İtmiş rəngin tarixçəsi

 

 

 

 

Beynimizdə qəlibləşmiş fundamental yanaşmalardan biri dünyada yeddi əsas rəngin olmasıdır.

 

Sanki "İn-Yan"ın təqdim etdiyi mühakimənin ənənəvi ziddiyyət sərhədləri qaradan başqa bütün rənglərin "əsas"lığı arada yerləşən minlərcə çaların əhəmiyyətsizliyinə işarədir. Axı, həyat bizimlə həmişə səlis rəftar etmir, onun davranışlarında qeyri-səlislik daha qabarıqdır. Sirrin məğzi getdikcə öz sirliliyinin təəssübkeşliyini dərinləşdirdiyi kimi, məlum rəng sərhədləri arasındakı çalarlara diqqətlə daldıqca həyat daha rəngarəng maraqlı olur.

 

Mən uşaq olanda atam evə Azərbaycan Sovet Uşaq Ensiklopediyasının üç cildini alıb gətirmişdi. Bütün məqalələri oxumasam da (oxuduqlarımın bəzilərini anlamasam belə) vərəqləyib şəkillərinə baxmaqdan xoşum gəlirdi. Bir dəfə o səhifələrdə hələ xatirimdə qalan portret gördüm: qırmızımtıl paltarda oturub, yaylığı ilə üzünü yarıya qədər örtən qəmli qadın. Yadımdadır ki, qəribə hisslər keçirdim. Gözlərə diqqətlə baxdım, orada hələ heç vaxt görmədiyim məni sarsıdan, donmuş, bir az da qayğılı kədər vardı. Sonradan uşaq sadəlövhlüyü ilə özümü inandırmağa çalışırdım ki, o gözlər, o kədər heç vaxt gerçək ola bilməz, burada nəsə aldadıcılıq var, rənglər mənimlə oyun oynayır. Bu cəhdlərimə baxmayaraq, həmin rənglərin yaratdığı kədər məni tərk etmirdi, həmişə gözlərimdən asılıb qalmışdı. Günlər, aylar, illər keçdikcə daha gerçək qəmli gözlər gördüm, amma mənə ilk təəssüratı bəxş edən o şəkli unuda bilmədim. O portret, müəllifi Bəhruz Kəngərli olan "Qaçqın qadın" idi.

 

Səkkizinci sinif şagirdi olanda Somerset Moemin "Ay qara qəpik" romanını oxudum. Əsərin təsiri uzun müddət məni tərk etməsə , içimdə ona qarşı anlamadığım bir üsyan vardı. Zaman keçdikcə Striklend obrazına nifrətqarışıq heyranlıq duyurdum, o, məni necəsə ovsunlamışdı. Lakin məni yoran düşüncələrin nəticəsi olaraq da ona nəsə bir rəng tapa bilmirdim, "Rənglərin Allahı" Striklend (Pol Qogen) gözümdə rəngsiz qalmışdı.

 

Daim axan zaman məni Van Qoqla görüşə aparırdı. İrvinq Stounun "Yaşamaq yanğısı" romanıyla çarpışmadan müxtəlif rəng çalarları kəşf etsəm , yenə nəsə çatmadığını anlayırdım. Rütubətli zirzəmi qoxusu fonunda həqiqi rənglər mənə görünmürdü. Yeri gəlmişkən, o vaxtlar mütaliəm intensiv olduğundan "sənət sənət üçündür" ifadəsinə tez-tez rast gəlirdim. Yetkinlik dövrümün qeyri-iradi axtarışlarından bir sual uydurmuşdum: sənət həyatı inkar edə bilərmi? Axı, Qogen Van Qoq mənə inkar forması kimi görünürdü. Niyə onlarda "mütləq Qogenlik" ya "mütləq Van Qoqluq" var? Niyə onlarda həyat olduğu kimi deyil, yanaşmalarının fərqliliyindən təqdim olunur? Beləliklə, bu düşüncələr məni ədəbiyyat anlayışımdan fərqli olaraq, rəssamlıq ya ümumilikdə, qrafika sənətində realizmin əvəzsizliyi fikrinə gətirib çıxardı. Məhz bu səbəbdəndir ki, tələbəlik dövründə tanış olduğum Avropa intibahından hər fürsətdə Leonardo da Vinçini yox, Mikellancelo Buonarottini seçirdim. "Den Braun tərəfdarları"nın hədsiz tarixilik fəlsəfə ilə yüklədiyi məşhur "Mono Liza"dansa, daha həyati çalarlar aşılayan "Tondo Doni"dən həzz alırdım. Saxta kübar düzənindənsə, işləməkdən əllərində damarlar qabarmış qadın təsvirləri daha ecazkar görünürdü.

 

Hər şeydən əvvəl, mənə görə zövq məsələsi olan qiraətçilikdə öncə anlamayıb təsadüfə bağladığım, sonra tamamilə riyazi düstur formasında özünü doğruldan qəribə döngələr olub ki, onları kompleks şəkildə qavramağım düşüncələrimə yeni üfüqlər bəxş edib. Bu mövzuda özümdən birdən çox misal çəkə bilərəm. Sanki hansısa kitabın məndə yaratdığı proses (heç bir qaydada ona dəxli olmayan) digərinin mütaliəsiylə öz cavabına yetişib. Hərdən düşünürəm ki, əgər onların oxuma zamanının yerini dəyişsəydim, məndə heç alınmazdı. Hələ yetişməmiş suala göydəndüşmə cavab insana vəd edə bilər ki?

 

Gənclik dövrümün hissləri tarıma çəkən depressiyasını yaşayırdım. Həyata qarşı günü-gündən artan suallarım arzularıma "şəffaf fırça" düzəni qurmuşdu. Həmişə həvəslə vərəqlədiyim "Azərbaycan" jurnalının səhifələrində gözləmədiyim halda "Uzaqda ucalan dağlar"la qarşılaşdım. Əsəri oxuduqca tilsimə düşmüş fikirlərimdən dumanlar asta-asta çəkilirdi. Hələ baş verdiyini anlamırdım, lakin irəlilədikcə kəşf etdiyim yeni rəng çalarlarına həlim şəkildə uyğunlaşdığımı hiss edirdim. Obrazlar o qədər doğma, o qədər adekvat idi ki, davranışları əvvəllər qazandığım "beyin qurdları" gülab atəşi ilə qovurdu. Sanki hər biri qaçılmaz ömür səhnəsində xoş təsirli rəngə çevrilmək üçün yaşayırdı. Hətta fabulaya cüzi aidiyyatı olan obrazlar da öz rəngini cizgi şəklində həkk etməkdən çəkinmirdilər... Lap qoca dilənçi kimi.

 

Bu əsər məni incəsənətin sosial əhəmiyyəti ilə üz-üzə durmağa vadar edirdi. Orada Striklendin xudbinlik doğuran sənət qısqanclığından, Van Qoqun "Bu dünya yalnız uğursuz bir qaralamadır"ından, sonradan tanıdığım daha bir ədəbi rəssam Yucinin "sənətlə dolların barışdığı yerdə yaranan fəlakət"in vicdan əzabından əsər-əlamət yox idi. Orada sənət həyatın özü qədər gerçək anlaşılan, etikanın "nəciblik rəzillik", estetikanın "gözəllik eybəcərlik" tezlikləri arasında daim hərəkətdə olan doğma rənglərdən ibarət idi. Bəli, məhz doğma.

 

Fikrimcə, bu kitabın həyatdan süzülüb gələn daha bir özəlliyi qeyd olunmalıdır: sanki, rəssam obyekti yox, obyekt rəssamı seçir; sanki, Bəhruzun vəzifəsi həqiqətləri kətana boyamaq üçün yalnız fırçanı hərəkət etdirməklə məhdudlaşır. Mahiyyətini olduğu kimi əbədiləşdirmək üçün bu şəkilləri həyat özü çəkir, Bəhruz isə onun yalan tanımayan əlidir: bir az iti, bir az dərin bir az da kövrək əli.

 

Mütaliəmin bir yerində fasilə verməli oldum, çünki sona yaxın bir vərəq jurnaldan qopmuşdu. O vərəqi çox axtardım, atamın şəxsi kitabxanasını ələk-vələk etsəm , tapa bilmədim. Beləliklə, Bəhruzun sirli darvazadan görünən o hörüklü qızın rəsmini çəkib-çəkmədiyini öyrənmədən romanı bitirdim. Bakıya gələndə ilk işim Azərbaycan Milli İncəsənət Muzeyinə gedib milli sənət qəhrəmanımın əsərlərinə baxmaq oldu. Məlum guşəyə ayaq basanda necəsə sakral bir məkanda olduğumu hiss etdim. Elə bilirdim, onun dünyasıyla üz-üzə gəlməyə hazıram, lakin yanılmışdım. O rəsmlər öz mahiyyəti ilə həzin-həzin içimə dolurdu bu ağırlıq "Qaçqın qadın"ın qarşısında dayananda pik nöqtəyə çatmışdı. O gözlərdəki kədəri indi yaxşı anlayırdım, daha uşaqlıqdakı rəng oyunu toruna düşdüyüm fikrindən uzaq idim. İndi həmin rənglərə zərrə qədər şübhəm qalmamışdı. Onlar Bəhruzun əli ilə həyatın öz kədərini yaratmışdılar.

 

"Uzaqda ucalan dağlar"ı kitab halında əlimə götürdüyüm an dərhal həmin "itmiş rəngin səhifələri"nə tələsdim. O cümlələri oxuyanda hansı hissləri keçirmişdimsə, kitabın latın qrafikalı nəşrini gerçəkləşdirdiyimiz zaman həmin sevinci duydum. Bu unudulmuş rəngləri oxuculara qaytarmaq hissi necə gözəldir! Məlum prosesdə yanımda olan bütün dostlara sonsuz minnətdarlığım var. Yeni açarlar köhnə qapıları açmağı bacardı. Hərflərin yaratdığı rənglər dünyasına xoş gəlmisiniz!

 

 

Səbuhi ŞAHMURSOY

 

 

525-ci qəzet.- 2016.- 29 sentyabr.- S.7.