Sara Aşurbəyovanı
xatırlayarkən
Səhhətimlə əlaqədar təxminən 30 il
Mərdəkandakı "Abşeron"
sanatoriyasına müalicəyə
getmişəm. Bu müddət ərzində
keçmiş SSRİ məkanının
müxtəlif şəhərlərindən
gəlmiş yüzlərlə
insanla rastlaşmışam,
bəziləri ilə
həmsöhbət olmuşam.
Lakin xatirimdə dərin iz buraxan
bir insanla tanışlıq heç
vaxt yadımdan çıxmır... Bu Sara xanımdır.
Bu il tarix
elmləri doktoru, Azərbaycan Rəssamlar İttifaqının üzvü
Sara xanım Balabəy
qızı Aşurbəyovanın
anadan olmasının
100 illiyi tamam olur. Məşhur Aşurbəyovlar nəslindən
olan Sara xanım
1925-ci ildə İstanbuldakı
Janna Dark adına fransız kollecini, indiki BDU-nin Şərq fakültəsini,
1941-ci ildə o vaxtkı
V.İ.Lenin adına
APİ-nin Xarici dillər fakültəsini
bitirmişdi. Aldığı çox mükəmməl
təhsil ona Sovetlər dönəmində
varlı bəy nəslindən olmasına
baxmayaraq, bir sıra vəzifələrdə
çalışmağa imkan
vermişdir. Onun Bakının
tarixi haqqında sanballı tədqiqat işi kitab halında çap olunmuşdur.
1982-1985-ci illərdə həmin sanatoriyanın 4-cü korpusunda Sara xanım Aşurbəyli ilə bir otaqda yaşamışam. Tanışlığımız belə baş vermişdi: Sanatoriyada qeydiyyatdan keçdikdən sonra məni həmin korpusun müvafiq otağında yerləşdirdilər. İçəri daxil olarkən orada nurani bir xanımı gördüm. Onunla yaxından tanış olmasam da, haqqında çox eşitmiş, müxtəlif tədbirlərdə, dissertasiya müdafiələrində çıxışlarına qulaq asmışdım. Doğrusu, ilk anda özümü itirdim. Bu cür aristokrat, elmli bir insanla bir otaqda yaşamaq mənə çox çətin gəldi. Lakin sonralar onun sadəliyi, söhbətcilliyi, insaniliyi mənim bu qorxularımı aradan götürdü. Otağa daxil olduğum qısa bir müddətdən sonra Sara xanım məndən xahiş etdi ki, onunla qeydiyyat otağına gedək, oradakı qızların birinə verəcəyim əmanət var. Onunla getdim. Sara xanım əlindəki beş manatı qızlardan birinə verdi və ona çox-çox təşəkkür etdi. Bu, məni çox təəccübləndirdi. Bu boyda alim-qadın görəsən borc almışdı? Ürəyimdə nəsə bir nisgil qaldı. Bir neçə gündən sonra onun çox sadə, səmimi münasibəti mənə cəsarət verdi ki, soruşam o, nə pulu idi? Sara xanım bunu belə anlatdı. O, qeydiyyatdan keçəndə həmin qızdan xahiş etmişdi ki, onun yanına münasib adam göndərsin və o, bunun xəcalətindən çıxacaq. Mən də sanatoriyanın daimi xəstəsi olduğumdan həmin işçilər məni sakit təbiətli bir adam kimi tanıyırdılar. Ona görə də məni onun yanına göndərmişdilər. Doğrusu, sonralar onunla bir otaqda qalmağımdan mən özüm də çox məmnun olmuşdum. Sara xanım çox vaxt mütaliə ilə məşğul olurdu. Mən çalışırdım ki, ona mane olmayım. Fasilələrdə isə o, mənimlə çox maraqlı söhbətlər edirdi. Ən çox isə öz həyatından danışardı və mən bu həyat hekayəsini dinlədikcə, bu kiçik bədəndə nə qədər böyük iradə olduğuna təəccüb edərdim.
Danışırdı ki, çox varlı ailənin qızı olub. Mərdəkandakı Günəşli sanatoriyası onların bağ evləri idi. Çoxlu var-dövlətləri, nökər-naibləri olub. Azərbaycana ilk dəfə Almaniyadan avtomobili gətirən onun atası olub. Çoxlu xarici dil bilir və bu, Sovet hakimiyyəti qurulandan sonra onun yardımına çox çatıb. Yaxşı rəssamlığı olub. 20 ildən artıq teatr rəssamı işləyib. Xalq düşməninin qızı kimi daim təqib edilib. Bir yerdə çalışarkən onun əsil-nəcabətini bilənlər onu işdən çıxarır, başqa yerdə işə düzəlməyə məcbur olurdu. Konservatoriyada oxuyarkən orada həm tələbə, həm də ingilis dilindən dərs deyən müəllim kimi çalışır. Təqiblər şiddətləndikdə isə Bakını tərk etməli olur. Gah Kislovodskda gizlənir, gah Leninqrada üz tutur. Leninqradda da bekar qalmır. Həm işləyir, həm də Bakının tarixi haqqında dissertasiya yazır. Ara sakitləşən kimi vətənə dönür. Hazır dissertasiya mövzusunu həm təsdiq etdirir, həm də müdafiəsinə nail olur. Həmişə deyirdi ki, hər dəfə məni işdən çıxaranda mən heç bir stress keçirmirdim. Mənə elə gəlirdi ki, bu mənim həyat tərzimdir, taleyimdir.
Sara xanım Nəriman Nərimanov haqqında da maraqlı söhbətlər edərdi. Yadına gəlirdi ki, atasının Almaniyadan gətirdiyi maşında Nəriman Nərimanova gəlin gətirmişdilər. Sara xanımın ailəsinin sürgün olunması ərəfəsində Nəriman Nərimanov imkan yaratmışdı ki, onlar Türkiyəyə köçsünlər. Bu zaman onlar bir qisim qızıl-brilyantlarını uzaq kasıb qohumlarının yanında əmanət qoymuşdular. Bir müddətdən sonra ailə Bakıya qayıdanda məlum olur ki, həmin əmanətin qızıllarını xərcləmişdilər. Çox iri brilyantları isə şüşə bilib geri qaytarmışdılar.
Sara xanım danışırdı ki, Nəriman Nərimanovun ölümündən sonra o, hər dəfə Moskvaya gedəndə onun ailəsinə baş çəkirdi.
Sara xanımın Ümbülbanu haqqında da, Zeynalabdin Tağıyevin qızı Sara xanım haqqında da maraqlı söhbətləri adamı riqqətə gətirirdi. Deyirdi ki, Zeynalabdin Tağıyevin qızı Sara xanım atasının təmiz adını bərpa etmək üçün əlində sənədlərlə dolu iri sumka ilə dövlət idarələrinin qapılarını döyməkdən yorulmurdu. Mən ona dəfələrlə deyirdim ki, Sara xanım indi elə zəmanə deyil ki, sən arzuna çatasan. Vaxt gələcək tarix özü onun adını əbədi yaşadacaqdır. Doğrudan da tarixçi-alimin sözləri düz çıxdı, bu gün Tağıyevin adı öz xeyriyyəçi fəaliyyəti ilə həmişə hörmətlə çəkilir.
Sara xanım çox
nikbin idi. Mənim onunla
olan yaxınlığım
sanatoriya divarlarından
kənarda da davam edirdi. Yenidənqurma dövrünün
ilk illərində hər
dəfə onunla görüşəndə deyirdi
ki, Allah mənə bir az möhlət versin və mən bu gərdişin nəticəsini görə
bilim.
Həyatımızın indiki anı Sara xanım kimi vətənpərvər ziyalılarımızın
yaşaması, yaratması
üçün çox
münbitdir.
Allah Sara xanıma rəhmət eləsin!
Adilə
ZƏKƏRİYYƏ QIZI
AMEA-nın Mərkəzi Kitabxanasının əməkdaşı
525-ci qəzet.- 2015.- 8 yanvar.- S.8.