Cəfər Xəndan dünyası, yaxud unudulan bir rubrikanın işığında
Ötən əsrin 30-cu illərinin
sonunda Azərbaycanda yeni bir ədəbiyyatşünas
alim yetişir: Cəfər Xəndan Hacıyev.
Uşaqlığı, gəncliyi ağır və məşəqqətli
keçib onun. 1918-ci ildə dini ayrıseçkilik zəminində
şəhərdə baş
verən iğtisaş
və qırğınlar
üzündən ailə
doğma ev-eşiyini buraxıb Gəncəyə
üz tutur. Burada da onlarınkı gətirmir. Valideynləri vəfat edir,
körpə baçı-
qardaş uşaq evində yaşamalı olurlar. Təhsilə, elmə böyük
maraq göstərən
Cəfər burada Pedoqoji Texnikumu bitirir, 1925-ci ildən onun həyatının Bakı dövrü başlayır. Burada pedaqoji
institutun Dil-ədəbiyyat
fakultəsində oxuyur.
Ali təhsil aldıqdan
sonra gənc mütəxəssis müəllim,
jurnalist kimi fəaliyyət göstərir,
poeziyaya sonsuz həvəs göstərir,
bir neçə şeir kitabını çap etdirir...
C.X. Hacıyev 29 yaşında
filologiya elmləri namizədi, 38 yaşında
elmlər doktoru olur, ədəbiyyat tariximizdə bu gün də elmi-əməli əhəmiyyətini
itirməyən sanballı
tədqiqat əsərləri
yaradır.
Görkəmli alim az
yaşadı - ömrünün
50 ilini başa vurdu, 51-in yarısında həyatla vidalaşdı.
Alimin ad günundə "Azərbaycan"
qəzeti (¹104) tanınmış
alim, filologiya elmləri doktoru Vaqif Yusiflinin "Ədəbiyyat fədaisi"
məqaləsini dərc
etmişdi. Bir qədər
gec də olsa, bu yazını
həmin məqaləyə
"sözardı", onunla
həmrəylik ifadəsi
şəklində oxuculara
təqdim edirəm.
lll
Bu görkəmli alimi, sənət fədaisini, dərin biliyə malik ziyalını, az da olsa, hələ orta məktəbdən qiyabi tanıyırdım.
10-cular üçün yazdığı "Ədəbiyyat"
dərsliyi (B.1952) şagirdlərə
dərin bilik aşılayan tutarlı vəsait idi. Bizdən iki il əvvəl
oxuyan şagirdlər bu kitabdan hazırlaşırdılar.
Azərbaycan Sovet ədəbiyyatını
yaradan bütün korifey sənətkarların,
yazıçı və
şairlərin, ədəbiyyat
xadimlərinin barəsində
yığcam oçerk
verilir, onların yaradıcılığı təhlil
olunur, əsərlərinin
qısa məzmunu izah edilirdi.
Dərslik bir növ "fənnin qısa konspekti" rolunu oynayırdı. Əsərlərin məzmunu və
təhlili ilə yanaşı, onların elmi-əməli əhəmiyyəti,
tərbiyəvi rolu da dərslikdə dolğun əks etdirilmişdi. Qəbul imtahanına
yazıdan düşməsi
ehtimal olunan əsərlərin təhlili,
obrazların xarakteristikası,
süjet və ideya məsələləri
daha müfəssəl
işıqlandırılırdı həmin dərslikdə.
Kitabın titul səhifəsində müəllif barədə
təkcə bir yazı - qeyd var idi. "C.X.Hacıyev". Hələ VI-VII siniflərdə oxuyarkən
elə bil gələcək həyat
yolumu müəyyənləşdirmişdim
- müəllim olmaq, özü də ədəbiyyatdan dərs demək arzusundaydım.
İstəmirdim "nəslin ənənəsi"
pozula; atam da müəllim olmuşdu. Böyük
Vətən müharibəsindən
əvvəl orduya çağırılmış, qanlı döyüş cəbhələrindən geriyə
dönməmişdi...
Bu romantik arzular içərisində sanki
gələcək "pedaqoji
fəaliyyətimi" götür-qoy
edir, gərəkli kitablardan "fond yaratmağa"
can atırdım. Çox sevdiyim
"C.X.Hacıyev dərsliyindən"
birini ələ gətirib "özümünküləşdirmək
istəyirdim" - gərəyim
olardı. Ancaq istək
baş tutmadı.
Bizim dövrümüz
yetişəndə 10-cuların ədəbiyyat dərsliyi
də, müəllifi
də dəyişildi...
Həmin
müəllifin daha bir kitabı var idi: "Ədəbiyyat nəzəriyyəsi".
Orta məktəb şagirdləri
üçün hazırlansa
da, bədii yaradıcılığa meylli
hər kəs, müəllimlər, tələbələr
də geniş istifadə edə bilərdilər kitabdan.
Burada təkcə yazıb-yaratmaqla
məşğul olanlara
ətraflı bilik və vərdişlər verilmir, həm də bədii əsərlər, növləri,
onların hər birinin xarakterik cəhətləri, ədəbi
proseslə bağlı
onlarca məfhum və ifadələrin xüsusiyyətləri aydınlaşdırılır,
oxucuya dərin bilik verilirdi.
Səkkizinci sinifdə oxuyurduq. Kənddən
(Qaraçanta, sonra Əzizbəyov olub) hər gün rayon mərkəzinə (Qərbi
Azərbaycan, Amasiya) beş kilometr
piyada gedir, sonra evə qayıdır, on kilometrlik
"turne" cızırdıq.
Proqram ağır idi, dərslik çatışmırdı
- 7 nəfərdən ancaq
birində "Ədəbiyyat"
kitabı var idi. Hamı növbə ilə tələsik oxuyub o birinə qaytarırdı...
Bu beynəlmiləl məktəbdə oxumaq mənim əzəli arzum olmuşdu. Vaxtilə atam bu məktəbdə müəllim işləmiş,
1940-cı ilin fevralında
(sonralar dəqiqləşdirdim)
orduya getmişdi....
lll
Məktəbimizin ədəbiyyat dərnəyinə
üzv yazılmışdım. Bu "dəstənin" uşaqları
sinif, yaş dərəcəsinə görə
deyil, daha çox maraq dərəcəsinə görə
qruplaşdırılırdı. Üzvlər
arasında bütün
siniflər təmsil olunmuşdu.
Növbəti məşğələ yekunlaşdıqdan sonra dərnək rəhbəri
- əslən İrəvandan
olan ədəbiyyat müəllimimiz Səkinə
Sadıqova (qardaşı
Kərim qonşu Güllübulaq orta məktəbində işləyirdi)
dedi ki, dərnəyin gələn
məşğələsi filan gün olacaq və məni də məruzəçi təyin
etdi. Mövzu ədəbi əsərlərin
mühüm növü
hesab edilən nəzm barəsindədir.
Müəllim tapşırıq
və tövsiyələrini
verdi, dönə-dönə
təkrar etdi ki, istinad edəcəyin
əsas vəsait
"nəzəriyyə" kitabı olacaq. Mövzu orada var. Tapıb yaxşı-yaxşı oxu,
öyrəndikdən sonra
bir də nəzərdən keçir.
Hər şeyin yerbəyer olduğunu başa düşdükdən sonra
mövzuya giriş, yazmağa başla. Çalış "nəzəri əsaslar üçün"
xarakterik misal və nümunələr gətirəsən. Bunlar
kitabdan olmaya da bilər, özgə dərsliklərə
müraciət etmək
mümkündür, yeri
düşəndə yaddaşını
da "köməyə
çağır", əzbər
bildiyin xarakterik nümunələri "işə
sal"...
Əvvəllər ötəri nəzər yetirdiyim C.X.Hacıyevin
"Ədəbiyyat nəzəriyyəsi"
kitabından mövzunu
yaxşı-yaxşı oxuyub
öyrəndim. Bu "əsaslı"
mütaliədən sonra
elə bil sirli-sehirli bir aləmə düşmüşdüm.
Bədii ədəbiyyat, onun növləri, xüsusiyyətləri,
nəzmi nəsrdən
fərqləndirən əsas
cəhətlər, heca,
vəzn, ölçü-biçi,
daxili bölgü, qafiyə, rədif, bədii təsvir vasitələri...
nələr, nələr
barədə yetkin, bitkin məlumat toplayıb yazmağa başladım. Çıxışım yaxşı qarşılandı.
Məruzə ətrafında danışan
dərnək üzvləri
onu bəyəndi, mövzunu tamamlayan "nümunələr" gətirdilər.
Dərnək rəhbəri razılığını
bildirib söhbəti yekunlaşdırdı.
Yeri gəlmişkən, deyim ki, "nəzəriyyə
kitabından" öyrədiklərim,
"məruzəyə" hazırlaşarkən qazandığım
bilik, bacarıq, vərdişlər, sonrakı
axtarışlar ali məktəbə imtahan verərkən yamanca köməyimə çatdı. Yaxşı
yadımdadır (aradan
60 il keçir),
ədəbiyyatdan şifahi
imtahanda mənə M.F.Axundovun "A.S.Puşkinin
ölümünə Şərq
poeması" düşmüşdü.
Əsərin bir hissəsini əzbərdən
dedim,
sonra Axundovun Puşkin sənətinə,
onun şəxsiyyətinə
verdiyi qiyməti izah etdim, dünyanın
adlı-sanlı elm, sənət
adamları ilə onun müqayisəsini açıqladım, "rus
şeirinin günəşi"
ilə qarşılaşdırdığı
adamların hamısından
Puşkinin ucada durduğunu, əlçatmaz
olduğunu izah etdim.
Cavabım deyəsən müəllimləri (İsmayıl Şıxlı ilə Abasqulu Məhərrəmov - sonra hər ikisi bizə dərs dedi) razı salmışdı. Dildən nəzəri hissəni (tamamlıq budaq cümləsi) soruşmadılar, birbaşa cümlə təhlilinə keçdilər. Təhlil o qədər düzgün və "yerli-yataqlı" oldu ki, hələm-hələm ipə-sapa yatmayan, tez-tez abituriyentin cavabına müdaxilə edən (məndən əvvəlki uşaqlar cavab verərkən gördüm) Abasqulu müəllim cınqırını çıxarmadan sonadək məni sakitcə dinləyib başının işarəsi ilə "bəsdir, bitir" dedi. Bu arada İ.Şıxlı əyilib həmkarının qulağına nə pıçıldadısa, cavabında o, sakitcə bildirdi: "Mən razı". Bu arada gözüm stolun üstündəki yazı işimə sataşdı. Yoxlamış, ancaq qiymətləndirməmişdilər. Qırmızı qələmlə təkcə faiz - (%) işarəsi qoymuşdular. Bunun mənası məlum idi: nə orfoqrafiya, nə də durğu işarəsi səhvləri yoxdur! Görünür, yazı onları qane etmişdi, hər ehtimala qarşı, "üzbəüz cavabı" gözləməyi də lazım bilmişdilər.
İ.Şıxlı imtahan vərəqini götürüb üç dəfə dalbadal "əla" yazdı (yazılı, şifahi və ümumi qiymət), sonra da vərəqi mənə uzatdı, sonda "faizili" yazı işinə də "əla" qoydu. Sevincimin həddi-hüdudu yox idi. Müəllimlərə təşəkkür edib çölə çıxdım. Ancaq bu xeyirxah və obyektiv insanların görə bilmədiyi daha iki "minnətdarlıq ünvanı" var idi: biri alim Cəfər Xəndan şəxsiyyəti, onun yazıb hazırladığı dərsliklər, bu kitablardan "əxz etdiyim" elmi-əməli dəyərlər; bir də el-obamızın ləyaqətli oğlu, yaxşı ad-san çıxarmış, hamının tanıyıb ehtiram bəslədiyi dil-ədəbiyyat müəllimim, rayonda təhsil işinin gözəl təşkilatçısı (iyirmi ilə yaxın təhsil şöbəsinin müdiri, rayon qəzetinin redaktoru işləmişdi) Kərim Əsgərov. O, pedaqoji institutu qiyabi bitirmişdi, bir növ "dərs əlaçısı" olmuşdu. Zaçot kitabçasına nəzər salmışdım, bir dənə də olsa "kafi" qiymət yox idi, 5 -10 dənə "yaxşıdan" sonra hamısı "əla" gəlirdi.
V-VII siniflərdə bizə dərs vermişdi. İnamla deyə bilərəm: bizə elə bir cümlə təhlil nümunəsi, "modeli" öyrətmişdi ki, ən tələbkar müəllimlər qarşısında da "sınaqdan" çıxar, naümid qalmazdıq. Bunun ilk təsdiqi, deyildiyi kimi, özünü qəbulda göstərdi".
(Ardı var)
Əsgər ƏSGƏROV
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
525-ci qəzet.- 2016.- 6 yanvar.- S.6.