Anar Ankara Kitab Sərgisinin fəxri qonağı olub
Yanvarın 8-də Ankarada 10-cu kitab fuarının (sərgisinin)
açılışı keçirilib.
Ənənəyə əsasən, bu il sərginin
qonaq ölkəsi İran İslam Respublikası, şəxs
olaraq Fəxri qonağı isə Azərbaycan Yazıçılar
Birliyinin sədri, Türkdilli xalqların Yazıçılar Birliyinin
başqanı Anar idi. Açılış mərasiminə Xalq
yazıçısı Anar
da çıxış
edərək kitablar onun həyatındakı və çağdaş dünyadakı yeri barədə fikirlərini
bölüşüb.
Sərgidə Anarın son illərdə
Türkiyədə çıxan
kitabları - "Kerem
gibi - Nazım Hikmet", "Sizsiz",
"Nazar boncuğu"
("Göz muncuğu")
habelə Ayşə Atayın "Anar, hayatı, sanatı ve hekayeleri" kitabı təqdim edilib. Açılışda sərginin təşkilatçısı
Remzi Çayır, Türkiyənin Kitabxanalar
genel müdiri Hamdi Türşuçu, İranın Türkiyədəki
səfiri Ali Rza Biqdeli (o, əvvəllər
Azərbaycanda da səfir olub), Anar və Avrasiya
Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu çıxış
ediblər.
Yanvarın 9-da Avrasiya Yazarlar Birliyində Anarın gənc yazarlarla görüşü keçirilib. Üç saat
davam edən söhbətdə Anar gəncləri maraqlandıran
yaradıcılıq məsələlərinə
aid suallara ətraflı
cavablar verib.
Yanvarın 10-da saat 14-dən 15:30-a qədər sərgidə
Anarın imza mərasimi keçirilib. Saat yarım ərzində yazıçının imzaladığı
200 qədər kitab alınıb. Yazarlar, elm adamları
və mətbuat, nəşriyyat işçiləri,
müəllimlər, tələbələr,
keçmiş vali və keçmiş nazir də Azərbaycan
yazıçısının kitablarını alanlar sırasında olublar.
525-ci qəzet.- 2016.- 14 yanvar.- S.7.