Gündüz İsmayılov: “Ədalətli ol, yaltaqlıq etmə”

 

“MƏN “QURAN”IN BƏZİ AYƏLƏRİNİ BAŞQA CÜR TƏRCÜMƏ VƏ İZAH EDƏRDİM”

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovla söhbəti təqdim edirik.

 

- Gündüz müəllim, ixtisasca ilahiyyatçısınız. Amma aktiv cəmiyyət həyatına daxil olmanız jurnalist fəaliyyəti ilə başlayıb. Necə oldu ki, siz jurnalist işləməyə başladınız?

 

- Mən jurnalistika təhsili almamışam və özümü heç zaman jurnalist hesab etməmişəm. Sadəcə, mətbuatda çalışmışam. İxtisasca ilahiyyatçıyam, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini bitirmişəm. Orta məktəbi 1999-cu ildə bitirib ali məktəbə sənəd verdim. Həmin ilin avqust ayı idi, ali məktəb imtahanlarının cavablarını gözləyirdim. Belə bir vaxtda atamın köhnə dostlarından biri, şair Nazim Əhmədlinin vasitəsi ilə “525-ci qəzet”ə getdim və müxbir kimi işə başladım. Üstündən bir həftə keçəndən sonra qəbul imtahanlarının nəticələri açıqlandı və İlahiyyat fakültəsinə daxil oldum. Təhsil aldığım müddətdə, o cümlədən, aspirantura dövründə “525-ci qəzet”də işlədim, 2005-ci ilə qədər müxbir kimi çalışdım. Həmin ildən isə qəzetin Siyasət şöbəsinin müdiri oldum. Bir il sonra isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində işləmək fürsəti yarandı...

 

- Mən elə bunun üzərinə gəlmək istəyirdim. Jurnalist fəaliyyətindən Dini Komitəyə keçidiniz maraqlıdır.

 

- İxtisasca ilahiyyatçı olduğum üçün Komitədə işləmək arzum var idi. Həmin dövrdə mənə bir neçə yerdən iş təklifi olunmuşdu. Biri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, biri Diasporla İş üzrə Komitə, digəri isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası idi. Təbii ki, mən ixtisasıma uyğun olanına üstünlük verdim və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsində məsləhətçi vəzifəsinə təyin edildim. Elə oldu ki, bir neçə aydan sonra şöbə müdirini əvəz etdim. Üstündən bir il keçdikdən sonra, 2007-ci ildə şöbə müdiri kimi təsdiqləndim. 2011-ci ilin fevral ayının 18-də isə Prezident cənab İlham Əliyevin sərəncamı ilə komitə sədrinin müavini təyin edildim.

 

- Siz Mübariz Qurbanlıdan əvvəl Elşad İskəndərov, ondan əvvəl isə Hidayət Orucovla işləmisiniz. Bu üç fiqur arasında hansı fərqləri sezmisiniz?

 

- Sadəcə onu demək istərdim ki, harada və kimin rəhbərliyi altında işləməyimdən asılı olmayaraq üzərimə düşən vəzifəni vicdanla yerinə yetirməyə çalışmışam. Əsas məqsədim bu olub ki, cənab Prezidentin yüksək etimadını doğruldum, dövlətimin mənafeyini qoruyum. Mənim üçün milli dövlətçilik vətən, din, ailə kimi müqəddəsdir. Yerdə qalanlar isə təfərrüatdır. Sualınıza gəlincə, hansı işdə çalışmağımdan asılı olmayaraq işə yanaşma prinsipimi dəyişməmişəm: ədalətli, işgüzar ol, yaltaqlıq etmə. Həmişə bu prinsipə bacardığım qədər əməl etməyə çalışmışam və rəhbərlərimdən narazı olmamışam.

 

- Sualıma tam cavab vermədiniz. O zaman söhbətin rakursunu yenidən dəyişək. İlahiyyat fakültəsini bitirdiyinizə görə, yəqin ərəb dilini də bilirsiniz.

 

- Diplomumda ixtisasımın ərəb dili müəllimi və ilahiyyatçı olduğu yazılıb.

 

- Ərəb dili məsələsinə adi bir məsələ kimi toxunmadım. Bu amili qabartmaqda məqsədim var və sonrakı suallarda buna qayıdacağıq. İstərdim bu mövzuya keçməzdən öncə, sizin jurnalistlərlə əlaqələrinizə də toxunaq. Bəzən mediadan məmurluğa yüksələn keçmiş həmkarlarımızla sonradan əlaqə saxlamaq çətin olur. Sizin keçmiş həmkarlarınızla münasibətləriniz necədir?

 

- Mənim nəinki media nümayəndələri, ümumiyyətlə, hamı ilə münasibətlərim normaldır. İnsanlarla həmişə səmimi olmağa çalışmışam. Hətta onu deyim ki, mənim heç zaman ayrıca qəbul günlərim və ya qəbul saatlarım olmayıb. Kimliyindən asılı olmayaraq istənilən şəxsin Komitəyə yaxınlaşıb birinci mərtəbədən daxili telefonla zəng vurması kifayətdir ki, onunla görüşüm. Komitədəki digər həmkarlarım da belədir. İstənilən vətəndaş bizim qurumda istənilən şəxsin asanlıqla qəbuluna düşə bilər. Bunun üçün uzaqbaşı 5 dəqiqə gözləmək lazımdır. Bizim prinsipimiz budur ki, vətəndaşla aramızda sərhəd olmamalıdır.

 

- Kirayədə qalırsınız. Bu illər ərzində necə olub ki, ev almamısınız? Komitə sədrinin müavini olduğunuza görə, evsiz olmanız cəmiyyət üçün bir az təəccüblüdür.

 

- Bu cür məsələlərin ictimailəşdirilməsinin tərəfdarı deyiləm. Çünki bu, şəxsi məsələdir. Sadəcə, onu deyə bilərəm ki, evsizlik problemimi indiyədək həll edə bilməmişəm. Buna təəccüblənənlər də, təəssüflənənlər də ola bilər.

 

- Bu yaxınlarda qeyd etdiniz ki, şəxsi kitabxananızdakı kitabları kiməsə bağışlamaq istəyirsiniz. Bu ideya birdən-birə haradan ağlınıza gəldi?

 

- Əslində, kitablarla bağlı çoxdan düşünürdüm. Qaldığım mənzildə darısqallıq idi, şərait o kitabların hamısını saxlamağıma imkan vermirdi. Düşündüm ki, ən doğru variant kitabları kiməsə hədiyyə etməkdir. İlk qərarım bu oldu ki, kitablarımın əksəriyyəti dini ədəbiyyat olduğu üçün onları ilahiyyatçı bir nəfərə hədiyyə edim. Amma çox istəyirdim ki, həmin adam ucqar dağ kəndində, ucqar rayonda orta məktəbdə dərs deyən müəllim olsun.

 

- Xəyalınızdakı həmin adamı tapdınız?

 

- Şabran rayonunda yaşayan, İlahiyyat fakültəsindən məzun olan bir nəfər o kitabları istədi. Mən də demək olar ki, kitablarımın 70 faizini ona hədiyyə etdim. Bununla da məsələ bitdi.

 

- Gündüz İsmayılovun mütaliə dairəsi yəqin ki, təkcə dini ədəbiyyatla məhdudlaşmır.

 

- Kitablarımın içərisində dindən tutmuş, siyasətə, diplomatiyaya, bədii ədəbiyyata qədər müxtəlif kitablar var idi. Sadəcə, ixtisasıma görə kitablarımın böyük əksəriyyəti ilahiyyatla bağlı idi. Bu nöqteyi-nəzərdən həmin kitabları ilahiyyatçıya verməyi düşünürdüm. Onu da deyim ki, İlahiyyat fakültəsinə təsadüfən daxil olmuşam. Böyüdüyüm mühit məndə dinə maraq oyatmamışdı. Orta məktəbi bitirdikdən sonra ali məktəbə sənəd verən zaman qəbul olunmaq üçün 15 ixtisas yazdım. Sən demə bu ixtisasların içərisində ilahiyyat da varmış (gülürük).

 

- Yəqin ki, hüququ istəyirdiniz.

 

- Xeyr! Mən ya diplomat, ya da filoloq olmaq istəyirdim. Amma heç birindən ola bilmədim.

 

- Mənə elə gəlir ki, bu gün də diplomat olmaq üçün şanslarınız var.

 

- Yox. Mən İlahiyyat fakültəsinə daxil olduğuma görə zərrə qədər də peşman deyiləm. Əksinə, bir az da sevinirəm ki, nə yaxşı ki, ilahiyyatçı oldum. İlahiyyata bağlanmağım isə ikinci kursdan sonra oldu.

 

- Necə?

 

- İkinci kursdan ərəb dilində müəyyən qədər oxuyub-yazmağa, cümlələri anlamağa başladım. Çətinliklə də olsa, artıq “Qurani-Kərim”i ərəb dilində oxuyurdum. Başa düşdüm ki, “Qurani-Kərim” insan beyninin məhsulu ola bilməz. Beləliklə, mərhələ-mərhələ ilahiyyat, islamşünaslıq məni özünə çəkdi.

 

- Özünüz dini ibadətlə məşğulsunuzmu?

 

- Allaha inanıram və müsəlmanam. Hansı məzhəbdən olmağım, ibadət etməyim və necə ibadət etməyim mənimlə Allah arasında olan məsələdir. Nəinki özümün, hətta başqalarının da bu barədə danışmasını doğru saymıram.

 

- Keçək ərəb dili məsələsinə. Bu yaxınlarda ilahiyyatçı Elşad Miri ilə söhbətim zamanı o, mənə dedi ki, Vasim Məmmədəliyev və Ziya Bünyadov “Quran”ı tam düzgün tərcümə etməyiblər. O vurğulayır ki, Azərbaycanda heç kim “Quran”ı tam mənası ilə tərcümə etməyib. Ərəb dili mütəxəssisi kimi siz nə düşünürsünüz?

 

- Heç bir tərcümə “Quran” deyil. “Quran”da deyilir ki, bu kitab ap-açıq ərəb dilində göndərilib. Kimsə iddia edirsə ki, “Quran”ın hansısa dilə tərcüməsi “Quran”ın orijinalı səviyyəsindədir, bu, gülüncdür. “Quran” yalnız ərəbcə “Qurani-Kərim”dir. Sadəcə, tərcümənin orijinalı özündə nə qədər doğru əks etdirdiyi müzakirə oluna bilər. Bu mənada düşünürəm ki, akademiklər Vasim Məmmədəliyevlə Ziya Bünyadovun tərcüməsi “Quran”ın Azərbaycan dilinə ən yaxşı tərcüməsidir.

 

- Belə bir sual vermək zərurətini hiss edirəm. “Quran”ı dərk etmək üçün ərəb dilini bilmək şərtdirmi?

 

- İslama etiqad etmək və onu bilmək üçün ərəb dilini bilmək şərt deyil. Amma “Quran”ın incəliklərini bilmək üçün ərəb dilini bilmək önəmli amillərdən biridir.

 

- Siz belə güman edirsiniz ki, “Quran”ı tam başa düşmüsünüz, yoxsa hələ də sizin üçün açılmayan qatlar var?

 

- “Quran”ı, Allahın müqəddəs kitabını sona qədər dərk etmək mümkün deyil. Hər kəs öz əxlaqı, intellekti, dünyagörüşü səviyyəsində qavrayır. “Quran”ı mütləq şəkildə başa düşmək qeyri-mümkündür.

 

- “Tövrat”, “İncil”, “Quran”. Səmavi hesab edilən dinlərin kitabları. Bu üç din arasında nə qədər eyniyyət təşkil edən məqamlar olsa da, ziddiyyətlər də az deyil. Bu ziddiyyətlər nədən doğur?

 

- Sizin saydığınız kitabların hamısı səmavi kitablardır. İslam inancına görə, yalnız “Qurani-Kərim” təhrif olunmayıb, digərləri isə dəyişikliklərə məruz qalıb. “Quran”la həmin kitablar arasındakı ziddiyyətlər də bundan irəli gəlir. “Quran”ın göndərilməsinin bir səbəbi də məhz ondan əvvəlki səmavi kitabların təhrif olunmasıdır. Yəni qısacası, bizim inancımıza görə, “Qurani-Kərim” zərrə qədər də təhrif olunmayıb.

 

- Amma siz özünüz də bunun inanc olduğunu deyirsiniz. Mən düşünürəm ki, hər inanc doğrudur deyə, bir şey yoxdur. Bu sualım primitiv səslənə bilər, amma məncə, mahiyyəti açır. “Quran”dan əvvəlkilər də Allahın kitabı idisə, onlar niyə dəyişdi? Necə oldu ki, Allah o biri kitablarının dəyişilməsinə şərait yaratdı, amma “Quran”ın yox?

 

- “Quran” ona görə təhrif olunmadı ki, o, sonuncu səmavi kitabdır. Allah “Quran”da vəd edir ki, onu qiyamətə qədər təhriflərdən qoruyacaq. Yəni, qiyamətə qədər “Quran”ın təhrif olunmayacağının zəmanətçisi Allahdır. Zatən “Quran” təhrif olunsaydı, yeni bir kitabın gəlməsinə ehtiyac yaranardı. Bizim inancımıza görə isə yeni bir kitab gəlməyəcək və “Qurani-Kərim” heç bir zaman təhrif olunmayacaq.

 

- İnanc rasionaldırmı? İnancda bəzi sütunlar var ki, o irrasional bünövrə üzərindədir.

 

- “Bəqərə” surəsinin 256-cı ayəsində buyurulur ki, dində məcburiyyət yoxdur. Kim istəyər inanar, kim istəyər inanmaz. Hər kəs necə düşünməyinə və necə inanmağına görə özü Allah qarşısında məsuliyyət daşıyır. Heç kim başqasını inandığına və ya inanmamağına görə sorğulaya bilməz. Bu mənada kiminsə fikirləşdiyi doqma deyil. Mənim də söylədiklərim doqma ola bilməz. Mən sadəcə, İslam dini ilə bağlı bildiklərim, oxuduqlarım çərçivəsində danışıram. Mən demirəm ki, dediklərim yüzdə yüz əsl İslamdır və ya mənim dediklərim yüzdə yüz doğrudur.

 

- Siz özünüz “Quran”ı yeni variantda, daha təkmilləşdirilmiş şəkildə tərcümə etməyi düşünürsünüz?

 

- Xeyr! “Qurani-Kərim”i tərcümə etmək üçün ərəb dilini və İslamı yüksək səviyyədə bilmək lazımdır. Mən nə ərəb dilini, nə də İslamı o səviyyədə bilirəm. Amma bəzi ayələr var ki, onların tərcüməsini və izahını oxuduqda fikirləşmişəm ki, mən onları başqa cür tərcümə və izah edərdim. Bu baxımdan nə vaxtsa həmin ayələri tərcümə etməyi düşünmədiyimi desəm, yalan olar.

 

- Məsələn, hansı ayələr?

 

- Məncə, bu barədə indidən nəsə demək hələ tezdir.

 

- Belə başa düşdüm ki, tərcümələr sizi qane etmir deyə, mövqe bildirməyi vacib hesab edirsiniz.

 

- Məni qane etmir deyə deyil. Fikirləşmişəm ki, bu şəkildə tərcümə və izah daha yaxşı olardı.

 

- Keçək işgüzar, gündəlik həyat tərzinizə. Deyəsən, şəxsi avtomobiliniz yoxdur.

 

- Şəxsi avtomobilim yoxdur, amma xidməti avtomobilim var.

 

- Şəxsi avtomobilinizin olmaması sizdə hər hansı bir narahatlıq yaratmır ki?

 

- Qətiyyən. Mən indi də yeri gələndə metrodan, avtobusdan istifadə edirəm. Gedəcəyim yer yaxın olduqda ora piyada gedirəm. Yəni şəxsi avtomobilimin olmaması mənə heç vaxt problem yaratmır. Ümumiyyətlə, lüks həyata meylli deyiləm, hətta ən böyük arzularımdan biri Azərbaycanı qarış-qarış, payi-piyada gəzməkdir.

 

- Bayaq dediniz ki, ailəniz dindar olmayıb.

 

- Güclü dini ənənələri olmayan bir rayonda - Laçında doğulmuşam. Ailəmiz dindar olmayıb. Milli təəssübkeşliyi dini təəssübkeşlikdən həmişə öndə tutan bir mühitdə böyümüşəm. Mənim üçün indi etnik və dini kimlik anlayışları biri-birinə zidd deyil. Onlar mənim milli kimliyimin daxilində vəhdət yaradırlar. Yəni, etnik və dini kimliyim birlikdə mənim milli kimliyimi formalaşdırırlar. Bunun ən gözəl ifadəsi bizim bayrağımızdır. Milli kimliyi inkar edən din anlayışını heç vaxt qəbul etməmişəm. İlahiyyatçı olacağımı da heç vaxt düşünməmişəm. Hətta ömrümdə birinci dəfə İlahiyyat fakültəsinə daxil olduqdan sonra məscidə getmişəm.

 

- Məscidə getmək zərurəti necə yarandı?

 

- O zaman Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi universitetin tələbə şəhərciyində yerləşirdi. İlahiyyat fakültəsinə yaxın yerdə isə “İlahiyyat” məscidi var idi. Biz bəzi fənləri praktiki baxımdan öyrənmək üçün məscidə gedirdik. İslam dininin əsasları fənninin bəzi bölümlərini “İlahiyyat” məscidində keçmişik.

 

- Bu gün Azərbaycandakı dinlər, təriqətlər tam araşdırılmır. Yəni, rəsmi statistika yoxdur...

 

- Əhalinin statistikası aparılanda insanların dini, inancı, təriqəti öyrənilmir. İnsanlar bunu bildirməyə məcbur deyillər. Amma təxmini hesablamalarımıza görə, ölkə əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini isə xristianlar, yəhudilər və digər dinin nümayəndələri təşkil edirlər. Bu gün Azərbaycanda “Krişna Şüuru” dini icmasının, “Bəhai” dini icmasının təəssübkeşləri var. Azərbaycanda həm dağ yəhudiləri, həm Avropa yəhudiləri, həm də gürcü yəhudiləri yaşayırlar. Təxmini hesablamalara görə, ölkə müsəlmanlarının 60-65 faizi şiə məzhəbinə, 30-35 faizi isə sünni məzhəbinə mənsubdur.

 

- Dini Komitə təkcə İslam təmayüllü təriqətləri araşdırmır. Biz bir informasiya ilə bağlı nə qədər araşdırma aparmağa çalışdıq, amma bir nəticə olmadı. Azərbaycanda yandırılma ənənəsi varmı?

 

- Mən belə bir hala rast gəlməmişəm. Amma bununla bağlı “Krişna Şüuru” dini icması müxtəlif vaxtlarda Komitəyə müraciət edib.

 

- Dəstək göstərməmisiniz?

 

- “Krişna Şüuru” dini icması mərasimlərinin təşkili üçün yer istəyirdi. Bəhailər isə ayrıca qəbiristanlıq salmaq üçün müraciət etmişdi.

 

- Gündüz, müəllim, Bəhailik bəzən zərərli təriqət kimi tanınır. Bu iddialarla razılaşırsınız?

 

- “Bəhai” dini icması qeydiyyatdan keçib. Bakıda və Sumqayıtda fəaliyyət göstərirlər. Bəhailik XIX əsrdən Azərbaycanda yayılıb. Bu dinə münasibətimə gəldikdə, nəsə deməyə çətinlik çəkirəm. Çünki məmur kimi bu barədə danışmağım düzgün olmazdı. Biz dini icmalara qanunun gözü ilə baxırıq. Əgər icmaların fəaliyyətində hər hansı neqativ hal varsa, buna şəxsi münasibət yox, qanun prizmasından yanaşırıq.

 

- Bir dəfə parlamentdə belə bir fikir səsləndi ki, ibadətlər, azan öz dilimizdə olmalıdır. Belə bir şey mümkündürmü?

 

- Yox, mümkün deyil. İslam dünyası bir dəfə bu mərhələni yaşayıb. Bir vaxtlar Türkiyədə namazın, ibadətlərin, azanın türkcə olmasına cəhd göstərilib. Amma özünü doğrultmayıb. O vaxt Türkiyədə azanın daha yaxşı tərcümə olunması üçün müəyyən variantlar seçilmişdi. Azanı nəzmə çəkmişdilər. Amma heç biri özünü doğrultmadı. Azan da, ibadət də ərəb dilində olmalıdır.

 

- Ateist kəsimlər var ki, dini tənqid edir. Əks mövqedə olanlara münasibətiniz necədir? Amma mən istəməzdim ki, bu sualıma sırf məmur prizmasından yanaşaraq cavab verəsiniz. Öz şəxsi fikriniz maraqlıdır.

 

- Biz XXI əsrdə yaşayırıq. Əgər düşünsək ki, heç kim dinə tənqid gözü ilə yanaşa bilməz, bu, düzgün olmaz. Hər kəsin öz mövqeyi, fikri var və hamı fikrini deməkdə sərbəstdir. İslamı digərlərindən fərqləndirən əsas xüsusiyyət də budur, digər fikirlərə açıq olmasıdır. Təəssüf ki, biz dinlə bağlı bəzən elə fikirlərə rast gəlirik ki, adam İslamın bir qrup cahilin dini olduğunu düşünür. Amma qətiyyən belə deyil. İslam dünyasının intibah dövrünə nəzər yetirin. O dövrdə elə alimlər var idi ki, onlar ateist idilər. Yəni, İslam orta əsrlərdə belə, fərqli fikitlərə icazə verib. Bunu demək istəyirəm.

 

- Xarici ölkələrdə çox olmusunuz?

 

- Çox yox, amma olmuşam.

 

- Hansı təəssüratla qayıtmısınız?

 

- Zaman etibarı ilə ən çox qaldığım ölkə Amerika olub. Layihə çərçivəsində Amerikada 1 aya yaxın qalmışam. Bu müddətdə Amerikanın 6-7 ştatında olmuşam. Gəldiyim qənaət bu oldu ki, Amerika mənim düşündüyüm ölkə kimi deyil, fərqlidir. Məsələn, mən fikirləşirdim ki, Amerikada İslama münasibət daha çox qara çalarlardan ibarətdir. Amma gördüm ki, heç də belə deyilmiş.

 

- Uşaqlarınız barədə də məlumat verərdiniz?

 

- Oğuz və Fateh İsmayıl adlı iki oğlum var. Oğuz bu il məktəbə gedəcək, Fatehin isə hələ 4 yaşı var.

 

- Onların dinlə məşğul olmağını istərdinizmi?

 

- Mənim valideyn kimi vəzifəm doğru olanı göstərməkdir. Qərar isə onlarındır.

 

- Azərbaycanda dini lider hesab olunan şəxslər var. Məsələn, Hacı Qamət, hətta Hacı Şahin Həsənli və digərləri. Bəzən onların dedikləri birmənalı qarşılanmır. Adlarını sadaladıqlarımın çıxışlarında təriqətlərə çağırışları sezmək olar. Hacı Şahinin əvvəlki moizələrində də bu var idi, indi isə azalıb. Hacı Qamət isə bəllidir.

 

- Mən siz dediyiniz adamları dini lider adlandırmağın qəti əleyhdarıyam. Ölkədə İslam təmayüllü bütün dini icmaları təşkilati və şəriət məsələsində özündə birləşdirən Qafqaz Müsəlmanları İdarəsidir. Bu idarənin fəaliyyəti qanunla tənzimlənir və onun sədri var. Yalnız o, bütün İslam dini icmalarının adından danışa bilər. Digərlərinin isə belə bir səlahiyyəti yoxdur. Ölkədə şəriətlə bağlı məsələlərdə yalnız və yalnız Qafqaz Müsəlmanları İdarəsi tərəfindən verilən fətvalar əsas götürülür. Qalanları isə şəxsi mövqelərdən ibarətdir.

 

Aqşin KƏRİMOV

525-ci qəzet.- 2016.- 9 yanvar.- S.8-9