Cəfər Xəndan dünyası, yaxud
unudulan bir rubrikanın işığında
(Əvvəli
ötən sayımızda)
Beş illik tələbəlik dövrü ağır
keçdi. Biz ədəbiyyat fakultəsini seçmişdik.
Ancaq ikinci kursun payızında, "əmək
semestrindən" - Salyandan pambıq yığımından
qayıdanda gördük ki, istiqaməti dəyişdirib, bizi
tarix-filologiya fakultəsinə "döndəriblər".
O vaxtdan əzablı
günlərimiz başlandı. Proqramı
"yerinə yetirmək üçün" dərs cədvəlinə
hər gün iki qoşa saat əlavə edirdilər. Dərslərə
saat 14:20 əvəzinə 10-da başlayar, 21:30-da
qurtarardıq. Yataqxanaya qayıdıb azacıq
çay-çörəkdən sonra sabahın
qayğıları barədə düşünərdik.
Əlavə edim ki, bu ağır rejimlə
tablaşa bilməyən bizdən əvvəlki kursun tələbələrindən
25-30 nəfərini kəsib kursda saxladılar. Təhsildə
bir il dala düşən bu tələbələrin
hesabına bizdə əlavə yeni qrup yaradıldı. Biz isə bu çətin sınaqdan itkisiz
çıxdıq, kursdan-kursa uğurla keçdik. Beş illik əzablı (bədii ədəbiyyat
oxumağa, mütaliəyə vaxt
çatışmırdı), ancaq mənalı tələbəlik
dövrü sona yaxınlaşırdı. Bu arada eşitdik ki,
buraxılışımızın dövlət imtahan
komissiyasının sədri filologiya elmləri doktoru, gözəl
ədəbiyyatşünas alim, şair, jurnalist, tərcüməçi,
ictimai xadim, elm və təhsilin mahir təşkilatçısı
(bunları dərs vaxt öyrənmişdik) Cəfər Xəndan
Hacıyev olacaq.
Əsl səliqə-sahman sahibi böyük alimin hərəkəti,
davranışı, elmi, biliyi gözəl nümunə idi. Sədr imtahan
günləri o dövrün leksikonu ilə desək,
"26-lar bağının" dayanacağında trolleybusdan
düşər, ahəstə və təmkinlə ünvana -
o vaxt V.İ.Leninin adını daşıyan APİ-yə
doğru addımlayardı. Çox
zövqlə geyinərdi, çox vaxt əynində
"tütünü" rəngdə köynək
olardı. Ətəyini "sərbəst"
buraxar, üstündən enli kəmər qurşayardı.
Ahəstə, ancaq iri addımlarla instituta daxil
olar, dekanlığa çıxar, oradan da "ev yiyəsinin"
müşayiəti ilə imtahan otağına keçib
öz yerini tutardı.
İstər tələbə sualları
cavablandıranda, ya hər hansı "əyinti" vaxtı
sədr məsələyə yersiz müdaxilə etməz,
çaşdırıcı suallar verməzdi. Bütün
imtahanlar dövründə alimin "mənəm-mənəm"
hərəkətlərinə rast gəlmədik. Sakitcə oturar, təmkinlə dinləyər, qeydlərini
aparardı. Bir sözlə, imtahan
otağında təmiz ab-hava, tam "demokratik ruh",
işgüzar və prinsipial mühit hökm
sürürdü. Sədrin əlavə
sualları əsasən olmazdı. Yalnız
bircə dəfə "ənənə" pozuldu. Bunu ətraflı açıqlamağa dəyər.
Azərbaycan dilindən imtahan gedirdi.
Kursumuzda fəal, yaxşı oxuyan, hamının hörmət
bəslədiyi, Laçının Hoçaz kəndindən
gənc şair İlyas İbrahimov suallara cavab verəndən
sonra komissiya sədri soruşdu:
- Bala,
dilimizdə neçə samit var?
Cavab dərhal
gəldi: 25. Amma özü də deyəsən şübhələnib
fikrini dəyişdi: "26", "24". Yerdən
sualın düzgün cavabını
pıçıldadıq: "23". O da yenidən əlavə
etdi: hə, "23", müəllim. Sədr təmkinini
pozmadan, sözünün ahəngini dəyişmədən,
özünəməxsus ədəb-ərkanla əlavə
etdi:
- Düzəltdin,
oğlum, - dedi, - ancaq bir balaca yubandın...
Bu, o demək
idi ki, yoldaşlarının müdaxiləsini, replikaları mən
səndən tez eşitdim, məsələnin nə yerdə
olduğunu anladım...
Tələbə
az qala sədrin sözünü yarıda
kəsəcəkdi və sanki öz
"reputasiyasının" harayına tələsirmiş
kimi etiraz bildirdi:
- Bir qədər
dərin, düşündürücü, elmi suallar verin,
müəllim. Belə sadə suallardan kar
aşmaz. Fikrinin "təsdiqi" kimi
"əyani" nümunəyə də "əl atdı:
- Bəzən
adamdan soruşanda ki, neçə pəncərəniz var?- tutulub qalır. Halbuki pəncərələr
göz qabağındadır, evə girəndə də,
çıxanda da görürsən, duyursan, sayı da dəqiq
məlumdur...
Tələbənin cəsarəti ani yaranmış
"insidenti", onun ucbatından meydana çıxan nigarançılığı
sanki yoluna qoydu, "tarazlaşdırdı". Hamımız
gülüşdük, gərginlik tez də aradan qalxdı.
Sədr də gülümsədi və başının
işarəsi ilə "kifayətdir, get" - deyəsi oldu.
İmtahan bitdi. 35-40 dəqiqəlik
fasilə elan olundu. Hər birimiz, xüsusən də
İlyası sevən, xatirini əziz tutan dostları bu
qısa "zaman kəsiyində" olmazın fikir, təlaş
içərisində götür-qoy edir, təskinlik tapa
bilmirdik. Öz-özümüzə deyirdik: birdən
olmadı elə, oldu belə. Sadə bir sual
üstündə onu "kəsər", yarı yolda
qoyarlar. Özünə də bir il "möhlət"
verərlər ki, get, bala, təzədən hazırlaş, samitlərin
sayını yaxşı-yaxşı öyrənib
gələr, imtahan verib, diplomunu alarsan...
Ali məktəblərin həyatında bənzər
hallar olub. "Səlahiyyətli şəxslər", pedant,
quru, rəsmiyyətçi ixtiyar sahibləri qarşıdakına
"dərs vermiş", bu yolla guya vəziyyəti düzəltmişdilər.
Bu cür qarışıq fikirlər içərisində
var-gəl edirdik ki, hamımızı içəriyə
çağırdılar, imtahan qiymətləri elan olundu.
Büdrəyən, "üsyankar" tələbənin -
İlyas İbrahimovun cavabı "yaxşı" qiymətə
layiq görülmuşdu... Qəfil baş vermiş və
xoş sonluqla başa çatmış bu qarışıq dəqiqələrdə
məni sirli-sehirli bir aləmə aparan tamamilə başqa
hal, özgə bir fenomen idi: Komissiya sədri, böyük
alimin şəxsiyyəti, özünə və tabeliyindəkilərə
hörmət qoymaq bacarığı! Cəfər Xəndan əzəməti,
onun sanballı alim etikası, mətin ziyalı təmkini,
insanın qəlbinə yol tapmaq, kollektivləri idarə etmək
bacarığı və ən nəhayəti, insanları,
özündən qat-qat
"aşağıdakıları" da bağışlaya
bilmək qüdrəti və ümumən Cəfər Xəndan
ürəyi, dünyası.
Dəyərli
oxucu, bax, biz tələbələr, o dövrün məzunları
təxminən 30-35 gün ünsiyyətdə olduğumuz, cəmi
dörd-beş dəfə qarşısına
çıxıb təmas qurduğumuz alicənab alimi belə
görmüş, belə tanımışdıq: saf, təmiz,
qayğıkeş, diqqətli, alicənab, son dərəcə
obyektiv və nəcib! Tanrıya min
şükür ki, o bizim hafizəmizdə belə də
qalıb.
Bu fikir
filologiya elmləri doktoru Ə. Zeynalovun "İrəvan
ziyalıları" (B. 1999) kitabındakı qiymətlə həmahəng
səslənir: "Cəfər Xəndan öz tələbələrinin
xatirəsində qayğıkeş insan, yüksək savada
malik pedaqoq və güclü natiq kimi qalmışdır" .
lll
Azərbaycan
ədəbiyyatı tarixində Cəfər Xəndanın
(may 1910, İrəvan - avqust 1961, Bakı) tutduğu şərəfli
yol haqqında Vaqif Yusifli, deyildiyi kimi, çox dolğun və
ətraflı yazıb. Yazını neçə
dəfə maraqla oxudum. Burada görkəmli
elm xadiminin zəngin və çoxcəhətli
yaradıcılıq yolu bütün təfərrüatı
ilə nəzərdən keçirilir. Onun
böyüklüyü, müstəsnalığı əyani
faktlarla təsdiqini tapır. Mətləbi
uzatmağa ehtiyac olduğunu lazım bilməyib, məqalədən
yalnız bircə cümləni sitat gətirməklə C.Xəndanın
necə dərin biliyə malik alim olduğunun təsdiqini
görüb duyacağıq. Məqalədə deyilir:
"...akademiklərdən M.A. Dadaşzadə, H.Araslı,
F.Qasımzadə, M.C.Cəfərov, K.Talıbzadə, B.Vahabzadə,
EA-nın müxbir üzvləri Ə.Mirəhmədov, A.Zamanov,
professor Mehdi Məmmədov və başqa görkəmli ədəbiyyatşünaslarımızın
elmi rəhbəri, yaxud opponenti Cəfər Xəndan
olmuşdur". Bu fikrə şərh vermək,
onu xırdalamaq, alim barədə əlavə söhbət
açmaq insafdan olmaz. Bircə o qalır ki, bu tutarlı
yazıya görə müəllifə təşəkkür
bildirək, onu təqdir edək! Çox sağ
olun, Vaqif müəllim, belə tutarlı məqaləyə
görə. Sizi bütün qəlbimlə
alqışlayır, bir oxucu kimi öz adımdan, Cəfər
Xəndan yaradıcılığına, alimin şəxsiyyətinə
hörmət bəsləyən ziyalılar adından sizə
dərin minnətdarlıq bildirirəm.
lll
Bu gün
biz həmin "Ədəbiyyat fədaisi"
yazısının işığındayıq... Özü də 60-80-ci illərdə
mərkəzi mətbuatda, eləcə də Azərbaycan qəzetlərində
aparıcı rubrika hesab olunan "Dərc olunanlara
qayıdırıq" rubrikası ilə... Açığını
deyək ki, bu yazını "sifariş edən də",
"yazdıran da" elə həmin rubrika oldu. Onun
köməyi ilə mövzuya yenidən qayıdıb, bəzi
incəliklərə varır, yeni söz, ifadə və
faktları "işə salaraq", bizim nümunədə
V.Yusiflinin yazısındakı hadisələri "özgə
çalarlarla" ortaya qoymağa çalışdıq.
Amma nədənsə mövzuya dair əlavə söz,
fikir deməyin gözəl vasitəsi olan bu tutarlı qəzet
rubrikası bizim günlərdə sanki yaddan
çıxdı və nəticədə tamamilə unuduldu. Təsəvvür edin ki, ən
tutarlı məqalə, böyük-böyük problemlər
qaldıran yazı, əgər oxucusu, "əks-səda verəni"
yoxdursa, orada heç bir fayda, publisistik meyl axtarmağa dəyməz.
Rubrika mətbuatsevərləri bu "fəsadlardan"
qoruyur, bəzən polemika, mübahisə yaratsa da, mənəvi
dünyamızı zənginləşdirir...
Yaxşı olardı ki, "unudulanlar" mətbuatda
yenidən bərpa olunsun. Bundan qəzet-oxucu
münasibətləri daha da yaxşılaşar, isinər.
lll
Mətləbdən çox da uzaq düşməyək. Yenə
qayıdaq Cəfər Xəndan dünyasına.
Özümə aid şəxsi sənədlər içərisində
ali təhsil diplomları var. APİ-nin (ADPU) 1960, Moskva İctimai Elmlər
Akademiyasının 1978-ci il məzunuyam. Bu iki
diplomu hər dəfə əlimə alanda böyük iftixar
hissi keçirirəm. Ən əvvəl ona görə
ki, birində yaxşı tanınmış iki şəxsiyyətin
imzası var: Direktor (rektor) yerində Səməd Vurğun
sülaləsinin ağsaqqalı Mehdixan Vəkilov, bir də
komissiya sədri, əvəzsiz alim, ulu şəxsiyyət Cəfər
Xəndan. Qürur duyuram ki, 55 il əvvəl
bu alimin qarşısında dayanıb "sınaqdan
keçmişəm"...
Daha bir şəxsi sənəd Moskva İctimai Elmlər
Akademiyası tərəfindən verilmiş fərqlənmə
(üzrlü hesab edin) diplomudur. Onu da partiyanın Mərkəzi
Komitəsi Siyasi Bürosunun üzvü, MK katibi akademik Vadim
Andreyeviç Medvedyev imzalayıb. Sənədlərdə
də, şəxsiyyətlər arasında da fərq çox
böyükdür.
Bunları, özümdən asılı olmayaraq, yan-yana
qoyub tutuşduranda, tərəddüdsüz, birinciliyi Cəfər
Xəndan imzalayan diploma verirəm. Çünki orada dünya
şöhrətli alimin nişanəsi, gözəl dəst-xətti
əks olunub...
lll
Bax, əziz və hörmətli Vaqif müəllim, mənim deyəcəklərim, yazınıza "əlavələrim" bundan ibarətdir. Həm də var olsun, öz bərpa hüququnu tapsın o gərəkli rubrikamız! Çünki onun sayəsində belə bir söhbət alındı.
Əsgər
ƏSGƏROV
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
525-ci qəzet.-
2015.- 7 yanvar.- S.6.