“Azərbaycan” qəzetində
parlament hesabatları və şərhlər
Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi qarşısında
I cild
(noyabr 1918 - aprel 1920)
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
əlifbasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi: Şirməmməd
Hüseynov
Transliterasiya
redaktorları: professor
Şamil Vəliyev, elmi işçi Samir
Xalidoğlu (Mirzəyev)
Azərbaycan
Parlamanı ətrafında
Qanuni-əvvəlin 2-də bələdiyyə idarəsində
Bakı şəhəri müsəlmanlarından Azərbaycan
parlamanına 5 nəfər nümayəndə intixab edilməsi
üçün iclas vaqe olmuşdur. Seçki nəticəsində Azərbaycan
parlamanına intixab edilənlər bunlar olmuşlardır:
Qara bəy Qarabəyov, Ağazeynal Tağıyev, Ağa
Aşurov, Ağa bəy Səfərəliyev və
Əliağa Həsənov.
“Azərbaycanda yaşayan polyak təşkilatları
şurası tərəfindən Azərbaycan parlamanına
dava vəkili S.A.Vansoviç intixab edilmişdir.
“Azərbaycan Cümhuriyyətində yaşayan
gürcü əhalisinin mili şurası iclasında Azərbaycan
parlamanına Q.İ.Tsıxaqaya intixab edilmişdir.
“Azərbaycan Cümhuriyyətində yaşayan yəhudi
əhalisinin şurayi millisi iclasında Azərbaycan
parlamanına yəhudi şurayi millisi sədri doktor M.A.Quxman
intixab edilmişdir.
“Azərbaycanda yaşayan alman əhalisi tərəfindən
mühəndis Fon Azərbaycan parlamanına nümayəndə
intixab edilmişdir.
“Şurayi-Millinin 3 qanuni-əvvəl tarixli iclasında
Şurayi-Milli qanunnaməsinin ikinci qeydi müqtəzasınca
Asəf bəy Şıxəlibəyov həzrətləri Məclisi-Məbusan
əzalığına intixab edilmişdir.
“Təşrini-saninin 3-də ticarət və sənaye
ittifaqının iclasında Azərbaycan parlamanına əksəriyyəti-ara
ilə Yusif Əhmədov intixab edilmişdir. Şura
fövqüzzikr Yusif Əhmədov cənablarına parlamanda
sülh və asayişi-ümumiyyəyə
çalışmaq və məmləkətin ticarət, mədəniyyət
və iqtisadiyyatını yüksəltmək
üçün çalışmasına dəsturüləməl
vermişdir. Əlavə Yusif Əhmədov
cənabları ittifaq namindən parlaman nəzdində bir yer əvəzində
5 yer almaq üçün təşəbbüsatda
bulunmalıdır. Zira ticarət və sənaye
müəssisəsi məmləkətin tərəqqi və təalisi
üçün böyük əhəmiyyəti-haiz bir
müəssisidir.
“Tiflisdən Milli-Şura əzası, Gürcüstan
hökuməti əndindəki siyasi nümayəndəmiz Məhəmməd
Yusif Cəfərov, Nərimanbəyov və Ağamalıyev cənabları
Bakıya varid olmuşlardır.
“Azərbaycan parlamanının güşadı elanı
münasibətilə Azərbaycanın bir çox yerlərindən
müsəlman və qeyri-müsəlmanlardan bir çox təbrik
teleqramları gəlmişdir ki, vəqtilə təb ediləcəkdir.
“Azərbaycan”,
5 dekabr 1918, ¹56
Bakı,
7 qanuni əvvəl
Bir çoxu əvvəllərdə
təşrini-saninin 16-cı gününə intiqadi təyin
edilmiş parlamanı bu gün açılan
parlamanımız ilə bir nəzərdə tutmağa iman edəmiyorlar.
“O vəqt başqa
idi, indi isə başqa bir vəqtdir” - diyorlar.
“O vəqt
siyasi vəziyyətimiz digər idi, indi isə digərdir” -
söyliyorlar.
Buna görə də bir qədər soyuqluq, bir qədər
tərəddüd, bir qədər şübhə, bir qədər
skeptizm müşahidə ediliyor.
Öylə
əsəbi nazik və tez hissiyatə uğruyan qardaşlarımız bunu bilməlidir
ki, nə qədər “siyasi vəziyyət” dəgişəcəksə-dəgişsin,
nə qədər “bu vəqt” o “vəqtə” bənzəmiyəcəksə-bənzəməsin,
lakin qayə və amal birdir.
İnsan qəlbində bəslədigi amalın və
idealın tərvicinə vəqt müsaidəsi istəməz. Nə vəqt
olursa-olsun, nə zəman olursa-olsun, hal və övza nə
dürlü dəgişir-dəgişsin, mətanəti-qəlbiyyə
ilə müəyyən bir amal və qayəyə xidmət
edən şəxs tərəddüdə
uğraşmamalıdır.
Bəd:
bu gün parlamanımız açılması özü buna
dəlalət edir ki, “siyasi vəziyyət” bir o qədər də
dəyişməmişdir. Lakin aralıqda bir qədər
müşkülat törəmişdir ki, onun dəfinə
çalışmaq həmin parlamanımızın vəzifəsindən
ədd olunacaqdır. Bu etiqadla heç bir tərəddüdə
yer verməksizin, Azərbaycan türkləri bu gün milli
parlamanlarının güşadını alqışlamaqla
onun fəaliyyətinə və iş görməsinə
yardım etməlidirlər.
Yaşasın
milli parlamanımız!
Yaşasın
istiqlaliyyətimiz!
“Azərbaycan”,
7 dekabr 1918, ¹58
Tarixi
günümüz
1337 sənəyi-hicrisi
rəbiüləvvəlin 2-ci günü Türk-Azərbaycan tarixində
xüsusi bir yer tutub böyük bir əhəmiyyəti haiz
olacaqdır.
Bu gün o gündür ki, Azərbaycan türklərinin
Milli Məclisi, Milli Şurası açılıb, Azərbaycan
təkmil bir hökumət şəklinə girir.
Yüz,
yüz əlli sənə bündan əvvəl müxtəlif
xanlıqlardan ibarət olan Azərbaycan torpağının
rus istilasından qazandığı bir mənfəət o oldu
ki, bu topraq üzərində qurulmuş olan saxta və əməli
hüdudları silinib-süpürülüb müttəhid və
vəsi bir ərazi şəklinə girdi və bu gün xilas
olub da iki milyonu mütəcaviz nüfusilə Azərbaycan
Cümhuriyyəti namini daşımağa kəsbi-ləyaqət
etdi.
Pəs bu
gün haman bu Azərbaycan Cümhuriyyətinin
Milli Parlamanı, Milli Məclisi açılmaqla təşkilat
və tərtibati-siyasiyyəsi artıq itmamə yetir.
Parlamanımız daxilən və xaricən nə şərait
içində açılır?
İstiqlalımızın felən yürüdülməsinə
qarşı bugünki cahan zorluları tərəfındən
məmaniətlər göstərilmiyorsa da, qəbuluna da hələ
qol qoyanlar yoxdur. Məsələnin həlli,
istiqlalımızın rədd və ya qəbulu gələcək
sülh konfransının baxacaq işlərindəndir.
Bir tərəfdən
dəxi Türk-Azərbaycan Cümhuriyyətində vətəndaşcasına
yaşamaq, asayiş və istirahətimizin təmini yolunda əl-ələ
verib çalışmağa dəvət etdiyimiz qeyri-müsəlmanlar
arasında öylələri tapıldı ki,
uzatdığımız ələ arxalarını
çevirib parlamanımızı və hətta Cümhuriyyətimizi
belə “namüssəm” ədd edərək
istiqlalımıza qarşı bədxah olduqlarını indidən
bildirdilər. Bunların içində hətta “boykot”
sözünün istemalı kimi qabalıq və nəzakətsizlik
göstərənlər də olmadı deyil.
Daxilən
dəxi
quldurluqları və ya rəsmi hökumət məmurluqları
hələlik bizcə bəlli olmayan bir takım müsəlləh
ermənilərin hüdudumuza təcavüz edib Azərbaycan
müsəlmarları həqqində icra etdikləri qətl və
qarət, zülm və cəfa xəbərləri cümləmizi
mükəddər və mütəhəyyus etməkdədir.
Bu şərait, nə qədər mucibi-məsərrət
olmasa da, parlamanımızın açılmasına
qarşı məmaniət təşkil etmədi; biləks, Məclisi-Millimizin
tezlik ilə açılmaq lüzumiyyətini meydanə qoydu.
Çünki
yuxarıda icmalən zikr etdiyimiz əhvalatın bilaxirə
Türk Azərbaycan Cümhuriyyəti üçün
mübarək və müsaid bir yola düşməgi - məhz
parlamanımızın vücudindən və çalışmasından asılı
bir məsələdir.
Böylə olan surətdə, deməli, qəlbimizdə
bəslədigimiz ümid - parlamanımızadır. Və ümidvarıq ki,
cavan parlamanımız bu ümidimizin hüsuli yolunda var
qüvvəsilə çalışacaq və siyasi imtəhanını
xaricilər ənzari qarşısında parlaq bir surətdə
verməklə vətənimizin istiqlal və azadlığına
birinci səbəb olacaqdır.
Yaşasın
Türk-Azərbaycan Cümhuriyyətinin cavan parlamanı!
Hacıbəyli
Üzeyir
“Azərbaycan”,
7 dekabr 1918, ¹58
Namüssəm-qəti
surətdə qərar verilməmiş, qət edilməmiş
Azərbaycan
Parlamanı dəvəti münasibətilə
-4-
Bu gün Azərbaycanın həqiqi sahibləri - xəlq
öz nümayəndələri lisanilə parlaman
kürsi-xitabətindən öz arzu və amallarını aləmi-bəşəriyyət
hüzurunda nümayiş etdirəcəklərdir.
Azərbaycan
türkləri məhkum ikən hüquqi-milliyyə və
istiqlal mübarizəsi düsturu
olaraq meydanə atmış olduğu “yaşa və
özgələrə yaşamaq imkanı ver”
şüarına sadiq qalaraq məhkum ikən tələb
etdigi mütənasib nümayəndəlik əsasını
müstəqil olduqda da unutmayaraq Azərbaycanda əqəliyyət
təşkil edən millətlərin də mütənasib
nümayəndəlik həqqinə riayətlə bu əsas
üzərinə parlaman çağırmağı lazım
bildilər.
Azərbaycan
türkləri həmişə ağalıq, hakimlik
üçün degil, hüquqi-milliyyə və bəşəriyyənin
təmini üçün
çalışdıqlarını bir daha isbat edərək
cümhuriyyətimiz daxilində yaşayan ümum vətəndaşlarımızı
həyatımızın quruluşunda iştirakə dəvət
etdilər, Azərbaycanda heç millət, heç sinif,
heç silk hakim, ya məhkum ola bilməz,
hamı vətənin həm ağasıdır, həm nökəri.
Hər bir vətəndaş gərək
ümumi vətənin səadətilə məsud, ələmilə
mövləm olsun.
Hamı
özünü müsavülhüquq vətəndaş hiss
etsin. Bu isə məmləkət daxilində yaşayan
bütün vətəndaşların gərək nəşriyyə
və gərək icraiyyə müəssisələrində
miqdarına mütənasib nümayəndəliklə
iştirak etməsilə hasil ola bilər. Bu mülahizə ilədir ki, Azərbaycan
parlamanına da hər millətin miqdarına görə
nümayəndəlik dəvət edilmişdir.
Parlamanın bugünki iclasında bütün millətlərin
nümayəndəligi üz-üzə gələrək məmləkətimizin
gələcək müqəddəratını təyinə
şüru ediləcəkdir.
Fəqət bu iclasda milli nümayəndəlik əsasına
riayətlə bərabər vətənimizin mənafei və
bütün istiqlalımızın bu heyət əlində
olduğu nəzərə alınaraq burasına diqqət verməlidir
ki, parlamana milli nümayəndəlik bayrağı altında
hər təsadüfi gəldi-keçər nümayəndələr
daxil olmuyub, ancaq Azərbaycan vətəndaşları
iştirak etsinlər. Buraya gələcək nümayəndələr və
onları göndərən təşkilat özlərini Azərbaycan
vətəndaşı hiss edərək gəlməli və
göndərilməlidirlər. Bu gün parlaman
açılmasilə hökumət təşkili məsələsinin
də növbəti gəldigi və həllinin tamamilə
parlamandan asılı olduğu nəzərə alınarsa, bu
məsələnin əhəmiyyəti bir qat daha artır.
Həftələrdən bəri mövzuyi-bəhs
olan hökumət təşkili məsələsində millətlər,
firqələr və siyasi cərəyanlar arasında hələ
bu vəqtədək ümumi bir dil tapılmamış və
uzlaşma hasil olmamışdır.
Müştərək hökumət təşkili məsələsi
hal-hazırda ən ixtilaflı bir məsələdir. Bunun ətrafında
bu gün hirs və təmələr qaynaşaraq min
dürlü qeydlər, şərtlər qoyulur. Bəziləri
müştərək
Azərbaycan hökuməti təşkilinə
iştirak etmək üçün Ümumrusiya Məclisi-Müəssisanının
Azərbaycan hökuməti tərəfindən qəbul və
təsdiqini şərt qoyurlar.
Digərləri bizə müttəhid Rusiyanın qəbul
və təsdiqini təklif ediyorlar. Fəqət hankı
Rusiyayı tanımalıyız - bilmiyoruz. Biz müttəhid Rusiya prinsipini əsas etibarilə
danmıyoruz. Fəqət hal-hazırda
Rusiyanı yoxdan var etmək azərbaycanlıların əlində
degildir. Hətta Ümumrusiya hökuməti
adında bir neçə hökumət var ki, bu da müttəhid
Rusiya şüarından uzaqdır. Bu məsələnin
qövldən felə gətirilməsi və surəti-həllində
bütün dünya mənfəətdar olduğundan beynəlmiləl
mühüm bir məsələ təşkil ediyor ki, həlli
də beynəlmiləl bir məclisə bağlıdır: bu
da hamının gözlədigi beynəlmiləl sülh
konfransından ibarətdir. Fəqət biz nə
yapalım. O məclis çağrılaraq Rusiya məsələsini
həll edənədək (hələ surəti-həllindən
sərfi-nəzər) ayağımızı
ayağımız üstündən aşıraraq laqeyd
oturub da məmləkəti hökumətsiz, başsız
buraxalımmı? Bu suala cavab vermək
üçün darısqal firqə proqramı, yaxud mənsəb
həvəsini buraxıb da xəlqin mənafei, cəmaətin
arzusuna riayətlə məsələyə bu nöqteyi-nəzərdən
yaklaşmalıdır.
Onların mənafei isə Rusiyanın təcdidi millətlərin
münasibat və müqəddəratını daha səlahiyyətli
cahan konqresinə buraxıb da bu gün məhəlli dərdlərimizə
çarə tapmağı tələb ediyor. Ona görədir
ki, bu gün parlamana cəmləşəcək olan Azərbaycan
vətəndaşları ancaq səlahiyyətdar olduqları məsələlərin
müzakirə və həllilə iştiğal edib min
dürlü müsibət və məşəqqət çəkmiş
oan fəqir əhalinin yaralarına mərhəm qoymalı,
onların sükut və asayişlə yaşamalarını
təmin etməlidirlər.
Niza və ixtilafı kənara ataraq cəmaətin mənafeini
hər şeydən uca tutmaq və onun təmini
üçün çalışmaq lazımdır.
Ümidvar oluyoruz ki, keçirdigimiz ağır və məsuliyyətli
tarixi günlərdə xəlq nümayəndələri
ümumi bir lisan taparaq öhdələrinə düşən
vəzifəyi şərəflə ifa edərlər.
Xəlil
İbrahim
“Azərbaycan”,
7 dekabr 1918, ¹58
Parlamandan nə tələb olunur?
Üçüncü
Aleksandr rus təxtinə çıxar-çıxmaz
rıcali-kibardan bir məclis tərtib verilmişdi ki, haman məclis Rusiyada parlaman üsulunu tərtib
vermək üçün bir proqram yapsın. Proqram
yapılıb imperatorun hüzurunda müzakirə olunur və
ümumin meyl və məhəbbətini qazanır.
Bu halda,
Rusiyanın misyonerlər ocağı pərəstarı və
hamisi Mitofa Pobedonovsev
imperator hüzurunda səcdəyə
düşüb gözləri yaşlı bir halda sübutlar
və dəlillər ilə “ Parlamanın” müzürr bir
şey olduğunu isbata yetirir və məraminə də nail
olur: məclis qapadılır və proqram da
yandırılır.
Pobedonovsevin dəlillərindən biri də bu idi ki, “ Avropa
parlamanlarında boş-boş danışıqlardan başqa əhalinin
mənfəətinə dair heç bir iş
görülmüyor! Odur ki, böylə məclislərə-parlaman,
yaxud parlamento demişlər ki, mənası da
“göftügüxanə” deməkdir”.
Bu nöqteyi-nəzərlə Pobedonovsev parlaman kəlməsini
ruscaya tərcümə edib “qovorilnaya” adı qoymuşdur. Bu kəlmənin lüğəvi
mənalarından biri də “göftügüxanə” deməkdirsə
də, lakin istehza təriqilə söylənmiş bu kəlmənin
doğruca mənası: “laqqırtıxanə” deməkdir.
İştə
rus “laqqırtıxanəsi” düzəlmədi! Pobedonovsev gözəlcə anlıyordu ki,
“qovorilnaya” tərtib yapılarsa, misyonerlərin tamamən
paxırları açılacaqdır. Mədəni
Avropa əhalisi biləcəkdir ki, Rusiyanın qeyri-rus taifəhlərı,
əzöncümlə milyonlarca tatarlar, qırğızlar,
nuqaylar, başqırdlar ... misyonerlər əlilə zorən
xristian dinini qəbul ediyorlar: qəbul etməyənlərin əllərindən
suları, torpaqları cəbrən alınıb rus
mühacirlərinə verilir, biçarələrin yüzlərcə
məktəbləri qapadılır, şkollardan türk-tatar
dili qovulur, mətbuata, cəridəyə, kitab və risalə
təbinə izn verilmiyor, daha nə cəbr və zülmlər
olur!
Söz
yoxdur ki, bu işlər açıldığı halda Avropa parlamanlarında da
bu barədə bəhs açılacaq idi və olur ki,
misyonerlik məsələsi tamamən qaldırılmasa idi,
yenə də qeyri-rus taifəhlərinə olan cövr və
zülmün qabağına ya bir hədd, ya bir sədd çəkilə
idi.
Bu gün
açılan Azərbaycan parlamanına biz pobedonosevlər
nöqteyi-nəzərilə baxmayıb “
laqqırtıxanə” yox, haşa, hətta
“göftüguxanə” belə demiyoruz!
Bu-müqəddəs bir yerdir ki, orada millətin dərdi,
vətənin haləti müzakirə olunub çarələri
üçün də tədbirlər ittixaz olunacaqdır.
Əlbəttə,
məbusan arasında bəliğ və uzun-uzadı nitq
söyləyənlər də az degil, lakin onlardan millət
naminə rica olunur ki, fəsahət və bəlağət
qabiliyyətlərini və nitqçilik məharətini sair
“asari-nəfisə” məclislərinə buraxıb
parlamanımızda ancaq dərdlərimizdən
danışsınlar: əlaclar yapsınlar.
Bunların
hamısından sonra məclis xitamə irdikdə millətimiz
məbuslarımızdan nə iş gördüklərini tələb
edəcəklər. Bu - gərək hər bir qədəmdə,
hər bir hərəkətdə məbusanın yadından
çıxmasın.
Məbusanın görəcəgi işləri hədsiz
və hesabsızdır. Burada hamısını zikr etmək
mümkün olmadığı üçün zehnimizi
işğal edən və ən dəgərli məsələlərdən
bir neçəsini burada zikr edirəm.
1) Azərbaycanın
ənva nöqtələrində bu gün aclıq davam ediyor.
Birinci çarə gərək bu dərdə
olsun. Zira aclıq bəlasını
çəkən milləti mədəniyyətə və
sair islahata dəvət etmək mümkün deyil. “Əvvəl təam-sonra kəlam.”
2) Yollar gərək
islah olunsun, taki cəmaətin zəxirəsi bir yerdən o
biri yerə vəqtli-vəqtində gedib çatsın da,
aclığın qabağı alınsın.
3)
Bahalığa bais olan kişilərdən: möhtəkirlər
ilə bərabər rüşvətxorlar da gərək təhti-məsuliyyətə
alınsın. Hərgah bu məsələyə imdidən
çarələr aranmazsa, şəvval vəqt Rusiyanın
başına gəlmiş bəlalardan bir çoxu da bizim Azərbaycanın
başına gələcəkdir!
4) Məktəb,
ziraət, sənaət və ticarət kibi ən mühüm
məsələləri gərək parlamanımız fəramuş
etməsin, qanunlar yapsın.
5)
Əhalinin bu gün əhvali-səhiyyəsi çox fəna
bir haldadır. Öylə kənd, ya şəhər
vardır ki, əmrazi-sariyədən yarısı, bəlkə
də daha çoxu qırılmışdır. Böylə
ağır bir işə etinasızlıq ilə
baxılırsa, daha bir ağır, daha bir şiddətli nəticə
hüsula gəlir!
6) Nizam və
asayiş bərpa olmazsa, heç bir mətləbə də
nail olmarız, bina bərin xarici və daxili təcavüzatın
qabağı gərək alınsın.
İştə
bu altı bab ilə bizim tələbatımız
bitdi. Bundan
artıq bu il iş görülürsə, minnət
və təşəkkürümüz vardır. Ancaq bu göstərilən maddələrə
çarə aramaq hamı məsələlərdən fərzdir.
Haydı
Allahın tövfiqi ilə, millətin də müavinət və
qeyrəti ilə işə başlayınız və millət
məsuliyyətini də bir saat, bir dəqiqə
unutmayınız!
Fərhad
Ağazadə
“Azərbaycan”,
7 dekabr 1918, ¹58
“Prometey”
Qədim yunan xurafatınca ilk dəfə yer üzünə
alovu gögdən alıb gətirən “Prometey” olmuşdur ki,
bu cəsarətinə görə böyük məbud “Zevs” tərəfindən
edamına hökm edilərək Qafqasiya dağlarında
çarmıxa çəkilmiş və qartallar onun cigərini
para-para qoparıb yemişlərdi. Prometey edam
edilmişsə də onun dünya üzünə gətirdiyi
alov sönməyib əsrlərcə qalmış, mədəniyyət
və bəşəriyyətə, bəlkə bütün həyatə
əvəzsiz bir xidmət etmişdir... Zavallı müvərrix,
bu əfsanəyi tarixə yazırkən bunu qədim yunanlara
bir masal, əyləncə olmaq üçünmü yazıyordun,
yaxud bir neçə min il sonra bir millətin, bir
ölkənin tarixinə sərtövhistmi yazıyordun?... Bax bu gün sənin Prometeyin yenə canlanır, yenə
Azərbaycanın qayalarında onun parə-parə cigərindən
həqiqət alovu nümayan ediyor. Ay ixtiyar yunan müvərrixi,
sən Prometeyi alovu gətirdiyi üçün Qafqasiyada edam edildiginə hökm edərkən,
şübhəsiz Azərbaycanın təbii atəşgədələrindən
bixəbər degildin. Bax bu gün yenə o atəşgədədən
nur doğuyor.
Fəqət şimdiki nur vəhdət, həqiqət,
hürriyyət nurudur. Bir zamanlar Şərqin atəşpərəstləri
ziyarət üçün Azərbaycanın “Suraxana” atəşgədələrinə
gəlir, onu təvaf edirdisə imdi də yenə haman Şərqin bütün əsir, zəlil
millətləri Azərbaycanın hürriyyət və
istiqlalını, cümhuriyyətini təqdisə gələcəkdir.
İştə bu gün o cümhuriyyət bütün
mənasilə başlıyor. Bu gün əsrlərcə
işgəncə, zülm görmüş bir millət kəndi
idarəsini əlinə alıyor və bu idarəyi də ədl
və insaf üzərinə, yəni cümhuriyyət əsasilə
quruyor. Bədbinlər, bədxahlar nə
deyəcəksə desinlər - ədalətə, cümhuriyyətə
bunların boş sözlərindən heç bir ləkə
qonmaz. Cümhuriyyət bütün əsrlərdə
möhtərəm və sağlam bir üsuli-idarə
olduğu kibi bu gün onun sayəsində yaşamaq istəyən
Azərbaycan vətəndaşları üzərinə də
heç bir töhmət atıla bilməz. Qəzalardan, şəhərlərdən, siyasi
partiyalardan, əqəliyyətdə olan millətlərdən
müsavi nümayəndələr gələrək müstəqil
Azərbaycan hökumətinin əsasını qoyurlar. Bu əsas sağlam olursa, Azərbaycanın
istiqbalı və tərəqqisi təmin edilmişdir deməkdir.
Zira, bir ölkənin tərəqqisi
üçün xidmət edən alimlər təbii sərvət,
ziraət, ticarət və sairə Azərbaycanda bərəkət
versin ki, bir çox sair məmləkətlərə nisbətən
pək əla dərəcədədir.
Məsələ yalnız qurulacaq əsasların sağlam, milli və yaşamağa müstəid olması məsələsidir ki, bu da ümum millətin, əhalinin nümayəndələri isbati-vücud etdikləri üçün təmin ediləcəkdir demək olar. İnşallah, ən yaxın atidə atəşpərəstlər məbədi Azərbaycanı nurpərəstlər qütbü, mədəniyyət ocağı görməklə hər bir azərbaycanlı bəxtiyar olacaqdır. Yaşa, istəkli cümhur vətənimiz, yaşa ey Şərq tarixinin Prometeyi! Sən xəlqa mənfəət verəcək alovlu nuru gögdən alaraq yerə saç, insanlara tapşır, istər bunun üçün səni edam etsinlər.
Əli
Yusif
“Azərbaycan”,
7 dekabr 1918, ¹58
Salam Sizə
Salam Sizə,
ey Azərbaycan Parlamentosu məbusları! Hələlik sizləri
salamla qarşılıyor, nasıl təbrik edəcəgimizi sonraya buraxıyoruz.
Keçirməkdə olduğumuz bu təhlükəli,
böhranlı və məsuliyyətli bir zamanda iş başına çağrıldınız. Millətin
müqəddaratını əllərinizə aldınız,
ağır vəzifəhlər
dəröhdə etdiniz siz, siz ey Azərbaycan məbusları,
istiqlalımızın bünövrəsi
hayındasınız, necə ki, bir imarətin bünövrəsinə qoyulan daşların üstünə
yığın-yığın daşlar töküldükdən
sonra ancaq o imarət ucaldılıyor, öylə də sizin
üstünüzə bir çox ağırlıqlar,
daşlar və daha bilməm nələr-nələr
töküləcəkdir. Siz özünüz görünməsəniz də
ucaldacaq olduğunuz amali-istiqlal sizi göstərəcək, aləmə
bildirəcəkdir. “Bünövrə
daşları” kibi “zirzəmidə” qalmaq fikrilə işə
başlanılmazsa, bütün imarət də ucalmaz.
Amal arzulara da nail olunmaz.
Millətimizin varlığını, istiqlalını təmin
üçün möhtərəm məbuslarımız
varlıqlarından keçməyəcəklərinə əlimizdə
heç bir dəlilimiz yoxdur. Zatən varlıq gizli
qalmaz. Bir zaman gələr ki,
özünü göstərər. Möhtərəm
nümayəndələrimizi də cənab həqqin
tövqifi ilə, işlərindən, fədakarlıqlarından
görəcək, tanıyacağız və ancaq o zaman
adlarını altun hərflərlə gənc Azərbaycan
Cümhuriyyəti tarixinin ilk səhifələrinə
yazacağız.
Hüseyn Mirzəcamalov
“Azərbaycan”, 7 dekabr 1918, ¹58
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2016.- 16 yanvar.- S.24-25