Səhnə sehrinin sərhədsizliyi
İstedadlı
teatrşünas və jurnalist Yaqub Əlioğlu
çoxsaylı elmi-nəzəri, publisistik məqalələrin,
teatr tamaşalarına aid maraqlı resenziyaların,
ayrı-ayrı aktyor və rejissorlara həsr olunan portret oçerklərin və
monoqrafiyaların müəllifidir.
Onun
yaradıcılığı çoxşaxəlidir:
yazıçı, teatrşünas, ssenarist, tərcüməçi.
Onun görkəmli sənətkarların
yaradıcılığına həsr olunmuş ssenari müəllifi
və aparıcısı olduğu 30-dan çox televiziya
verilişləri Azərbaycan Televiziyasının qızıl
fondunda saxlanılır. O, teatr sənəti və sənətkarlarına
həsr olunmuş "Səhnə rampasının sehri",
"Özlərini səhnədə görənlər",
"Rejissorla üz-üzə", "Səhnədə izi
olanlar", "Şuşa teatrı","Sənət
çevrəsinin sakinləri" kitablarının müəllifidir.
Ssenariləri əsasında 70-dən çox sənədli
televiziya filmi çəkilib. Y.Əlioğlunun
hekayələrindən ibarət "Güllələnmə"
kitabı 2013-cü ildə çapdan çıxıb.
O, dünya dramaturgiyasından bir sıra əsərləri
doğma dilimizə tərcümə edib. Y.Əlioğlu
"Qızıl qələm", "Qızıl Dərviş",
"Nailiyyət" mükafatları laureatıdır.
Sənətdə iz qoyan insanlar haqqında Y.Əlioğlu
yazır: "Bir yandan dolub, o biri yandan boşalan bu
işıqlı dünyada, öz əməli, işi ilə
iz qoyub gedənlər, illərin qoynunda dövr və
zamanın görüm bucağından, yaddaşlarda
çözələnməklə xatırlanırlar. Təbii
bu anmalar, həmin şəxslərin gördükləri
işlərin yükündən, çəkisindən
asılı olaraq, dünyaya göz açdıqları məkandan
başlayaraq ailədə, məhəllədə, dostlar
arasında, kənddə, şəhərdə, bəzən də
bütöv bir xalqın qəlbində-dilində, yeni nəsillərə
onların gördükləri işlərin dəyərli
örnəklərindən söz açırlar". Fikrimcə, istedadlı qələm sahibi
Y.Əlioğlu da yazdıqları əsərləri ilə iz
qoymuş ziyalılarımızdandır.
Teatrşünasın "Qu quşunun nəğməsi"
adlı kitabı mədəniyyət tariximizdə xüsusi
rolu olan, görkəmli balet ustası, Xalq artisti Leyla Vəkilovaya
həsr olunub.
Müəllifin bu kitabı "Şərq-Qərb"
Nəşriyyat Evində sənətşünaslıq doktoru,
professor İlham Rəhimlinin elmi redaktorluğu ilə çap
olunub. Kitabda balerinanın bədii portreti,
yaratdığı obrazların bədii-estetik özəllikləri,
füsunkar və lətafətli rəqsi oynadığı
rolların əsasında aşkarlanır. Öncə qeyd edim ki, kitab zəngin nəzəri
materiallara istinadən yazılıb. Müəllif balet sənəti
ilə bağlı nəzəri-estetik konsepsiyaların
kontekstində balerinanın yaradıcılığını
hərtərəfli təhlil etməyə nail olmuşdur. Müəllif düzgün qeyd edir ki, əslində
Leyla Vəkilovadan yazmaq, Azərbaycan baletinin tarixindən yazmaq
deməkdir. "XX əsr: Azərbaycanda
balet heyrəti" bölümündə balet
teatrının yaranmasından, dünya incəsənəti
tarixində yerindən əhatəli məlumat verilir və təhlillər
aparılır. A.Fransın fikridir: "Dünyanın
gözəlliyi incəsənətlə
bağlıdır". Böyük fəlsəfi
fikir qaynağı kimi incəsənətə təsir edən
əsərlər söz sənəti ilə rəqsin vəhdətini
ifadə etmişdir. Müəllifə
görə rəqs insanları bir-birinə
yaxınlaşdırır, doğmalaşdırır. Rəqslər hər bir millətin tarixi-mənəvi
kodudur. Rəqsin zirvəsini isə balet
tamaşaları təşkil edir. Əslində
balet tamaşası musiqi ilə xoreoqrafik rəqsin sintezindən,
vəhdətindən yaranır.
Müəllif diqqəti belə bir cəhətə
yönəldir ki, İtaliya xoreoqraflarının təsiri ilə
inkişaf edən balet, Fransada özünün yeni səhifəsini
yazmış oldu. XVIII əsrin ikinci yarısından isə
balet fransız baletmeysteri J.J.Noverin həyata keçirdiyi
islahatlar sayəsində səhnə sənətinin müstəqil
növünə çevrilir. Sonralar Rusiyada
balet sənətinin təşəkkülü dünya
baletinin inkişafında mühüm rol oynadı. Dərin
elmi tutuma və zəngin faktoqrafiyaya malik kitabda Azərbaycanda
baletin yaranma tarixinə nəzər salan müəllif
yazır: "Azərbaycan SSR Xalq Maarif Komissarlığı
Kollegiyasının qərarı ilə 1922-ci il
aprelin 29-da, Əli Bayramov adına Mərkəzi klubun nəzdində
"Balet" studiyasının açılmasına qərar
verildi. 1923-cü il avqustun 18-də
Bakıda daha bir ritm və rəqs studiyası
açıldı. 1925-ci ildə Dövlət
Opera Teatrının kollektivində yaradılmış balet
truppası nəzdində, azərbaycanlı kadrlar yetişdirmək
məqsədilə daha bir studiya yaradıldı. 1929-cu ildə bu xoreoqrafiya studiyasının ilk
buraxılışı oldu. Onların
arasında yeganə azərbaycanlı qızı milli
baletimizin tacı Qəmər xanım Almaszadə də vardı.
1929-cu ildə Xalq Maarif Komissarlığı
Kollegiyasının qərarına əsasən bu studiyalar birləşdirilərək
Bakı Xoreoqrafiya Məktəbinə çevrildi".
Sənətkarın yaradıcılıq yolunu dərindən
bilməyin nəticəsidir ki, Y.Əlioğlu Leyla Vəkilovanın
yaradıcılığını xronoloji
ardıcıllıqla tarixi kontekstdə araşdırır. O, haqlı olaraq belə qənaətə
gəlir ki, 1943-cü ildə 16 yaşında Bakı
Xoreoqrafiya Məktəbini bitirən Leyla Vəkilova diplom
işi olan P.Çaykovskinin "Qu gölü" baletində
Odiliya rolu ilə səhnəyə gəlir və
tamaşaçılar tərəfindən alqışlarla
qarşılanır. 1945-46-cı illərdə
isə o, SSRİ Dövlət Akademik Böyük Teatrın nəzdindəki
Moskva Xoreoqrafiya Məktəbində təhsil alır.
Moskva teatr mühiti görkəmli sənətkarın bir
xoreoqraf kimi dünyagörüşünün
formalaşmasına və balet sənətinin sirlərinə
dərindən bələd olmasına öz töhfəsini verdi.
Müəllifin orijinal təhlil manerası, mövzuya
xüsusi bələdliklə yanaşması, nəzəri-estetik
mülahizələri və dünya balet sənəti ilə
düşərli müqayisələr aparması ilk
baxışdan diqqəti cəlb edir. Kitabda müəllifin
mövzuya yanaşma tərzindəki yeniliyi, sistemliliyi və
elmiliyi görməmək olmur. Belə ki,
Y.Əlioğlu konkret olaraq görkəmli balet ustasının
bənzərsiz sənəti barədə fikir və
mülahizələrini balet sənəti və xoreoqrafiya nəzəriyyəsinə
münasibət kontekstində bildirir. Milli
balet sənətinin tarixində xüsusi yeri olan balerinanın
səhnədə yaratdığı yadda qalan parlaq
obrazları yüksək qiymətləndirərək qeyd edir
ki, "hər dəfə səhnəyə
çıxdıqda, Leyla Vəkilova musiqinin
daşıdığı missiyaya üstünlük verərək,
melodiyanı öz təbiətində duyur. Bu isə balerinaya imkan verir ki, səhnədə
canlandırdığı obrazı canlı, emosional, təbii
təqdim etsin". Balerinanın virtuoz oyunu ilə səhnədə
yaratdığı Odetta ("Qu gölü"), Sari
("İldırımlı yollarla"), Aişə
("Yeddi gözəl"), Gülyanaq ("Qız
qalası"), Tao Xoa ("Qırmızı lalə"),
Gülşən ("Gülşən"), Şirin ("Məhəbbət
əfsanəsi"), Zarema ("Baxçasaray fontanı")
və s. rolları zəngin balet texnikası, güclü
plastika və cazibəli rəqs milyonlarla sənətsevərlərin
alqışını qazandı. Və bu
obrazlar balet tariximizə canlı, yaddaqalan bitkin obrazlar kimi
daxil olmuşdur. Leyla Vəkilova
ömrünün sonuna kimi bu sənəti böyük sevgi və
məhəbbətlə tərənnüm etdi və balet sənətinin
zirvəsinə ucaldı. Ecazkar sənəti
ilə dünya səhnələrini fəth etdi və
böyük şöhrət qazandı. Polşada,
Suriyada, Hindistanda, Bolqarıstanda, Fransada, Macarıstanda,
İtaliyada, Türkiyədə, Almaniyada və digər şəhərlərdə
qastrollarda olmuş və yüksək fəxri adlara layiq
görülmüşdür. Müəllifin gəldiyi
qənaət əsasən bundan ibarət olmuşdur ki, əsl
sənətkar üçün ən böyük xoşbəxtlik
insanların qəlbinə yol tapa bilməsidir. Leyla Vəkilova xalqın sevgisini və məhəbbətini
qazanan sənətkar idi. Sənət onun
varlığı, ilham mənbəyi idi. Ömrü,
taleyi bir əfsanə olan, balet sənətinin
inkişafında misilsiz xidmətlər göstərmiş
Leyla Vəkilova sənətinin sehri sərhədsizdir.
Kitabda balerinanın Tiflis qastrolu zamanı gürcü
tamaşaçılarına təqdim etdiyi Aişə
("Yeddi gözəl"), Sari ("İldırımlı
yollarla"), Şirin ("Məhəbbət əfsanəsi"),
Odetta ("Qu gölü") obrazlarından söz açan
müəllif Tiflis qəzetlərində Leyla Vəkilovanın
sənətkarlığına həsr edilən yazılara da
xüsusi yer ayırır. Baletin tarixi, təzahür
formaları və özünəməxsusluğu ilə
bağlı müəllifin nəzəri fikirləri balet nəzəriyyəsinə
yeni çalarlar gətirir. O yazır: "Səhnədə
gözəl rəqs etmək hələ hər şey demək
deyil. Baletdə əl və ayaq musiqini
bütün varlığı ilə duymaq güclü
plastika, geniş texniki imkanlar balet artistinə çox şey
verə bilər. Lakin bütün bunlar da
azdır. Balet artisti öz oyununa ürək
döyüntüsünü, hiss və həyəcanı da əlavə
etməlidir. Güclü fiziki imkan, daxili
istəklə üst-üstə düşdükdə, balet
artisti səhnədə özünü yüngül, belə
demək mümkünsə, quş kimi hiss edir". Leyla xanım Vəkilova bir müddət Azərbaycan
Dövlət Rəqs Ansamblının bədii rəhbəri
kimi milli rəqsimizin ən gözəl nümunələrini
dünya səhnələrində uğurla nümayiş
etdirmişdir.
Kitabda balerinanın pedaqoji fəaliyyətinə
ayrıca bölmə ayıran müəllif qeyd edir ki, o,
1953-cü ildən ömrünün sonuna kimi Bakı
Xoreoqrafiya Məktəbində klassik rəqslər fənnindən
dərs demiş, istedadlı gənc balerinaların
seçilib üzə çıxmasında böyük
işlər görmüşdür. Onun vaxtı ilə dərs
dediyi tələbələri Azərbaycanda, Moskvada və
Almaniyada balet sahəsində səmərəli fəaliyyət
göstərirlər.Bu gün Bakı Xoreoqrafiya
Akademiyasında onun dərs dediyi auditoriyada öz yetirmələri
dərs deyir.
Kitabda Leyla Vəkilova sənətinə verilmiş qiymətli
fikirlərdən bəzilərini oxucuların diqqətinə
çatdırıram.
Cəfər Cəfərov: "Bənzərsiz, təkrarsız oyunu ilə roldan-rola balet sənətində boy atan, öz sənətkarlığını cilalayan Leyla Vəkilovanın repertuarında Azərbaycan baletlərinin xüsusi yeri var. Leyla Vəkilova öz sənətkarlığı ilə respublikadan kənarda da məşhurdur".
Gürcüstanın Xalq artisti Zurab Kikaleişvili: "Qız qalası" baleti biz tamaşaçıları təkcə qulaq oxşayan musiqi ilə deyil, ifaçıların parlaq xoreoqrafik çıxışları ilə valeh etdi. Teatrın aparıcı balerinası Leyla Vəkilova özünün təkrarsız virtuoz texnikası ilə hamını heyrətləndirirdi. Onun fəzada yüksək uçuşları, barmaqucu fırfırası, ən əsası isə özünün bütün imkanlarını obrazın daxili dünyasının açılmasına yönəldə bilməsindədi".
Görkəmli sənətkarların Leyla Vəkilovaya ünvanladıqları məktublar və teleqramlar da kitabda yer alıb.Kitabda irəli sürülən elmi mülahizələr, ayrı-ayrı bölümlərdə qaldırılan məsələlər və onların çözümü, yekunlaşdırılan ümumiləşdirilmələr sənətkarın səhnə fəaliyyətini aydınlaşdırmaq üçün əsas verir.
Fikirlərini əsaslandırmaq üçün o, dünya sənət düşünərlərinin əsərlərinə, Azərbaycan alimlərinin fikirlərinə istinad edir.
Müəllif doğru olaraq belə nəticəyə gəlir ki, Leyla Vəkilova Azərbaycan balet sənətinin inkişafında misilsiz xidmətlər göstərdi. Həm mahir ifaçı, həm də böyük bir balet məktəbinin yaradıcısı kimi, ömrü boyu Azərbaycan incəsənətinin əsl fədaisi və yorulmaz təbliğatçısı oldu.
Yeri gəlmişkən qeyd edim ki, Yaqub Əlioğlu Leyla Vəkilovaya həsr etdiyi ekranlarda nümayiş etdirilən "Balet uçuş deməkdir" verilişinin də müəllifidir.
O, kitab üzərində işləyərkən çoxsaylı mənbələri və zəngin materialları nəzərdən keçirmiş, dərin analitik təhlillər aparmış və düzgün nəticələr çıxarmışdır.
Bütün elmi məziyyətləri ilə bərabər Y.Əlioğlunun "Qu quşunun nəğməsi" kitabı həm də balet sənəti ilə bağlı gərəkli bir dərs vəsaitidir. Aydın, səlis bir dillə yazılmış bu kitab böyük zəhmətin məhsuludur və sözsüz ki, mədəniyyət və incəsənət sahəsində çalışan mütəxəssislərin, eləcə də xoreoqrafiya ixtisası üzrə təhsil alan tələbələrin diqqətini tezliklə cəlb edəcəkdir.
Xanoğlan Vəfa
525-ci qəzet.- 2016.- 13 yanvar.- S.7.