoşluqla getmək varmış!

Sevgiylə yaşaya bilməsək belə,

Yaxşı ki, sevgidən ölmək olarmış!

BİZƏ DƏ GÜNƏŞDƏN PAY DÜŞÜB BU GÜN...

 

Bizə Günəşdən pay düşüb bu gün,

Bizə üz tutub nuru göylərin!

vaxtdı könlümüz həsrətə küsgün,

vaxtdı dərdimiz dərindən-dərin...

 

Bizdə xoş günün odu-ocağı,

Yandırıb nisgilin dodaqlarını.

Alovlu şəfəqlər bu sabah çağı,

Əridib qürbətin buz dağlarını.

 

Sağalıb elə bil o qərib yaram

Sevib-sevənlərin alqışlarına.

Günəşin nuruna şeir yazıram

Bənzədib Tanrının baxışlarına!

 

Afaq ŞIXLI

 

 

525-ci qəzet.- 2016.- 29 sentyabr.- S.7.