Yaşasın kitab!
ANKARA
KİTAB SƏRGİSİNİN AÇILIŞINDA ANARIN
ÇIXIŞINDAN
Əziz
dostlar, dəyərli qatılımçılar! İlk öncə
məni bu möhtəşəm fuara
onur qonağı kimi dəvət edənlərə içdən
təşəkkürümü bildirmək istəyirəm.
İstanbulda Çiçək passajı var, Bakıda da Kitab passajı deyilən bir yer vardı, orda kitablar satılırdı.
Mənim
çocuqluğum və
gəncliyim o Kitab passajının üstündə,
3-cü mərtəbədə, atamgilin mənzilində keçib. Mən dərsə gedərkən
və dərsdən dönərkən bu passajın çeşidli
kitablarla dolu cərgələrindən keçib
gedərdim və mənə yemək üçün verilən
pullara da qənaət edib kitablar alardım. Valideynlərimin də zəngin
kitabxanası vardı
və ömrüm, demək olar ki, kitabların arasında keçib.
Bəlkə gələcəkdə yazıçılıq peşəsini
seçməyimin başlıca
səbəblərindən biri
də elə bu - kitaba aludəçilik
olub.
Bəzən belə bir bölgü aparırlar: Ədəbiyyata həyatdan
gəlmiş yazıçılar
və Kitablardan gəlmiş yazıçılar.
Məncə, daha önəmli
məsələ yazıçının
hardan gəlməsi deyil, gəlib hara çıxmasıdır.
Yəni istər həyatdan, istər mütaliədən
gələn qələm
əhli həqiqətən
də əsl ədəbiyyat səviyyəsinə
çata bilibmi, yoxsa yarıyolda qalıb?
Sonralar ayrı
yaşamağa başlayanda
da daima kitab yığmışam,
indi mənim və həyat yoldaşımın kitabları
əlindən evimizdə
tərpənməyə yer
yoxdur.
Bizim günlərdə
səmti göstərərkən
"Kitab passajı"
deyəndə yeni nəsildən olanlar haranın nəzərdə
tutulduğunu anlaya bilmirlər. İndi, nə yazıq
ki, əski Kitab passajında kitabdan başqa, nə desən satılır. Ticarətin hər
növü kitaba qalib gəlib, onu sıxışdırıb
aradan çıxarıb.
Bəzən acı-acı düşünürəm: nəsil-nəsil bu qədər kitab toplamağa ehtiyac varmıydı? İndi nəvələrim və ümumiyyətlə, yeni nəslin nümayəndələri bilgisayarda internetə çıxaraq dünyanın istənilən kitabını an içində əldə edə bilirlər. Deməli, daş üzərində həkk olunmuş qədim Şumer mixi yazılarından, Orxon-Yenisey rünik kitabələrindən, nəfis Orta əsr miniatürləri ilə süslənmiş Şərq əlyazmalarından, Quttenberqin çap maşını ixtirasından bəri min illər, əsrlər boyu ömür sürmüş kitab mədəniyyəti məhz bizim günlərdə sona çatır? Virtual dünyada onun daha yeri yoxdur?
Kitablar kağızda çap olunur, kağızı ağaclardan istehsal edirlər. Deməli, ormanların, təbiətin genetik yaddaşını, qoxusunu yaşadan kitabı, onun məhrəm hənirini kompüter ekranının şəffaf soyuğu əvəz etməlidir?
Bununla razılaşmaq və buna inanmaq istəmirəm. Elə bu fuarı başdan-başa gəzərkən kitabın bu çağımızda da yaşadığını, gərək olduğunu əyani şəkildə görürük. Türkiyənin 3000-dən artıq nəşriyyatı hər il milyonlarla kitab çap edirsə, deməli, bu kitabları alanlar da, oxuyanlar da var, virtual münasibətlər əsrində kitaba sadiq qalanlar da az deyil. Kitab insanları zənginləşdirir, xalqları doğmalaşdırır, ölkələri, qitələri yaxınlaşdırır. Müharibələr bir təcavüzkar dövlətin başqasının torpağına ərazi iddiasından, təbii sərvətlərinə tamah salmasından, əhalisini ram etmək cəhdindən doğur. Davaların ideoloji, siyasi, dini, milli səbəbləri olur. Amma tarixdə heç bir savaş mədəniyyət zəminində, sənət özəllikləri səbəbindən başlamayıb. Heç bir dövlət başqasının üstünə: - Mənim sənətkarım, şairim, səninkindən böyükdür - deyib hücum çəkməyib.
Bax elə bu fuarda da müxtəlif məzmun daşıyan kitablar yan-yana düzülmüşlər, qonşudurlar. Dünyəvi və dini kitablar, bədii və elmi ədəbiyyat, sol və sağ əqidələri əks etdirən siyasi nəşrlər, al-əlvan çocuq kitabları, tibb və idman, tarix və müasirlik, gerçəkçi təsvirlər və fantastika, polis və macəra romanları, şeirlər və pyeslər, esselər və araşdırmalar dava-dalaşsız, zamandaş kimi birgə ömür sürürlər.
Ədəbiyyat - Savaşın yox, Barışın carçısıdır. Ədəbiyyat və onun əsrlərin sınağından çıxmış elçisi - Kitab - millətlər arasında da, ayrı-ayrı insanlar arasında da ən etibarlı mənəviyyat körpüsüdür.
525-ci qəzet.- 2016.- 14 yanvar.- S.7.