Fridrix fon Dits və "Kitabi-Dədə Qorqud" eposu: görülən işlərə bir nəzər

 

 

Xalqımızın dünya ədəbiyyatına bəxş etdiyi ən nadir incilərdən biri və bəlkə də birincisi "Kitabi-Dədə Qorqud" dastanıdır desək yanılmarıq.

 

Oğuz türklərinin tarixini özündə əks etdirən bu dastan, yüksək bəşəri ideallar tərənnümçüsü kimi dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olmuş və indiyədək dünya ədəbiyyatı tarixində öz xüsusi yerini qoruyub saxlamaqdadır. "Kitabi-Dədə Qorqud" eposu dastan yaradıcılığımızın, ədəbiyyatımızın, dilimizin, bütövlükdə mədəniyyətimizin tarixini öyrənməkdə bizə istiqamət göstərən, yolumuza həmişə işıq saçan bir mayak olub. Azərbaycan xalq bədii təfəkkürünün zirvəsi sayılan "Kitabi-Dədə Qorqud" dastanlarının poetik dili, bədii təsvir vasitələri zəngin olduğundan, onlarda xalq dilinin incəliklərindən, atalar sözü və məsəllərindən geniş istifadə olunmuşdur. Bu dastan indinin özündə də Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından olduqca zəngin mənbədir.

 

Kökləri mifoloji dünyagörüşünə gedib çıxan və 12 boydan ibarət Dədə Qorqud dastanları bizim eranın XI yüzilliyində "Kitabi-Dədəm Qorqud" adı altında yazıya alınsa da, hazırda əlimizdə olan nüsxələr XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Bildiyimiz kimi dastanın əlyazması ilk dəfə Almaniyada Drezden kitabxanasında aşkar edilmişdir. Məşhur alman şərqşünası Reyski bu əlyazmanı XVIII əsrdə tapsa da, lakin dili bilmədiyindən o, elmi tədqiqat apara bilməmişdir.

 

Dastanı ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Haynrix Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. "Kitabi-Dədə Qorqud"dakı Təpəgöz obrazı Homerin "Odisseya" dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir. İndiyədək dastanın iki əlyazması məlumdur. Bunlardan biri - alman şərqşünası Fridrix fon Dits tərəfindən 1815-ci ildə İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir. Bundan əlavə isə Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda "Dədə Qorqud" dastanının dünyada üçüncü əlyazma nüsxəsi hazırlanmışdır.

 

Qorqudşünaslığın əsasını qoymuş görkəmli alman şərqşünası, türkoloqu və diplomatı H.F. fon Ditsin "Kitabi-Dədə Qorqud" dastanının əlyazmasını aşkarlayaraq dünyaya tanıtmaqda misilsiz rolu olmuşdur. O, 1751-ci ilin 2 sentyabrında keçmiş Prussiya Krallığının Anhalt hersoqluğunun paytaxtı Bernburqda dünyaya gəlib. Hüquq ixtisasına yiyələnməyinə baxmayaraq rus, polyak, macar, fransız, latın, ingilis, türk, fars və ərəb dillərini bilməklə həm də istedadlı tərcüməçi olub.

 

Fon Ditsin yaradıcılıqdan başqa diplomatik fəaliyyəti də böyük maraq doğurur. Belə ki, 33 yaşlı istedadlı fon Dits, 1784-ci ildə Prussiya krallığının Osmanlı imperiyasındakı səfiri vəzifəsinə təyin olunur. O, bu illər ərzində türk, ərəb və fars dillərini öyrənmiş, Şərq ədəbiyyatı ilə yaxından tanış olmaq imkanı əldə etmişdir. H.F. fon Ditsin Şərq dünyasına, mədəniyyətinə, tarixinə marağını görən türklərin ona təşəkkür əlaməti olan müxtəlif əlyazmaları hədiyyə etmələri də güman edilir. 1791-ci ilin yanvarın 31-də səfirlik fəaliyyəti başa çatdıqdan sonra fon Dits dostu Kral arxivinin müdiri Kristian Vilhelm fon Dohma yazdığı məktubda Türkiyəni tərk edərkən türklərin vida zamanı necə kövrəldiklərini və bu sözləri təkrar etdiklərini yazır: "Belə bir elçi heç vaxt burada olmayıb və bundan sonra onun kimi ikinci birisi də gəlməyəcəkdir".

 

Böyük şərqşünas alimin diplomatik fəaliyyəti illərindən sonra qulluqçu təqaüdü  Kolberq kilsəsindən vəkil kimi əldə etdiyi gəlir ona qiymətli Şərq əlyazmalarını, eləcə də tərcümələrini nəşr etdirib, kibaxanasını zənginləşdirməyə imkan vermişdir. O, bu illərdə topladığı əlyazmaları sistem halına salır və 1811-1815-ci illərdə hər biri 1000 səhifədən çox olan II cildlik "Asiyadan xatirələr" adlı kitabını şəxsi hesabına nəşr etdirir. Hazırlanmış III, IV və V cildlər bu gün də əlyazma şəklində qalmaqdadır.

 

Ömrünün sonuna iki qalmış H.F. fon Dits, "Kitabi-Dədə Qorqud" dastanını 1815-ci ildə Drezden Kral kitabxanasında aşkar edir və özünün qeyd etdiyi kimi, "Kitabi-Dədə Qorqud" dastanının başqa bir nüsxəsi isə əlyazma şəklində öz sağlığında Berlində yaratdığı "Ditsiana" kitabxanasının "Şərq əlyazmaları" fondunda saxlanılır. O, bu əlyazmalar əsasında 1815-ci ildə "Basatın Təpəgözü öldürdüyü boy"u alman dilinə tərcümə edir və "Yeni aşkar edilmiş Oğuz Təpəgözü Homerin Siklopu ilə müqayisədə" adlı ön sözü ilə bir yerdə Berlində kitab şəklində çap etdirir.

 

H.F. fon Dits, ömrünün bu çağlarında Berlinin Ştralau məhəlləsində Şpree çayının sahilindəki ecazkar parkda bir malikanə alaraq ora köçmüşdür. Yaşadığı evin otaqlarını Şərq üslubunda - otaqlardan birini türk, birini fars, digərini isə çinsayağı bəzətdirməklə Şərqə olan sevgisini sanki bir daha sübut etmişdir. Alman tədqiqatçısı Katarina Mommsenin "Höte və Dits" adlı kitabında yazdığına görə, Dits bu otaqlarda öz dövrünün görkəmli simaları olan F.A. Volf, F.V. fon Humboldt, hətta Kral IV Fridrix Vilhelm ilə görüşüb söhbətlər edərmiş.

 

Dövrünün bir sıra görkəmli alimləri - Hammer fon Purqştall, Ludolf Krel, Fridrix Avqust Volf, Vilhelm fon Humboldt, Tomas Rimer və başqaları böyük şərqşünas alimin yaxın əhatə dairəsini təşkil edirdilər. Elmi-dostluq əlaqələrinə gəlincə isə o,  dahi Y.V. fon Höte ilə daha sıx münasibətdə olmuşdur.  

 

H.F. fon Ditsin müasirləri - Y.V. fon Höte, Fridrix Auqust Volf və digərləri onun barəsində maraqlı fikirlər söyləmişlər. Höte Şərq haqqında təfəkkürünün formalaşmasında fon Ditsin rolunu minnətdarlıqla etiraf edir. O, yaxın dostu - məşhur alman bəstəkarı, professor Karl Fridrix Ziqfridə göndərdiyi məktubda - "Sən həyatında səfirliyin məxfi məsləhətçisi H.F. fon Ditsi görmüsənmi? Onun əsərləri, tərcümələri, məqalələri və qeydləri mənim üçün dünya deməkdir. O, mənim üçün təlatümlü Şərq ümmanında lövbərdir", yazaraq fon Dits yaradıcılığını heyranlıqla qiymətləndirir. 

 

H.F. fon Ditsin - "İnsan təbiəti üzərində müşahidə", "Vətənpərvərliyə can atma", "Dözümün müdafiəsi və mətbuat azadlığı", eləcə də digər əsərləri, bu gün də dünya tədqiqatçıları tərəfindən həvəslə araşdırılır. Onun "Qabus kitabı", "Kitabi-Dədə Qorqud" dastanlarının "Təpəgöz" boyu, "Asiyadan incəsənət və elmə aid xatirələr" və bir sıra başqa tərcümələri dünya ədəbiyyatının nadir incilərindən sayılır.

 

Bütün bu illər ərzində gərgin filoloji, kulturoloji xidmətlərinə görə H.F. fon Dits, 1814-cü ildə Prussiya Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir.

 

Ömrünün axırınadək ailə həyatı qurmayan böyük alim, 1817-ci ilin baharında, 7 apreldə Berlində vəfat edir. Özünün vəsiyyətinə görə ona məxsus olan var-dövləti ehtiyacı olan insanlara paylanmış, 17000 nüsxə kitab və 835 əlyazma isə Berlin Kral Kitabxanasına verilir.

 

Xalqımızın qədim keçmişindən süzülüb gələn, özündə vətən, yurd, torpaq, dost sevgisi və qəhrəmanlıq təcəssümçüsü olan bu dastanı təəssüf ki, ötən əsrin 50-ci illərində Sovet totalitar rejiminin ideoloji "maşını", güya milli ədavəti qızışdıra biləcəyindən ehtiyatlanaraq üzə çıxmasını yasaqlamışdır. Əslində isə məqsəd tamamilə başqa idi. Sovet "ideoloqları" siyasi güclə saxladıqları və milli ideyası olmayan bu süni ölkədə 5 müttəfiq türk respublikası və bir sıra muxtar respublika, eləcə də vilayət olmaqla, xeyli sayda türklərin yaşadığını yaxşı bilirdilər. Onlar "milli ədavət" deyərkən, daha çox Dədə Qorqud dastanın bütün türk dünyasının ana kitabı kimi vahid kökə bağlı olduğunu bildikləri üçün və bu dastanın milli dirçəlişə səbəb ola biləcəyinə inandıqlarına görə qorxurdular. Lakin 60-cı illərin əvvəllərində "istiləşmə" prosesi başladıqdan sonra uzun illər "dustaq" qalan "Dədə Qorqud" "bəraət" alaraq azad oldu. Yalnız bundan sonra Azərbaycan alimləri tərəfindən çoxsaylı araşdırmalar, tədqiqat işləri aparılmış, Xalq yazıçısı Anarın ssenarisi əsasında 1975-ci ildə tamaşaçılar tərəfindən sevilən "Dədə Qorqud" adlı iki hissədən ibarət tammetrajlı bədii film çəkilmişdir.

 

Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və zənginləşməsində müstəsna xidmətləri olan Ümummilli lider Heydər Əliyev, 20 aprel 1997-ci ildə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubleyinin dünya səviyyəsində keçirilməsi haqqında fərman imzaladı. Bu fərman Azərbaycan mədəniyyəti və folkloru sahəsində yeni layihələrin hazırlanıb həyata keçirilməsinə, milli-mənəvi dəyərlərin yüksəlişi istiqamətində mühüm addımlar atılmasına və yeni nailiyyətlərə təminat yaratdı. 2000-ci ildə "Kitabi-Dədə Qorqud"un 1300 illik yubleyinin YUNESKO xətti ilə beynəlxalq səviyyədə təntənəli qeyd edilməsi dastanın tədqiqi tarixində yeni mərhələnin başlanğıcı oldu.

 

"Kitabi-Dədə Qorqud" abidəsinin alman şərqşünası H.F. fon Dits tərəfindən üzə çıxarılması, alman dilində ilk tərcüməsi, nəşr edilməsi, eləcə də dünya elm aləminə tanıdılmasının 200 illiyilə əlaqədar qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 fevral, 2015-ci ildə imzaladığı sərəncama əsasən, Bakı Slavyan Universitetində geniş tədbirlər planı hazırlanaraq həmin tədbirlərin ardıcıl olaraq keçirilməsinə başlanıldı.

 

Yarandığı gündən Slavyan xalqlarının dilini, ədəbiyyatını, tarixini mədəniyyətini yaxından öyrənən və tədris edən Bakı Slavyan Universitetinin  Filologiya, Beynəlxalq münasibətlər və regionşünaslıq, Jurnalistika və Azərbaycan filologiyası, Tərcümə, Pedaqoji və digər fakültə, eləcə də kafedralarında, o cümlədən, mədəniyyət mərkəzlərində bu il H.F. fon Ditsin həyat və yaradıcılığına həsr edilən çoxlu sayda seminarlar, dəyirmi masalar, ustad dərsləri keçirilmiş, məqalə və tezislər nəşr edilib, sərgilər təşkil olunmuşdur.

 

Ənənəvi olaraq hər il keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş "Azərbaycanşünaslığın aktual problemləri" VI Beynəlxalq elmi konfransı çərçivəsində Türkiyə Araşdırmaları Mərkəzinin H.F. fon Ditsin həyat və yaradıcılığı ilə bağlı təşkil etdiyi dəyirmi masalar və ustad dərsləri də iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Bakı Slavyan Universiteti, Qafqaz Universiteti və AMEA-nın Folklor İnstitutunun birgə təşkilatçılığı ilə "Epos və etnos" adlı keçirilən simpoziumda akademik Kamal Abdulla, akademik Tofiq Hacıyev, professor Asif Hacıyev, professor Ahmet Saniç, professor Şükrü Haluk Akalın, professor Nizami Cəfərov və digərlərinin çıxışları BSU-nun professor-müəllim heyəti və tələbələri tərəfindən həvəslə dinlənilmişdir.

 

Diplomatiya və xarici siyasət kafedrasının nəzdində fəaliyyət göstərən "Gənc diplomat" tələbə elmi dərnəyi, görkəmli alimin diplomatik fəaliyyətini araşdıraraq "Fridrix fon Dits-200: Diplomat və şərqşünasın portreti" mövzusunda keçirdikləri tədbir də maraqla qarşılanıb. Tədbirdə Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbələri 1784-1791-ci illərdə Prussiya Krallığının İstanbulda səfiri olmuş Fridrix fon Ditsin peşəkar diplomat və görkəmli şərqşünas kimi fəaliyyətini müzakirə ediblər. Tədbirdə görkəmli Qorqudşünas akademik Kamal Abdullayevin təşəbbüsləri və onun rəhbərliyi altında BSU-da həyata keçirilmiş layihələrdən ətraflı bəhs olunub.

 

Beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə V.fon Humboldt adına Alman tədris və mədəniyyət mərkəzində keçirilən elmi seminarda Vürtsburq Universitetinin professoru Ziqlinde Hartmann "Haynrix Fridrix fon Ditsin həyat və yaradıcılığı" mövzusunda müəllim və tələbə heyətinə mühazirə oxumuşdur.

 

Bakı Slavyan Universitetinin nəzdindəki Məktəb-Lisey Kompleksi də öz tədbirlərilə heç də fakültə və kafedralardan geridə qalmayıb. Azərbaycan Respublikası Prezidentinin yanında Bilik Fondunun təşkil etdiyi elmi konfransda H.F. fon Ditsin həyat və yaradıcılığı və "Kitabi-Dədə Qorqud" eposuna həsr olunmuş şagird layihələrinin təqdimatı keçirilmiş, Məktəb-Lisey Kompleksində şagirdlərin əl işlərindən ibarət sərgisi təşkil olunmuş və bir sıra digər tədbirlər də həyata keçirilmişdir.

 

Bu ilin əvvəlindən BSU-nun kitabxanasında təşkil edilən sərgidə "Kitabı-Dədə Qorqud" haqqında ayrı-ayrı müəlliflərin elmi-tənqidi əsərləri, kitablar, qəzet, jurnal və konfrans materialları nümayiş etdirilməkdədir.

 

Azərbaycan mədəniyyətinə misilsiz töhfə vermiş böyük alimin həyat və yaradıcılığına həsr olunan silsilə tədbirlər, təkcə ölkəmizdə deyil, həm də vətənimizin hüdudlarından kənarda da keçirilir.

 

Moskva Dövlət Linqvistik Universiteti, Bolqarıstanın Kliment Oxridski adına Sofiya Universiteti, Poltava İqtisadi və Ticarət Universiteti, Kiyev Milli Linqvistik Universitetlərinin nəzdində fəaliyyət göstərən BSU-nun Azərbaycan dili və mədəniyyəti mərkəzində alman dili mütəxəssisləri, Fridrix fon Ditsin həyat və yaradıcılığına həsr olunmuş müxtəlif mövzularda seminarlar keçiriblər. Keçirilən tədbirlərdə Moskvada fəaliyyət göstərən Azərbaycan İcması, Ümumrusiya Azərbaycanlılar Konqresi, Heydər Əliyev Fondunun, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin  nümayəndələri iştirak ediblər.

 

Görkəmli alman şərqşünasının "Kitabi-Dədə Qorqud" dastanını aşkarlamasının 200 illik yubileyi ilə əlaqədar olaraq Bakı Slavyan Universitetinin bütün bu keçirdiyi tədbirlərinin sayının çox olmasına baxmayaraq, hal-hazırda hələ keçirilməsi nəzərdə tutulan xeyli sayda mövzular öz növbəsini gözləyir.

 

Əlbəttə ki, indiyədək keçirilən tədbirlər - konfrans, seminarlar, dəyirmi masalar, məqalə və tezislərin nəşr edilməsi, sərgilərin təşkil olunması Bakı Slavyan Universitetinin professor-müəllim heyətinin və tələbələrinin mədəniyyətimizə, tariximizə, ədəbiyyatımıza, folklorumuza, milli irsimizə, həm də onu milli kimliyindən asılı olmayaraq yaşadanlara olan dərin sevgisinin bariz nümunəsidir.

 

Rafiq NOVRUZOV

BSU-nun Elmi işlər üzrə prorektoru, professor

Aqşin RÜSTƏMOV tarix üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2015.- 8 yanvar.- S.4.