Hikmət

 

 Hikmət Sabiroğlunun 50 yaşına sözardı

 

 

 

Qəzetimiz çapına ara vermişdi. Bir balaca yer kirələyib redaksiyanın yükünü-ağırlığını ora yığmışdıq. Anbara çevirdiyimiz o bir cüt otağı qəzetin xatirə muzeyi kimi hər gün ziyarətə gəlir, dərdləşib-söhbətləşib dağılışırdıq.

 

Belə səmərəsiz günlərin birində yenə o “muzeydə”, muzeydən də çox ucqar kənd xəstəxanasının reanimasiya şöbəsinə bənzəyən yarıqaranlıq, yarıyıxıq tikilidə, yekə-yekə “ofis” dediyimiz mənzildə taleyi yekə bir sual işarəsinin altındakı nöqtə kimi havadan asıla qalmış xəstəmizin “yastığının qırağını” kəsdirib, can üstə olan arzularımızı həzin bir sükutla yad eləyirdik. İkimizdən başqa kimsə yoxudu - uşaqların çoxu ayrı yerdə iş tapdığından az-az gəlib gedirdi. Mən, deyəsən, Hikmətin gətirdiyi qəzetə baxırdım. Hikmət əlinə əski alıb haranınsa tozunu silirdi - o, (sözün hər mənasında!) çirkli yerdə otura bilmir.

 

Sonra bilmirəm, gözüm yoruldu, ya nəydisə, mən pultu götürüb redaksiyadanqalma televizoru yuxudan ayıltdım. Hansısa yerli telekanal CNN televiziyasına qoşulub Nyu-Yorkdan canlı yayım verirdi. Düzü, əvvəl-əvvəl buna məhəl qoymadım, nə baş verdiyi mənə dərhal çatmadı. Sonra kanalları bir-bir varaqladım - hamısında CNN, hamısında da Nyu-Yorkdan canlı yayım. Birdən başımın qapağını külək apardı elə bil, minillik ölümdən oyanan kimi oldum:

 

- Ay Hikmət, deyəsən dünya dağılır! - dedim.

 

2001-ci ilin 11 sentyabr günüydü. Terrorçuların ələ keçirdiyi ikinci təyyarə ikinci göydələnə canlı yayım gedə-gedə, gözümüzün qabağında saplandı...

 

Siftə-siftə çoxlu ağlagələn-ağlagəlməz versiya səsləndirilsə də, bu işi törədənlərin kimliyi bizdə şübhə doğurmadı - o çağa qədər “əl-Qaidə” imperiyasıyla da, Bin Ladenlə də bağlı az-çox bilgimiz vardı, qəzetdə bu barədə yazılar da vermişdik. O dəqiqələrdə bizi işin bu tərəfi yox, bundan sonrası maraqlandırırdı: Amerika dövləti bu məsələyə necə reaksiya verəcək, dünya indən belə hansı prinsiplə, hansı əqidəylə yönəldiləcək?

 

Yaralı göydələnlər hələ can verməmiş, çağdaş tacir-burjua sivilizasiyasının rəmzi sayılan qüllələr hələ çökməmiş - iki daşın arasındaca Hikmətlə hadisələrin gedişini belə proqnozlaşdırdıq: Amerika bu misli görünməmiş hücuma iki cür cavab verə bilər - ağına-bozuna, yəni əqidəsinə, simasına, dünyanın siyasi səhnəsində roluna baxmadan hər kəsi müttəfiqliyə götürüb, düşmən bildiyi tərəfə savaş açmaqla (bu, olacaqdı terrorun ruhuyla yox, gövdəsiylə; köküylə yox, qol-budağıyla savaşmaq), bir də şərlə, yalanla, istər yanlış əqidəli, istər əqidəsiz adamlarla əməkdaşlıqdan imtina eləyib, ya da heç olmasa belə əməkdaşlıqları arxa plana keçirib, bütün dünyada demokratik gücləri əvvəlkindən qat-qat artıq dəstəkləməklə, haqlılara, dürüstlərə sözdə yox, əməldə arxa durmaqla (bu da ola bilərdi terrorun kökünü qazmaq, onu ruhsuz bədənə, cansız leşə çevirmək); ancaq Amerika, çox güman, birinci yolu seçəcək (“məruzə”mizin yekun bölməsində belə deyilirdi); bu seçim planetdə olduqca böyük fəsadlar törədəcək; o fəsadları aradan qaldırmaq üçün, bəşəriyyəti şər şəbəkəsinin torundan qurtarmaq üçün dünyada namuslu, vicdanlı, dürüst adamlara ehtiyac artacaq; bax onda Hikmətin zamanı gələcək...

 

(Düzdü, Hikmətin zamanı hələ də gəlib çıxmayıb, ancaq o zaman Hikmətə sarı gəlməkdədi, özü də Hikmətin düz ayağına gəlməkdədi!..)

 

...Mən niyə onun haqqında danışmağa ən yeni tarixin dönüş nöqtəsindən, qlobal savaşın cəbhə xəttindən, üçüncü dünya müharibəsinin faktiki elan olunduğu gündən başladım? Deyim: mən tarixin insanları arabaya qoşulu cansız cəsəd kimi arxasınca sürüklədiyinə, insan kütlələrini heyvan sürüsü kimi otardığına yox, tarixi insanların yaratdığına, insanların yönəltdiyinə inananlardanam. Yox, yenə fikrimi sərrast demədim, deyim: məncə, insanların 1 faizi (rəqəm şərtidi, mən 0.001 faiz də yaza bilərdim) tarixi şəraiti yaradır, qalan 99 faizi də həmin şəraitə uyğun öz həyatını qurur. Yəni yaxşılı-yamanlı bu 1 faiz (ya da 0.001 faiz) dünyanı pis-yaxşı idarə eləyir. Ancaq həmin bu 1 faizin özü də faizlərə bölünür: reqressiv çoxluq bəşər övladının ayaqlarından asılıb dünyanı elə hey geriyə - tarixin keçilmiş, tapdanmış günlərinə çəkir, proqressiv azlıqsa... Yox, proqressiv azlığın özü də faizlərə bölünür: az qismi gələcəyə kəşfiyyata çıxıb tarixin ayaq dəyməmiş yerlərində dolaşır, hələ yaşanmamış illərdə hələ doğulmamış insanların həyatını layihələndirir; bundan bir neçə qat artığı karvanın qabağınca, böyrüncə addımlayır, tarixə, insanlara həm bələdçilik, həm keşikçilik eləyir; yarıdan çoxu da o karvanı itdən-qurddan gözləmək üçün gedənləri arxadan izləyir, ömrünün çıxacağına qədər insanları keçilmiş, yaşanmış vaxtın kinindən, hikkəsindən qoruyur. Zamanın harasında mövqe tutur-tutsun, dünyanı həmin o azlıq idarə eləyir, milyardlarla insan mənzil başına onların cızdığı marşrutla, onların bələdçiliyilə çatır (marşrutdan yayınma nə qədər olsa belə!). Bax, mən Hikməti həmin o azlığın içində görürəm.

 

Soruşan tapılar: Hikmət Sabiroğlunun dünyanı idarə eləməyə nə gücü var - hələ ötən yaya qədər bir il işsiz-donluqsuz qaldı, idarə elədiyi dünyada ona bir iş yeri də tapılmırdı... Mən deyim: Hikmətin əxlaqı var! Əxlaq atom bombasından qat-qat böyük qüvvədi, belə olmasaydı, nüvə silahı Tanrının yuva qurduğu bu balaca planeti, kainat tozunu çoxdan toz-toz eləmişdi. Əxlaq, eşq, sevgi, gözəllik - bunlar bir olan Allahın başqa-başqa adlarıdı. Şumer əlifbasından Pifaqor teoreminə, təkərdən mobil telefona qədər dünyanın bütün möcüzələrini insanın eşqi, əxlaqı yaradıb. Əxlaq - dünyaya məməli heyvan kimi gələn insanı allahlıq məqamınacan ucaldan gücün-qüdrətin bir adıdı. Hər yarpaq dünyanın havasını necə təmizləyirsə, könüldən qopan hər səmimi istək, hər xoş niyyət də (hələ əməldən danışmıram!) kainatın mənəvi havasını eləcə duruldur. Qəlbini, əxlaqını işsiz qoymayan adam təkcə elə niyyətiylə tarixin yaradılmasında, dünyanın idarə olunmasında birbaşa iştirak eləyir!

 

Ancaq şər, ancaq əxlaqsızlıq... Şər yaradıcı deyil, istehlakçıdı, istifadəçidi, istismarçıdı, oğrudu! Şər xeyirin yaratdığı əlifbayla ölüm fərmanı yazır, xeyirin yaratdığı düsturlara baxıb zəhər bişirir, təkərlərin üstündə bəla gəzdirir, mobil telefonlara əcəl mesajları göndərir. Şər yaratmır, yamsılayır. Şər - təqlidçi, şər - tərsməzhəb, şər - təlxəkdi!..

 

...Həmin o 11 sentyabr günü bizim verdiyimiz proqnoz doğruldu: Amerika alov atını minib sağa-sola çapdı, əxlaqdan, mənəviyyatdan nəsibini almamış dünya liderləri şıdırğı alverə başladılar, okeanın o tayında yevangelistlər İsanın, bu tayda radikal şiələr Mehdinin (deməli, həm də Əlinin, Hüseynin...) zühuruna hazırlıq görməyə başladılar (“hazırlıq işləri” yer üzündə zülmün ərşə dirənməsiylə tamamlanmalıydı!), o yandan da həyatı xristian-müsəlman savaşı şəklində təsəvvür eləyən barışmaz sünnülər Dəccala islam adından danışmaq haqqı tanıdılar. Yeni üsullarla aparılan yeni dünya savaşında yeni-yeni cəbhələr açıldı. Ancaq çox keçməmiş Ulu Qüdrət, İlahi Qanun yenə öz sözünü dedi: Hüseyn İranda yox, Amerikada zühur elədi, başında durduğu dövləti də, üstəlik, bütün Qərb dünyasını da əyri yoldan qaytardı, milyonlarca müsəlmanı İblisin iradəsiz quluna çevirmiş Dəccalın xəlifəliyinə son qoydu. Məntiqlə, bundan sonra qiyamət qopmalı, məhşər qurulmalıydı.

 

Bir azdan qiyamət də qopacaq. Qiyamətdən sonra hər şey qiyamət olacaq, Hikmət!..

 

Biz o dönüşü çox, çox, lap çox arzulamışdıq, dünya güclərinin fəlakət yolundan qayıtmasını bütün qəlbimizlə, ruhumuzla diləmişdik, bu barədə Hikmətlə bəlkə min yol söhbət eləmişdik (bir yerdə olanda biz öz dərdimizdən-sərimizdən danışmırıq ki!). Vallah, ona heç söhbət də demək olmaz, ibadət eləmişdik desəm, inanın. Kim bilir, bəlkə bizim könlümüzdən qopan dalğalar dünyanın ixtiyarı əlində olan kimsələrin beynindən yan ötmədi? Planetin getmədiyimiz yerlərində üzünü görmədiyimiz, adını eşitmədiyimiz minlərlə könül dostumuz, əqidə qardaşımız səsimizi eşitdi bəlkə?..

 

Mən niyə Hikmətin dərdini aparıb dünyanın dərdinə calayıram? Deyim: dünyanın dərdinə əlac tapılmayınca Hikmətin dərdinə də çarə tapılmaz. Hikməti Şuşaya aparan yol artıq çoxdandı Yevlaxdan, Bərdədən, Ağdamdan keçmir; bu gün o yol Suriyadan, İrandan, Suxumidən, Krımdan, faşizmdən azad olunmuş Moskvadan, imperiya əsarətindən qurtulmuş Qafqazdan... bəlkə də lap elə Təbrizdən keçir. Böyük şərin tüstüsü yerlə göyün arasını açmadıqca, dünyanın işlərinə aydınlıq gəlmədikcə Xocalıdan Şuşaya, Şuşadan Laçına gedən yolun dumanı da dağılmayacaq.

 

Aydınlıq! Biz təkcə pəncərələri yox, bütün divarları, qapıları da şüşədən olan bir dünyanın həsrətini çəkirik. O dünyanın insanları da şəffaf olacaq, bu üzdən baxanda o üzləri görünəcək. Onda yalan danışmağa da ehtiyac qalmayacaq, yalan bir silah kimi kəsərdən düşmüş sayılacaq. Yalan danışmağı heç bacarmayan Hikməti o şəffaf dünyanın fonunda görməyi mən çox, çox arzulayıram.

 

Mən Hikmətin xoşbəxtliyini dünyanın xoşbəxtliyindən ayrı görə bilmirəm, çünki yer üzündə bircə nəfər bədbəxt (başqalarının ucbatından bədbəxt!) adam qalacaqsa, Hikmətin xoşbəxt olmamaq üçün bəhanəsi də qalacaq. Bizim hər görüşdə yad elədiyimiz bir devizimiz var: hamıya yaxşı olsun, biz də onun içində! Hamıya kölgə salmayan xoşbəxtlik bizi xoşbəxt eləmir (yoxsa nə vardı elə xoşbəxt olmağa!..). Universal olmayan dəyər - həqiqi dəyər deyil, yalançıdı, məhəllidi, qəlpdi, saxtadı, keçicidi, fanidi. Bədbəxt adamların arasında bəxtəvər-bəxtəvər dolanmaq olmaz, gec-tez o bəxtəvərlik sandığı şey insanın ən böyük fəlakətinə çevrilər. Bədbəxt adamların arasında xoşbəxt yaşamağın həmişə yalnız bir yolu olub - o adamların xoşbəxtliyinə çalışmaq.

 

Hə, bizim devizimizin ikinci hissəsi də var: öz xoşbəxtliyini xalqının, millətinin, cəmi insanların xoşbəxtliyindən qıraqda görənə lənət, lənət, min lənət! İndi gördünüzmü Hikməti xoşbəxt eləmək nə qədər çətindi?..

 

...Əlbəttə, bu dünya savaşı da tezliklə bitəcək. Sivilizasiyanı bünövrəsinə qədər dağıtmaq istəyən, universal (yəni həm də müqəddəs!) dəyərlərə yağı kəsilən reqressiv-gericil güclərin, qara qüvvələrin, kəsəsi, İblisin niyyəti yenə puça çıxacaq. “Qiyamətə” qalan imperiyalar da dağılacaq. “Qiyamətdən sonra” dünyada dinlərin, dövlətlərin rolu bir xeyli azalacaq. Bir zamanlar dinlər də, böyük dövlətlər, imperiyalar da bir-birinə qənim kəsilmiş, ya da bir-birindən xəbərsiz olan xalqları, millətləri birləşdirir, bir-birinə tanıdırdı. Sonra tərsinə oldu: din də, dövlət də bəşər övladlarını bir-birindən ayırmağa, xalqlar, millətlər, ümmətlər arasına nifaq toxumu səpməyə başladı. Tarix boyu ömrünü başa vurmuş hər bir ictimai institutun aqibəti belə olub. Ancaq hansısa institutun sıradan çıxmağı heç də dünyanın başsız-yiyəsiz qalmağı demək deyil - biri gedər, ondan da yaxşısı gələr. “Qiyamətdən sonrakı” dünyada tədrici keçid prosesini mən belə görürəm: dövlətlərdən təşkilatlara, hökumətlərdən şirkətlərə, məbədlərdən universitetlərə. O çoxdilli, çoxsəsli, çoxrəngli dünyada sərhədlər daha xalqların, millətlərin arasından yox, məsələn, rəqib təşkilatlarda, ya düşmən şirkətlərdə işləyən iki qardaşın arasından keçəcək.

 

O dünyada Hikmətin yerini də aydın görürəm (yer üzündə təyinatı olmayan insan yoxdu, təki hər kəs öz yerini tuta bilsin): istedadlı, azad bir jurnalist kollektivinin ağsaqqalı Hikmət Sabiroğlu gənclərə jurnalistikanın prinsiplərini, qəzetçiliyin sirlərini öyrədir. Ölkənin ən sanballı qəzetinə köşə yazıları yazır. Nəvələriylə oynamaq üçün axşamlar evə həmişə olduğundan tez qaçır. Məzuniyyətini Şuşada keçirir. Qocaman jurnalist, nəhayət, öz donluğundan razıdı, hətta Jurnalistika fakültəsinin istedadlı bir tələbəsinə öz hesabına təqaüd də verir...

 

Belə bir zamanın yetişəcəyinə bu gün inanmaq nə qədər çətin olsa da, o gələcəyin gələcəyinə mən zərrə qədər şəkk eləmirəm (çünki bizim qəlbimiz əlahəzrət Tarixə o dövranın layihəsini, sifarişini çoxdan verib). Bircə diləyim var: Hikmət başda olmaqla bütün dostlarımız, əzizlərimiz, bütün qeyrətli, vicdanlı adamlar (lap qeyrətsizlər, vicdansızlar da!) o günü görə bilsinlər. Elə mən özüm də görsəm, pis olmaz...

 

...İndi duyuq düşdüm: demə, bayaqdan mən Hikmətdən yox, Hikməti bəhanə eləyib özümdən danışırmışam. Ancaq buna təəccüblənmirəm: mən Hikmətdən özüm haqda danışırmış kimi də yox, ayrı nə cür danışa bilərdim! Axı Hikmət - elə mən özüməm. Hikmət Sabiroğlu - mənim adlarımdan-imzalarımdan biridi. Bəli, mən - həm də Hikmətəm. Hikmət - mənəm.

 

Fəxri UĞURLU

525-ci qəzet.- 2016.- 9 yanvar.- S.27